PDF Oxu

Müsahibə

  • 6

Televiziyanın insan psixologiyasına təsiri

Televiziyanın insan psixologiyasına təsiri

Qısa arayış: İlham Mirzəyev uzun illərdir ki, elmi fəaliyyətdə olan bir mütəxəssis kimi psixologiya sahəsində nailiyyətlər əldə etmiş, müxtəlif aspektlərdə onun insanlara və cəmiyyətə təsiri ilə bağlı tədqiqatlarını apararaq, elmi müşahidələrini ictimaiyyətə təqdim etmişdir. Bunun əsasında elmi dərəcələrə nail olan İ.Mirzəyev apardığı tədqiqatlarını cəmləşdirərək, kitab şəklində çap etdirmişdir. Belə ki, o, Təhsil Nazirliyinin qərarı ilə "Ailənin praktik psixololgiyası" və "XXI əsrin sosial psixologiyası", "Posttravmatik stresslərin sosial- psixoloji təhlili" kitablarını çap etdirmişdir. Müəllifin əsərləri təkcə Azərbaycan məkanında deyil, dünya ölkələrində belə maraqla qarşılanmışdır. "Posttravmatik stresslərin sosial- psixoloji təhlili" kitabı ingilis və rus dillərinə tərcümə edilib. Kitabda Qarabağ və Xocalı problemlərindən bəhs olunur və bu nəşr bir mənbə olaraq insanlara psixoloji kömək məqsədi daşıyır.
İ.Mirzəyev elmi fəaliyyəti ilə yanaşı, 15 ildir ki, teleməkanda yaradıcılıq fəaliyyətindədir. Müxtəlif sahələrdə şaxələndirici mövqeyini nümayiş etdirən psixoloq 5 il Azərbaycan Dövlət Televiziyasında, 10 ildir ki, "Space" TV-də çalışır. Fəaliyyət müddətindəki uğurlarının nəticəsi olaraq "H.Z.Tağıyev", "Vətən", "Humay" mükafatlarına layiq görülüb. Bütün bunlarla yanaşı, AMEA-nın Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilib. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

- İlham müəllim, müasir həyatımızın ayrılmaz hissəsi olan informasiya vasitələrinin, xüsusilə, televiziyanın rolu insanların mənəvi-psixoloji yetkinliyinə birbaşa təsir göstərən vasitədir. Sizcə, bu gün Azərbaycan teleməkanı bu yükü üzərində daşıya bilirmi?

- Müasir şəraitdə televiziya yalnız kommunikasiya, canlı, görüntülü, animasiyalı ünsiyyət vasitəsi deyildir. Artıq həyatın istiqamətverici qüvvəsinə çevrilən bu fəaliyyyət sahəsi insanların mənəvi-psixoloji tərbiyəsində mühüm və həlledici yer tutur. Televiziyanın ictimai funksiyaları sayılan informasiya, əyləncə və maarifləndirmənin sosial-psixoloji və tərbiyəvi təsiri olduqca böyükdür. Hazırda televiziya kommunikasiya vasitəsi kimi, demək olar ki, insanların mütləq əksəriyyətini - əhalinin bütün sosial qrup və təbəqələrini əhatə edir. Müasir gəncləri, yeniyetmələri, uşaqları televizora baxmadan yaşamasını təsəvvür etmək çox çətindir. Televiziya bu gün insanların, xüsusən, gənclərdən ibarət auditoriyanın mənəvi cəhətdən zəngin formalaşmasında, vətənsevər, insanpərvər olmasında fəal iştirak edir, onların zövqünü, həyat tərzini, düşüncəsini formalaşdırır. Bu baxımdan, indi Azərbaycan KİV-i, Azərbaycanın efir məkanı özünəməxsusluğu və zənginliyi ilə seçilir. Bu məkanda ölkəmizin aparıcı televiziya kanallarından sayılan "Space" Teleradio Şirkətinin öz yeri, öz rolu var. "Space"nin efirində uşaqlar və yeniyetmələr üçün hazırlanan müxtəlif səpkili maarifləndirici, intellektual verilişlər, təbiət, kosmik aləm, sənət, heyvanlar və bitki aləmi ilə bağlı bədii və sənədli materiallar, həmçinin, tarixi, çoğrafi-tarixi məzmunlu uğurlu telelayihələr diqqəti cəlb edir. Son illərdə televiziyalarda maarifləndirici filmlər, verilişlərlə bərabər müxtəlif intellektual oyunlar, yarışmalara da üstünlük verilir ki, bu da birbaşa yeni nəslin dünyagörüşünün formalaşması baxımından çox müsbət əhəmiyyətə malikdir.

- Respublikanın ictimai həyatında Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" məqaləsi əks-səda doğurmuşdur. Bu məqalə birbaşa Azərbaycan teleməkanında yayımlanan verilişlərin azərbaycançılıq ideologiyası əsasında təşkilini təmin etmək məqsədi daşıyır. Televiziya və radio kanalları müasir dövrün tələbləri prizmasından hansı istiqamətdə proqram və layihələrlə çıxış etməlidir?

- Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" mövzusunda məqaləsində vurğulandığı kimi, bütövlükdə, KİV, televiziya və radio kanalları Azərbaycan ədəbi dilinin yaranması və inkişafında, xalqımızın maariflənməsində, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin təbliğində, dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyalarının yayılmasında əvəzsiz rola malikdir. Eyni zamanda, ölkəmizdə gedən ictimai-siyasi, iqtisadi və mədəni quruculuq prosesləri, dövlət siyasətinin mahiyyətinin xalqa çatdırılması, cəmiyyətin aktual problemlərinin müzakirəsi, günün nəbzinə uyğun verilişlər hazırlanması da televiziya və radio üçün hər zaman prioritet istiqamətlər sayılır. Demokratik yeniləşmə, yüksək peşəkarlıq və davamlı inkişaf müasir KİV-in, xüsusən, televiziyanın qarşısında duran başlıca tələblərdən sayılır.
Bu baxımdan, akademik Ramiz Mehdiyev haqlı olaraq, qeyd edir ki, hazırda dünyanın aparıcı televiziya və radio kanalları müasir dövrün tələblərini nəzərə alaraq fəaliyyətlərində ciddi dəyişikliklər edir, daim yeniləşir, auditoriyasını, ictimai rəyə təsir imkanlarını genişləndirirlər. Akademik Ramiz Mehdiyevin vurğuladığı kimi, balanslaşdırılmış proqram siyasəti, yüksək efir mədəniyyəti, ictimai maraqlara xidmət, maarifləndirmə, operativ, obyektiv, hərtərəfli məlumatlandırma bu gün bütün kütləvi informasiya vasitələrinin, telekanalların, radioların əsas qayəsi olmalıdır. Şübhəsiz ki, telekanallar və digər KİV-lər bu istiqamətdə bildirilən iradlardan, rasional tənqiddən düzgün nəticə çıxarmalıdırlar. Bu mənada, "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" mövzusunda yazılan məqalə çox dəyərli və əhəmiyyətlidir, burada milli-mənəvi dəyərlərimiz önə çəkilir, müasir Azərbaycan teleradio məkanının mövcud vəziyyəti obyektiv şəkildə, hərtərəfli təhlil olunur.
Bu məqalədə yüksək efir mədəniyyəti və maarifləndirmə tələbi qarşıya qoyulur, digər tərəfdən isə, burada heç də şou-biznes proqramları tənqid hədəfi deyil. Elə verilişlər var ki, onların adları məqalədə müsbət cəhətdən çəkilir və onlar maarifləndirmədə böyük rol oynayır.
Qeyd etmək lazımdır ki, mədəni təbliğat insan fəaliyyətinin bütün sahələrindəki mütərəqqi istiqamətləri kütlələrə çatdırmaqla maarifçilik funksiyasını yerinə yetirir. Bu sahədə KİV-in, xüsusən, televiziyanın və radionun rolu, təsiri olduqca böyükdür. Mənəvi dəyərlərə xidmət edən mədəni təbliğat isə cəmiyyətin bütün təbəqələrini əhatə edir. Bu sahədə ictimai məsuliyyəti üzərinə götürən televiziya-tədris verilişlərində açıq, informasiya və bədii verilişlərdə isə dolayısı ilə mədəni tərbiyə funksiyasını yerinə yetirir. Kütləvi informasiya vasitələri arasında xüsusi yer tutan televiziyanın da mədəni təbliğata xidməti onun mövcud olduğu sistemin ideoloji tələbinə bağlıdır. Televiziya insanlara bir-biri ilə və cəmiyyətlə qarşılıqlı yaşayış qaydalarını təbliğ edərək, insan şəxsiyyətini formalaşdırır, cəmiyyətə təsir göstərir.
Yeni nəslin mənəvi, mədəni və intellektual tərbiyəsində maarifçilik verilişlərinin, intellektual oyunların teleoyunların əhəmiyyəti danılmazdır. Lakin bir sıra hallarda belə verilişlərdə sseenarinin olmaması, müəyyən sualların bəsitliyi həm təsir effektini azaldır, həm də tamaşaçı auditoriyasının itirilməsinə səbəb olur.
Son zamanlar sağlamlığın qorunmasına xidmət edən tibbi maarifçilik verilişlərinin artması çox diqqətəlayiqdir. Bu, əhalidə, xüsusən, yeni nəsildə maarifləndirmə vasitəsi kimi efirə böyük maraq oyadır, insanları zərərli adətlərdən uzaq olmağa sövq edir. Kosmetoloqun, əczaçının, ixtisaslı həkimin, bitki müalicəsi ilə məşğul olan və ənənəvi təbabətin nümayəndəsinin profilaktik və müalicəvi əhəmiyyət daşıyan tövsiyələri, məsləhətləri tamaşaçının, dinləyicinin bu sahədə biliklərini artırır, insanların sağlamığına xidmət edir. Bu ruhda hazırlanan veriliş və filmlərin xarici ölkə telekanallarında dramaturji və bədii həllini tapmış tərzdə göstərilməsi və onun təsir effekti bizim teleməkanda da bu yaradıcı yeniliklərin tətbiqini qaçılmaz edir. Hər bir xəstəliyi və ondan xilas yollarını vizual şəkildə tamaşaçıya çatdıran bu verilişlərin uğurlu dramaturji modeli Azərbaycan teleməkanına da tətbiq olunmalıdır. Bu məsələ milli telekanalların maddi-texniki imkanları genişləndikcə öz uğurlu həllini tapmaqdadır.
Maarifçilik verilişləri cəmiyyətin formalaşmasında, xüsusən də, gənc nəslin tərbiyəsində başlıca rol oynayır. Odur ki, belə verilişlərin xüsusi zövqlə, sənətkarlıqla hazırlanması olduqca vacibdir. Bu baxımdan, maarifçilik televiziyanın başlıca funksiyası kimi bütünlüklə yaradıcı və informasiya mühitinin aparıcı ünsürü kimi önə çəkilmədir. Başqa sözlə, televiziya işinin uğurlu alınması və inkişafı üçün KİV-in üç əsas funksiyası olan informasiya, əyləncə və maarifləndirmə arasında zəruri tarazlıq gözlənilməli, bu funksiyalar arasında mövcud olan üzvi əlaqə və bağlılıq yaddan çıxmamalıdır.

- Bildiyimiz kimi, müxtəlif səpkili verilişlər tamaşaçılara təqdim olunur. Bunların müəyyən hissəsi mənəvi-əxlaqi dəyərlərin aşılanmasına təsirini göstərir. Sizin müəllifi və aparıcısı olduğunuz "Etibar edin" verilişi insanları sosial-psixoloji problemlərini çözülməsi və istiqamətlənməsində təsir qüvvəsinə malikdir. Səhv etmirəmsə, belə ideyalı layihənin müəllifi sizsiniz?

- İndi cəmiyyətimiz dinamik inkişaf mərhələsini yaşayır, əhali daha çox templi və interaktiv vasitələrə meyil edir. İnternet aləmi, televiziya və radio bu inam, həvəsdən məharətlə istiafadə edərək dövlətçilik, vətənpərvərlik prinsiplərini təbliğ edib, vətənin sərhədləri, özünü, dövləti, onun rəmzləri: bayrağı, gerbi, himni sevdirməli, orduya qarşı tükənməz sevgi, qürur duyğularını aşımalıdır. Sevindirici haldır ki, telekanallar və digər KİV-lər bu məsələyə xüsusi diqqət yetirirlər. Fikrimizcə, "Space" Televiziyasının bu sahədə əldə etdiyi uğurları xüsusi qeyd etmək lazımdır. Son illərdə tanınmış kinorejissor, "Space" Teleradio Şirkətinin prezidenti Vaqif Mustafayevin rəhbərliyi və təşəbbüsü ilə bu istiqamətdə bir çox müvəffəqiyyətli telelayihələr həyata keçirilir. "Mədəniyyət xəbərlər", "Gəlin danışaq", "Çarə", "Sağlamlıq", "Bizim kino", "Hər səhər" və digər verilişləri bu sırada qeyd etmək olar. Bunlardan biri də xeyli müddətdir ki, "Space"in canlı efirində fəaliyyət göstərən, geniş tamaşaçı auditoriyası qazanmış "Etibar edin" verilişidir. Bu verilişdə tamaşaçılara təmənnasız olaraq, onların üzləşdikləri problemlərlə bağlı faydalı məsləhətlər verilir. İnsanlar efirdə psixoloqla canlı ünsiyyət quraraq, onları narahat edən məsələlər bağlı lazımi fikirlər, dəyərli tövsiyələr eşidə bilirlər. Bu, Azərbaycan teleməkanında çox orjinal, yeni və analoqu olmayan bir layihədir. Layihənin orjinallığı ondadır ki, burada televiziyanın müasir texnoloji imkanlarından çox səmərəli şəkildə istifadə olunur, inasanlara bilavasitə yaşamaq, ədalətli, güclü, inamlı, bir sözlə, layiqli vətəndaş olmaq aşılanır, milli, mənəvi-əxlaqi dəyərlərin təbliğinə xüsusi əhəmiyyət verilir.
Bu gün teleradio yaradıcılığı sahəsində qanunvericilik bazası kifayət qədər təkmil, mükəmməldir. Teleməkanın mövcud potensialından Azərbaycanın milli maraqları çərçivəsində səmərəli istifadə üçün son dərəcə əlverişli, münbit zəmin var. Azərbaycanda artıq idman və digər sahələr üzrə ixtisaslaşmış KİV-lər, telekanallar meydana çıxır ki, bu da, bütövlükdə, Azərbaycan teleməkanının böyük uğurlarından biridir.
Bütün bunlar onu göstərir ki, mənəvi-psixoloji tərbiyədə televiziyanın birbaşa təsiri ilə yanaşı, efirin altşüura effektli təsir etmək imkanları da nəzərə alınmalıdır. Fikrimizcə, bu sırada bədii-sənət verilişləri əhəmiyyətli rol oynaya bilər. Ümumilikdə, qeyd etmək lazımdır ki, maariflənmə işi mənəvi-psixoloji tərbiyədə böyük və əhəmiyyətli yer tutur. Bu, televiziyaların fəaliyyət konsepsiyanın əsas, başlıca məqamı sayılır. Odur ki, bu sahəyə dövlət qurumları ilə yanaşı, geniş ictimaiyyətin nümayəndələri də böyük diqqət göstərməlidir. Azərbaycan teleməkanın hər cəhətdən daha da inkişaf etməsi, hər kəsin zövqünü layqincə oxşaması üçün hər birimiz lazımi səy göstərməliyik. Başqa sözlə, bu məsələdə hər bir Azərbaycan vətəndaşının öz məsuliyyəti, öz borcu var. Gəlin, üzərimizə düşən bu vətəndaşlıq vəzifəsini layiqincə yerinə yetirək.

Digər xəbərlər