Bu günlərdə Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" başlıqlı məqaləsində efirlərdə yayımlanan verilişlərin mövcud durumu, telekanalların siyasət məsələsi, mövcud problemlər və qarşıda duran vəzifələrə qeyd olunaraq, keyfiyyət baxımından yararsız, milli-mənəvi dəyərlərimizə zidd proqramların çoxluq təşkil etməsi yer almışdır. Bu məqalə ictimaiyyət arasında maraq doğurmuş və əks-sədası müzakirə obyektinə çevrilmişdir. Bir çox telekanallarda yayımlanan verilişlərin əsasında şou-biznesə, yüngül əyləncə kəsb edən proqramlara və reklamlara yer verilməsi yetişən nəslin tərbiyə olunmasında təsirini göstərməkdədir. Ramiz Mehdiyevin bu məqaləsi Azərbaycan ziyalıları, mədəniyyət nümayəndələri arasında canlanma yaratmışdır. Bununla bağlı Azərbaycan Milli Mədəniyyətinin Təbliği Mərkəzinin direktoru Arif Mədətov fikirlərini bizimlə bölüşüdü:
- Azərbaycan mədəniyyətini sevən və uzun illər onun inkişafına çalışan sənət nümayəndələrinin fərdi qaydada efir məkanlarında yayımlanan verilişlərə qarşı tənqidi münasibəti sevindirici haldır ki, dövlət səviyyəsində qiymətini aldı. Ramiz Mehdiyevin "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" başlıqlı məqaləsi mədəniyyət və incəsənət sahəsində çalışanların rəğbətini qazanmışdır. Telekanallara qarşı səlahiyyətli, ziyalı şəxsin qətiyyətli çıxışı çoxdan gözlədiyimiz addımdır. Mən mədəniyyət işçisi kimi deyərdim ki, bu məsələnin qanuniləşməsi, dövlət tərəfindən qərarın tətbiq olunması milli-mənəvi dəyərlərin qoruyucusu olan insanların mənəvi qələbəsidir. Mən, eləcə də, rəhbərlik etdiyim kollektiv tərəfindən Ramiz Mehdiyevin məqaləsi qərar kimi qəbul olunub. Təbii ki, belə bir yüksək səviyyəli çıxışdan Azərbaycan telekanallarının nümayəndələri lazımi nəticə çıxaracaqlar. Vəziyyət elə gərgin hala gəlib çatmışdır ki, hətta sənəti olmayan və sənətkarlıq ölçüsündən çox-çox uzaq olan şəxslər münsiflər heyətinin tərkibində çıxış edib, ağsaqqal, bilici kimi irad və tövsiyələrini bildirirlər. Şəxsiyyəti, sənəti olan insan tövsiyələrini verə bilər, yetişən nəslin istiqamətlənməsinə təsirini göstərə bilər.
Ramiz Mehdiyev çox haqlı olaraq, qeyd edir ki, telerodio qrumlarının biznes maraqları, efir vaxtının mentalitetimizə zidd olan verilişlərlə doldurulması, peşəkar kadrların azlığı və digər məsələlər ciddi çatışmazlığın yaranmasına səbəbdir. Son vaxtlar efir məkanında yaranmış vəziyyət bütün insanların əsəb sisteminə toxunur, onlarda belə verilişlərə qarşı nifrət hissi yaradırdı və bunun nə vaxtsa qarşısının alınmasını böyük səbrsizliklə gözləyirdilər. Ramiz Mehdiyevin çoxdan gözlədiyimiz məzmunlu məqaləsinə görə, bir mədəniyyət işçisi kimi, kollektivim adından təşəkkürümü bildirirəm. Təbii ki, sənətimizə, milli-mənəvi dəyərlərimizə olan diqqət və qayğı sənətkarlara daha da qol-qanad verəcək, onları sənətə ruhlandıracaqdır.
- Arif müəllim, belə demək olar ki, tamaşaçı şouçuların məzhəkəsindən xilas olacaq?
- Etiraf edək ki, bu gün şou kimi qəbul etdiyimiz o aləm, deyərdim ki, bir mafiyadır. Bu görünməyən tərəfdən idarə olunur. Bir-birilərinin tanınması üçün reklam xarakterli dedi-qoduların yaranması, evlərinin, bağlarının, maşınlarının və imkanlarının tamaşaçılara təqdimi çox yersiz, lazımsız olan, efir məkanına sığmayan verilişlər əsasında təqdim olunur. Bunların təqdimatının məqsədi "sənətlərinin" maskalanması və tamaşaçının diqqətini yayındırmaq üçün intellektə sığmayan görüntülərlə özlərinin ifaçılıq qabiliyyətlərinin gizlədilməsinə planlı bir gedişlərdir. Təbii ki, sənəti olmayan insanların bu və ya digər planda təqdim olunması bizi qəzəbləndirir. Onların reklamına yol verən və xüsusi efir saatı ayıran səlahiyyətli nümayəndələrin hərəkətləri səviyyəli tamaşaçıda təəssüf hissi doğurur. Mən düşünürəm ki, belə proqramları xalqa təqdim edən şəxslər ən azı milli maraqlarını kənara qoyub, mənəvi tələbatın ödənilməsinə xüsusi önəm verənlərdir. Azərbaycançılıq ideologiyasını təbliğ edən, xalqı maarifləndirən verilişlərin hazırlanması xüsusi əhəmiyyətlidir. Məqalədə Ramiz Mehdiyev yazır ki, yaradıcıq potensialının aşağı olması, yeni ideyaların və onun həyata keçirilməsi imkanlarının məhdudluğu məhz kifayət qədər maraqlı olmayan verilişlərin yaranmasına gətirib çıxarır. Düşünürəm ki, bundan sonra artıq efir məkanlarında bunlar qanuniləşdiriləcək, sənəti olmayan şəxslərin üzünə telekanallar bağlı olacaqdır.
Məqalədə, həmçinin, teleməkanda yayımlanan "meyxana" və "ulduz" yarışmaları intellektual təbəqənin yerli kanallara marağını azaldır. Əlbəttə ki, belə yarışmalar milli-mənəvi dəyərlərimizə yad olan müsabiqədir. Bildiyiniz kimi, bu yaxınlarda YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə "Muğam televiziya müsabiqəsi"nin keçirilməsi, milli musiqi sənətimizdə əks-səda doğuran bir hadisə kimi qarşılandı. Çoxəsirlik tarixə malik olan muğam sənətinə dövlət tərəfindən dəstək və qayğı istedadlı gənclərin muğam sənətinə gəlməsinə səbəb oldu, bu aləmdə canlanma yaratdı. Bu gün efir məkanında meyxana müsabiqələrinin təşkili birmənalı qarşılanmır. Xüsusilə də, gənclərin meyxanaya meyil göstərməsi, onların tərbiyəsində klassik irsimizə olan münasibətdə xoşagəlməz hallar yarada bilir. Meyxana Azərbaycan klassikasında, folklorunda çox cüzi bir faizi - 5-10 faizi təşkil edir. Azərbaycan telekanallarının, demək olar ki, hər birində bu müsabiqə aparılır. Məntiq və fəlsəfə olmadan təhqiramiz ifadələrlə bir-biri ilə deyişən şəxslərin efir məkanına buraxılmasına qadağa qoyulmalıdır. Milli sənətdən, milli kökdən kənar olan verilişlərə yer verilməməlidir.
- Şou-biznes haqqında qanunun qəbul edilməsi, eləcə də, efirlərdə bədii şuranın yaradılması nəzərdə tutulmuşdur. Bir mədəniyyət nümayəndəsi kimi, münasibətinizi bilmək istərdik.
- Efirlərdə belə bir addımın və qanunun qəbul edilməsi vacib məsələlərdəndir. Bizim musiqimizin, estrada, muğam, xalq musiqisi və s. janrlarının hər birinin kökü milli musiqimizlə bağlanmalıdır. Bu musiqinin kökü millətə, milli dəyərlərə xidmət göstərməlidir. Qəbul etmədiyimiz və bəyənmədiyimiz Hindistanın illərdir ki, istehsal etdiyi filmlər milli zəmindən kənarda deyil. Bu ölkədə görün nə qədər sayda film çəkilir və onların ideyası, mənbəyi eyni kökdən - milli dəyərlərdən qaynaqlanır. Amma görün bizim müasir musiqi sənətinə nə qədər xalqların elementləri daxil edilir. Heç dərk edə bilmirik ki, səslənilən musiqinin kökündə hansı elementlərdir və Azərbaycan musiqisi hansı formada ifa olunur. Ərəb, Avropa ölkələrinin elementləri Azərbaycan musiqisinin bayağılaşmasına, zövqsüzləşməsinə gətirib çıxarır. Bütün bunlarla yanaşı, səhnədə ikrah doğuran verilişlər sırasında qadın qiyafəsində səhnəyə çıxıb, müxtəlif üsullarla özlərini nümayiş etdirən üzdəniraq şəxslərin də qarşısının alınmasında Ramiz Mehdiyevin məqaləsində yer alan fikirlərin rolu böyük olacaq. Çox dəhşətlidir ki, kişi aktyorlarımız qadın paltarında hədsiz yüngül bir şou yaradaraq, özlərinin "aktyorluq bacarıqlarını" nümayiş etdirirlər. İlk dəfə olaraq, Azərbaycan teatr sənətində Əhməd Ağdamski qadın rolunda çıxış etmiş və böyük cəsarətlə teatr sənətinin tələbatını ödəmişdir. Deyim ki, Əhməd Ağdamski Leyli rolunda çıxış etdikdən sonra öz istək və xahişi ilə Azərbaycandan kənarlaşıb, Tbilisidə yaşamış və orada teatrda çalışmışdır. Qadın rolunda çıxış edən aktyorlarımıza üz tutub soruşmaq istərdim ki, sən nəyi və kimə nümayiş etdirmək istəyirsən? Deyərdim ki, onların tamaşaçıları da elə özləri səviyyəsində olan insanlardır. Hətta belə şoulara ailəvi olaraq, tamaşa etməyə gələnlərə də təsadüf edirik. Bax, şou proqramları insanların zövqünü korlaya-korlaya, onlara psixoloji təsir göstərə-göstərə səviyyəcə aşağı olan tamaşaçı yetişdirir və tərbiyə edir. Etiraf edək ki, zövqcə, intellekt səviyyəcə mükəmməl olmayan insanlar belə şouların təsirinə tez düşürlər. Sovet məkanında yaşadığımız zaman sosializm realizmi deyilən bir anlayış mövcud idi. Bu prinsiplər əsasında müəyyən qadağalar tətbiq olunurdu və ölçüdən kənarlaşan şəxs cəzalanır və yaxud da efirə buraxılmırdı. Bu cür şouların qarşısını almaq üçün təyin edilmiş qanunlar çərçivəsində hər şey qəbul olunub, yerini tutmalıdır. Efir sanki küçə meydanına çevrilib. Dünyanın şou biznesində bizdəki kimi dərəbəylik yoxdur. Türkiyənin ən yoxsul telekanalları məhz belə üsulla çalışırlar ki, müəyyən gəlir əldə etsinlər. Amma səviyyəli televiziya kanallarının heç birində buna təsadüf olunmur. Dünya şöhrətli türk müğənnisi İbrahim Tatlısəs görün sənətkar kimi necə bir səviyyədə ifaçılıq nümayiş etdirir və öz səviyyəsini, türk olduğunu dünya xalqlarına göstərə bilir. Dünya səviyyəli Maykl Ceksonun sənəti qəbul olunur və sevilir. Görün, bizim necə dəyərli milli musiqi sənətimiz var. Sənət aləmində Rəşid Behbudovumuz, Bülbülümüz, Seyid Şuşinskimiz və onlarla belə sənətkarlarımız olmuş və milli zəmində öz sənətlərini davam etdirmişlər. İncəsənət sahəsində çalışan insanlar daim xalqının maariflənməsi üçün təmənnasız xidmətdə durmalıdırlar. M. F.Axudzadə, M.Ə.Sabir, C.Məmmədquluzadə kimi insanlar amal, ideya üçün çalışıb ömürlərini fəda etmişlər. Mədəniyyət sahəmizdə hər zaman belə olmuş. Yetişən nəsil üçün bu təcrübə məktəb olmalıdır. Sənəti klassik yoldan kənarlaşdırmaq olmaz. Sənət məhz klassika üzərində yaranmalıdır.