PDF Oxu

Müsahibə

  • 11

Dövlət sahibkarlığın inkişafı üçün keyfiyyət infrastrukturuna ciddi əhəmiyyət verir

Dövlət sahibkarlığın inkişafı üçün keyfiyyət infrastrukturuna ciddi əhəmiyyət verir
- Ramiz müəllim, ölkə başçısı cənab İlham Əliyevin 31 avqust 2009-cu il tarixli fərmanı ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamə və struktur təsdiq edilmişdir. Komitənin üzərinə düşən vəzifələr, öhdəliklər müəyyən olunmuşdur. Bir çox fəaliyyət istiqamətlərini özündə birləşdirən qurum bundan sonrakı işini necə quracaq?
- Bəli, Azərbaycanda standartlaşdırma və texniki tənzimləmə, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olaraq vəzifə və hüquqlarımız artıq müəyyən olunmuşdur. Cənab Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş Əsasnamədə göstərilən müddəalar bu sahələrin daha da inkişafını təmin edəcək.
Təbii ki, respublikamızda bütün sahələri əhatə edən sosial-iqtisadi inkişaf komitənin səlahiyyətlərinə aid olan sahələrdən də yan keçməmişdir. Bu sahədə Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu siyasət göz önündədir. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycan iqtisadiyyatının bugünkü inkişafını Prezident İlham Əliyev çox yüksək müvəffəqiyyətlə təmin etməkdədir.
Sirr deyil ki, bu və digər tədbirlərin görülməsi və icra mexanizmlərinin olması üçün hüquqi təminat da beynəlxalq standarta cavab verməlidir. Ümumdünya Ticarət Təşkilatına üzvolma prosesində, Avropa Birliyinin strukturlarına inteqrasiya və qanunvericiliyin uzlaşdırılması istiqamətində keyfiyyət infrastrukturu sahəsinin beynəlxalq tələblərə uyğunlaşdırılması müstəsna əhəmiyyət daşıyır. Bununla bağlı "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiyası sahələrində imkanların gücləndirilməsi" üzrə Tvinning layihəsi həyata keçirilir. Avropa Qonşuluq Siyasəti çərçivəsində həyata keçirilən layihənin məqsədi Azərbaycanda keyfiyyət infrastrukturu sisteminin Avropa Birliyinin tələblərinə uyğunlaşdırılmasıdır. Başqa sözlə, layihə 9 istiqaməti əhatə edir və bunlar arasında standartlaşdırma fəaliyyətinin Avropa Birliyinin tələblərinə uyğunlaşdırılması, direktivlərinin milli qanunvericiliyə tətbiqi, akkreditasiya sahəsinin gücləndirilməsi, qanunverici və sənaye metrologiyasının inkişafı, AB nişanlama qaydalarının tətbiqi, uyğunluğun qiymətləndirilməsi sahələrinin təkmilləşdirilməsi və digər sahələri qeyd etmək olar.
Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti tərəfindən maliyyələşən "Özəl sektorun inkişafı" layihəsinin standartlaşdırma komponenti üzrə fəaliyyəti də uğurla davam etdirilir. Layihə çərçivəsində həyata keçirilən əsas istiqamətlər arasında ÜTT-nin Texniki Maneələr Sazişinə uyğun olaraq komitədə texniki qanunverciliyi özündə cəmləşdirən sorğu mərkəzinin və bildiriş orqanının, həmçinin, keyfiyyət infrastrukturu üzrə Təlim Mərkəzinin yaradılmasını qeyd etmək olar.
Görülən işlər nəticəsində artıq "Texniki tənzimləmə və uyğunluğun qiymətləndirilməsi haqqında" Qanun layihəsi hazırlanmış, hökumətə təqdim olunmuşdur.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Milli Akkreditasiya Sisteminin yaradılması istiqamətində də işləri sürətləndirmişdir. Bu sahədə normativ bazanın yaradılması və beynəlxalq səviyyəyə uyğunlaşdırılması üçün komitənin müvafiq şöbələri fəal iş aparır. Artıq Milli Akkreditasiya Sisteminin təməl sənədləri hazırlanmışdır. Bunlar "Akkreditasiya sistemi, əsas müddəalar", "Akkreditasiya sisteminin uyğunluq nişanı" və "Reyestrin aparılması qaydaları"dır. Bundan başqa bu sahədə İSO/İEK 17025 (Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər) beynəlxalq standartının tətbiqi də planlaşdırılır.
Beynəlxalq təşkilatlarla əməkdaşlıq müstəvisində də uğurlarımız var. Beynəlxalq Standartlaşdırma Təşkilatı - İSO ilə sıx işbirliyimiz mövcuddur. Oktyabr ayının 21-23 tarixində Cənubi Qafqazda ilk dəfə olaraq Azərbaycanda İSO-nun seminarı keçiriləcəkdir. Azərbaycanda iqtisadiyyatın sürətli inkişafı və əldə olunan uğurlar nüfuzlu təşkilatların ölkəmizə marağını artırır. İxrac qabiliyyətimizin sürətli və dayanıqlı olması üçün beynəlxalq standartların qəbulu və tətbiqi vacib amildir. Azərbaycanda Standartlaşdırma İnstitutu bu sahədə iş aparır. Burda məqsəd respublikada müxtəlif sahələr üzrə beynəlxalq standartların tətbiqini müəyyənləşdirməkdir. İnstitut tərəfindən 300-ə yaxın milli standartımız hazırlanıb. Azərbaycan qanunvericiliyinə uyğun olaraq beynəlxalq standartları Azərbaycan dilinə tərcümə edib, onu milli standart kimi qəbul edirik. Bir sözlə, məqsədimiz istehsal prosesinin və istehlakçıların tələblərinə əsaslanan iqtisadiyyatın inkişafına yardım etmək, dünya bazarına keyfiyyətli məhsul çıxarılması prosesini sürətləndirməkdir.
Standartlaşdırma sahəsində fəaliyyətin müasir tələblər əsasında qurulması, yerli sənayenin rəqabət imkanlarının beynəlxalq standartların tətbiqi vasitəsilə gücləndirilməsi, iqtisadiyyatın prioritet sektorlarının inkişafına dəstək məqsədilə texniki komitələr yaradırıq. Artıq yeyinti, informasiya texnologiyaları, neft ve neft məhsulları, turizm, sosial məsuliyyət sahələri üzrə texniki komitələr fəaliyyətdədir, yol hərəkətinin təşkili, tikinti və ekologiya sahələrinə aid texniki komitələrin yaradılması məsələsinə isə baxılır. Bu sahədəki görülən işləri koordinasiya etmək məqsədilə komitə yanında standartlaşdırma və texniki tənzimləmə üzrə Texniki Şura yaratmışıq. Şuranın əsas məqsədi - milli standartlaşdırma sisteminin beynəlxalq və regional standartlaşdırmanın əsaslandığı prinsiplər və yanaşmalar əsasında inkişaf etdirilməsidir. Vəzifələri isə standartlaşdırma sahəsində dövlət siyasətinin formalaşdırılmasına və həyata keçirilməsinə dair təkliflərin hazırlanması, milli standartlaşdırma sisteminin inkişafının əsaslandırılmış məqsədlərini, vəzifələrini və istiqamətlərini əks etdirən Konsepsiyanın hazırlanmasıdır. Həmçinin, şura respublikada beynəlxalq və regional standartların tətbiqinə dair təklif və tövsiyyələr hazırlayacaq, mövcud texniki komitələrin fəaliyyətlərinin monitorinqini keçirəcək.
Patent sahəsində də uğurlarımız çoxdur. İndiki vəziyyət keçmiş illərlə müqayisədə tam dəyişmişdir. Belə ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan milli iddiaçılar nəinki daxili bazarda öz hüquqlarını qoruyurlar, həm də xarici bazarda sağlam rəqabət prinsiplərinə riayət etmək və hüquqlarının qorunması üçün komitəyə müraciət edirlər. Son vaxtlar əmtəə nişanlarının beynəlxalq qeydiyyatı ilə bağlı müraciətlər artmışdır.
Biz bu sahədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə sıx işbirliyi qurmuşuq. Təşkilatın tam hüquqlu üzvü kimi beynəlxalq qurumun qəbul etdiyi beynəlxalq saziş və konvensiyalardan artıq 9-na qoşulmuşuq.
Yeri gəlmişkən, cari ilin sentyabr ayının 22-dən oktyabr ayının 1-dək Cenevrə şəhərində ÜƏMT-nin assambleyası keçirilmişdir. Mən orada Ümumdünya Əqli Mülkiyyət Təşkilatının bas direktoru cənab Frensis Qarri ilə görüşdüm. Görüşdə patent sahəsində əməkdaşlığımızın daha da təkmilləşdirilməsi məsələləri, tədris mərkəzinin yaradılması, məlumat axtarışı sisteminin avtomatlaşdırılması prosesinin sona çatdırılması, baş direktorun yaxın zamanlarda Azərbaycana mümkün səfəri barədə müzakirələr aparılmışdır. Assambleya çərçivəsində dünyada bas verən qlobal hadisələr və bu hadisələrin tənzimlənməsində əqli mülkiyyətin rolu mövzusunda rəhbər şəxslərin konfransı da oldu. Bununla yanaşı, Mərkəzi Avropa və türkdilli dövlətlərin patent qurumlarının rəhbərləri ilə göruslər keçirdik və bu sahədə ölkələrarası əməkdaşlıq perspektivlərini müzakirə etdik.
Azərbaycan Avrasiya Patent Təskilatının da üzvüdür. Məqsədimiz yaxın zamanlarda Avropa Patent Təskilatının tam hüquqlu üzvü olmaqdır. Bunun üçün təşkilatla sıx əməkdaşlıq edirik, tədbirlərdə iştirak edirik. Avropa Patent Təşkilatına üzv ölkələrlə ikitərəfli münasibətlərimiz artmaqdadır.
Bu sahədə Latviya ilə işbirliyi nümunə sayıla bilər. Latviya prezidenti cənab Valdis Zatlersin ölkəmizə son səfəri və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşü patent sahəsi qarşısında yeni əməkdaşlıq üfüqləri açmışdır. Belə ki, imzalanan sənədlərdən biri "Sənaye mülkiyyətinin hüquqi mühafizəsi sahəsində informasiyaların mübadiləsi haqqında qarşılıqlı anlaşma" memorandumudur. Latviya Respublikasının Patent İdarəsi arasında imzalanan memorandumda sənaye mülkiyyətinin hüquqi mühafizəsi sahəsində, o cümlədən, informasiya mübadiləsinin həyata keçirilməsini qarşılıqlı münasibətlər əsasında inkişaf etdirmək barədə razılığa gəlmişik. Bundan sonra Azərbaycanla Latviya arasında sənaye mülkiyyətinin mühafizəsi ilə bağlı qanunvericilik və normativ sənədlərin, rəsmi nəşrlərin mübadiləsi aparılacaq, birgə əməkdaşlıq şəraitində yeni layihələr həyata keçiriləcəkdir.
Təşəbbüsümüzlə Metrologiya üzrə Avrasiya Əməkdaşlıq Təşkilatı - COOMET-in isə növbəti illik toplantısının Bakıda keçirilməsinə nail olduq. Bu ilin may ayında metrologiya sahəsində inkişaf etmiş 20-dək ölkənin bu sahədəki mütəxəssisləri Bakıya gəlmişdir.
- Eşitmişik ki, Milli Etalon Mərkəzinin formalaşdırılması istiqamətində də sürətli iş aparılır...
- Bəli, Milli Etalon Mərkəzinin işlək hala düşməsi ciddi önəm verdiyimiz məsələlərdən biridir. Bu sahədə hiss olunan irəliləyiş olsa da, bu, bizi qane etmir. İnfrastrukturun ən mühüm elementlərindən biri metroloji təminatdır. Dəqiq ölçülərin olmadığı və onların beynəlxalq metroloji standartlara cavab vermədiyi halda malın və xidmətin keyfiyyətindən danışmaq olmaz. Hazırda komitə yeni alınan etalonların quraşdırılması və tətbiqi işini aparır. Etalon bazasının zənginləşdirilməsi üçün proqramlar hazırlayırıq və xarici ölkələrlə əməkdaşlıq edirik. Ümumiyyətlə, bu proses ağır, çətin prosesdir. Amma eyni zamanda, nüfuzlu və ölkəmizin iqtisadi qüdrətini xarakterizə edən məsələdir. Biz cihazları, ölçü avadanlıqlarını vaxtaşırı yoxlamalıyıq. Bunun üçün isə Avropa ölkələrinə üz tuturuq. Bu da külli miqdarda vəsaitin xaricə axını deməkdir. Bunun qarşısını almaq üçün Azərbaycanda etalon mərkəzini tez bir zamanda formalaşdırmaq qərarına gəlmişik. İnanırıq ki, yaxın zamanlarda etolan mərkəzi tam gücü ilə işə düşəcək və ölkəmizə öz tövhələrini bəxş edəcəkdir.
- Ramiz müəllim, Azərbaycan əhalisinin keyfiyyətli məhsullarla təminatı dövlətin prioritet sahələrindəndir. Bu gün ölkəmizdə istər ərzaq, istərsə də qeyri-ərzaq məhsullarının istehsalında beynəlxalq standartların tətbiqi uğurla icra olunur. Ümumiyyətlə, bu sahədə respublikada vəziyyəti necə qiymətləndirirsiniz?
- Vətəndaşların keyfiyyətli mal, məhsul və xidmətlərlə təminatı, bu təminatın günbəgün yüksəldilməsi başlıca məqsədimizdir. Hazırda müasir dünyada keyfiyyət amili, keyfiyyət infrastrukturunun öz səciyyəvi prinsipləri var. Bu gün heç kimə sirr deyil ki, Azərbaycan vətəndaşı istehlak etdiyi məhsulun növünü, çeşidini seçməklə yanaşı, onun keyfiyyətinə də xüsusi diqqət yetirir. Cəmiyyətin inkişafında zəncirvari, yəni bir-biri ilə əlaqəli meyllər müşahidə olunduğu üçün istehsalçılar da keyfiyyət amilinə, standartların tələblərinə xüsusi həssaslıqla yanaşırlar. Deyə bilərik ki, bu ənənə artıq formalaşmışdır. Müasir dövrdə keyfiyyət istehsalçıların, sahibkarlığın, ümumiyyətlə, əhalinin ehtiyaclarının və tələblərinin təmin edilməsində həlledici faktora çevrilmişdir.
Son illər ölkəmizdə yaradılan müasir emal müəssisələrinin istehsal etdiyi ərzaq və qeyri-ərzaq məhsulları xalq tərəfindən rəğbətlə qarşılanır. Regionlarda açılan yeni müəssisələrdə beynəlxalq standartlar tətbiq edilməklə, müasir avadanlıqlardan istifadə ilə istehsal səviyyəsi artırılmışdır. Məhz bütün bunlar da keyfiyyət infrastrukturunu müəyyənləşdirir.
Respublikanın ixrac imkanlarının genişlənməsi, yerli sənayedə rəqabətin gücləndirilməsi, ölkələrarası ticarət əlaqələrinin inkişafı istehlakçıların həyat və sağlamlıqlarının qorunmasından asılıdır. Ona görə də biz bu sahəyə xüsusi diqqət yetirir, əhalinin keyfiyyətli məhsullarla təminatını işimizdə başlıca prinsip hesab edirik.
Azərbaycanda istehsal olunmuş və idxal olunan məhsulların keyfiyyətli, normativ sənədlərin tələblərinə uyğun olması üçün üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırıq. Dövlət nəzarətini həyata keçirən əməkdaşlarımız hər ay onlarla gizli fəaliyyət göstərən sex, müəssisə aşkar edir, bu işlə məşğul olan təsərrüfat subyektlərini ifşa edir, qanunvericiliyə uyğun olaraq inzibati sanksiyalar tətbiq edir. Bu haqda mətbuatda məlumatlar verilir. Dövlət nəzarəti bizim gündəlik işimizdir. Həyata keçirilən tədbirlərə baxmayaraq, təəssüf hissi ilə qeyd etməliyəm ki, hələ də öz mənfəətini hər şeydən üstün tutan, insanların həyat və sağlamlıqlarına gözardı yanaşan "sahibkarlar" da az deyil.
- Söhbət elə nöqsanlardan düşmüşkən, komitənin qarşılaşdığı problemlər hansılardır və onları həll etmək üçün hansı tədbirlər görülür?
- Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin dövlət nəzarəti planı əsasında həyata keçirdiyi monitorinqlərin məqsədi həmin müəssisələrdə məhsulların normativ sənədlərin tələblərinə uyğunluğunu yoxlamaq, istehlak bazarını keyfiyyətsiz, təhlükəli və saxtalaşdırılmış mallardan, habelə, qanunvericiliyə uyğun olaraq sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış mallardan qorumaqdır. Bəzən qarşılaşdığımız mənzərələr heç də ürəkaçan olmur. Cari ilin 9 ayı ərzində apardığımız araşdırma nəticəsində 210 təsərrüfat subyektindən 40-da məhsul istehsalına tam qadağa qoyulmuşdur. Bunlar çörək, unlu qənnadı məmulatlar, alkoqolsuz içki, süd məhsulları istehsalı ilə məşğul olan müəssisələrdir. Bu sahədə vətəndaşların da üzərinə böyük məsuliyyət düşür. Onlar malı, məhsulu keyfiyyətinə əmin olduqdan sonra almalıdırlar. Vətəndaşlar saxta, keyfiyyətsiz malla rastlaşanda bizə müraciət etməlidirlər. Komitə əməkdaşları bütün hallarda vətəndaşların qarşılaşdıqları narazılıqlara operativ reaksiya verir, qanuna uyğun tədbirlər həyata keçirir.

Digər xəbərlər