Müsahibimiz YAP Siyasi Şurasının üzvü Aydın Hüseynovdur
-Beynəlxalq maliyyə qurumları hesabatlarında Azərbaycanı iqtisadiyyatı inkişaf etmiş ölkə kimi xarakterizə edirlər. Sizcə, bu, Azərbaycanın həm real inkişafından, həm də beynəlxalq aləmdəki nüfuzundan irəli gəlirmi?
-Azərbaycan iqtisadiyyatı son illər hərtərəfli inkişaf edir. Yəni həm neft sektoru, həm də qeyri-neft sektoru sürətlə inkişaf etməkdədir. Bu da, ondan irəli gəlir ki, Azərbaycanın iqtisadi siyasəti elmə əsaslanır, düşünülmüş, məqsədyönlü siyasətdir. Əhalinin pul gəliri ildən-ilə artmaqdadır. Ölkə vətəndaşlarının sosial müdafiəsi gücləndirilib və əmək haqları artırılır. Yəni respublikamız nəinki regionun, o cümlədən, dünyanın inkişaf etmiş ölkəsinə çevrilib. Bunu biz real həyatımızda hiss etməkdəyik. Son illər ərzində 740 mindən artıq iş yeri yaradılıb ki, bunun da böyük əksəriyyəti daimi xarakter daşıyır. Ulu öndər, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin əsasını qoyduğu iqtisadi inkişaf strategiyası bu gün öz müsbət bəhrəsini verməkdədir. Prezident İlham Əliyev cənablarının yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində iqtisadiyyatımız inkişaf etməklə yanaşı, ölkəmizin beynəlxalq imici də yüksəlməkdədir. Azərbaycanda neft sektoru ilə yanaşı, digər sahələr də inkişaf etdirilir. Belə ki, Azərbaycanın ÜDM artımında xeyli irəliləyişlər var. Son illər beynəlxalq maliyyə qurumlarının hesabatlarında Azərbaycan iqtisadiyyatı inkişaf edən ölkə kimi xarakterizə edilir ki, bu da tamamilə reallığı əks etdirir.
-İqtisadiyyatda xüsusi yeri olan bir sahə də turizm sektorudur. Son illər Azərbaycanın turizm sektorunun inkişafını necə qiymətləndirərdiniz?
-Təbii ki, son dövrlər ölkəmizdə digər sahələrlə yanaşı turizm sektoru da inkişaf etməkdədir. Əvvəla, onu qeyd edim ki, əksər dünya ölkələrinin büdcəsinin əsas gəlirlərini turizmdən gələn gəlirlər təşkil edir. Azərbaycan da münbit şəraitə, gözəl təbiətə malikdir. Bütün bunlar, ona imkan verir ki, ölkəmizdə turizm sektoru inkişaf etdirilsin. Qeyd etdiyim kimi, son zamanlar, qeyri-neft sektorunda xüsusi payı olan turizm sahəsi də inkişaf etdirilir. Respublikamızda xeyli sayda otel, turizm obyektləri fəaliyyət göstərir ki, bu da dövlətin, ölkə rəhbərliyinin bu sahəyə diqqət və qayğısından irəli gəlir. Çünki ölkəmizin savadlı, bilikli turizm mütəxəssislərinə ehtiyacı var. Hesab edirəm ki, belə bir ali məktəbin yaradılması bu problemi də tamamilə həll edəcək.
-Azərbaycanın yaxın gələcəkdə ÜTT-yə üzv olması reaallaşa bilərmi və bu, ölkəmizə nə kimi təsir göstərəcək?
-Azərbaycanın iqtisadiyyatı inkişaf edib, xarici iqtisadi əlaqələri genişlənib, aqrar sektor inkişaf edir. Buna görə də, ümid edirəm ki, Azərbaycan ÜTT-yə üzv olacaq.Təbii ki, ölkəmizin bu mötəbər quruma üzv olması, respublikamız üçün əhəmiyyətlidir. Azərbaycan bir çox beynəlxalq qurumların üzvüdür. Eləcə də adıçəkilən təşkilata üzv olması bayaq qeyd etdiyim kimi, müsbət bir iş olar.
-Azərbaycan qazının gələn il Avropaya satılacağı bildirilir. Bunu ölkəmizin siyasi və iqtisadi nailiyyəti hesab etmək olarmı?
- Təbii ki, bu, ölkəmizin nailiyyətidir. Azərbaycan nefti dünya bazarına çıxarılır. Sözsüz ki, bütün bunlar, bu uğurlar ümumilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Onun neft strategiyasının nəticəsində ölkə büdcəsi neft sektorundan milyardlarla gəlir əldə edir. Respublikada neftlə yanaşı, qaz da hasil olunur ki, bu da imkan verir ki, Azərbaycan qazı dünya bazarına ixrac edilsin. Yaxın gələcəkdə bu məsələnin reallaşması inkişaf edən iqtisadiyyatımızın daha da güclənməsinə səbəb olacaq.