PDF Oxu

Müsahibə

  • 9

Ahmet Erentok: “Qardaşsan qardaş kimi hərəkət et, qardaş deyilsənsə biz də sənə uyğun hərəkət edək”

Ahmet Erentok: “Qardaşsan qardaş kimi hərəkət et, qardaş deyilsənsə biz də sənə uyğun hərəkət edək”
- Ahmet bəy, Türkiyənin Baş naziri Rəcəb Təyyib Ərdoğanın Bakıda səsələndirdiyi fikirlərdən sonra Ermənistanla Türkiyə arasında protokollar imzalanmalıydı və ya imzalanmamalıydı?
- Mən həm Türkiyə, həm də Azərbaycan vətəndaşıyam. Ona görə də bu işlərə hər iki tərəfin eynəyini taxıb baxmalıyam. Türkiyə hökumətinin başçısı, Baş nazir, dövlət adamları hamısı Bakıda eyni sözü deyirdi. Yəni, "Dağlıq Qarabağ problemi həll edilmədən, torpaqlar azad olunmadan sərhədləri açmamığımız mümkün deyil. Bunu etməyəcəyik. Azərbaycanı narahat edəcək addım atmayacağıq". Bu sözlərdən sonra protokola niyə qol çəkildiyini mən başa düşmürəm. Bu sözləri deyənlərin arxasınca atdıqları addımlar, söylədikləri sözlər etdikləri əməlləri ilə uyğunlaşmır. Bizim bilmədiyimiz bir çox şeylər ola bilər. Bu protokollar Amerikaya, Rusiyaya, Avropaya və digər ölkələrə Ermənistana daha çox siyasi təzyiq etmək məqsədilə istifadə edilə bilər.
Yəni ki, baxın biz öz addımlarımızı atmışıq və bu ölkə ilə normallaşma halına keçmişik. Bunu sözdən əlavə sənəddə də göstərmişik. Siyasətçilər daima dediklərinin arxasında dayanmalıdırlar. Türkiyə Millət Məclisinə seçkilər vaxtı həmin siyasətçilər insanlara çoxlu vədlər verdilər. Seçki qurtarandan sonra isə ya sözlər yaddan çıxdı, ya da bu işləri etməyi bacarmadılar. İndi əgər vəziyyət belədirsə, Türkiyənin Baş naziri Azərbaycanda olarkən çıxış edəndə hamıya söz verib. Əgər onlar səmimidirlərsə nəyə görə bu proses gedir, protokol imzalansa da torpaqlar azad edilmir? Nəyə görə Türkiyə sərhədlərini bir məntiqi səbəbə görə bağlayandan sonra bu səbəb ortadan qalxmadan protokla imza atdı?
Mən fikirləşmirəm ki, bu Türkiyənin Avropa Birliyinə girməsinə görə olsun. Əgər belə olarsa da Ermənistanla sərhədləri açmaq torpaqları geri qaytarmayacaq. Sadəcə olaraq Türkiyə Avropanın, Amerikanın gözündə şirin görsənmək üçün torpaqları paylaya-paylaya gedəcəyik və ata-babalarımızın torpaqlarını ona-buna paylayacaq. Məni ancaq bir şey narahat edir. Siyasətçilər arasında münasibətlər, əlaqələr pozula və sonradan düzələ bilər, amma qardaş xalqlar arasındakı münasibətlərə zərbə dəyəndə bunu bərpa etmək mümkün deyil.
- Azərbaycan tərəfdən baxdıqda baş verən prosesləri necə qiymətləndirirsiniz?
- Azərbaycan eynəyi ilə baxanda dövlət başçısı və dövlət məmurlarının tutduğu mövqeyi düzgün, tərbiyəli qəbul edirəm. Mənə bir şey maraqlıdır, əgər Türkiyənin torpaqlarının 20 faizdən çoxu Ermənistan tərəfindən işğal olunsaydı, onun 10 milyona yaxın qaçqın və məcburi köçkünü olsaydı və bu arada Azərbaycan buna görə sərhədlərini bağlasaydı və aradan neçə il keçməsinə, inkişaf olmasına baxmayaraq, Amerika, Rusiya, Avropanın təzyiqinə və ya tələbatına görə sərhədləri açsaydı, diplomatik əlaqələr qursaydı Türkiyədə nə baş verərdi? Mən Türkiyəni və türk xalqını yaxşı tanıyıram və bilirəm ki, bunun nəticəsi yaxşı olmazdı. Mən bir azərbaycanlı kimi Türkiyədən və Baş nazirdən soruşuram. Sən buradakı Milli Məclisə gəlib Dağlıq Qarabağda hər hansı bir problem həll olunmayana qədər sərhədləri açmayacağına söz verirsənsə, bəs nədən sonradan sənədə qol çəkirsiniz? Bu protokola qol çəkməkdə məntiq nədir?
Paraf olmadan da eyni söz deyildi, paraf edildikdə eyni söz söyləndi, qol çəkildi, eyni söz, parlamentdə eyni söz deyildi. Bir tərəfdən eyni söz söylənilir, digər tərəfdən də proses gedir. Yəni o, öz yolunda gedir, Baş nazir isə narahat olma deyərək öz vədini verir. Amma nə qədər narahat olmamaq olar, bilmirəm. Türkiyənin bu məsələdə nə mənfəəti var, bunu bilmirəm.
- Bütün bunlar əvvəlcədən razılaşdırılmış və danışılmış oyunlar ola bilərmi?
- Təbii ki, bütün bu proseslər razılaşdırılmış oyunlardır. Mənə bir şey maraqlıdır. Əgər bu Türkiyə-Ermənistan məsələsi ilə bağlıdırsa, pratokolların imzalanmasında MİNSK qrupunun 3 sədrinin, Havyer Solananın, Avropa Birliyinin, Fransanın burada nə işləri var idi. Bu o deməkdir ki, biz sizin valideynlərinizik. Biz sizi izləyirik, siz də işlərinizi görün, qolçəkin görək, nə edə biləcəksiniz. Bu dünyaya, Azərbaycana, Ermənistana və ya Türkiyəyə nə mesajdır bilmirəm? Konflikt türk-erməni konfliktidir və bunun da yaradıcısı var. Ermənilərdən istifadə edən var və onlar hər zaman kiminsə ətəyində gizlənib onun əmrlərini yerinə yetiriblər. İndiyə qədər nə o öz dediyini ala bilir, nə də verdikləri sözün arxasında dayana bilirlər.
- Gələcəkdə iki ölkə arasında sənədlər qəbul edilərsə bu Azərbaycan-Türkiyə qardaşlığına nə kimi təsir edəcək?
- Bundan sonra sənədlər qəbul edilərsə, qardaşlıqdan qonşuluğa keçiləcək. Prezident İlham Əliyev hər zaman deyib ki, biz Türkiyənin daxili işlərinə qarışa bilmərik. Azərbaycanın da daxili işinə və ölkələr arsındakı münasibətlərinə qarışmağa heç bir ölkənin icazəsi yoxdur. Əgər protokol qəbul edilərsə bu bərpası çətin olacaq bir ziyan gətirəcək. Türkiyə Azərbaycan qonşu olmağa davam edəcək, iqtisadi layihələr isə Azərbaycanın maraq dairəsinə keçəcək. Sadəcə eyni regionda ayrı-ayrı dövlətlər olacağıq. Ya qardaşsan qardaş kimi hərəkət et, qardaş deyilsənsə biz də ona uyğun hərəkət edək.
Mən arzu edərdim ki, fikirlərimdə səhv olum. Türkiyənin əvvəlcədən qurduğu taktika hər iki qardaş dövlətin xeyrinə uğurla nəticələnsin. O öz hərəkətləri ilə sübut etsin ki, baxın torpaqlar belə qaytarılır. Türkiyənin köməyi ilə Azərbaycan torpaqları qaytarılsın və burada ədalət bərpa olunsun. Mən arzulayardım ki, bu məsələdə səhv olum və bu proseslərin nəticəsində Dağlıq Qarabağ torpaqları geri qayıtsın.

Digər xəbərlər