PDF Oxu

Müsahibə

  • 7

Nuşirəvan Məhərrəmli: “Azərbaycan teleməkanında ilk dəfə olaraq ATV kanalında Bədii Şura yaradılır”

Nuşirəvan Məhərrəmli: “Azərbaycan teleməkanında ilk dəfə olaraq ATV kanalında Bədii Şura yaradılır”

- Nuşirəvan müəllim, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycan" qəzetində "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" adlı məqaləsi dərc olunub və həmin yazıda Azərbaycanın efir məkanı əsaslı şəkildə tənqid olunub. Bu məsələ ilə bağlı siz nə deyə bilərsiniz?

- Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" adlı məqaləsi çox vaxtında qaldırılan, çox aktual, çox əhəmiyyətli bir yazıdır. Azərbaycanın teleradio məkanında baş verən mövcud vəziyyətin təhlil edilməsi, həlledici məsələlərin qaldırılması və həmin problemlərin həll olunması istiqamətində vəzifələrin müəyyən edilməsi baxımından çox əhəmiyyətli, istiqamətverici bir məqalədir. Bu məqalədə Azərbaycanın efir məkanının və problemlərinin yüksəldilməsi birinci dərəcəli məsələ kimi ortaya qoyulub. Yəni, Azərbaycanda tamaşaçının marağının artırılması və marağın azalmaması məqsədilə işlər görülməsi üçün həm televiziya kanalları rəhbərlərinin üzərinə, həm də bu sahə ilə bağlı olan insanların, ekspertlərin, mütəxəssislərin və xüsusilə Milli Teleradio Şurasının öz səlahiyyətləri çərçivəsində bir sıra vəzifələr qoyur. Biz bu cür məsələlərə göstərilən diqqətə görə, Ramiz müəllimə öz minnətdarlığımızı bildiririk.  Milli Teleradio Şurası öz səlahiyyətləri çərçivəsində efir məkanımızın daha maraqlı, daha düşündürücü, daha maarifləndirici verlişlərin olması üçün müvafiq işlər görəcək. Milli Teleradio Şurası televiziya kanallarının peşə fəaliyyətinə, yaradıcılıq işlərinə, maliyyə məsələlərinə, kadr siyasətinə qarışmaq ixtiyarı yoxdur. Bundan irəli gələrək də Azərbaycanın teleradio məkanında, o cümlədən özəl telekanallarında şou xarakterli verilişlərin payı daha çoxdur. Həmin şou xarakterli verilişlərin həddindən artıq çox olması, onlarda şitlik, bayağılıq, sünilik insanların haqlı narazılığına səbəb olur.  Bu verilişlərin əsas aparıcı missiyası, əyləncə xarakterli verilişlər müğənni və aktyorların üzərinə qoyulur. Beləliklə, bütün bunlara ucuz yolla daha şox qazanc götürmək məsələsi kimi baxılır və həmin o müğənnilər cəmiyyətdə örnək rolunda göstərilir. Bu çox acınacaqlı bir haldır. Bir çox verilişlərdə onların evlərində, villalarında çəkilişlər aparılır, onların həyat tərzi əhaliyə örnək bir kateqoriya kimi göstərirlər. Amma, həmin o müğənnilərin çox təəssüf ki, intelektual səviyyələri aşağıdır. Hətta, çox çətinliklə orta məktəbi bitirən həmin şəxslər qısa vaxt ərzində birinci dərəcəli dırnaqarası ulduzlara çevrilirlər. Yəni, əhaliyə örnək ola biləcək insanlar bir kənarda qalır, əksinə örnək olmayacaq insanlar isə telekanallarda ulduza çevrilirlər.
Azərbaycanda şou yarışmalarının sayı həddindən artıq çoxdur. Məsələn, meyxana kimi yarışlara çox yer verilir. Təbii ki, bunlara müəyyən qədər yer vermək olar, amma ifrat dərəcədə yox. Sanki bütün kanallar bir-biri ilə rəqabətə girirlər. Təbii ki, bu da onların keyfiyyətini aşağı salır. Ramiz müəllim efirdə aparıcılıq probleminin olması məsələsini qoyur. Doğrudan da efirdə aparıcılıq problemi ən ciddi problemlərdən birinə çevrilməkdədir. Həm xəbər aparıcıları, həm də şou verlişi aparıcıları. Bu məsələdə Azərbaycan dilində səlist danışmaq məsələsi birinci olaraq qoyulur. Azərbaycan dilindən başqa, Azərbaycan tarixi, ədəbiyyatı, çoğrafiyası və adət-ənənələrini bilməlidirlər. Azərbaycan efirində aparıcıların geniş dünya görüşünə malik olması ilə bərabər, həm də milli-mənəvi dəyərləri bilmək, ona əməl etmək baxımından çox böyük təcrübəsi olmalıdır. Hesab edirəm ki, bütün sadaladığım məsələlər bu məqalədə vurğulanıb. Biz də Milli Teleradio Şurası olaraq bu məsələyə xüsusi fikir verəcəyik, qeyri-hökumət təşkilatları ilə birgə çalışacağıq ki, həmin aparıcılar üçün qısa müddətli treninq kurslar keçirək. Heç olmasa bizim "Teleradio haqqında" qanuna uyğun olaraq qoyulan tələblərlə bağlı həmin aparıcıları məlumatlandıracağıq. Efirdə bir sıra milli əxlaqi və milli mentalitetimizə uyğun olmayan kliplərin və kinofilmlərin verilməsi haqlı olaraq Azərbaycan tamaşaçılarını narazı salır. Bu məsələdə ciddi ölçü götürmək lazımdır. Biz özəl telekanalların vəziyyətini başa düşürük ki, onlar reklam hesabına maliyələşirlər. Amma televiziya və radio elə sahədir ki, bu sahəyə yalnız biznes sahəsi kimi baxmaq olmaz. Bu sahə çox ciddi bir sahədir və bu sahəyə rəhbərlik edənlərin üzərinə cəmiyyət qarşısında böyük məsuliyyət, ağır yük düşür. Bu yük həmdə cəmiyyətin özünün maarifləndirilməsində və məlumatlandırılmasında tərbiyəvi funksiyası rolunu oynayır. Cəmiyyətin istiqamətləndirilməsində böyük yük onların üzərinə düşür. Bu məsələdə qazanc dalınca qaçmaq düzgün deyil.  Bundan əlavə, biz efir məkanında cizgi filimlərinin azlığı ilə bağlı müəyyən qədər işlər görməliyik. Həmçinin, çizgi filimlərinin çəkilməsi ilə bağlı Azərbaycan dövləti tərəfindən xüsusi proqram hazırlanması çox yaxşı olardı. Yəni, qısa müddət ərzində 20-50 arası cizgi filimləri çəkərdik və uşaqlarla bağlı bir baza formalaşdıra bilərdik. Amma, baxın, bizim cizgi filimlərinin əksəriyyəti xaricdən alınıb. Uşaqlarımız da həmin cizgi filimləri əsasında tərbiyyə olunur.  Bizim efirdə reklam məsələsində də müəyyən problemlərimiz var. Çox təəssüf ki, özəl televiziya kanalları reklam ardınca gedərək nəyin olmasından asılı olmayaraq onu reklam edirlər. Hətta qadın bezləri, qeyri-əxlaqi hərəkətlər olan reklamlar, diş məcunu ilə bağlı iyrənc reklamlar nümayiş olunur. Bu yaxınlarda "ulduzlar"ın efirdə hamilə formasında konsertlərinin reklam olunması çox təəssüf olsun ki, Azərbaycanın mentalitetinə xas olmayan xüsusiyyətlərdəndir. Adətən hamilə olan qadınlar ictimai yerlərdən uzaq olurlar, digər insanlara nisbətən az görünürlər. Amma, bəziləri hamiləliyi də efirdə reklama çevirirlər. Bu çox ürəkaçan bir iş deyil.

- Özəl telekanallarda yayımlanan proqramlarda "qaçan SMS"lər vasitəsilə ədəbsiz ifadələrə rast gəlinir. Milli Televiziya və Radio Şurası bu məsələ ilə bağlı hansı tədbirləri həyata keçirir?

 - Qaçan SMS-lə bağlı, bizim böyük narazılığımız var. Çünki, həmin SMS-lərlə bağlı xeyli ədəbsiz ifadələr işlənirdi, amma indi biz onun qarşısını müəyyən qədər almışıq. Çünki, həmin SMS-lər yalnız tanışlıqdan başqa bir şey deyil, yəni tanışlığı efir vasitəsilə aparmaq düzgün deyil. Bizim bununla bağlı da narazılığımız var. Təbii ki, televiziya kanallarında biz keyfiyyət məsələsini birinci dərəcəli məsələ kimi ortaya qoymuşuq. Televiziya kanalları öz reytinqini keyfiyyət hesabına qaldırmalıdır. Bu kanalları müdafiə etmək deyil.  Hazırki dövrdə bu xidmət sahəsində çalışan insanların sayı artır, yəni məhsuldar fəaliyyətlə məşğul olan insanların sayı azalır. Onların sayı artdıqca həmin psixologiyaya uyğun olan verilişlərin sayı da artır. Ona görə də televiziya kanalları, xüsusən özəl televiziya kanalları çalışırlar ki, o kateqoriyaya uyğun verilişlər hazırlasınlar. Şou biznes tək Azərbaycan ərazisində deyil, dünyada olan bir bəladır. Bəzi xarici ölkələrdə, hətta bu bəladan yaxa qurtarmaq üçün ictimai televiziyalar yaratdılar. Tamaşaçıların marağının azalmasının səbəblərindən biri, Azərbaycanda çanaq antenalarının inkişaf etməsidir. Amma, buna baxmayaraq yerli telekanallar bu rəqabəti görüb üzərində işləməlidirlər. Bütün işləri biznes üzərində qurmalı deyillər.

- Sizcə, Azərbaycanda "Şou-biznes haqqında" qanun hazırlandıqdan sonra sadaladığınız bu problemlərə son qoyulacaqmı?

 - Milli Teleradio Şurası yaradıcılıq işlərinə qarışmır və şou-biznes sahəsində qanunvericilikdə xüsusi bir qanun var. Mənim yadıma gəlmir, ola bilsin ki var. Yəni, bu cür yollarla şou-biznesi tənzimləmək çətin məsələdir. Ona görə də belə bir qanunun hazırlanması və onun qəbul olunması sonradan böyük problemlər də yarada bilər. Bu şou biznesi həm dövlət, həm müvafiq qurumlar, həm də ki, televiziya kanalları ilə ictimaiyyət tənzimləsin.  Təbii ki, bizim milli-mənəvi dəyərlərimiz var bu milli-mənəvi dəyərlər əsasında televiziya kanalları öz işlərini qursalar, bu qanuna da ehtiyac olmaz. Amma, çox təəssüf ki, narazılıq var deyə, insanlar da bu nöqsanları aradan qaldırmaq üçün hər hansı yollar axtarırlar. Onlar "Şou biznes haqqında" qanunu inzibati metodlarla etmək istəyirlər. Bu haqlı istəkdir və praktiki baxımdan hesab edirəm ki, çox çətin məsələdir. Amma, Milli Teleradio Şurasının qanunvericiliyə uyğun olaraq televiziya kanallarını cərmə etmək və lisenziyaları geri almaq səlahiyyətləri var. Onların içərisində İnzibati Xətalar Məcəlləsində proqrama verilən tələblər və onun içərisində milli-mənəvi dəyərlər olan bənd var. O bəndi əlavə edib cərimə funksiyasını artırmaq olar və o da bir çəkindirici vasitə kimi telekanalların üzərinə daha böyük öhdəlik qoyula bilər. Yəni bu baxımdan biz o işə müəyyən qədər qarışa bilərik. Amma, milli-mənəvi dəyərlər çox geniş bir anlayışdır. Nəyin milli-mənəvi dəyərlər olmasını müəyyən etmək çox çətindir. Bu ekspertlərin və mütəxəssislərin hər zaman müzakirəsinə səbəb olur. Ona görə də bu məsələyə həssas yanaşmaq lazımdır. Amma, elə məsələlər var ki, bu məsələdə hər hansı bir güzəşt olmamalıdır.  Yəni, təbii ki, efir məkanında yersiz jestlər edilir, ədəbsiz sözlərdən istifadə olunur, efirdə elə şeylər göstərirlər ki, elə verlişlər yayımlanır ki, sanki küçə əxlaqını nümayiş etdirir. Çox təəssüf ki, bu cür hallar bizim özəl telekanallarda var.

 - Telekanalların tərkibində verlişlərə nəzarət edə bilən Bədii Şuraların yaradılması mümkündür?

 - Biz telekanalların hansı müğənnini çağırıb-çağırmaması, kimi dəvət edib-etməməsi, verilişin kimin üzərində qurulması haqqında onlara göstəriş verə bilmərik. Bu mümkün olan iş deyil. Amma, sadəcə televiziya kanalları özlərinin fəaliyyətində ictimai əsaslarla Bədii Şuralar yarada bilərlər. Artıq bu sahədə işlər var. Artıq "Azad Azərbaycan" telekanalı (ATV) özünün Bədii Şurasını yaradır. Bu bədii şuralar vasitəsilə efirdə gedən bütün verlişlərə nəzarət edə bilərlər.
Çox sevindirici haldır ki, bu gün mənə məlumat verilib ki, artıq ATV kanalı Bədii Şura yaradır. Bu barədə bizə məlumat da göndərəcəklər. Hesab edirəm ki, bu sahədə atılan ilk addımlardan biri olacaq.

Digər xəbərlər