- Qarşıdan gələn bələdiyyə seçkilərində iştirak edəcəksinizmi və digər siyasi partiyaların iştirakını vacib sayırsınızmı?
- Rəhbərlik etdiyim siyasi partiya bələdiyyə seçkilərində iştirak etməsi ilə bağlı qərar qəbul edib. Bəzi partiyalar seçkiyə hazırlıq məqsədilə mərkəzi qərargah yaradırlar. Məncə, bələdiyyə seçkisində mərkəzi qərargahın yaradılması mənasızdır. Çünki namizədlərin irləi sürülməsi mərkəzi deyil, yerli təşkilatların işi olmalıdır. Hər bir rayon təşkilatı kimin namizədliyinin irəli sürülməsinə özü qərar verəcək. Maddi imkanımız olmadığından mərkəzi qərargah bu işdə də bizə kömək edə bilməyəcək.
- Sizcə, siyasi partiyalar seçkiyə qrup şəklində qatıla biləcəklərmi?
- Siyasi partiyaların seçkiyə qrup şəklində qatılması mümkündür. Lakin bu, məsələni daha da qəlizləşdirəcək.
- Araz bəy, bunun səbəbini açıqlaya bilərsinizmi?
- Çünki partiyalar bloku ilə seçkiyə qatılmaq üçün namizədlərin 35-40 sənəd təqdim etməsi lazımdır. Bu namizədlər bloka daxil olan bütün partiyaların mərkəzi orqanlarında müzakirə edildikdən sonra bununla bağlı qərar verilməlidir.
- Belə olan halda, "Qarabağ və Respublika Uğrunda Hərəkat"ın seçkiyə hazırlıq səviyyəsini necə qiymətləndirirsiniz?
- Əgər həmin hərəkat 4-5 partiyanın konfransının birgə keçirilməsinin öhdəsindən gələ biləcəksə, bu, onların öz işidir. Hərəkat tərəfindən irəli sürülən namizədlər ayrı-ayrı partiyaların iclasında müzakirə olunduqdan sonra təsdiq olunması üçün hərəkatın konfransına göndərilir. Bu da hər hansı namizədin irəli sürülməsi prosesini uzadır.
- Onların seçkiyə blok şəklində qatılmaq ideyasının baş tutmayacağı təqdirdə, yenidən Seçki Məcəlləsinin qeyri-demokratik olduğunu bəyan edəcəklər?
- Hazırkı Seçki Məcəlləsi ilə ideal seçki keçirmək olar.
- Bəzi müxalifət partiyalarının seçkinin qeyri-demokratik keçirilməsi haqqında fikirlərinə münasibətiniz necədir?
-Mən onların əvəzinə cavab verə bilmərəm. Onlar həmişə belədir. Hamı qatığın ağ olduğunu söyləsə də, onlar qara olduğunu deyəcək. Həmin Seçki Məcəlləsi ilə prezident və parlament seçkilərinə qatılıblar. Bəs nədən bələdiyyəyə getmirlər?
- Bir el məsəli var. Deyir ki, "Oynamıram, yerim dardır"...
- Həmin müxalifət partiyalarında da eyni vəziyyətdir.
- Siz dəfələrlə bəzi müxalifət partiyalarının milli maraqlarımıza zidd hərəkətlərini tənqid etmisiniz. Bunun əvəzində, onların sizə qarşı kəskin fikir bildirməsinə nə deyə bilərsiniz?
- "İt hürər, karvan keçər".
- Bu sözlər kimə ünvanlanır?
- Bu sözlər bizim arxamızca danışanlara ünvanlanır. Dekabrın 10-da ASDP-nin 20 yaşı tamam olur. Əgər bu müddət ərzində öz yolumuzdan dönməmişiksə, bizi sürüsələr də, vecimizə deyil. Bizim yolumuz haqdır və bu yolda əzmlə gedirik.
- Hansı səbəbə görə, onların siyasətini qəbul edə bilmirsiniz?
- Əvvəla, millətçidirlər. Marksın təbiri ilə desək, millətçilik əclafların son sığınacaq yeridir. İkincisi, bu millətçilik Azərbaycan xalqını alçaldıb. Onlar Azərbaycan xalqının olduğunu inkar edirlər. Hətta vaxtilə Azərbaycan dilinin mövcudluğunu da inkar edirdilər və buna qarşı ilk kəskin fikir söyləyən bizim partiya oldu. Sonra ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra Konstitusiya referendumu keçirildi və Azərbaycan dilini dövlətimizə qaytardı. Bu insanlar dövlət çevrilişi ediblər, bandit dəstələri saxlayıblar, Qarabağın itirilməsində iştirak ediblər və bu əməllərinə görə, bir dəfə də olsun tövbə etməyiblər. Ona görə, mən nə üçün onlarla normal münasibət qurmalıyam?
- Əgər tövbə etsələr, onları qəbul edəcəksiniz?
- Müqəddəs QURANİ-KƏRİMdə qeyd olunur ki, tövbə qapısı hər kəsin üzünə açıqdır. Tövbə edəndən sonra həmin hərəkətləri təkrar etməmək lazımdır.
- Maraqlıdır ki, hətta radikal müxalifət liderləri də bir-biri ilə yola getmir. Bu barədə nə deyə bilərsiniz?
- Bu vəziyyət məndə heç bir təəccüb oyatmır. Çünki onlar fəaliyyətlərinin bütün dövründə bu cür münasibətlər nümayiş etdiriblər. Hətta AXC vaxtında da onlar arasında daim çəkişmələr gedirdi. Əbülfəzçilər, isaçılar, zərdüşçülər, etibarçılar və s.-lər öz şəxsi ambisiyalarına görə buradan ayrıldılar. Bunlar öz ambisiyalarını həmişə xalqın maraqlarından üstün tutublar.
- Bu baxımdan, "Qarabağ və Respublika Uğrunda Hərəkat"ın gələcək aqibətini necə görürsünüz?
- Qarabağ uğrunda yeganə mübarizə forması var. O da müharibədir. Bunlar özlərini gündəmdə saxlamaq üçün yaradılan təşkilatlardır.
- Necə düşünürsünüz, özlərini gündəmdə saxlaya bilirlərmi?
- Bunu xalq və iqtidar bilir. Əgər iqtidar onları vaxtında diriltməsəydi, onlar çoxdan ölüb getmişdilər. Onlar bu siyasətin hesabına dolanmağı öyrəniblər. Siyasət onların biznesidir.
- Bəs bələdiyyə seçkilərində onların hər hansı uğur əldə etməsi mümkündür?
- Bələdiyyələr uğrunda mübarizənin bu qədər şişirdilməsinə ehtiyac duymuram. Bu seçki kəndləri əhatə edir və kənddə də hamı bir-birini çox gözəl tanıyır.