- Tahir bəy, parlament seçkiləri ərəfəsi siyasi düşərgədə müəyyən danışıqlar gedir. Sizcə, bu fəallıq əsil reallığı əks etdirirmi?
- Bəlkə də parlament seçkiləri ərəfəsi bu, təbii haldır. Hər bir yerdə bununla bağlı müəyyən hazırlıq işləri gedir. Vəhdət partiyası da parlament seçkilərində qatılacağını bəyan edib. Məsələ odur ki, sizin sualınıza rəğmən müxalifət düşərgəsinin fəallığı reallığı əks etdirmir. Çünki müxalifət partiyalarının sosial bazası olmadığından, onların hansısa birliyinin uğurla nəticələnməsi gözlənilən hal deyil. Hətta müxalifət partiyaları ideal vəziyyətdə birləşib blok yarada bilsə, yenə də onların inamını doğrultmayan birliyi gücə çevrilməyəcək və kütləvi şəkildə cəmiyyət tərəfindən müdafiə olunmayacaq. Birlik, hətta alınsa belə səmimi olmayacaq. Çünki onlar bir-birinə qarşı çox ittihamlar irəli sürüb, biri digərini şərləyib, iqtidara işləməkdə suçlayıblar. İstər şəxsi planda, istərsə də partiyalararası münasibətdə o qədər gərginlik olub ki, bu birlik səmimi olmadığına görə dağılacaq, uğur qazanmayacaq və ən azı mexaniki birlik olmaqdan uzağa getməyəcək.
- Ola bilərmi ki, bu fəallıq hansısa maraqlı qüvvələrin diqqətini özünə cəlb etmək və yenidən maliyyə resursları əldə etməyə hesablanır?
- Bu doğrudur ki, "boğulan saman çöpündən yapışar". Bunlar istəyir ki, bu birliyi nümayiş etdirməklə, havadarları bunlara maliyyə yardımı göstərsin. İstər daxildə, istərsə də, xaricdə bilirlər ki, müxalifət partiyalarının əvvəlki gücü yoxdur. Onlar da güclü təşkilatları maliyyələşdirirlər ki, perspektiv nəticə əldə etsinlər. Ona görə də, bunların birlik imitasiyları nə uğurlu nəticə verəcək və nə də istədiyi imkanları da əldə edə bilməyəcək. Yaxşı olardı ki, müxalifət təşkilatları bunun səbəbini özlərində axtarsınlar. Ümumiyyətlə, inanmıram ki, bunların birliyi alınsın. Bunların birliyi çoxşaxəli olacaq. Bu birlik də əvvəlki effekti verməyəcək.
- İsa Qəmbərov müxalifət partiya sədrlərinin bir qismini Rusiyaya, bir qismini İrana, digərlərin MTN-ə işləməkdə suçlayır. Sizcə, bunu hansı siyasi məsələrlə əlaqələndirmək olar?
- Bunun İsa Qəmbərov tərəfindən qeyd olunması müəyyən maraq doğurur. Necə oldu ki, İ.Qəmbərov bunu dedi? Mənə elə gəlir ki, bunun başlıca səbəbi müxalifətin tükəndiyini İsa bəyin etiraf etməsidir. Yəqin ki, bunu gizlətmək mümkün deyil. Özü də başqanlıqdan gedir və müxalifətin də tükəndiyini etiraf edir. Etiraf nəticəsində də özünə bir növ bəraət qazandırır. Yəni, biz bilirik ki, hansı müxalifət partiyaları hara işləyir. Müxalifət öz gücsüzlüyünü sığortalamaq üçün izah etmək məqsədilə bu cür formadan istifadə edir.
- Hazırkı mərəhələdə "KXCP"-nin sədri Mirmahmud Fəttayev müxalifətin birliyinə nail olmaq üçün apardığı danışıqların nəticəsiz qaldığı iddia olunur. Bunun da səbəbi müxalifətin kim olması məsələsi ətrafında müəyyən diskussiyaların aparılmasıdır. Bu, nə ilə bağlıdır?
- Həqiqi müxalifətin çərçivəsini müəyyən etmək üçün cavabı budur ki, hər kəs özünü mübarizədə haqlı sayır. Hər kəs uğursuzluğunun səbəbini gah həqiqi müxalifət olduğuna görə uğur qazana bilməməsində, gah da həqiqi müxalifət olmadığına görə uğur qazandığında görür. Ona görə də onlar birləşə bilməzlər. Məsələn, AMİP-i 1995-ci ildə, AXCP (i)-ni 2000-ci ildə, Müsavatı 2005-ci ildə parlamentdə təmsil olunduqlarına görə ittiham edirlər. Özlərinin dediyinə görə, beş il növbə ilə iqtidara işləyiblər, parlamentə legimitlik veriblər, müxalifətin birliyini parçalayıblar. İndi parlamentdə təmsil olunmayan çevrilib olub radikal. Ultimatum verirlər ki, biz təmizik, düzük. Bütün bunların hamısı kənardan görünür. Ona görə də, bu iddiaların hamısı mənasızdır. Mirmahmud bəyin də səyləri əvvəlcədən bilinirdi ki, uğur gətirməyəcək. Çünki heç vaxt hansısa partiya deməz ki, həqiqi müxalifət deyiləm. Ona görə, bunların bir-birinə qarşı ittihamları hələ davam edəcək və hətta deyərdim ki, güclənəcək. Parlament seçkiləri yaxınlaşdıqca, "yer bərk olanda, öküz-öküzdən görər" deyərlər. Elə bu səbəbdən, bunlar bir-birini ittiham etməkdə davam edəcək.