Millət vəkili, "Böyük Quruluş" partiyasının sədri Fazil Mustafanın "Səs" qəzetinə müsahibəsi
- Fazil bəy, ATƏT-in xüsusi missiyasının Laçın dəhlizini ölçdüyü və burada bir sıra araşdırmalar apardığı bildirilir. Sizcə, bu məsələdə ölkəmizin maraqları təmin olunacaqmı?
- ATƏT-in xüsusi missiyası tərəfindən Laçın dəhlizinin ölçülməsi prosesini yalnız kənardan izləmək imkanımız var. Ümid edirəm ki, ATƏT bu işdə Azərbaycanın maraqlarını nəzərə alacaq və bu maraqlara zidd hər hansı bir bəyanat verməyəcəkdir. Laçın dəhlizi ilə bağlı əldə olunacaq nəticələrin Azərbaycan tərəfi ilə paylaşılacağı qənaətindəyəm.
- Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarında hərbi təlimlərə başlamaq cəhdi beynəlxalq normalara sığırmı?
- Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarında hərbi təlimlərə başlaması cəhdləri, təbii ki, beynəlxalq normalara sığmır. Dağlıq Qarabağ münaqişəsi istiqamətində aparılan danışıqlar Azərbaycandan daha çox, beynəlxalq təşkilatların diqtə etdiyi şəkildə gedir. Ona görə də bu məsələdən daha az təhlükə ilə çıxmağı düşünməliyik. Ziyanımıza olan nəticələrlə üzləşməməyimiz üçün Azərbaycanın atılan bütün addımlara çevik reaksiyası olmalıdır.
- Siz indiki məqamda Ermənistan - Türkiyə sərhədlərinin açılmasını real hesab edirsinizmi?
- Ermənistan - Türkiyə sərhədlərinin açılmasını nəzərdə tutan protokolun imzalanması üçün ilkin razılaşmanın əldə olunması rəsmi sənəd deyil. Bu, 6 həftə ərzində baş verən hadisələrin inkişaf trayektoriyasını nəzərdə tutur. Bu planın baş tutacağı təqdirdə, Azərbaycan da məsələyə öz təsirini göstərəcək. Qeyd edim ki, bu məsələdə Rusiya faktoru rol oynayır. Eyni zamanda, Türkiyə artıq aktiv diplomatik addımlar atır. Bunun nəticəsi də yaxın zamanlarda ortaya çıxacaq. Ümidvaram ki, Türkiyə Azərbaycanın maraqlarına zidd addım atmayacaq.
- Fazil bəy, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Bakı ilə Yerevanı birləşdirən magistral yolun çəkilməsi təşəbbüsü ilə çıxış edib. Sizcə, bunun reallaşması mümkündür?
- Əhməd Davudoğlunun yeni təşəbbüsü ölkə mətbuatının diqqət mərkəzindədir. Təşəbbüsdə Bakı-Laçın-Yerevan-Naxçıvan-Ədirnə magistral yolunun çəkilməsi məsələsi ortaya atılıb. Bu cür təkliflər araşdırılmalı və öyrənilməlidir. Burada Azərbaycanın maraqlarına uyğun olan nüanslar olarsa, onlar normal qarşılanmalıdır. Maraqlarımıza uyğun olmayan məsələlərə isə öz sərt mövqeyimizi bildirməliyik.
- Amerikada baş verən 11 sentyabr terror hadisəsindən 8 il ötür. Bu barədə nə deyə bilərsiniz?
- 11 sentyabr tarixində Amerikada baş verən terror hadisəsi yeni dünya vəziyyətinin formalaşmasına təkan verdi. Bunun nə qədər təbii, nə qədər süni olduğunu araşdırmaq tarixçilərin üzərinə düşür. Amma bütün hallarda hadisədən ən böyük ziyan müsəlman dünyasına dəydi. Bu hadisə antiterror adı altında Amerikanın dünyaya yeni təzyiq mexanizmini formalaşdırmasına imkan yaratdı. Bu hadisə Amerikanın aqressivləşməsinə ciddi əsas oldu. Belə olan halda, hadisə nəticəsində müsəlman dövlətlərinə qarşı Qərbin soyuq münasibətinin uzun müddət davam edəcəyini qeyd etdi. Barışıq mexanizminin nəzərdə tutulmadığı görünür. Bu, çox acınacaqlı bir haldır. Amerika Prezidenti Barak Obamanın da müsəlman dövlətlərinə barışıq elan etməsi və əməkdaşlığa üstünlük verdiyini bildirməsi deklorasiyadan başqa bir şey deyil. Ona görə də, vəziyyətin dəyişməsi üçün hər hansı bir yenilik nəzərdə tutulmur.