- Nizami bəy, Ali Məclisin yığıncağında müəyyən qalmaqallara səbəb olan böyük olaylar yaşandı. Zəminə Dünyamalıyeva lider müşaviriliyindən uzaqaqlaşdırıldı. Eyni zamanda, sədr təyinatı həyata keçirildi. Bütün bunlarla bağlı nə deyə bilərsiniz?
- Deməzdim ki, Ali Məclisin yığıncağında qalmaqal baş verib. Sadəcə olaraq, Z.Dünyamalıyeva partiyanın nizamnaməsini kobud şəkildə pozduğuna görə, Ali Məclis onunla bağlı məsələ qaldırdı. Məclisin üzvləri öz narazılığını bildirdi. Təklif olundu ki, nizamnaməni kobud şəkildə pozduğuna görə, Z.Dünyamalıyevanın partiya sıralarında yeri yoxdur. Ona görə də, 57 nəfər məclis üzvü onun partiyadan xaric olunması ilə bağlı lehinə səs verdi. Bundan başqa, iyun ayından Akif Şahbazov partiya sədrliyindən istefa vermişdi. Onun səlahiyyətlərini Ali Məclisin sədri Vaqif Mahmudov yerinə yetirirdi. Partiyanın nizamnaməsinə görə, partiyanın sədri partiya liderinin təqdimatı əsasında Ali Məclisə seçilir. Böyük səs çoxluğu ilə V.Mahmudov "ACP"-nin sədri seçildi. Partiyanın həyatında müəyyən rol oynayıb sonradan partiya əleyhinə çıxma halları ola bilər. Amma bu, o demək deyil ki, Z.Dünyamalıyevanın çıxarılması ilə "ACP"-yə nə isə ziyan dəyib, ya da partiya bununla bağlı nə isə itirib.
- Demokratiyadan, söz azadlığından danışan partiya liderləri bu məsələyə dözümsüzlüklə yanaşır...
- Düşünmürəm ki, burada dözümsüzlük var. Kifayət qədər dözmüşük. Təxminən, bir ildir ki, Z.Dünyamalıeyva mətbuat vasitəsilə bütün siyasi etika normalarını pozaraq, partiya funksionerinə qarşı açıq-aşkar hücuma keçib. Partiya üzvlərini təhqir edib, təbii ki, bu təhqirlərə kifayət qədər partiya funksionerləri dözüb. Bundan əlavə dözməyə məcbur deyildik ki? Z.Dünyamalıyeva dəfələrlə partiya idarə heyətinin dəvət edilib, çox təəssüflər olsun ki, söz versə də, heç bir iclaslara qatılmayıb. Sadəcə olaraq, kənarda duraraq, təhqirlər yağdırıb. Özünüz fikirləşin, burada hansı demokratiyadan danışmaq olar?
- Kişi siyasətçilərin, sizcə, zəif cinsin nümayəndəsi olan qadına qarşı bu qədər ağır qərar verməyinə dəyərmi?
- Siyasətdə, ümumiyyətlə, ictimai həyatda kişi və qadın məsələləri durmur. Əgər sən siyasətlə məşğul olmaq istəyirsənsə, bunun ağırlığını özün hiss etməlisən. Bilməlisən ki, siyasətlə məşğul olmaq hər adamın işi deyil. Bu, o demək deyil ki, siyasətlə məşğul olub, kimisə qadınlığına görə təhqir etməlisən. Ən azından bizdə Azərbaycan qadını fomalaşıb ki, o, daha etik normalara riayət etməlidir, daha sağlam düşüncəli olmalıdır. Çox təəssüflər olsun ki, Zəminə xanım Azərbaycan qadınına yaraşmayan hərəkət etdi. Buna görə təəssüf edirəm.
- V.Mahmudov mətbuata verdiyi açıqlamasında iddia edir ki, Rəsul Quliyev də selektor vasitəsilə toplantıya qatılıb, proseslər barədə öz mövqeyini açıqlayıb. Amma R.Quliyevin agentliklərdən birinə verdiyi açıqlamasında proseslərdə iştirak etmədiyini bildirdi. Bu ziddiyyətli mövqe və fikirləri nə ilə izah edərdiniz?
- Düşünmürəm ki, V.Mahmudov mətbuat vasitəsilə bildirsin ki, lider toplantıya selektor vasitəsilə qoşuldu. Amma R.Quliyev Ali Məclisin üzvlərinə məktub göndərmişdi. Həmin məktubu V.Mahmudov oxudu. Məktubda bildirilirdi ki, mən bundan sonra gənc insanlarla işləyəcəm. Amma indi ola bilər ki, kimsə V.Mahmudovun fikirlərini başqa cür yozubdur.
- Bu informasiya "Yeni Müsavat" qəzetində dərc olunub. "ACP" ilə Müsavat partiyası arasında o qədər də xoşagəlməz qarşıdurma mövcud deyil...
- Düzdür, hər iki partiya arasında heç bir problem yoxdur. Yalnız dəfələrlə bu qəzet "ACP" və funksionerlər arasında iğtişaşlar yaratmaq, onları bir-birlərinin üzərinə qaldırmaqla bu kontekstdə olan yazılar dərc edirlər. Ən azı onu deyə bilərəm ki, iki ilə yaxındır ki, həmin qəzetə müsahibə vermirəm və vermək də istəmirəm. Çox təəssüflər olsun ki, həmin qəzetə verdiyimiz müsahibələr fikirlərimizi başqa cür verirlər, ya da heç dərc etmirlər.
- Maraqlıdır, Rauf Arifoğlunun "ACP"-yə qarşı tutduğu qərəzli mövqeyin fonunda dayanan maraq nədən ibarətdir?
- Bilirsiniz, Rauf Arifoğlu tək "ACP"-yə qarşı deyil, ümumiyyətlə, onun siyasi partiyalara qarşı fikirləri aydındır. "Yeni Müsavat" qəzetində həqiqətə uyğun olmayan informasiyalar dərc olunur. Bunu da, ona görə dərc edirlər ki, qəzet satışa getsin.
- Deməli, R.Arifoğlu "ACP"-ni tənqid etməklə, qəzetinin satışını təşkil edir?
- Tək bizim partiyanı deyil, digər partiyaları da, hakimiyyət strukturunda olanlar haqqında olmayan məlumatları verməklə, qəzetinin satışını təşkil edir. Çox təəssüflər olsun ki, qəzetdə dərc olunan yazıların çoxu həqiqətə uyğun deyil.
- Bu, nə vaxta qədər davam edə bilər?
- Bu cür proseslər tarix boyu olub. Bir çox insanlar var ki, proseslərin bu cür davam etməsinin marağındadır. Amma bu məsələlər uzun çəkmir. Gec-tez bu məsələlər öz yerini tapacaq.
- Nizami bəy, artıq partiyanın da, məclisin də sədri müəyyənləşib. Bundan sonra "ACP" hansı mövqedən dayanacaq?
- Bununla bağlı idarə heyətinin yığıncağı keçiriləcək və ümumi strategiya müəyyənləşəcək. Ümumi strategiyaya uyğun olaraq, fəaliyyətimizi davam etdirəcəyik.
- Ola bilərmi ki, "ACP" "Azadlıq" bloku və "Qarabağ və Respublika Uğurunda Hərəkat"la bir yerdə olsun?
- Təbii ki, sadalanan məsələlərə zaman lazımdır. Zaman keçdikcə, bəlli olacaq ki, harada olacağıq və kiminlə fəaliyyət göstərəcəyik. Bizdə elə xüsusiyyət yoxdur ki, kiminsə qapısında günlərlə gözləyək və yalvaraq ki, bizi qəbul etsin.
- Nəyə görə, AXCP (i), ADP, Müsavat nəyə görə "ACP"-ni qəbul etmir?
- Düşünmürəm ki, onlar bizi qəbul etməsin. Sadəcə olaraq, biz özümüz qərar vermişik ki, heç bir blokda təmsil olunmayaq.