Kitabda Nizami Cəfərovun geniş tərcümeyi-halı verilir. "Nizami Cəfərovun nəşr olunmuş kitabları haqqında biblioqrafik məlumatlar" adlı başlığı maraq doğurur. Burada Nizami Cəfərovun 50-yə yaxın kitabı haqqında məlumatlar verilir və həmçinin, bu kitablar haqqında mütəxəssis fikirləri öz əksini tapır. Burada "Nizami Cəfərov haqqında yazılan kitablar"sa xüsusi maraq doğurur. Belə ki, Rahid Uluselin "Heydər Əliyev və Azərbaycan, Atatürk və türk dünyası Nizami Cəfərovun elmi araşdırmalarında", "Biblioqrafik məlumat" kitabı, R.Kamilovun "Nizami Cəfərov, yaxud bir təfəkkürün poetikası", Rahid Uluselin "Nizami Cəfərov: həyat və düşüncə ritmləri", Mübariz Məsimoğlunun "Professor Nizami Cəfərov" adlı kitabları haqqında geniş məlumatlar verilir.
Kitabdakı növbəti başlıq "Professor Nizami Cəfərovun həyat və fəaliyyətinin əsas tarixləri" adlanır. Qeyd olunur ki, Nizami Cəfərov Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmiş, Azərbaycan dilçiliyi ixtisası üzrə aspiranturada təhsilini və elmi fəaliyyətini davam etdirmişdir. Azərbaycan dili tarixi sahəsində görkəmli mütəxəssis olan professor Tofiq Hacıyevin rəhbərliyi ilə elmi-tədqiqat işi aparan gənc tədqiqatçı 1985-ci ildə, vaxtından əvvəl, "Azərbaycan dilində sadə cümlənin struktur-semantik inkişafı" mövzusunda dissertasiya işini müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Elmi rəhbəri professor Tofiq Hacıyev yetirməsinin Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutunda müvəqqəti kiçik elmi işçi ştatı ilə təmin edilməsinə nail olur. İnstitutun elmi-ictimai həyatında fəal iştirak edən Nizami Cəfərov tezliklə gənc alimlər şurasının sədri seçilir, elmi araşdırmalarını davam etdirməklə yanaşı, milli müstəqillik uğrunda ideya mübarizəsi aparan gənc intellektualların sırasına qoşulur. Onun bu illərdə yazdığı məqalələrdə publisistik ovqatın get-gedə gücləndiyi müşahidə olunmuşdur. Azərbaycanda milli müstəqillik hərəkatının canlandığı, erməni təcavüzünün başladığı ilk illərdə mətbuatda çalışan Nizami Cəfərov türkçülük, azərbaycançılıq ideyalarının təbliğinə, Azərbaycan ədəbiyyatında milli mövzuların daha intensiv işlənməsinə çalışmış, həmin illərdə yazıb çap etdirdiyi "Azərbaycan İntibahı", "Böyük mədəniyyətin övladı, yaxud varisliyin poetikası", "Tarixi özünüdərkin məntiqi və müasir özünütəsdiqin emosiyası", "Azərbaycan mədəniyyəti", "Müasir ədəbi proses, yaxud fövqəladə vəziyyətdə düşüncələr" və s. məqalələri, "Cənubi Azərbaycanda ədəbi dil: normalar, üslublar...", "Füzulidən Vaqifə qədər" kitabları ilə ədəbi, elmi, ictimai mühitdə böyük maraq doğurmuşdur.
"Nizami Cəfərov - 50" kitabında diqqəti cəlb edən başlıqlardan biri də "Elm, mədəniyyət xadimləri Nizami Cəfərov haqqında" olan başlıqdır. Burada Abel Məhərrəmovun, Bəybala Ələsgərovun, Rüstəm Kamalın, Buludxan Xəlilovun, Dəyanət Osmanlının, Elşad Abdullayevin, Abuzər Xələfovun, Həmid İmanovun, Qara Namazovun, Tofiq Hacıyevin, Musa Ələkbərlinin, Şərvan Kərimovun, Yusif Seyidovun, Zahid Xəlilin, Hidayət Orucovun, Yusif Məmmədovun, Budaq Budaqovun Nizami Cəfərov haqqında fikirləri və düşüncələri öz əksini tapmışdır. Qeyd olunan fikirlərdə yüksək ixtisaslı dilçi, ümumən filoloq kadrların hazırlanmasına xüsusi fikir verən Nizami Cəfərovun yaradıcılıq fəaliyyətinin mühüm istiqamətlərindən ədəbi tənqid, ümumiyyətlə, ədəbiyyat məsələləri, publisistikası və s. söz açılır. Azərbaycan Yazıçılar Birliyinin orqanları - "Azərbaycan", "Ulduz" jurnalları, "Ədəbiyyat qəzeti" ilə ardıcıl əməkdaşlıq edən tənqidçi-ədəbiyyatşünas və publisistin müasir ədəbi prosesi təhlilinə yönəlmiş məqalələri hələ "Ədəbiyyat qəzeti"il tənqid və ədəbiyyatşünaslıq şöbəsinə başçılıq etdiyi illərdən onu öz sözü olan tənqidçi kimi tanıtmışdır. Professor Nizami Cəfərov 2001-ci ildə AMEA-nın müxbir üzvü seçildikdən sonra ictimai və humanitar elmlər bölməsinin büro üzvü, AMEA "Xəbərlər"i ictimai və humanitar elmlər seriyasının dilçilik üzrə redaktoru, Nizami adına Azərbaycan ədəbiyyatı tarixi muzeyi Elmi Şurasının üzvü seçilmişdir. Professor Prezidentin Sərəncamı ilə Azərbaycanda Atatürk Mərkəzinin müdiri təyin olunmuşdur. Onun gərgin fəaliyyəti nəticəsində Atatürk Mərkəzi bir neçə il ərzində respublikanını "beyin mərkəzlərindən biri"nə çevrilmişdir. Türkiyə Cümhuriyyətinin yaradıcısı Atatürkə, Azərbaycan-Türkiyə münasibətlərinə həsr olunmuş araşdırmalar aparılmış, onlarla kitab nəşr edilmiş, konfranslar, müşavirələr, görüşlər keçirilmişdir. Onun redaktorluğu ilə mərkəzin xüsusi rüblük "Bülleten"i buraxılır. Kitabın sonunda Nizami Cəfərovun əsərlərinin siyahısı verilmişdir. 128 səhifə həcmində olan bu vəsaitin redaktoru Zülfiyyə Mehdiyevadır.