Elşən Manafov: “Müsavat partiyası bütün proseslərə özünün kommersion maraqları baxımından yanaşır”
- Elşən bəy, bəzi partiyalar bələdiyyə seçkilərini boykot etmək niyyətində olduqlarını nümayiş etdirir. Sizcə, dağıdıcı fikirlə çıxış etmək siyasi mədəniyyətə sığan metod sayıla bilər?
- Mövcud qanunvericiliyə görə, Azərbaycanda bələdiyyələr yerli özünüidarəetmə orqanıdır. Yerli özünüidarəetmə orqanlarında iştirak edən pariyalar seçicilərlə bilavasitə təmasda olur. Özlərinin bu və ya digər bələdiyyə ərazilərində imkanlarını müəyyənləşdirə bilər. Bu mənada, bələdiyyə seçkiləri parlament seçkiləri ərəfəsində ölkədə siyasi partiyalar haqqında qüvvələr nisbəti ilə bağlı məsələlərə aydınlıq gətirə bilər. Seçkiləri boykot edən siyasi partiyalar nəzərə almalıdır ki, bütün hallarda seçkilərin hüquqi və siyasi əhəmiyyəti var. Seçkilərin hüquqi əhəmiyyəti yerli özünüidaretmə orqanlarının formalaşmasında seçicilərin fəallığı, onların insan haqları ilə bağlı məsələləri özündə ehtiva edir. Siyasi əhəmiyyətinə gəldikdə isə, siyasi partiyalar haqqında qüvvələrin nisbətini, bu partiyaların ölkədə demokratik, dövlət quruculuğu ola biləcək keyfiyyətinə üstünlük verməlidir. Bu mənada, siyasi partiyaların seçkiləri boykot etmək istəyi həmin partiyaların bələdiyyə seçkiləri ərəfəsində imkanları ilə bağlı amillərdən də asılı ola bilər. İkinci, ölkədə mövcud siyasi reallıqlardan çıxış edərək, həmin partiyalar belə mövqe sərgiləyə bilər. Həmin partiyaların mövqeyindən keçən il qəbul olunmuş bir sıra qanunverici aktlardan sonra bələdiyyələrin imkanlarının məhdudlaşdırılması ilə bağlı amillər də ola bilər. Bütün hallarda bu partiyaların mövqeyidir. Əgər partiya sədri varsa, siyasi partiya kimi qeydiyyatdan keçibsə, həmin partiyalar yaxşı olardı ki, seçkilərdə iştirak etsin.
- Bəlkə onlar qabaqcadan məğlub olduqlarını düşünərək, konkret mövqe ortaya qoya bilmir?
- Bu amili də istisna etmək olmaz. Nəzərə almaq lazımdır ki, bu gün bələdiyyə seçkilərini boykot edən partiyalar keçən il prezident seçkilərini də boykot etmişdi. Ona görə də, qeyd etmək istəyirəm ki, bələdiyyə seçkilərində partiyaların imkanları varsa, daha yaxşı olardı ki, seçkilərdə iştirak etsinlər. Çünki bələdiyyə seçkilərində əldə edilmiş uğur sabah parlament, prezident seçkilərində əldə edilə biləcək uğur üçün, müəyyən mənada, tranplin rolunda çıxış edəcək. Türkiyədə Ərdoğanın başçılıq etdiyi AKP bələdiyyə seçkilərində əldə etdiyi uğur nəticəsində əvvəlcə parlament, sonra isə prezident seçkilərində nailiyyətlər əldə edib. Bu gün həmin partiyaların sərgilədiyi mövqe bütün hallarda onların mahiyyət, maddi imkanları, həmçinin, seçici məkanı ilə əlaqədardısa, digər tərəfdən ölkədəki mövcud siyasi reallıqlarla əlaqədar ola bilər.
- İqbal Ağazadə ilə İsa Qəmbərov arasında qarşıdurma nəticə etibarı ilə "QRUH"un dağılmasına səbəb oldu. Sizcə, onlar nəyi bölə bilmir ki, sonda qurumun dağılmasına səbəb oldu?
- Ölkə müxalifətində mövcud olan hər bir ciddi problem müxalifətin prezident seçkilərində vahid namizədlə gedə bilməməsi ilə bağlı mövqeyindən irəli gəlir. İqtidarla müqayisədə müxalifətin kifayət qədər zəif maliyyə resursları var, müxalifət bu illər ərzində həyata keçirilən siyasətdə bu və ya digər dərəcədə iştirak edə bilməyib. Son illərdə iqtidarın həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində müxalifətin ölkədaxili siyasi proseslərə təsir imkanı nəzərçarpacaq dərəcədə dəyişib. Digər tərəfdən, bələdiyyə seçkilərində "QRUH"a daxil olan partiyaların sərgilədiyi mövqe anlaşılmadı. Ümumiyyətlə, partiyaların bu şəkildə bələdiyyə seçkilərinə qatılması ideoloji kontektsdən ola bilər. Müsavat və digər partiyaların bələdiyyə seçkiləri ilə bağlı mövqeyində, platformalarında eyni dəyərlər, amillər ola bilərdi. Bütün hallarda hər iki partiya arasındakı münasibətlərdə gərginlik həmin partiyaların müxalifət cəbhəsində cərəyan edən hadisələrə təsir imkanları və bu imkanların artması ehtimalı ilə, eyni zamanda, həmin partiyaların daxilində yaşanan gərginliklə bağlı ola bilər. İ.Qəmbərov artıq bəyan edib ki, 2010-cu il qurultayı ərəfəsində Müsavat başqanlığına namizədliyini irəli sürməyəcək. Bu da partiyadaxili gərgin situasiyanın yaranmasına və indidən Müsavat başqanı postu uğrunda mübarizənin başlanmasına gətirib çıxarır.
- Sizcə, siyasətdə özünü doğrulda bilməyən, yetərincə mövqe sahibi olmayan İsa Qəmbərov siyasətdən gedəcəkmi?
- İ.Qəmbərovun müsahibələrinə diqqət yetirsək, görərik ki, o, 2010-cu ildə Müsavat başqanlığı vəzifəsindən gedəcəyini bildirib. Guya Müsavat partiyasının sıravi üzvü kimi öz fəaliyyətini davam etdirəcək. Təbii ki, İsa bəyin bundan sonra hansı qərar qəbul edəcəyi ilə bağlı məsələlər artıq onun öz işidir. Müsavat partiyası bundan sonra ölkədə baş verə biləcək siyasi proseslərə münasibət sərgiləyə bilməyəcək. Yaxşı olardı ki, Müsavat ölkə hakimiyyətinin legitimliyi ilə bağlı məsələlərə özünün kommersion maraqları baxımından yanaşmasın. Bu da çox ölkədə müxalifət və hakimiyyət münasibətlərinin sivil dəyərlər çərçivəsində qurulmasına öz töhfəsini verə bilər. Biz Avropaya inteqrasiya olunuruqsa, Avropanın hüquqi siyasi məkanında hakimiyyətlə müxalifət arasında olan münasibətlər Azərbaycanın da siyasi məkanına transfer olmalıdır.