PDF Oxu

Müsahibə

  • 10

Azərbaycan dünyaya inteqrasiya edir

Azərbaycan dünyaya inteqrasiya edir

- Rauf müəllim, Milli QHT Forumu türkdilli ölkələrin QHT-lərinin forumunun keçirilməsi ideyası ilə çıxış edib. Sizcə, belə bir toplantının keçirilməsi ideyası hansı zərurətdən yarandı?

- Milli QHT Forumu 2004-2006-ci illərdə müxtəlif beynəlxalq tədbirlərin keçirilməsini planlaşdırdı. O cümlədən, Türk Dünyası QHT Forumunun, MDB ölkələrinin QHT-lərinin müxtəlif forumlarının Azərbaycanda keçirilməsi, həmçinin, əvvələr maliyyə imkanı olmadığından, keçirilə bilməyən forumların aktuallığının nəzərə alaraq, Türk Dövlətləri Parlament Asambleyasının (TDPA) yaranması baş verdi. Eyni zamanda, türkdilli dövlətlərin prezidentlərinin Naxçıvanda zirvə toplantısının keçirilməsi və onların katibliyinin yaranması, bu dövlətlərin yaxınlaşması çox böyük mütərəqqi addım idi. Bu, beynəlxalq aləmə inteqrasiya olunmaq cəhətdən çox önəmli addımdır. Qara dəniz ölkələrinin QHT Forumu yaradılıb və 3 ildir ki, fəaliyyət göstərir. Keçən il Praqada Şərq tərəfdaşlığı çərçivəsində Vətəndaş Cəmiyyəti Forumu yarandı. Bu forum bütün dünyada vətəndaş cəmiyyətinin inkişafına çox böyük təkan verdi. Eyni zamanda, bir çox QHT-ləri özündə birləşdirdi. Ona görə də, bu prosesləri izləyən və eyni zamanda, məsələrlə əlaqədar olaraq, bu sahədə çalışan insanlar kimi düşündük. Milli QHT Forumunun idarə heyətində bu məsələlər müzakirə olundu. Bir neçə dəfə Türkiyəyə səfərlərimiz oldu və Türkiyənin Azərbaycandakı səlahiyyətli səfiri ilə görüşdük. Bu məsələnin aktuallığı hamı tərəfindən bəyənildi. Bu gün Azərbaycanın dünyaya inteqrasiya olunması, vətəndaş cəmiyyətinin ölkəmizdə inkişaf etməsi, Dövlət Dəstəyi Şurasının yaradılması, dövlət səviyyəsində QHT-lərə Dövlət Dəstəyi Konsepsiyasının təsdiq olunması QHT sektorunda çox böyük inkişaf və canlanma yaradıb. Rusiya-Azərbaycan Forumunun, dinlərarası və digər beynəlxalq konfransların Azərbaycanda keçirilməsi, onu deməyə əsas verir ki, ölkəmiz artıq dünyanın tolerant və inkişaf mərkəzinə çevrilir. Eyni zamanda, bu gün Azərbaycanda münbit şərait var.

- Bu forumda nəyi müzakirə etmək və nəyə nail olunmaq planlaşdırılır?

- Təbii ki, burada Türk Dünyası QHT Forumunun keçirilməsi həm türk dünyası, həm region ölkələri, həm də Azərbaycan üçün çox böyük əhəmiyyət daşıyır. Burada təkcə forumun keçirilməsi nəzərdə tutulmur. Bu forumun yaradılması beynəlxalq qurum kimi dəyərləndirilir. Beynəlxalq qurumun yaranması Türk Dünyası QHT-lərinin vətəndaş cəmiyyətlərini inkişaf etdirmək məqsədi daşıyır. Eyni zamanda, bir-biri ilə əməklaşdıq, tərəfdaşlıq edərək, hər hansı bir ölkənin vətəndaş cəmiyyətinin inkişafına dəstək, təcrübə mübadiləsi, beynəlxalq təcrübənin öyrənilməsi və bir-birinə yardım göstərilməsi, qarşılıqlı faydalı əməkdaşlıq edərək, vətəndaş cəmiyyəti institutları vasitəsilə həm də türk dünyasının inkişafını, həm də səsini dünya ictimayyətinə çatdırmaqdır. Yəni, vətəndaş cəmiyyəti institutlarının sıx əməkdaşlıq etməsinə çox böyük ehtiyac var. Türk dövlətləri və dünyası deyəndə, formalaşmış inkişaf etmiş türk dövlətləri nəzərdə tutulur. Hər il bir dövlətin QHT-ləri rotasiya üsulu ilə bu təşkilata rəhbərlik etməsi bütün türk dünyasını əhatə edə bilər. Bu da bizim məqsədlərimizdən biridir. Yəni, bütün türk dünyasının vətəndaş cəmiyyəti institutlarını daha da inkişaf etdirmək, beynəlxalq standartlara çatdırmaq və eyni zamanda, türk dünyası olaraq beynəlxalq aləmə, beynəlxalq vətəndaş cəmiyyəti forumuna inteqrasiya olunmaqdır.

- Siz hansı türkdilli ölkələrlə danışıqlar aparmısınız, bu məqsədlə işçi qrupu yaradılıbmı?

- Keçən ildən işçi qrupu fəaliyyət göstərir. Azərbaycan fəaliyyət göstərən türkdilli ölkələrin səfirlikləri ilə işçi qrupu danışıqlar aparır. Forumu təsis etmək üçün hər ölkədən 3 QHT dəvət olunması nəzərdə tutulur. Eyni zamanda, dəvət və üzvlük açıqdır. İstənilən türkdilli dövlətlərin QHT-ləri bu foruma qoşula bilər.

- Reallıq ondan ibarətdir ki, vətəndaş institutları yalnız özü-özünü maliyyələşdirən qurumdur. Bu forumun yaratmaq üçün müəyyən vəsait lazımdır ki, ilk növbədə, ofisi olsun. Bu halda, maliyyə resursları əsasında həmin tədbirin keçirilməsi hansı vəsait hesabınadır?

- Milli QHT Forumunun, eləcə də foruma daxil olan bir çox təşkilatların ofis imkanları var. Qeyd etdiyim kimi, bu tədbir dövlət və türk dünyası üçün əhəmiyyətli tədbirdir. Həm rəsmi Dövlət Dəstəyi Şurasına, həm də şirkətlərə müraciət edəcəyik. Şuranın və şirkətlərin sayəsində bu tədbirin keçirilməsinə nail olacağıq. Düşünürəm ki, türk dünyası bu forumun yaranmasında maraqlı olmalı və dəstək verməlidir. Türkdilli ölkələrin səfirliklikləri bu məsələdə bizi dəstəkləyir.

- Beynəlxalq qurumlarla, xarici ölkələrin vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq əlaqələrinin qurulması nəzərdə tutulurmu?

- Əlbəttə, bu forumun yaradılması beynəlxalq aləmə inteqrasiya olunması o deməkdir ki, beynəlxalq qurumlar bu forumun yaranmasını və keçirilməsini dəstəkləyəcək.

- Rauf müəllim, Türk Dünyasının QHT-ləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqq səsini dünya birliyinə çatdırmaq yönümündə hansısa əməli addımlar atmağı nəzərdə tutub?

- Biz bu məsələ ilə bağlı Türkiyəyə səfər edəndə, orada böyük millət məclisinin deputatı, AŞPA-da Türkiyə qrupunun rəhbəri, hazırda oranın prezidenti seçilmiş Mövlud Çavuşoğlu ilə də görüşümüz oldu. Bu gün türk dünyası ilə bizim imkanlarımızın genişlənməsi, əlaqələrimizin gücləndirilməsi, o cümlədən, Vətəndaş Cəmiyyəti institutlarının böyük forumunun yaradılması, məhz bütün türk dünyasının birgə fəaliyyət göstərməsinə xidmət göstərəcək. Həmçinin, bu forumun Bakıda keçirilməsi çox böyük əhəmiyət kəsb edir. Təbii ki, forumun yaranması əhəmiyyətli olduğu kimi, eyni zamanda, Azərbaycanın önəmli məsələsi olan Dağlıq Qarabağ münaqişəsinin əsil gerçəkliklərini dünya ictimaiyyətinə çatdırılması məsələsi burada xüsusi prioritet mövqedədir. Bu forumun yaratmaqda əsas məqədlərimizdən biri də ondan ibarətdir ki, bizim beynəlxalq əlaqələrimiz genişlənsin və Azərbaycanın beynəlxalq əhəmiyyətli məsələlərini dünya ictimaiyyətinə çatdıra bilək.

Digər xəbərlər