PDF Oxu

Müsahibə

  • 12

“Dünyanın maliyyə böhranı yaşadığı bir dövrdə Azərbaycanda 9,3 faiz artıma nail olmaq nadir hadisədir”

“Dünyanın maliyyə böhranı yaşadığı bir dövrdə Azərbaycanda 9,3 faiz artıma nail olmaq nadir hadisədir”

- Əli müəllim, 2009-cu il üçün maliyyə böhranını Azərbaycana təsirini necə qiymətləndirirsiniz?

- 2009-cu il bütün dünyada böhran, Azərbaycan üçün isə, sınaq ili oldu. O nöqteyi-nəzərdən, 2009-cu ildə ölkəmizin hansı nəticələr əldə etməsi mütləq yaxın illərə də təsir göstərəcək. Bunun əhaliyə aydın olması üçün Azərbayacanın, eləcə də, MDB dövlətlərinin iqtisadiyyatında gedən proseslərlə müqayisə etmək daha məntiqli olar. 2009-cu ilin böhranı dünyanın 1929-1933-cü il ən böyük böhranı ilə müqayisə olunur. Bu böhranı aradan qaldırmaqdan ötrü dünyanın qabaqcıl ölkələri 12 trilyon ABŞ dollarından artıq vəsait xərclədilər ki, bu da dünyada istehsal olunan ümumi daxili məhsulun (ÜDM) 20 faizinə qədərdir. Buna baxmayaraq, böhranın əsas cəhətlərini və amillərini aradan qaldıra bilmədilər. 2009-cu ilin sonuna yaxın artıq dünya iqtisadiyyatı 3,6 trilyon dollar itirmiş oldu. Ən böyük zərbə inkişaf etmiş ölkələrə dəydi. Amma təhlil göstərir ki, MDB dövlətlərinə də çox ciddi təsir oldu. Bunu sistemləşdirəndə belə, göstərmək olar ki, keçmiş SSRİ-yə daxil olan ölkələr içərisində böhrana ən çox məruz qalan ölkələr Ermənistan, Litva, Latviya, Ukrayna, Estoniya, Rusiya və Qazaxıstan oldu. Qırğızıstan, Moldova və digər ölkələrə orta, Azərbaycana isə az səviyyədə təsir göstərdi. Deməli, 2009-cu ildə MDB-də ÜDM 9 faiz aşağı düşdü, Azərbaycanda isə ÜDM 9,3 faiz artdı. MDB ölkələri içərisində Ermənistanda 17-18, Litvada 16-18, Latviyada-16, Ukraynada 14, Rusiyada 8-8,5 və s. faiz enmə oldu. Bunun müqabilində, qeyd etdiyim kimi, Azərbaycanda 9,3 faiz artım var.

- Bu, yəqin ki, böhran dövrü üçün uğurlu bir rəqəmdir?

Təbii ki, bu rəqəmi Azərbaycanın bir neçə il bundan qabaqkı rəqəmləri ilə müqayisə etdikdə, temp aşağı düşür. Məsələn, 2007-ci ildə Azərbaycanda ÜDM 25, 2008-ci ildə 11, 2009-cu ildə 9,3 faiz artmışdı. Bizim öz göstəricilərimizlə müqayisədə templər aşağı düşüb. Amma bütün dünyanın böhran məqamlarını yaşadığı bir dövrdə 9,3 faiz artıma nail olmaq nadir hadisədir. Bildiyimiz kimi, əksər ölkələrin iqtisadiyyatı geri gedir, yəni minusdur. Belə bir artım Azərbaycan iqtisadiyyatının 2009-cu ilin böhranından az itki ilə çıxmasını göstərir. Sənayedə 8,6, kənd təsərrüfatında 3,5 faiz artım olub.

- Yeri gəlmişkən, Azərbaycanın bu böhrandan ən az itki ilə çıxmasının səbəblərini nə izah etmək olar?

- Bu, xeyli dərəcədə mübahisəli xarakter daşıyır. Məsələyə obyektiv yanaşanda, Azərbaycanın bu böhrandan çıxmasının bir neçə səbəbi var. Əsas səbəb ondan ibarətdir ki, Azərbaycanın maliyyə bazarı dünya maliyyə bazarından bir o qədər də asılı deyil. Azərbaycan xaricdən yalnız 2,5 milyard dollarlıq vəsait almışdı. Bu da onun vəsaitlərinin haradasa 20-25 faizini təşkil edirdi. Müqayisə üçün qeyd edək ki, Qazaxıstan 100 milyard dollardan artıq vəsait almışdı. Bu da onun ÜDM-nin 80 faizinə çatmışdı. Beləliklə, həmin vəsait geri çəkilən zaman Qazaxıstanın iqtisadiyyatına çox sarsıdıcı zərbə vurdu. Bununla bağlı ikinci bir məqamı qeyd edək ki, Rusiyanın rublu, Qazaxıstanın tengəsi və s. MDB ölkələrinin milli valyutaları devalyasiyaya uğradı. Amma Azərbaycan manatı nisbi sabitliyini qoruyub saxladı. Bu da qiymətlərin sürətlə qalxmasına və yaxud inflyasiyanın artmasına imkan vermədi. Ona görə də, MDB məkanında inflyasiyanın səviyyəsi 10 faizdən yüksək oldu, Azərbaycanda isə 2009-cu ildə 1,5 faiz təşkil etdi.

- 2009-cu ilin göstəricilərinə görə, yoxsulluğun səviyyəsi 11 faizə enib. Bəllidir ki, 2009-cu ildə 74 min yeni iş yeri açılıb. Yəni, bütün bunlar əhalinin sosial rifah halının yüksəlməsinə bilavasitə xidmət edən amillərdir...

- Böhran dövründə prosesdən az itki ilə çıxmaqdan danışmaq olar. Burada sosial göstəricilərin yüksək səviyyədə yaxşılaşdırılması heç bir ölkəyə nəsib olmayıb. Amma başqa ölkələr böhran dövründə iş yerlərinin kəskin şəkildə azalması ilə rastlaşdı. Əmək haqları, pensiyalar, müavinətlər gecikməyə başladı. İnflyasiya nəticəsində milli manatın kursunun aşağı düşməsi bilavasitə qiymətlər və gəlirlər azaldı ki, bu da sosial proseslərə ciddi dərəcədə təsir göstərdi. Azərbaycanda əmək haqları vaxtlı-vaxtında verilirdi. Pensiyalarda müəyyən nüanslar olsa da, rəvanlıq orada da aradan qalxdı. Azərbaycanın iqtisadiyyatı ilə bağlı müəyyən təsirlər ola bilər. Həmin təsirlərin içərisində bir neçə məqam güclü rol oynayacaq. Birinci məqam ondan ibarətdir ki, əgər neftin qiyməti 80 dollardan yüksək olsa, manat bahalaşmağa, dollar ucuzlaşmağa başlayacaq. Bu, bilavasitə inflyasiyaya gətirib çıxaracaq. Əgər neftin qiyməti 80 dollardan aşağı, yəni 60-65 dollara düşərsə, manatın ucuzlaşması prosesi başlayacaq. Hökumət buna imkan verməyəcək, bazara müdaxilə etməklə, manatı sabit saxlayacaq. Onda valyuta ehtiyatlarının bir hissəsini manatın sabitləşməsinə istiqamətləndirmək lazım gələcək.

- Dediniz ki, dünyanın böhran anları yaşadığı bir zamanda, Azərbaycan ən az itkilərə məruz qaldı. Ümumiyyətlə, son illər Azərbaycan iqtisadiyyatında əldə olunan irəliləyişləri nə ilə əsalandırırsınız?

-Azərbaycan 1990-cı illərin əvvələrində planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçdiyi zaman böyük itkilərə məruz qalmışdı. Həmin itkiləri doldurmaqdan ötrü 2004-2005-ci illərə qədər vaxt sərf edib, 2005-ci ildən Azərbaycan sürətli inkişaf mərhələsinə qədəm qoyub. Əgər o vaxta qədər Azərbaycanda ildə 8-10 faiz artım vardısa, 2005-ci ildən sonrakı dövrdə isə 25-35 faiz artım baş verib. Bu, bir tərəfdən müxtəlif sahələrdə aparılan islahatlardır. Eyni zamanda, obyektivlik naminə qeyd etmək lazımdır ki, son vaxtlarda böhranın təsirinin minimuma endirilməsində Azərbaycanda Mərkəzi Bank, Maliyyə Nazirliyi və bir sıra qurumlar bu prosesi qabaqlamaq, çox ehtiyatlı hərəkət etmək, konservativ, amma savadlı siyasəti yeritmək istiqamətində başqa ölkələrin müvafiq qurumlarından daha savadlı siyasət yürüdür. Bunu mütləq qeyd etmək lazımdır. Əgər adını qeyd etdiyim qurumlar bu siyasəti yeritməsəydi, Azərbaycanın iqtisadiyyatına çox ciddi zərbə vurulacaqdı. Arzu edirəm ki, Azərbaycan islahatların yeni mərhələsinə başlasın və rəqabət qabiliyyətli 50 ölkə sırasına daxil olsun. Çalışmaq lazımdır ki, islahatların yeni mərhələsinə başlayaq, iqtisadi islahatları sürətləndirək. Bilavasitə azad rəqabət, qiymətlərin sürətlə artırılmasının qarşısının alınması, kiçik və orta sahibkarlığın stimullaşdırılması, ora əlavə vəsaitlərin cəlb edilməsi, kənd təsərrüfatı və bununla bağlı sahələrin inkişaf etdirilməsi və s. bunları sistem şəklində həyata keçirməklə neftdən kənar sahələri də inkişaf etdirib, yaxın illərdə 50 ən rəqabətqabiliyyətli ölkələr sırasına daxil ola bilərik. Təsəvvür edin ki, Rusiyaya iki il bundan qabaqkı vəziyyətə çatmaqdan ötrü ən azı 3 il vaxt lazımdır. Böhran zamanı Rusiyanın 600 milyard dollar sərbəst vəsaiti var idi. Bu, çox gözəl göstərici idi. Amma böhran nəticəsində bu ölkə artıq 200 milyard dollardan çoxunu itirib. Azərbaycanın isə, böhrandan qabaq 7,4 milyard vəsaiti var idi. 2009-cu ilin yekunlarına əsasən, bu rəqəm 20 milyard dollara çatıb.

- Əli müəllim, aparılan düzgün iqtisadi öncəgörmə nəticəsində bu uğurlar əldə edilib. Bildiyimiz kimi, Azərbaycanda 80 faizə yaxın daxili investisiyadan istifadə edilir. Bunu nə ilə əlaqələndirmək olar?

- Böhran ərəfəsində Rusiya, Ukrayna və Qazaxıstan xaricdən investisiyaların gəlməsinə üstünlük verdi. Böhran zamanı isə, investisiyalar kəsildi və həmin üç ölkənin iqtisadiyyatını diz çökdürdü. Amma Azərbaycanda neft və qazla bağlı iri layihələrin birinci mərhələsi başa çatdığına görə, ölkədə nisbət dəyişir. Əvvəllər xarici insvestisiyalar 80, daxili investisiyalar isə 20 faiz təşkil edirdisə, indi biz bunun tam əksini görürük. Daxili investisiyalar da müxtəlif istiqamətlərə yönəldilib. Azərbaycan hökuməti həmin investisiyaları həyata keçirən əsas fiqurdur. Azərbaycanda investisiya qoyuluşlarındakı nisbətin dəyişməsi, daxili investisiyaların fəallaşması, infrastruktur, regional inkişafla bağlı layihələrin həyata keçirilməsi, regionların inkişafına diqqətin artırılması, digər tərəfdən bizim dünya maliyyə bazarından az dərəcədə asılı olmağımız gətirib ona çıxarır ki, biz yalnız neftin qiymətinin enməsi nəticəsində zərbə aldıq. Amma Qazaxıstan və Rusiya iqtisadiyyatı həm neftin qiymətinin aşağı düşməsindən, həm qoyulan kreditlərin sərmayələrin geri çəkilməsi ilə bağlı maliyyə sektorundan, həm də milli valyutanın dəyərinin aşağı düşməsindən üç qat zərbə aldı. Ona görə də Azərbaycan bu böhrandan başqa ölkələrlə müqayisədə az itki ilə çıxdı.

Digər xəbərlər