- Ermənistan prezidenti Serj Sarkisyan oktyabr ayında 2 dəfə RF-yə səfər etdi. Bu səfərdə məqsəd nədən ibarətdir?
- Əslində, MDB məkanında, Rusiyaya ən çox səfər edən prezidentlərin siyahısı tutulsaydı, yəqin ki, orada birinci yerdə Ermənistan prezidenti Serj Sarkisyan olardı. Ermənistan MDB dövlətləri içərisində yeganə dövlətdir ki, bütün mənalarda Rusiyanın forpostudur. Bu dövlətdə RF-nin həm hərbi bazaları var, həm də hava hücumundan birgə müdafiə haqqında müqaviləsi var. Bir sözlə, bütün mənalarda- həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan, Ermənistan Rusiyadan tam asılı vəziyyətdədir. Məhz Ermənistan öz siyasətində bu yolla müəyyən dəyişikliklər edir. Bu dəyişikliklər də, ilk növbədə, Türkiyə ilə münasibətlərin normallaşdırılması ilə bağlıdır. Buna görə də, bu səfərlər intensivləşib. Həm də Türkiyə dövlətinin mövqeyi bundan ibarətdir ki, Dağlıq Qarabağ probleminin həllində hər hansı irəliləyiş olmadan sənədlər ratifikasiya olunmayacaq və qüvvəyə minməyəcək. Belə olan təqdirdə, yəqin ki, Ermənistana da artıq müəyyən təzyiqlər var. Buna görə də, o, bu və ya digər addımı atacağı halda, mütləq Rusiyanın razılığını almalıdır. Əks-tədqirdə isə, müstəqil dövlət olmadığından, Rusiyadan icazəsiz addım ata bilməz. Buna görə də, S.Sarkisyan tez-tez Moskvaya səfərlər edir. Bildiyimiz kimi, Ermənistan iqtisadiyyatı hal-hazırda iflic vəziyyətindədir. Dünya iqtisadi böhranı son dərəcədə bu dövlətə öz təsirini göstərib. İşğalçı ölkə diaspora yardımlarından xeyli dərəcədə asılıdır. Xüsusilə də, son hadisələr fonunda Ermənistan hakimiyyətinin diaspora ilə də, münasibətləri xeyli korlanıb. Bütün bunların hamısını üst-üstə gəldikdə, onun Moskvaya axırıncı səfərində, o, ianə yığmağa getmişdir. Bu da səfərin əsas məqsədlərindən biridir.
- Bəzi ekspretlərin fikrincə, Rusiya ilə ABŞ arasında "soyuq buzlar" əriməkdədir. Bu, Dağlıq Qarabağ münaqişəsinin həllinə nə kimi təsir göstərəcək?
- Həqiqətən də, bu gün Rusiya ilə ABŞ arasında münasibətlər normallaşmaq üzrədir. Bir çox strateji məsələlərdə adıçəkilən ölkələrin eyni mövqedən çıxış etmələri tendesiyası müşahidə olunmaqdadır. Belə olan tədqirdə, həm RF, həm də ABŞ (nəzərə almaq lazımdır ki, hər iki dövlət ATƏT-in Minisk Qrupunun həmsədr ölkələridir) arasındakı münasibətlər Dağlıq Qarabağ münaqişəsinə təsir edə bilər. Türkiyə ilə Ermənistan arasında protokolların imzalanma mərasimində həm ABŞ-ın, həm də RF-nin xarici siyasət idarələrinin rəhbərlərinin iştirak etməsi, onu deməyə əsas verir ki, onlar istədikləri məsələni birlikdə həll etməyi bacarır. Belə məlum olur ki, Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişin olmamasında Rusiya ilə ABŞ-ın üzərinə böyük məsuliyyət düşür. Çünki onlar istədikdə müəyyən qərarların qəbuluna nail olurlar. İstisna deyil ki, RF ilə ABŞ arasında münasibətlərin yaxşılaşması Dağlıq Qarabağ münaşiqəsinin həllinə müsbət təsir göstərsin. Rəsmi Vaşinqton və Moskva ikitərəfli problemlərini həmişə qüvvədə saxlayacaqlar, yoxsa onun həlli ilə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə də məşğul olacaqlar.
- Dünyanın güc mərkəzinə çevrilmiş ABŞ, nə üçün Dağlıq Qarabağ münaqişəsinin həllinə o qədər maraqlı görünmür?
- Məsələ ondadır ki, doğurdan da, Birləşmiş Ştatlar dünyanın güc mərkəzinə çevrilib. Bundan əlavə, ABŞ-ın qlobal maraqları mövcuddur. Sadəcə olaraq, o maraqlar eyni deyil. Adıçəkilən ölkənin maraqları həyati maraqlardır. Harda ki, söhbət Birləşmiş Ştatların ümumi maraqlarından gedir, adıçəkilən dövlət siyasi bəyanatlar verir, prosesə mövqe bildirir. Lakin ortaya həyati maraqlarla bağlı problem çıxdıqda, Birləşmiş Ştatlar güc tətbiqinə əl ata bilir. Bu günə kimi, ABŞ Dağlıq Qarabağ probleminin həllində özünün qətiyyətli mövqeyini nümayiş etdirməyibsə, bu, onu deməyə əsas verir ki, burada həm Rusiyanın maraqlarını nəzərə alıb, həm də öz maraqları hələ lazımi səviyyədə deyil. Dağlıq Qarabağ məsələsi ABŞ üçün, hələlik, həyati maraq dairəsində olan məsələ deyil.
- İslam dövlətləri qətiyyət, birlik nümayiş etdirərək, bu münaqişənin həllinə təkan verə bilərmi?
- Bu prinsip etibarilə mümkündür. İslam Konfransı Təşkilatı (İKT) ilk böyük beynəlxalq təşkilatdır ki, 1991 ci il dekabrın 8-də artıq Ermənistanı təcavüzkar dövlət kimi adlandırıb. Təşkilat olaraq, bu addımı atıb, lakin bu addımdan irəli gələ biləcək artıq növbəti addımları atmayıb. Yəni Ermənistana - təcavüzkar dövlətlə münasibətdə beynalxalq hüquqda nəzərdə tutulmuş münasibətlər var. Amma çox təəssüf ki, 56 müsəlman dövlətinin orada təmsil olunmasına baxmayaraq, heç bir konkret addım atılmayıb. Həmin üzv dövlətlər ikitərəfli münasibətlərdə işğalçı ölkə ilə əlaqlərə yenidən baxmayıb. Müsəlman ölkələri Ermənistanla əməkdaşlıqlarını bu gün də davam etdirirlər. Heç şübhəsiz ki, bu, İKT-nin imicinə mənfi təsir göstərir. Əgər doğurdan da, ciddi təşkilatdırsa, Ermənistanı təcavüzkar dövlət elan edibsə, onda bu mövqeyindən və davranışından irəli gələn addımlar da atmalıdır. Bu, nöqteyi-nəzərdən, İslam Konfransı Təşkilatı çərçivəsində Ermənistana qarşı hər hansı bir ciddi addımın atılacağını düşünsək siyasi sadəlövhlük olardı.
- Ermənistan hakimiyyəti və ictimaiyyəti Azərbaycanla münasibətlərin qurulmasında nə qədər maraqlıdır?
- Ermənistan dövlətinin mövqeyi bəllidir və işğalçı ölkənin hakim dairələrinin mövqeyini şərh etməyə ehtiyac yoxdur. Söhbət erməni ictimaiyyətindən gedirsə, erməni ictimaiyyətinin bu problemə bu mövqedəki problemə toxunarkən, onu qeyd etmək istərdim ki, birmənalı şəkildə, Ermənistan ictimaiyyətinin mövqeyi məhz Ermənistan dövlətinin mövqeyi ilə eyniyyət təşkil etdiyini və üst-üstə düşdüyünü demək çətindir. Yəni erməni ictimaiyyətinin fikrinə nəzər salsaq, görərik ki, artıq indiki hakimiyyətin siyasətinə qarşı böyük narazılıq var və eyni zamanda, indiki hakimiyyətin yeritdiyi iqtisadi siyasət və ölkəni müflisə aparan siyasətdən narazılıq var. Bir çox erməni ictimai dairələrində bunun səbəbi qismində Dağlıq Qarabağ probleminin indiyə kimi həllini tapmamasını göstərirlər. Ümumiyyətlə, Ermənistan ictimaiyyəti Serj Sarkisyan hakimiyyətindən narazıdır. Xarici ölkələrdə keçirilən konfraslarda Ermənistanın elm xadimləri ilə ünsiyyətdə olarkən, məlum olur ki, onlar Dağlıq Qarabağ münaqişəsinin həllində öz dövlətlərinin tutduğu mövqeləri ilə razılaşmırlar.