PDF Oxu

Müsahibə

  • 14

Bələdiyyə seçkiləri azad və ədalətli keçiriləcək

Bələdiyyə seçkiləri azad və ədalətli keçiriləcək

- MSK növbəti bələdiyyə seçkisinə hazırlıqla bağlı hansı texniki və maarifləndirici xarakterli tədbirlər həyata keçirir?

- MSK, həmişə olduğu kimi, qanunun onun üzərinə qoyduğu öhdəliklər çərçivəsində, o cümlədən, ona verdiyi səlahiyyətlər həcmində seçkilərin hazırlanıb həyata keçirilməsi üçün bütün lazımi tədbirləri vaxtında görməyə çalışır. Ümid edirəm ki, görülən tədbirlər qanunun tələblərinə cavab verən səviyyədədir. Ümumiyyətlə, sovet dövründən sonrakı müstəqil Azərbaycanın seçki təcrübəsinə fikir versək, görərik ki, ildən-ilə seçki haqqındakı düşüncələrimiz, təsəvvürlərimiz yaxşılığa doğru dəyişir. Bu, bir çox faktorlarla, xüsusilə, bütün sahələrdə gedən inkişaf, insanların dünyagörüşü ilə bağlıdır. Həmçinin, maarifləndirmə ilə birbaşa əlaqəsi var. Ona görə MSK daim çalışır ki, bütün seçki subyektlərinin maarifləndirilməsi ilə bağlı üzərinə düşən işləri lazımınca yerinə yetirsin. Bunun üçün çoxsaylı üsullardan istifadə edilir. İlk növbədə, seçkinin bilavasitə təşkilatçıları olan komissiya üzvləri maarifləndirmə kurslarından keçirilib və onların maarifləndirmə dövriyyəsi dəfələrlə başa çatıb. Bunun da ən ciddi hüquqi əsası Prezident cənab İlham Əliyevin müvafiq sərəncamı olub. Dövlət başçısı sərəncamda göstərib ki, həqiqətən də, seçki təşkilatçıları seçki hüquqi ilə bağlı daim maarifləndirilməlidir. Bu, dönməz prosesdir və MSK bununla bağlı geniş təcrübəyə malikdir. Budəfəki bələdiyyə seçkisinə hazırlıq mərhələsində də bu təcrübədən istifadə edilib. Belə ki, çoxsaylı dairə, məntəqə seçki komissiyalarının sədr və üzvləri üçün maarifləndirmə proqramı hazırlanıb, eyni zamanda, mükəmməl səviyyədə həyata keçirilib. Komissiya üzvlərinin maarifləndiriməsi istiqamətində digər planlarımız da var. MSK tərəfindən treninqlər həyata keçirilir ki, bunlar da əməli-təcrübi məşğələlərdir. Onlar seçki təşkilatçılarının öz işlərini lazımınca qurmalarına kömək edir.

- Ötən prezident seçkisində Xankəndi dairə seçki komissiyası mövcud idi. Həmin seçki dairəsi bələdiyyə seçkisində də fəaliyyət göstərəcəkmi?

- Azərbaycanın ərazisi əhalinin sayına nisbətdə bərabər proposiyalara bölünməklə 125 hissəyə ayrılıb. Həmin hissələr seçkilər dövründə, rəsmi olaraq, dairə seçki komissiyaları kimi tanınır. Xankəndi seçki dairəsi də bu qəbildəndir. Xankəndi Azərbaycanın qədim yaşayış məntəqələrindəndir. Azərbaycan torpaqlarının işğalı problemi ilə bağlı olaraq, orada yaşayan soydaşlarımız, digər məcburi köçkünlər kimi, məskunlaşdıqları digər ərazilərdə öz seçki dairələri vasitəsilə səsvermədə iştirak edirlər. Yəni ölkəmizin işğal altında olan ərazilərində, faktiki olaraq, seçki keçirmək mümkün deyil. Çünki orada qanunsuz qurumların özbaşınalığı hökm sürür və Azərbaycan qanunlarının tətbiqi hələ ki, mümkün deyil. Buna baxmayaraq, insanların konstitusion seçki hüququnun təminatı ilə bağlı olan məsələlər daim Azərbaycan dövlətinin diqqət mərkəzində olub və olmaqda davam edir. Ona görə, həmin kateqoriya seçkilərin keçirilməsi üçün qanunun verdiyi imkanlar daxilində işlər görülür.

- Natiq müəllim, beynəlxalq praktikaya əsaslanaraq, MSK-nın BMT-yə müraciət edərək, onun vasitəsilə Xankəndində hər hansı seçki prosesinin və ya digər tədbirin keçirilməsi mümkündür?

- Arzu edərdik ki, bu cür məsələlər mümkün olsun. Ancaq diqqətinizi yalnız bir məsələyə cəlb etmək istərdim. Bu gün nəinki Azərbaycanın MSK-sı, başda Prezident İlham Əliyev olmaqla Azərbaycanın bütün dövlət strukturları öz üzərinə düşən vəzifələri lazımınca yerinə yetirir. Mövcud səlahiyyətlər daxilində orada seçkilərin keçirilməsi ilə yanaşı, torpaqlarımızın işğaldan azad olunması istiqamətində də gərgin iş aparılır. Ümid edirik ki, bu proses təkcə seçkilərin keçirilməsinin mümkün olması səviyyəsində yox, ümumiyyətlə, həmin torpaqların geri qaytarılması ilə nəticələnəcək. Belə olan halda, digər bütün institutlar kimi seçki institutları da lazımınca öz bəhrəsini verəcək.
Mən ötən seçkilərdə MSK-nın beynəlxalq qurumlara müraciətini xatırlatmaq istərdim. İşğal olunmuş ərazilərdə yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının seçki hüquqlarının təmin olunması ilə bağlı müraciət etmişdik. Qeyd etmişdik ki, əgər onlar həmin vətəndaşların adlarının seçici siyahısına daxil edilməsində bizə kömək edə bilərlərsə, həmin hüquqlarla bağlı lazımı addımlar atıla bilər. Amma çox təəssüflər olsun ki, o vaxt heç bir beynəlxalq qurum bizə əməli kömək edə bilmədi. O vaxt hansısa elektron variantlardan istifadə edərək, seçkinin keçirilməsinin mümkünlüyü haqqında düşünüldürdü. Bu, heç bir effekt vermədi. Sizin sualınızda qeyd etdiyiniz həmin məntəqələrin yaradılması da bu qəbildən olan problemlərdəndir. Bunun nə zamansa baş verəcəyinə ümidlənmək yersizdir. İstərdim ki, torpaqlarımız işğaldan azad olunsun və orada Azərbaycan qanunlarının işləməsinə şərait yaradılsın.

- Qaçqın və məcburi köçkünlərin seçkidə iştirakı məsələsi hansı formada həyata keçiriləcək?

- Qaçqın və məcburi köçkün özü-özlüyündə ayrı status daşıyan fərdləri müəyyən edir. Qaçqınlar, indi Ermənistan adlandırdığımız ərazidə yaşayan və tarixi torpaqlarından qovulan azərbaycanlı insanlardır. Azərbaycan dövləti həmin insanları qəbul etdi və özünün çox ağır şəraitinə baxmayaraq, onların cəmiyyətimizə inteqrasiyası üçün lazımi tədbirləri gördü. Onların samballı hissəsi Azərbaycan vətəndaşları kimi öz hüquqlarından istifadə edir və onların budəfəki seçkidə iştirak etməsi üçün də heç bir problem yoxdur. Məcburi köçkünlər isə işğal olunmuş Qarabağdan Azərbaycanın digər hissəsinə məcburən qovulmuş, öz mülkiyyətindən və qanuni hüquqlarından məhrum edilmiş böyük sayda azərbaycanlılardan ibarətdir. Onlar milli mənsubiyyətinə görə belə bir reallıqla üz-üzə qalıblar. Azərbaycan dövləti həmin insanları torpağımızın başqa bir hissəsində müvəqqəti məskunlaşdırıb. Müvəqqəti məskunlaşdırma o deməkdir ki, bu şəxslərin həmin torpaqlara qayıtması gözlənilir.
Bələdiyyə seçkisinin keçirilməsi məsələsində isə ciddi bir detal var. Bilirsiniz ki, bələdiyyə seçkisində iştirak edəcək şəxslər bələdiyyə torpaqları olan və həmin ərazidə daimi əsaslarla yaşayan şəxslər üçün təşkil edilib. Azərbaycanın işğal olunmuş ərazilərində isə bələdiyyələr təşkil edilməyib, çünki bu, mümkün deyil. Həmin şəxslər başqa bələdiyyələrin ərazisində müvəqqəti olaraq məskunlaşıblar, daimi əsaslarla yaşamırlar. Ona görə təəssüf hissi keçiririk ki, bu bələdiyyə seçkisində həmin qrup şəxslərin hüquqlarının həyata keçirilməsi üçün bu cür qanuni imkanlar mövcud deyil. Arzu edirik ki, bu məsələ tez bir zamanda öz həllini tapsın və işğal olunmuş Azərbaycan ərazilərində qanuni bələdiyyələr yaradılsın. Həmin şəxslər həm passiv, həm də aktiv seçki hüquqi ilə həmin seçkidə iştirak etsinlər.

 - Radikal müxalifət partiyaları bələdiyyə seçkisində iştirak etmək məsələsində hələ də tərəddüd içərisindədir. Həmin partiyalar tərəfindən namizədlərin irəli sürülməsi ilə bağlı məlumatınız var?

- Azərbaycan cəmiyyətinin həyatında bu cür məsələlər artıq sonuncu yerlərə keçməkdədir. Onların bələdiyyə seçkisinə partiyalar şəklində qatılması ilə bağlı MSK-ya hələ ki, müraciət olunmayıb və edib-etməyəcəkləri ilə bağlı da heç bir məlumatımız yoxdur. Bunu müxtəlif cür qiymətləndirmək olmaz, bu, bir neçə faktorla bağlıdır. Bu, onların elektoratı, siyasi maraqları və s. ilə bağlı ola bilər. Amma görünən odur ki, həmin partiyalar bu gün bələdiyyə seçkisində partiyalar şəklində iştirak etmək iqtidarında deyillər. Buna baxmayaraq, namizədliyi verilmiş şəxslərin həmin partiyalara aidiyyatı görünür. Yəni, həmin partiyaların göstərişi ilə namizədliyini irəli sürülən şəxslər var. Hesab edirəm ki, bu cür məsələlərdə seçki təcrübəsi olduqca vacibdir. Ölkədə keçirilən seçkilərdə iştirak edən partiyalarla seçkiyə qatılmayan partiyaların təşkilatçılığında, elektoratında və ümidlərində ciddi fərqlər yaranmaqdadır. Təbii ki, təcrübəsi olan hər hansı siyasi partiya heç bir təcrübəsi olmayan partiyanı kölgədə qoymaqda davam edəcək.
Qeyd edim ki, bu gün MSK-ya seçki ilə bağlı müraciət edən siyasi partiyaların əhatə dairəsi lazımıncadır. Yəni, onlar içərisində favorit olaraq həm hakimiyyətdən olan Yeni Azərbaycan Partiyası (YAP), həm də digər müxalifət partiyaları yer alıb. Ancaq müxalifətin hansısa hissəsinin seçkidə iştirak edib-etməməsi onların öz daxili işləridirö. Onlara qarşımaq fikrim yoxdur.

- AXCP (i) və Müsavatın iddialarına görə, YAP öz üzvlərini BAXCP və "Ümid" partiyası adından seçki komissiyalarına təyin edirlər. Sizdə bu haqda hər hansı məlumat varmı?

- Bu fikri birinci dəfədir ki, eşidirəm. Bu, nə məntiqə, nə də həqiqətə söykənməyən sözlərdir. Partiyaların seçkidə iştirak edib-etməməsi onların öz güclərinə münasibətindən irəli gəlir. Müşahidələrimiz onu deməyə əsas verir ki, adlarını çəkdiyiniz siyasi partiyalar seçkilərdə aktiv olmağa cəhd göstəriblər. Partiya təcrübəsi çox olub, seçki təcrübəsi az olan partiyalar seçki təcrübəsi çox olan partiyalara nisbətən zəiflik nümayiş etdirməlidirlər. Bu fakt müxtəlif fikirlərin səsləndirilməsinə gətirib çıxara bilər. Rəsmi şəkildə sizə deyirəm ki, bu gün MSK-da belə bir məlumat yoxdur. Ölkənin bütün nöqtələrindən hər gün, mütəmadi olaraq, məlumatlar alırıq. Əldə etdiyimiz məlumatlar deməyə əsas verir ki, partiyaların öz namizədlərini irəli sürüməsi  işinə qanunsuz müdaxilələrdən söhbət gedə bilməz. Bu, yolverilməzdir və MSK buna heç bir zaman göz yummayıb.

- Bələdiyyə seçkisində xarici ölkələrdən və beynəlxalq təşkilatlardan olan müşahidəçilər olacaqmı və bununla bağlı MSK hansı tədbirləri həyata keçirir?

- Seçkilərin müşahidə edilməsi ilə bağlı Azərbaycanın seçki təcrübəsi qanunvericiliyi ilə aydın səhnə yaradıb. Bir sıra qurumlar bu və ya digər beynəlxalq qurumların və dövlət təmsilçilərinin seçkiləri müşahidə etməyə dəvət olunması üçün səlahiyyətlidirlər. Bu səlahiyyət ölkə Prezidenti İlham Əliyevə, Milli Məclisə, Xarici İşlər Nazirliyinə və MSK-ya aiddir. Seçkinin müşahidə olunması üçün bunların dəvəti ola bilər. Bunu arzu edən beynəlxalq qurumlar müraciət edərək, seçkini müşahidə etmək istəklərini ifadə edə bilərlər. MSK seçkilərin müşahidə olunmasında Avropa Şurasının yerli və beynəlxalq hakimiyyətlər konqersi ilə əməkdaşlıq edir. Ümid edirik ki, MSK-nın bu dəvətinə reaksiya veriləcək. Seçkilərin keçirilməsinə az müddət qalmış konkret hansı qurumlar tərəfindən müşahidəçilərin göndərildiyini biləcəyik.

Digər xəbərlər