- Ermənistan - Türkiyə sərhədlərinin açılması ilə bağlı protokolun imzalanması istiqamətində ilkin razılaşma əldə olunub. Sizcə, sərhədlərin açılması nə dərəcədə realdır?
- Razılaşma diplomatik münasibətlərin qurulması və ikitərəfli əlaqələrin inkişafı ilə bağlı olan protokolların imzalanmasını nəzərdə tutur. Hələlik, Ermənistanla Türkiyə arasında daxili siyasi məsləhətləşmələrlə bağlı razılaşma əldə edilib. Bu məsləhətləşmələr isə 6 həftə ərzində aparılacaq. Bunun ardınca isə protokollar imzalanmalıdır. Ermənistanla Türkiyə arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi ilə bağlı olan protokolda isə ratifikasiya edildikdən sonra 2 ay ərzində sərhədlərin açılması nəzərdə tutulur. Bu nöqteyi-nəzərdən, sərhədlərin açılması gözləniləndir. Lakin atılan bütün addımlarla bağlı Türkiyə rəhbərliyinin Azərbaycan tərəfini məlumatlandırmasını, Prezident İlham Əliyevlə mütəmadi telefon danışıqlarının aparılmasını və xarici işlər nazirləri müavinlərinin Bakıya gəlməsini müsbət hal kimi qiymətləndirirəm.
Sərhədlərin açılması ilə yanaşı, 5 rayonun Azərbaycana qaytarılması ilə bağlı proses gedir. Ancaq nəzərdə tutulandan fərqli formada sərhədlərin açılması Azərbaycan - Türkiyə münasibətlərinə xoşagəlməz nüanslar əlavə edəcək. Rəsmi Ankaranın davranışı hadisələrin bu cür xoşagəlməz ssenari üzrə inkişafının gözlənilmədiyini təsdiq edir.
- Oktyabr ayında Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində növbəti görüşü keçiriləcək. Görüşün perspektivini necə qiymətləndirirsiniz?
- Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Kişinyovda keçirilən görüşünə böyük ümidlər var. Bu görüşdə Madrid prinsiplərinin yeni versiyası ilə bağlı razılaşmanın olacağı bildirilir. Həmçinin, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun yeni təşəbbüsü də diqqətçəkəndir. Ə.Davudoğlunun yeni təşəbbüsü Bakı-Laçın-Yerevan-Naxçıvan-Ədirnə magistral yolunun çəkilməsidir. Bu təşəbbüsün reallaşması Azərbaycanın işğal olunmuş əraziləri azad olunduqdan sonra mümkündür. İsveçdə xarici işlər nazirlərinin görüşündə irəli sürülən bu təşəbbüs Finlandiyanın xarici işlər naziri və Avropa Birliyi tərəfindən dəstəklənib. Hətta Ermənistan da bu təklifdən məmnun qalıb.
Bu baxımdan, Kişinyov görüşündə münaqişənin tənzimlənməsi istiqamətində razılaşmanın əldə olunacağı mümkündür. Əsas ümidlər isə Madrid prinsiplərinin 2009-cu ilin sonuna kimi qəbul olunmasıdır.
- Elman müəllim, ATƏT-in xüsusi missiyası Laçın dəhlizini ölçmək üçün bu əraziyə səfər edib. Sizcə, bu məsələdə ölkəmizin maraqları təmin olunacaqmı?
- ATƏT-in xüsusi missiyasının Laçın dəhlizinin enini ölçməsi ilə bağlı məlumatı ilk dəfə Türkiyə mətbuatı yayıb. Bu məlumat artıq öz təsdiqini tapmaqdadır. Türkiyə mətbuatı qeyd edir ki, bu proses bütövlükdə Ermənistan - Türkiyə danışıqlarının tərkib hissəsidir və əslində, sülh prosesinə xidmət edir. ATƏT-in xüsusi missiyasının Laçın dəhlizini ölçmə işlərinə başlaması problemin tənzimlənməsi istiqamətində ciddi addımdır. Xüsusilə, oktyabr ayının əvvəllərində Kişinyovda keçirilən MDB sammitində bu istiqamətdə ciddi addımların atılması haqqında nüfuzlu informasiya vasitələrində məlumatlar yayılmışdı. Bu məsələ ilə bağlı razılaşmalar var. Hətta Azərbaycan Prezidenti İlham Əliyevin belə bir bəyanatı var ki, Azərbaycan problemin tənzimlənməsi istiqamətində müəyyən güzəştlərə hazırdır. Güzəştlərdən biri Dağlıq Qarabağa Azərbaycanın tərkibində olmaqla ən yüksək statusun verilməsi və Ermənistanla Laçın dəhlizi arasında quru nəqliyyatın yaradılmasına razılığın verilməsidir.
Bunun üçün Laçın dəhlizinin ölçülməsi ilə bağlı müəyyən anlaşma var. ATƏT-in xüsusi missiyası da məhz bu anlaşma kontekstində Laçın dəhlizində ölçmələrə başlayıb. Bu ölçməni kosmosdan həyata keçirmək də mümkündür və bu işə xüsusi missiyanın cəlb olunması təəccübdoğurucudur.
Dağlıq Qarabağ probleminin həlli ilə beynəlxalq təşkilat kimi ATƏT məşğuldur və istənilən detala öz imzasını atmaq istəyir. Laçın dəhlizinə xüsusi missiyanın göndərilməsi də həmin məntiqdən qaynaqlanır.
- Bəzi beynəlxalq qurumların Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində səylərini artırdığı bir vaxtda Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarında hərbi təlimlərə başlaması beynəlxalq normalara nə dərəcədə sığışır?
- Diplomatik uğurlar o vaxt effektiv olur ki, onun arxasında müəyyən hərbi güc dayanır. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı diplomatik danışıqların çox intensiv xarakter aldığı və tənzimlənmə prosesində irəliləyişin gözlənildiyi bir məqamda, Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində hərbi təlimlərə başlaması onun öz mövqeyini möhkəmləndirmək istəməsindən qaynaqlanır. Ermənistan bununla diplomatik danışıqların effekt verməyəcəyi halda, digər vasitələrə əl atacağını göstərmək fikrində olduğunu nümayiş etdirir. Ancaq Azərbaycanın hərbi imkanları Ermənistandan qat-qat güclüdür. Yəni, məsələnin güc yolu ilə həllinə gəldikdə, bunu daha çox Azərbaycan edə bilər.
Ermənistan tərəfi həmişə Azərbaycanın günü-gündən güclənməsindən və dövlət büdcəsindən hərbi sahəyə ayrılan vəsaitin artırılmasından narahat olub. Bununla da Ermənistan guya Azərbaycanın sülh danışıqları apardığı bir vaxtda müharibəyə hazırlaşdığı haqqında süni görüntü yaradır.
Qarşıdan Astana görüşü gəlir və İran istisna olmaqla 4 Xəzəryanı ölkənin prezidentləri bu danışıqlarda iştirak edəcəklər. Belə bir vəziyyətdə Türkmənistan prezidentinin daha çox qeyri-diplomatik manevrlər edərək, Xəzərdə özünün hərbi bazasının yaradılması ilə bağlı bəyanatlar verməsi müşahidə olunur. Ermənistanın bu davranışı da eyni məzmun kəsb edir.