- Ulduz xanım, Azərbaycan aşıq sənətinin bugünkü ab-havası necədir? Bu, sizi bir sənətkar olaraq qane edirmi?
- Tarixin bütün dönəmlərində aşıq sənətində mövcud olmuş ab-hava ürəkaçandır. Təbii ki, hər bir dövrün, zamanın tələbinə uyğun olaraq, ab-hava aşıq sənətində məhz ahəngdar bir şəkildə özünü büruzə vermişdir. Bu sənət əbədidir, ölməz bir sənətdir. Məlum olduğu kimi, bu sənət müasir həyatımızda nadir sənət nümunəsi kimi qəbul etdiyimiz muğamdan da əvvəl formalaşmış və təşəkkül tapmışdır. "Kitabi- Dədə Qorqud" dastanından əvvəl yarandığı məlum olan aşıq sənəti nadir incilər sırasındadır. Aşıq sənəti müasir həyatımızda olduğu kimi, yüksək səviyyəli avadanlıqların mövcud olmadığı zamanda öz inkişaf yolunu keçmiş və bugünümüzə qədər gəlib çatmışdır. Bizə məxsus olan türk dünyasının sazı əsrlərin sınağından çıxaraq bu gün də yaşamaqdadır. Bu sənət növü zaman-zaman saflaşaraq, durulaşaraq, tarixin süzgəcindən keçərək, gəlib bizə çatmışdır. Bu sənəti yaşadan insanlar xalq arasında hər zaman uca tutulmuşlar. XII əsr nümunəsi olan Yunis İmrəni, XVI əsrə məxsus olan Qaraca Oğlanı repertuarıma daxil etmişəm. Görün, bu, necə nadir bir sənət nümunəsidir ki, qeyd etdiyimiz zamanda yazılmış ədəbi nümunələri bu gün də böyük bir zövqlə səsləndiririk.
- Ulduz xanım, ötən il Azərbaycan aşıqları üçün uğurlu oldu. Düz bir il əvvəl Aşıqlar Birliyi yaradıldı, aşıqların qurultayı keçirildi. Bu zaman kəsiyində görülən işlər aşıq sənətinə hansı töhfələrini verdi?
- İlk olaraq, qeyd edim ki, Azərbaycan Aşıqlar Birliyi ilk dəfə olaraq, mərhum sənətkar, şair Hüseyn Arifin rəhbərliyi ilə yaradılmışdı. Qısa bir zaman məsafəsindən sonra yenidən bərpa olundu və bildiyiniz kimi, düz bir il bundan əvvəl Zəlimxan Yaqubun sədrliyi ilə fəaliyyətə başladı. Çox şükürlər olsun ki, belə bir birliyin yaranmasına nail ola bildik və Azərbaycan aşıqlarının beşinci qurultayı keçirildi. Bu qurultayda da aşıqlar birliyinin sədri rəsmi olaraq təyin olundu. Qeyd edim ki, yaxın zamanlara qədər Hüseyn Arifdən sonra aşıq sənətinə münasibət bir qədər ürəkaçan deyildi. Bu qədər mötəbər hesab etdiyimiz sənətə yaranmış münasibət qədim köklərə malik olan irsimizə bir qədər kölgə salırdı. Aşıq musiqisinə diqqət və oyanma qısa bir zamanda özünü göstərdi. Qurultayın keçirilməsi, birliyin yaranması ilə yanaşı, aşıq musiqisi televiziya musiqisi təşkil edildi. Düzdür, bu müsabiqə keçirildi və münsiflər heyətinin tərkibində mən də iştirak edirdim. Aşıq sənəti o qədər mənəvi dəyərlər yaşadan bir sənət növüdür ki, o, saflığı, təmizliyi sevir. Aşıq müsabiqəsi, yaxşı olardı ki, muğamda olduğu kimi SMS-siz təşkil olunsun. O zaman biz aşıq sənətinə layiqli gəncləri seçə bilərik. Gəncləri düzgün yola çəkməliyik. Saz alətinin ifaçısı sırf olaraq bu sənətin sirlərini mənimsəməlidir. Gənclər qocaman sənətkarlardan aşıq sənətinin sirlərini öyrənməlidirlər. Bizim də üzərimizə məsuliyyət düşür. Belə ki, ustad sənətkarların yaradıcılığını öyrənib, şeirlərini toplayıb kitab şəklində hazırlamalıyıq. Bu, dərslik formasında təqdim olunmalıdır. Aşıq sənəti ilə bağlı gələcək nəslə təhvil verəcəyimiz o qədər zəngin irsimiz var ki, onlara sahib durmamaq bir aşıq kimi, mənim ən yaralı yerim idi. Mənim yaradıcılığıma aşıq sənətinə məxsus olan gəraylı, təcnis, divani kimi növlər daxildir. Bu sənət növü olduqca zəngin, çalarlı, şaxəlidir. Aşıq sənətində zəngin şeir forması mövcuddur. Bu, bir xəzinədir. Bu sənəti yüksəkliklərə qaldırmaq üzərimizə düşən ən böyük məsuliyyətdir. İnanıram ki, Azərbaycan Aşıqlar Birliyi tərəfindən bu sənət öz layiqli yerini tutacaq, qiymətləndiriləcəkdir. Türk dünyasına məxsus olan aşıq sənətini yaşatmaq üçün bu günə qədər bu sahədə çalışan şəxslərin fəaliyyətini, onların yaradıcılıq üslubunu müasir gənclərə təqdim etmək bizlərin üzərinə düşən məsuliyyətdir. Birliyin qısa bir zamanda yaranmasına baxmayaraq, artıq qurumun təşkilatçılığı və təşəbbüsü ilə aşıq sənətinin görkəmli nümayəndələri olan Hüseyn Bozalqanlının, Mikayıl Azaflının, Aşıq Əkbərin və başqa sənətkarların yaradıcılıq gecələri keçirilmişdir. Yaxın zamanlarda isə daha genişmiqyaslı tədbirlər keçirməyi nəzərdə tutmuşuq. Belə ki, türk xalqları ilə birlikdə müxtəlif ölkələrdə konsertlər təşkil edəcək, səyahətləri gerçəkləşdirəcəyik. Birliyin binası yaradıldıqdan sonra isə bu və ya digər işlərimizi daha mükəmməl şəkildə quracağıq. Birliyin qəzet və jurnalını yaratmaq qarşıda duran ən ümdə məsələlərdən biridir. Belə ki, sənətkarların həyat və yaradıcılığını işıqlandırmaq üçün ən gözəl üsullardan biri mətbu orqanların fəaliyyətidir. Daha sonra kitab və braşuraların çapı da nəzərdə tutulub.
- Ötən gün isə Azərbaycan aşıqları əlamətdar bir hadisənin xoş məqamlarını yaşadılar. Bildiyimiz kimi, muğam sənəti YUNESKO-nun xətti ilə dünyanın şah əsərləri sırasına daxil edilmişdir. Bu addımın davamı olaraq, aşıq sənəti ilə bağlı layihə hazırlanaraq, məhz bu mədəni irsin siyahısına daxil edilməsi üçün YUNESKO-ya təqdim olunmuşdur və nəticədəsi çox fərəhləndirici oldu. Azərbaycanın aşıq sənəti YUNESKO-nun Qeyri- maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edildi.
- Bu əlbəttə ki, aşıq sənətinə olan dövlət səviyyəsində olan qayğının bariz nümunəsidir. Bəli, aşıq sənəti lazımi bir səviyyədə YUNESKO-ya təqdim olunmuşdur. Bunun nəticəsi olaraq, layihə yüksək səviyyədə qəbul olunaraq, dünyanın şah əsərləri sırasına daxil edilib. Deyim ki, layihə çərçivəsində nümayəndələrinin iştirakı ilə aşıqların ifası dinlənilmişdir. YUNESKO-nun Azərbaycan üzrə eksperti, sənətşünas Sənubər Bağırovanın təşəbbüsü ilə bu işlər yüksək bir səviyyədə görülməkdədir. Aşıq sənəti ilə bağlı iki disk hazırlanaraq, YUNESKO-ya təqdim olunmuşdur. Sənətimizə verilən qiymət, bir aşıq kimi, məni hədsiz sevindirir. Aşıq sənətinin dünyaya yol açmasında bunun əhəmiyyəti böyük olacaq. Dünya xalqları bizim mədəni irsimiz, zəngin xəzinəmizə məxsus olan numunələrimizlə tanış olacaqlar. Mən bütün aşıqları, sənət xadimlərini bu gün münasibəti ilə təbrik edirəm.
- Müasir həyatımızda aşıq sənətinin ənənələri lazımi səviyyədə qorunub saxlanılırmı?
- Mən deyərdim ki, bu, fərdi şəkildə qorunub saxlanılır. Amma ümumilikdə isə, kifayət qədər buna riayət olunmur. Bu baxımdan ki, cəmiyyət inkişaf etdikcə, cəmiyyət dəyişdikcə münasibət də birmənalı olaraq, qalmır. Bu gün aşıq sənətinə gələn gəncləri düzgün istiqamətləndirmək, aşıq sənətinin ənənələrini yaşatmaq kimi dəyərləndirilir. Əgər sənətin kökünü bilmirsənsə, o zaman ona heç bir yenilik əlavə edə bilməzsən. Bu sənəti bilənlərin sayı, demək olar ki, çox azdır. Ustadlara müraciət edib, onları işıqlandırıb, yaradıcılıq yolunu, sənətlə bağlı düşüncələrini gənclərimizə aşılamalıyıq. Sənətin sirlərini onlara mükəmməl şəkildə əxz etdirdikdən sonra ixtiyarlarına vermək olar ki, aşıq sənətinə yeni çalar, nəfəs əlavə etsinlər. Hər bir sənətin öz forması, öz yolu olduğu kimi, aşıq sənətinin də özünəməxsusluğu vardır. Onu hansısa lazımsız bir formaya salmağa heç kimin mənəvi haqqı yoxdur. Kökü bilmədən sənətdə yenilikçiyə meyil göstərmək ən azı ustadlara, bu sənəti yaşadanlara hörmətsizlik əlamətidir. Sənətin bütün növlərində qeyri-professionallara təsadüf olunur. Sənəti bayağılaşdıranlara qarşı amansız olmalıyıq. Düzdür, sənətdə hər zaman bu hallar olmuş, bu gün də mövcuddur. Belə bir atalar məsəli var: "Keçinin qoturu, bulağın gözündən su içər". Sənət aləmində nə yenilik etməyə çalışırıqsa, onu gözəl bir formada təqdim etməyi qarşımıza məqsəd qoymalıyıq. Sənət gözəlliyi sevir. Aşıq sənətini hər zaman qorumalıyıq. Mən istərdim ki, bizim milli manatımızın üzərində sazın da şəkili olsun. Bizim nə xəzinəmiz, mənəvi sərvətimiz varsa, onların hər birinə sahib olmalıyıq. Bu humanizmimizdən istifadə edib milli-mənəvi dəyərlərimizə sahib olmaq istəyində, əsli bəlli olmayanlar öz çirkin imzalarını əlvə edirlər.
- Türk xalqları istisna olunmaqla, qeyri-xalqların nümayəndələri aşıq musiqisinə yiyələnib, onları səsləndirə bilərlərmi?
- Bu, qeyri-mümkün olan bir işdir. Aşıq musiqisində belə bir hal mövcuddur ki, bir hava səsləndirildikdən sonra, onu təkrarən ikinci bir formada ifa etmək olmur. Bir hava hər dəfə çalındıqda, müxtəlif formalarda səsləndirilir. Yeri gəlmişkən, deyim ki, İsveçdə səfərdə olarkən, bizə üzərində erməni istehsalı olan "Kəlbəcər suyu" verildi. Görün, onların yeritdiyi siyasət hansı bir formada, hansı bir vəziyyətdədir. Bax, onlar mədəni irsimizə və sərvətimizə bu cür həyasız bir şəkildə yanaşır və mənimsəyirlər. Bir etirafı da deyim ki, onlar aşıq musiqisini səsləndirməkdə acizdirlər. Çünki ermənilərin ağızları əyridir. Amma buna baxmayaraq, yenə də siyasətlərini davam etdirməkdədirlər. Görün, nə qədər sayda aşıq musiqimizin altında Sayat Novanın imzası həyasızcasına yazılır.
- Aşıqlar üçün mövcud olan geyim forması sizi qane edirmi?
- Mənim atam da aşıq olub. O, özündən əvvəlki aşıqların geyim formasını görmüş və bu haqda mənə danışmışdır. Elə atam Aşıq Əsgər də həmin çuxadan istifadə etmişdir. Aşıq Ələskərin zamanında aşıqlar çuxa geymişlər. Hər dövrün, təbii ki, özünün aşıq geyimi olmuşdur. Amma mən buna qəti şəkildə iradımı bildirirəm ki, Stalin rejiminin bizə verdiyi o geyim üslubundan kənar olaq. Qalifeyi şalvar aşıq sənətinin milli geyim üslubu deyildir. Bu, Stalindən bizə qalan bir mirasdır. YUNESKO-nun nümayəndələri Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə bizim aşıq musiqi sənətinə qulaq asdığı zaman orada təşkil olunmuş manitorda bizim aşıqlara aid milli geyim nümunələrimiz təqdim olundu. Azərbaycan televiziyasının kitabxanasında "Azərbaycanın milli geyimləri" albomu var. Həmin albomda Azərbaycanın hər bir zonasına məxsus olan geyim formaları verilmişdir. Qərb, Şərq, Şimal və Cənub zonalara aid olan milli geyimlərin forması da fərdi bir şəkildədir. Əzizə Cəfərzadənin "Azərbaycan aşıq şair qadınları" adlı kitabında Maral Rəhmanzadənin rəsmləri vardır. Həmin rəsmlərdə Azərbaycan aşıqlarının milli geyimi təsvir edilmişdir. Odur ki, sovetin əsgərinə məxsus olan qayışla və qalifeyi şalvarla əlinə saz alıb səhnədə görünmək, Azərbaycanın milli geyiminə sığmayan bir görkəmdir.
- Azərbaycan toylarında aşıq musiqisi hər zaman öndə olub. Bu gün necə aşıqlar, xüsusilə də, dastançı aşıqlar el şənliklərinə dəvət olunurmu?
- Bu gün Azərbaycan toyları arzuolunmaz bir şəkildədir. Hətta Milli Məclisdə də bununla bağlı müzakirələr aparıldı. Aşıq sənəti hər zaman toylarda birinci olmuş və iştirakçılar tərəfindən rəğbətlə qarşılanmışdır. Amma təəssüflər olsun ki, toylarda yaranmış acınacaqlı vəziyyət aşıq musiqisinin toy məclislərindən bir qədər uzaqlaşmasına səbəb olmuşdur. Bir neçə aşıq musiqisini əzbərləyib, onu şikəst bir şəkildə təqdim etmək aşıqlıq sənəti deyil. Rok, pop kimi musiqi janrlarının üstünlük təşkil etdiyi bir zamanda, deyərdim ki, milli musiqimizə dəyər vermək daha yaxşı olardı. Görün dünyanın hansı bir ölkəsində Azərbaycanın milli musiqisi kimi bir nümunə var. Bu sənət bizə Tanrı tərəfindən göndərilmiş bir sərvətdir.
- Ulduz xanım, aşıq sənətinə yol açanlara tövsiyəniz nə olardı?
- Aşıq sənətinə yol açanlara mənim tövsiyəm ondan ibarətdir ki, bu sənəti onu bilicilərindən öyrənsinlər. Bu, çox çətin bir sənətdir. Onun məktəbini yalnız ustadlardan mənimsəmək olar. Xalqın şifahi dilini öyrənib, məzəli bir şəkildə xalq üslubuna uyğun olaraq dastanlar danışılmalıdır. İndi görün bağlama şəklində nəsə təqdim olunurmu? Dodaqdəyməz yazan varmı? Görün nə qədər dəyərli irsimiz var ki, onlardan uzaqlaşırıq. Aşıq sənətinin notu yoxdur. Muğamda olduğu kimi. Mən aşıq sənəti ilə bağlı, ilk dəfə olaraq, dərslik səviyyəsində proqram hazırlamışam və tələbələrimə bu proqram əsasında dərs deyirəm. Bütün həyatım boyu bu sənət yolunda çalışmışam. 1990-cı ildə musiqi texnikumunda saz sinfini açmışam. Məqsədim bu sənətin özəlliklərini layiqli şəkildə əxz etməkdir. Aşığın dil qabiliyyəti, şirin ləhcəsi ilə yanaşı məntiqi, savadı olmalıdır. Ağız ədəbiyyatı dediyimiz nümunələri nəsildən-nəsilə ötürməyə mənən borcluyuq.