PDF Oxu

Müsahibə

  • 14

İstəsəm də siyasətdən kənarda dura bilmərəm

İstəsəm də siyasətdən kənarda dura bilmərəm
- Siz yenidən fəal siyasətə qayıtdığınızı bəyan etmisiniz. Bu qərarınız hansı zərurətdən irəli gəlib?
- Gec-tez fəal siyasətə qayıtmalı idim. Mənim siyasətdən uzaqlaşmaq şansım yoxdur və həyatımla buna məhkumam. Meşəyə gedəndə, ayı yaxamdan tutur ki, bu işlərin axırı necə olacaq? Yəni, biz istəsək də belə, siyasətdən kənar ola bilmərik. Ötən müddət ərzində prosesləri soyuq başla kənardan izləmək imkanı əldə etdim. Susmağımın özü bir siyasət idi. Məsələn, İran İslam Respublikasında keçirilən prezident seçkilərini izləmişəm. Bununla bağlı "güney" televiziya kanalları məndən müsahibə alıblar. Cənubi Azərbaycanda son dərəcə aktiv və gərgin proseslər gedir. Eyni zamanda, məni düşündürən məsələlərdən biri də dünya azərbaycanlıları, yəni 21 Azərlə bağlı məsələdir (Cənubi Azərbaycanda Pişəvərinin rəhbərliyi altında yaranan milli hərəkatın və milli hökumətin ildönümüdür). 1941-1946-cı illərdə yaranmış və cəmi bir il yaşamış bu hökumətin 65-ci ildönümü ilə bağlı Hollandiyada böyük bir toplantının keçirilməsi gözlənilir. Mən də həmin toplantıya dəvətliyəm. Bütün bu hadisələri izləyərək, baş verənləri dərindən götür-qoy etməyi özümə borc bildim. Oradakı prosesləri daha yaxından görmək üçün Cənubi Azərbaycana 10 günlük səfər etdim. Çünki mənim üçün əsas millətin, sıravi ölkə vətəndaşlarının nə düşündüyüdür. Orada önümə çıxan hər bir insanla söhbət apardım, onlarla ünisiyyətdə oldum. Bu qərara gəldim ki, artıq orada elə bir inqilabi situasiya yaranıb ki, bu, qarşısıalınmaz bir prosesdir. Oradakı soydaşlarımız ən adi hüquqlarından belə məhrum olunub. Bununla bərabər, milli oyanış var və onlar düşdükləri vəziyyətin fərqindədirlər. Bir sözlə, siyasətə qayıtmağım bu zərurətdən yaranıb.
- Belə bir fikir var ki, siz siyasətə qayıtmağınızla müxalifət düşərgəsində hökm sürən süstlükdən istifadə edərək, önə çıxmaq niyyətini güdürsünüz. Bu fikir reallığı nə dərəcədə əks etdirir?
- Bunların hamısı cəfəngiyyatdır. Azərbaycanın milli azadlıq hərəkatını, müasir siyasi tarixini analiz edən hər bir kəs bilir ki, mənim şöhrət və ya hakimiyyət üstündə dava-dalaşım olmayıb. Mənə ehtiyac olmadığı bir dövrdə isə, ümumiyyətlə, siyasətdən uzaqlaşmışdım. Meydanı boş qoymuşdum ki, kim nə istəyirdisə, edə bilsin. Yəni, mən siyasətə görünmək xatirinə girməmişəm. Mən vaxtilə ən yüksək vəzifələrdə təmsil olunmuşam və müxalifətdə də şöhrətin ən yüksək zirvəsini görmüşəm. Tənha-yalquzaqlığın da ən ağır tərəflərini yaşamışam. Ona görə də haqqımda çıxan bu cür söz-söhbətlər reallığı əks etdirmir. Mənim siyasətə qayıtmağımın əsas səbəbi millətimin ağır problemləri ilə bağlıdır. XX əsrin əvvəllərində çar Rusiyası dağılan ərəfədə Azərbaycan özünün müstəqilliyini elan etməsi üçün əlinə böyük tarixi məqam düşmüşdü. Bu məqamdan istifadə edərək, milli demokratik respublikanın yaranmasına baxmayaraq, sovet imperiyası özündə güc tapandan sonra müstəqilliyimizə son qoydu. Beləliklə, ölkəmiz 70 il müddətində müstəmləkə altında qaldı və bütün milli hüquqlarımızdan məhrum olduq. Əsrin sonunda sovet imperiyasına qarşı azadlıq mübarizəsi apardıq və Azərbaycanın şimalında müstəqilliyə nail olduq. Cənubi Azərbaycanda isə Səttərxan, Xiyabani hərəkatları müstəqillik uğrunda mübarizə aparıblar. 1945-ci ildə Pişəvərinin rəhbərliyi altında milli hökumət yarandı. Lakin çox təəssüflər olsun ki, Azərbaycan xalqının iradəsindən asılı olmayaraq, o zaman yaranan Birləşmiş Millətlər Təşkilatı ingilis və fransızların diqtəsi ilə bu hökumətin qətlinə fərman verdi. İran neftindən sovetlər birliyinə böyük yardım edildikdən sonra Stalin Pişəvərini aldadaraq, onun qətlə yetirilməsinə nail oldu. Digər tərəfdən, bütün milli vətənpərvər qüvvələri Sibirə sürgün edərək, güllə-baran etdilər. Beləliklə, milli hərəkata son qoyuldu.
Bundan sonra İranda şah-idarə üsuluna qarşı narazılıqlar və inqilabi vəziyyət yaranmışdı. Xalqımız bundan istifadə edərək öz müstəqilliyini elan edə bilərdi. Həmin vaxt belə bir ideya ortaya çıxdı ki, İranda böyük islam dövləti yarandıqdan sonra azərbaycanlılar da öz haqlarına nail olacaqlar. Bu ölkənin konstitusiyasında, formal olaraq, Azərbaycan-türk dili dövlət dili elan edilsə də, 30 il müddətində, soydaşlarımıza qarşı şah-idarə üsulundan fərqli münasibət olmadı. Azərbaycan yenə də bütün haqq və hüquqlarından məhrum edildi. İndiki vəziyyətdə, hesab edirəm ki, Azərbaycanın yenidən bütövləşmə şansı var. Hazırda İranda çox gərgin vəziyyət hökm sürür və millət öz milli haqları uğrunda hər cür mübarizə aparmağa hazırdır. Əminəm ki, bu proseslərin qarşısı alınmazdır və sadəcə olaraq, vaxtında milli səfərbərlik elan olunmalıdır. İnanmıram ki, Azərbaycanın əlinə nə vaxtsa belə bir şans yenidən düşsün. Ona görə bütün siyasi qüvvələri bu ideya ətrafında əməkdaşlığa dəvət edirəm.
- Nemət bəy, sizin müxalifət rəhbərlərinin əksəriyyəti ilə əqidə, ideya birliyi məsələlərində mövqeləriniz fərqlidir. Bu, sizin siyasətdə təkbaşına fəaliyyətinizə mane olmayacaq ki?
- Mən bu fikirlə razı deyiləm. Azərbaycanda mövcud siyasi qüvvələrin 99 faizi milli azadlıq hərəkatında iştirak etmiş və vaxtilə bir bayraq altında birləşərək vətənimizin azadlığı və müstəqilliyi uğrunda mübarizə aparan insanlardır. Bu gün həmin insanlar müxtəlif siyasi partiyalara bölünsələr də vaxtilə mənə ən yaxın silahdaşlardan olub. Bunlarla müəyyən məsələlərdə fikir ayrılıqlarının və ziddiyyətlərin olması təbiidir. Bu düşmənçilik demək deyil. Mənim siyasi meydanda heç bir şəxslə düşmənçiliyim yoxdur. Milli azadlıq hərəkatında mübarizə aparanda da əks cəbhələr olub və biz onlara qarşı mübarizə aparmışıq. Yeni ideyamın siyasi partiyalar tərəfindən müsbət qarşılanacağına əminəm və bunun nə qədər zəruri olduğunu aydınlaşdırmağa çalışacağam. Ümummilli məsələlərdə bir araya gəlməyi və əməkdaşlıq etməyi bacarmalıyıq.
- Az öncə, dediniz ki, sizin siyasətdən getməyiniz meydanın boş qalmasına səbəb olub. Bu, sizin vaxtilə silahdaşlarınız olan müxalifət rəhbərlərinə qarşı yenidən meydan oxumanız demək deyil?
- Təəssüflənirəm ki, siz burada ziddiyyət axtarırsınız. Sizdən fərqli olaraq, söhbət etdiyim, fikirlərimi bölüşdüyüm mətbuat nümayəndələrinin hamısı irəli sürdüyüm ideyanı müsbət qarşılayıblar.
- Nə üçün xalqımızın qaysaq bağlamayan yarası olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı deyil, məhz Cənubi Azərbaycan məsələsi ilə bağlı ideya ilə çıxış edirsiniz?
- Bu yaxınlarda Prezident İlham Əliyev bəyan etdi ki, torpaqlarımızın işğaldan azad olunması üçün müharibə variantı qaçılmazdır. Dövlət başçısının bu fikrinə dəstək verirəm. Cənubi Azərbaycan məsələsini qabartmağımın əsas səbəbi isə İranda baş verən prosesləri dayandırmaq imkanımız yoxdur. Artıq ox yaydan çıxıb. O taylı-bu taylı millətimiz aktivləşməli və bu tarixi imkanı əldən verməməlidir. Düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqları bir-iki il uzatmaq olar, amma İrandakı prosesləri gecikdirmək imkanımız yoxdur. Hətta bütün dünya belə bir araya gəlsə, bu proseslərin qarşısını ala bilməz. Ona görə də həyəcan təbili çalıram və Cənubi Azərbaycan məsələsinin aktuallığını önə çəkmək istəyirəm. Hamımıza aydındır ki, Rusiyadan sonra Ermənistana ən çox dəstək verən, maddi və mənəvi yardım göstərən İran İslam Respublikasıdır. Cənubi Azərbaycanda milli qüvvələrin fəallaşması artıq İran dövlətinin Ermənistana yardımının qarşısını alacaqdır. Eyni zamanda, düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli də Cənubi Azərbaycan məsələsindən keçir. Burada olan milyonlarla soydaşımız Qarabağ uğrunda mübarizə aparmaq istəyir.
- Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan sülh danışıqlarının nəticə verməyəcəyi təqdirdə, hərbi variant üzərində düşünməli olacağını bildirib. Bu barədə nə deyə bilərsiniz?
- Xalqımız, millətimiz də Onun arxasındadır. Hesab edirəm ki, bu fikrin arxasında duraraq, sonuna qədər getmək lazımdır. Bütün beynəlxalq təşkilatlar, o cümlədən, Ermənistan Azərbaycan xalqının müharibəni qarşısına məqsəd qoyduğunu görməlidir. Onda məcburiyyət qarşısında qalıb sülh danışıqlarının nəticə verməsinə səy göstərə bilərlər. Əgər bu iradə və qətiyyət görünməzsə, fikirlər yalnız söz olaraq qalacaq. Siyasi aktivliyimin birinci mərhələsində, bunu bəyan etdim ki, Prezident İlham Əliyevin bu fikirlərinə siyasi qüvvələr və cəmiyyət dəstək verməlidir. Yadımdadır ki, vaxtilə Heydər Əliyev bu məsələni Milli Məclisdə müzakirəyə qoydu. Təəssüflər olsun ki, bir çox siyasi partiyalar bu müzakirələrdə iştirak etmədilər. O zaman milli vətənpərvərlik və ya şəxsi mövqedən çıxış edən siyasi qüvvələrin adları bəlli olardı. Bəzi insanlar var ki, bulanıq suda balıq tutmaq istəyənlər kimi, ancaq hakimiyyətlə müxalifət partiyalarının arasını vurmağa çalışır. Belə bir atalar sözü var, deyir: "Haramzada qarışdırar, halalzadə barışdırar". Bir sözlə, bütün dünya xalqımızın öz torpaqlarını işğaldan azad etmək iradəsini ortaya qoyduğunu görməlidir. Danışıqlar prosesinin uzadılması bizim ziyanımızadır.

Digər xəbərlər