PDF Oxu

Müsahibə

  • 11

“Azərbaycan iqtisadiyatı yaxın 10 il ərzində yüksək artım tempini saxlayacaq”

“Azərbaycan iqtisadiyatı yaxın 10 il ərzində yüksək artım tempini saxlayacaq”

- Vüsal müəllim, Davos İqtisadi Forumunun Azərbaycan üçün siyasi və iqtisadi əhəmiyyəti nədən ibarətdir?

 - Bildiyiniz kimi, cənab Prezident İlham Əliyev Davos Forumunda iştirak etdi. Burada həm bir sıra dövlət və hökumət başçılarının görüşləri oldu, həm də dünyanın aparıcı xəbər agentliklərinə və televiziyalarına müsahibələr verildi. Burada, birinci növbədə, "NABUCCO" kəməri ilə bağlı əsas mesajlar verildi. Yəni mesaj verildi ki, Azərbaycan "NABUCCO"  kəmərinə qoşulmaqda maraqlıdır. Əgər Şərq və Cənubi Avropa ölkələrinə Azərbaycanın təbii qazı lazımdırsa, onda ölkəmiz təbii qazını kəmər vasitəsi ilə Avropaya nəql edə bilər.

- Qeyd etdiyiniz kimi, Prezident İlham Əliyev Davos İqtisadi Forumunda belə bir mesaj verdi ki, əgər "NABUCCO" layihəsi reallaşmayacaqsa, Azərbaycan öz təbii qazını RF-nin "Qazprom" şirkətinə satacaq. Ölkə başçısının bu çıxışından bir nəticə çıxararaq, adıçəkilən layihənin reallaşması tezləşdiriləcəkmi?

- Əslində, "NABUCCO" Qərbdən deyil, konkret olaraq Şərqi və Cənubi Avropa ölkələrindən aslıdır. Amma orada vəziyyət kifayət qədər mürəkkəbləşib. Burada məsələ ondan ibarətdir ki, "NABUCCO" layihəsinin tərəfdarlarından biri olan Yunanıstanda hazırda iqtisadi böhran yaşanır. Bu ölkənin xarici borcu təxminən 300 milyard dolları keçib. Bu, o deməkdir ki, Yunanıstanın indiki problemi həll olunsa da, onu yenidən iqtisadi böhran gözləyir. Ona görə də adıçəkilən ölkə, faktiki olaraq, indi müəyyən siyasi iradə nümayiş etdirərək, "NABUCCO"-ya  elə bir iqtisadi dəstək verə bilmir. Rusiya, demək olar ki, İtaliyanı zərərsizləşdirib və bu ölkə adıçəkilən layihədən kənarlaşıb. Türkiyənin RF ilə neft və qaz sahəsində əməkdaşlığının genişlənməsi ona gətirib çıxarıb ki, qardaş ölkə bu layihəyə əvvəlki qədər maraq göstərmir. Bütün bunlar nəticə etibarı ilə "NABUCCO"-nun taleyini kifayət qədər sual altına alır. Ancaq bununla yanaşı, Rusiyanın cənub hissəsi Azərbaycanın təbii qazı üçün əsas bazardır. Belə ki, RF-nin qaz ehtiyatları Sibir ərazisində yerləşdiyi halda, onun qaza ən çox olan tələbatı Avropa hissəsindədir. Ölkəmizlə RF arasında üçüncü bir ölkə yoxdur ki, tranzit haqqı alsın. Azərbaycanın Rusiyanın qaz bazarına yaxınlığı daşınma xərclərini minimuma endirir. Prezident İlham Əliyev Avropaya mesaj verdi ki, Qərb elə hesab etməsin ki, "NABUCCO" layihəsi reallaşmasa, Azərbaycan öz təbii qazını sata bilməyəcək. Bundan əlavə, artıq İranla da qaz sahəsində əməkdaşlıq edilir. Əgər Avropa enerji təhlükəsizliyi problemini həll etmək istəyirsə, onda "NABUCCO" layihəsi reallaşmalıdır. Həmçinin, onu da qeyd etməliyəm ki, təbii qaz bazarının sturukturu, mahiyyəti dəyişib. Azərbaycanın müvafiq qurumları indi sıxılmış qazın nəqli ilə bağlı müəyyən tədqiqatlar aparırlar. Artıq bir sıra Avropa ölkləri, o cümlədən, Bolqarıstan Azərbaycandan sıxılmış təbii qazın alınması təklifi ilə çıxış edib. Yəni "NABUCCO" olmasa belə, ölkəmiz sıxılmış qaz satışını həyata keçirə bilər. Ölkə başçısı İlham Əliyev tərəfindən həyata keçirilən "qaz diplomatiyası"nın 4 əsas prinsipi müəyyənləşib və Avropaya elan olunub. Birincisi, təbii qazı mümkün qədər baha qiymətə satmaq istəyirik. İkincisi, biz təbii qazı daha aşağı tranzit xərcləri ilə satmaq istəyirik. Üçüncüsü, biz təbii qaz satışından mümkün qədər siyasi dividendlər, xüsusən, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dividendlər əldə etmək istəyirik və s.

- "Kənd təssərrufatının kooperasiyası" haqqında qanun layihəsinin qəbulu gözlənilir. Sizcə, bu layihə aqrar sektorun inkişafına nə kimi təsir edəcək?

- Bildiyimiz kimi, Ümummilli Lider Heydər Əliyev tərəfindən ötən əsrin 90-cı illərinin ortalarında Azərbaycanda MDB məkanında analoqu olmayan radikal aqrar islahatlar aparıldı. Torpaqlar pulsuz qaydada insanlara paylandı. İndi Azərbaycanda kənd yerlərində hər adam başına 0,5 hektar torpaq sahəsi düşür. Amma iqtisadi hesablamalar göstərir ki, bu kiçik fermer təsərrüfatların ayrılıqda məhsul istehsalını təmin edə bilmirlər. Buna misal olaraq, demək olar ki, kartof istehsalı, meyvə-tərəvəz, taxil və s. istehsal üçün hesablanmış normalar var. 
  Onu da qeyd edim ki, xarici ölkələrdə müxtəlif təsərrufat növləri mövcuddur. Həmçinin, artıq əksər ölkələrdə kooperativ təssərrüfat mövcuddur. Hesab edirəm ki, Azərbaycan kənd təsərrüfatının koorparasiyası məsələsində bir qədər gecikib. Belə bir qanun layihəsinin qəbulu aqrar sektorun inkişafına müsbət təsir göstərəcək. Bu təsərrüfat növü kolxozdan onunla fərqlənir ki, aqrar sektorun kooperativləşməsi könüllülük prinsipi əsasında təşkil olunur.

- Son vaxtlar tikinti sektoru müəyyən durğunluq yaşamaqdadır. Bu, tikinti məhsullarının keyfiyyətsizliyi ilə bağlıdır, yoxsa beynəlxalq böhranın nəticəsidir?
 
- Tikinti sektoru elə bir sektordur ki, böhran gələndə, birinci onu tutur. Həmçinin, böhran sona çatdıqda da, axırıncı onu tutur.  Çünki tikinti sektoru bilavasitə məcbur və tələblə bağlı olan məsələdir. Bildiyiniz kimi, 2008-ci ildə maliyyə böhranı, 2009-cu ildə iqtisadi böhran baş verdi. Bu il isə sosial böhranın olacağı proqnozlaşdırılır. 2010-cu il böhranın axrıncı ili kimi xarakterizə olunur. Hazırda dünyada gedən proseslər, bunu göstərir ki, böhran artıq uzaqlaşmaqdadır. Biz böhranı geridə qoymuşuq və inkişafa doğru gedirik. Fikrimcə, əhalinin gəlirləri artıqca, dövlətin investisiya xərcləri artırıldıqca, dövlətin tikinti xərcləri artırılacaq və bu sektor da canlanacaq. Hələ ki, bu yaxın bir neçə ay məsələsi deyil, yəni bu, müəyyən bir vaxt tələb edir.

Digər xəbərlər