PDF Oxu

Müsahibə

  • 10

“Qarabağ və Respublika Uğrunda Hərəkat”da böhran...

“Qarabağ və Respublika Uğrunda Hərəkat”da böhran...

Sərdar Cəlaloğlu: "Məhz bu səbəbdən, ADP hərəkatdan ayrıldı"

- Sərdar bəy, ADP "Qarabağ və Respublika Uğrunda Hərəkat"dan ayrılıb?

- Bəli, ADP hərəkatdan ayrılıb və seçkiyə təkbaşına qatılacaq. Partiyamızın seçkiyə təkbaşına qatılmasında da müəyyən çətinliklər ortaya çıxır. Belə bir şərt var ki, bələdiyyələrin ən azı ikidə birini əhatə etməliyik və hər bir üzv üçün 10-15 manat notarial qaydada xərc lazımdır. Bu baxımdan, dövlət tərəfindən hər hansı bir maliyyə yardımı olunmur. Partiyamızın da belə geniş maliyyə imkanları yoxdur. Belə olan halda, namizədlərin irəli sürülməsi prosesi şəxsi təşəbbüslə baş verir.

- ADP-nin bu qərarı hərəkatda müzakirə olunubmu?

- Xeyr, müzakirə olunmayıb. Müzakirəyə ehtiyac görmürəm. Daxili böhran nəticəsində öz şəxsi təşəbbüsümüzlə oradan ayrıldıq. Çünki böhrandan çıxış yolunu görə bilmirdik.

- Sərdar bəy, sizi daxili ziddiyyətlərə görə, hərəkatdan uzaqlaşmaqda günahlandırmayacaqlar ki?

- Biz mövcud problemlərin nə zaman həll olunacağını oturub gözləyə bilmərik. Hətta böhranın aradan qalxacağı da gözlənilən deyil. Ona görə də, qərarımızı birtərəfli qaydada verdik.

- Hərəkatdakı böhranın əsas səbəbkarı kimi Müsavat partiyasının adı çəkilir. Sizcə, bu, nə qədər realdır?

- Əgər müxalifət hər hansı bir məsələdə konsensusa gələ bilmirsə, onda hansı demokratiyadan danışa bilər...

- Sizcə, İsa Qəmbərovla İqbal Ağazadə nəyi bölə bilmirlər?

- Bu sualı onların özünə vermək lazımdır. Onların konfliktlərinin səbəbini mən də anlamıram. Bələdiyyə seçkisi ərəfəsində belə bir hadisənin baş verməsini heç nə ilə izah etmək mümkün deyil.

- Yəqin ki, bu hal sizi də narahat edir?

- Təbii ki, bu hadisə məni də narahat edir və mən bu narahatlığımı müzakirələrdə onlara bildirmişəm. Məni qane edən bir cavab almamışam.

- Narahatlığınızı fərdi, yoxsa ümumi müzakirələrdə bildirmisiniz?

- Həm fərdi, həm də ümumi müzakirələrdə bu narahatlığımı ifadə etmişəm.

- Hansı tərəfin mövqeyini haqlı hesab edirsiniz?

- Mən hər iki tərəfin mövqeyini haqlı hesab edirəm. Ancaq Müsavatın şərt irəli sürməsi məsələsində haqlı deyil. Hərəkatda irəli sürülən təkliflər məntiqlidir və onların cəmiyyətdə müəyyən dəyişikliklərə səbəb olacağı qənaətindəyəm. Müsavatın bunun qarşılığında şərtlər irəli sürməsi hərəkatın dağılmasına gətirib çıxardı.

- Demək olarmı ki, hərəkatın fəaliyyətinə son qoyulur?

- Belə demək olmaz. Amma hərəkat böhran vəziyyətini yaşayır. Böhrandan yeganə çıxış yolu isə Müsavatın öz mövqeyinə yenidən baxmasıdır.

- Bəs ADP-nin seçkiyə təkbaşına qatılması ona çətin olmayacaqmı?

- Belə götürsək, bloklarla seçkiyə qatılanda da, heç nə əldə edə bilmirik. Ona görə də seçkiyə təkbaşına qatılmağımız bizim üçün faciə deyil.

- Siyasi səhnədə köhnə bloklar dağılır, əvəzində, yeniləri yaranır. Belə bir el məsəli var: Köhnəsi öldürüldü, yaşasın yeni şah! Bu tendensiyanın uyğunluğu barədə nə deyə bilərsiniz?

- Gündə bir təşkilat yaradıb, qısa müddət ərzində onu dağıtmaq uşaq oyuncuğa kimi bir şeydir. Yaranan siyasi təşkilatların və ya blokların ömrü nə qədər uzun olarsa, fəaliyyəti də bir o qədər effektiv olar.

- Necə düşünürsünüz, hər hansı müxalifət blokunun cəmiyyətin güc mərkəzinə çevrilərək, uzunömürlü fəaliyyət göstərməsi üçün konkret proqram ortaya qoyacaq?

- Bu cəmiyyətdəki ümumi demokratikləşmə prosesi ilə sıx bağlıdır.

- Ölkədəki mövcud vəziyyətin xalq tərəfindən dəstəkləndiyi halda, müxalifəti burada narazı salan nədir?

- Cəmiyyətdə istənilən məsələyə narazı qüvvələrin olması təbiidir. Yəni, narazılıq insan psixologiyası ilə bağlıdır.

- Siyasi fəaliyyətinizdə konstruktiv mövqe tutmağınız əksər müxalifət partiyaları tərəfindən qınanılıb. İndi də bu proses analoji olaraq Müsavat və "Ümid" partiyası haqqında deyilir. Bu cür söz-söhbətlərin əsası varmı?

- Düşünmürəm ki, belə bir fikrin izahını vermək mümkün olsun. İnnovasiya deyilən bir şey var. İnsanlar nəyə uyğunlaşırlarsa, əvvəlki onlarda narazılıq yaradır. Əsas səbəb bununla bağlıdır. Yəni, yeni ideya, yeni fikir insanlarda, sanki qıcıq yaradır. Eyni zamanda, təkəbbür uğrundu mübarizə gedir ki, bu da nə üçün məndən sonra sən mövcud olmusan sualı ilə bağlıdır.

- İqbal Ağazadənin ideyasına görə, "Qarabağ və Respublika Uğrunda Hərəkat"ın dağılması üçün Müsavat hakimiyyətdən təlimat alıb. Bu, nə dərəcədə inandırıcıdır?

- Bu məlumatın həqiqəti əks etdirmədiyini düşünürəm.

- Ermənistan - Türkiyə sərhədlərinin açılması məsələsinin Azərbaycan cəmiyyətində geniş müzakirələrə çıxarılmadığını tənqid etmisiniz. Azərbaycan hökumətinin bununla bağlı göstərdiyi sərt mövqedən, yəqin ki, xəbəriniz var?

- Əlbəttə, sərhədlərin açılmasında Azərbaycan iqtidarını ittiham etmək ədalətsizlik olardı. Hesab edirəm ki, vəziyyətdən maksimum ziyansız çıxmalıyıq.

Digər xəbərlər