Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycan dövləti həm iqtisadi, həm də siyasi baxımdan uğurlar əldə etməkdədir. Ölkəmiz iqtisadi potensialına görə, MDB məkanında lider ölkəyə çevrilib və bu liderliyini qoruyub, saxlamaqdadır. Azərbaycan hərbi gücünə görə də, regionun lider ölkəsinə çevrilib. Lakin çox təəssüf ki, güclü iqtisadi, hərbi potensiala malik olan Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi hələ də öz həllini tapmayıb. Sözsüz ki, bu münaqişənin həll edilməməsi Ermənistanın qeyri-konstruktiv mövqeyindən irəli gəlir.
- Ötən il Azərbaycan siyasi həyatında hansı hadisələrlə yadda qaldı?
- 2009-cu ildə Azərbaycan tarixində ən yaddaqalan hadisə Dağlıq Qarabağ məsələsinə dair danışıqların intensivləşməsi və bu məsələyə dair müxtəlif supergüclərin təşəbbüs göstərməsidir. Yəni "böyük səkkizlik" dövlətlərinin sammitində bu prosesin gücləndirilməsinə dair birgə bəyanatın qəbulu, bundan əlavə, ATƏT-ə üzv olan ölkələrin xarici işlər nazirlərinin Afinada keçirilən konfransında bununla bağlı xüsusi bəyanatın qəbul edilməsini və danışıqlar prosesinin xeyli intensivləşməsini və müxtəlif təkliflərin irəli sürülməsini misal göstərmək olar. Amma danışıqlar prosesinin intensivləşməsinə baxmayaraq, hələ ki, ciddi nəticələr əldə olunmayıb.
- 2010-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həlli gözlənilirmi?
- Fikrimcə, 2010-cu ildə əgər bu danışıqlar Madrid prinsipləri əsasında aparılacaqsa və bu prinsiplərdə Dağlıq Qarabağın öz müqəddəratını həll etmək hüququ ön plana keçiriləcəksə, yəni Azərbaycanın ərazi bütövlüyü məsələsi gündəmdə olmayacaqsa, onda sözügedən bu danışıqlardan heç bir nəticə əldə etmək mümkün olmayacaq. Ermənilər getdikcə mövqelərini sərtləşdirirlər. Belə ki, əldə olunan son məlumatlara görə, onlar hətta Dağlıq Qarabağın hüdudlarından kənarda işğal edilmiş torpaqları da, itirilmiş tarixi torpaqları hesab edirlər. Hətta Goranboy royonunun bir hissəsini də tələb edirlər. Yəni bütün belə bir yanaşma, təfəkkür tərzi ilə, xüsusən də, Dağlıq Qarabağın statusu məsələsində tələb etdikləri müstəqillik və s. məqamlarla danışıqlarda nə isə bir ortaq məxrəcə gəlinə biləcəyini istisna edirəm. Çünki işğalçı ölkə hələ də qeyri-konstruktiv mövqeyindən əl çəkmək istəmir. Əgər Ermənistan tərəfi mövqelərində güzəştə getməyəcəksə, israr edib, duracaqsa, Azərbaycanın belə danışıqları davam etdirməyə ehtiyacı qalmır. Danışıqlar nəticə verməsə, sözsüz ki, müharibə variantı gündəmə gələ bilər. Lakin istisna deyil ki, regionda iqtisadi maraqları olan bəzi güclü dövlətlər, xüsusən də, ABŞ müharibə variantını əngəlləyəcək.
- Məlumatlara görə, Madrid prinsipləri əsasında "çərçivə" sazişi imzalanacaq. Bu, nə qədər realdır?
- Ötən il də belə bir fikir səslənirdi ki, böyük sülhün əsasını təşkil edəcək baza prinsipləri müəyyənləşdiriləcək. Bunun da əsasında Çərçivə sazişi imzalanacaq. Lakin işğalçı ölkə olan Ermənistan güzəştə getmədi və nəticədə bu hadisə baş vermədi. İşğalçı ölkə yenə qeyri-konstruktiv mövqeyini davam etdirəcəksə, gərək Azərbaycan təslimçi sülh razılaşmasına getsin. Lakin nə Azərbaycan dövləti, nə də xalqımız təslimçi sülhə getməyəcək. Cari ildə Çərçivə sazişinin imzalanması bu prosesdə iştirak edən böyük güclərin və Ermənistanın problemə realist, konstruktiv yanaşmasından asılı olacaq.
- Azərbaycan tərəfi Ermənistan prezidenti Serj Sarkisyanı beynəlxalq məhkəməyə verməyə hazırlaşır. Sizcə, beynəlxalq məhkəmə ədalətli qərar qəbul edəcəkmi?
- Azərbaycan kifayət qədər dəlillər toplaya bilsə, Sarkisyanın azərbaycanlılara qarşı qanlı cinayətlərdə iştirakını təsdiq edən sənədləri, faktları toplaya bilsə, beynəlxalq məhkəmədə bu işi udmaq olar. Əslində, bu məsələni çoxdan qaldırmaq lazım idi. Sarkisyan və Köçəryan xalqımıza qarşı təcavüzdə, Xocalı faciəsində də iştirak ediblər. Buna görə də, onların hər ikisinin məhkəməyə verilməsinə ehtiyac var. Belə bir məsələnin reallaşması çox gözəl olardı.