PDF Oxu

Müsahibə

  • 9

Azərbaycan erməni terrorundan əziyyət çəkən dövlətdir

Azərbaycan erməni terrorundan əziyyət çəkən dövlətdir
- Zahid müəllim, bildiyiniz kimi, ABŞ-da törədilən 11 sentyabr terroru dünyada antiterror koalisiyasının yaranmasını zəruri etdi. Sizcə, ötən müddət ərzində bu koalisiya qarşısına qoyduğu məqsədə nail oldumu, ümumilikdə isə, bu olaylar dünyada nəyi sübut etdi?
- 11 sentyabr olayları bütün dünyanı sarsıtdı. Çünki həqiqətən də, terrorun o dövrdə nə dərəcədə dəhşətli, qorxunc olduğunu hər kəs bilməkdə idi. Amma daha böyük bir miqyasda və ağılasığmaz bir formada terror olayının həyata keçirilməsi dünya ictimaiyyətinin, dünya dövlətlərinin diqqətini terrorla mübarizəyə yönəltmiş oldu. Şübhəsiz ki, birinci növbədə, o məsələ aşkara çıxdı ki, ən qabaqcıl texnologiyaya informasiya sistemlərinə, həmçinin, məxfi xidmət orqanlarına malik olan ölkələr belə terrorun zərbəsindən tamamilə sığortalanmayıb. Bu dönəmdə dünyanın birgə gücü ilə hədəfə doğru gedilirsə, o zaman terror, sözün həqiqi mənasında, dünyada böyük üstünlüyə malik olacaq. Bu isə, bəşəriyyətə qarşı böyük və ağır fəsadların dərinləşməsinə səbəb olacaqdır. Bunun üçün də, ilk növbədə, terrorun əleyhinə böyük koalisiyaların formalaşdırılması üçün addımlar atıldı. Lakin məlum terror hadisəsi baş verən gündən indiyə qədər ağır olay və orada həlak olan insanlar, onların taleləri və ailələrinin, yaxınlarının çəkdiyi əziyyətə, məruz qaldığı faciənin miqyası haqqında düşünmək olurdusa, eyni zamanda, buna paralel ikinci bir məsələ narahatçılıq doğurmaqda idi. Bu da ondan ibarətdir ki, hər bir halda terror özünəməxsus ideologiyaya malik olur.
Terrora qarşı mübarizə üçün koalisiya formalaşdırıldı və ilk addımlarda da Azərbaycan həmin koalisiyalarda mühüm yer tutmağa başladı. Əfqanıstan üzərində həyata keçirilən, xüsusilə də, talibləri məhv etmək üçün reallaşan antiterror əməliyyatları sırasında ölkəmiz yer almış oldu. İlk dönəmlərdə çox böyük işlər həyata keçirildi. Həmin dövrdə taliblər Əfqanıstanda bütövlükdə hakimiyyəti ələ keçirmişdi və bu ölkənin uzun onilliklər, yüzilliklər ərzində dövlətçiliyinin formalaşmamasında, xalqın normal yaşamamasında mənfi rolu olmuşdu. Taliblər dövründə dövlət daha artıq dərəcədə narkoticarət və minimal büdcənin 90%-inin heroin və digər narkotik məhsullar əsasında formalaşmışdır. Nəticədə dövlət quruculuğuna son verilmiş oldu. Şübhəsiz ki, ilk dönəmlərdə taliblərə qarşı həyata keçirilən əməliyyatlar ciddi nəticələrini vermiş oldu. Lakin terrorun bir xüsusiyyəti də var ki, bu, konkret bir dövlət və ya konkret bir ərazi deyil. Terror ən müxtəlif ərazilərə yayıla bilir, ən müxtəlif tərzlərdə özünün formasını qura bilir. Elə terrora qarşı mübarizənin də mürəkkəbliyi bundan ibarətdir. Bundan sonrakı dönəmdə paralel olaraq, ən müxtəlif tədbirlər həyata keçirildi. Yəni, təkcə terrora qarşı koalisiya yaradılmadı, eyni zamanda, hüquq müstəvisində işlər həyata keçirildi. Antiterror fəaliyyətini özündə ehtiva edən qanunvericilik aktları yenidən işləndi. Terroru maliyyələşdirən mənbələrlə bağlı, çirkli pulların yuyulması, müxtəlif şübhə doğuran iqtisadi mənbələr məhv edildi. Bir sıra antiterror mərkəzləri yaradıldı. Eyni zamanda, xüsusi xidmət orqanları arasında işbirliyi daha da gücləndirildi. Ölkələrə gediş-gəliş məsələlərində sərtləşmələr yaradıldı və digər mühüm addımlar atıldı.
- 11 sentyabr hadisəsi taliblərin Qərbə olan nifrətinin hüdudsuz olduğunu göstərdimi?
- Bu nifrət güclü-gücsüz olmasından asılı olmayaraq, heç bir halın yaranmasına imkan vermir. Heç bir halda vandal hərəkətlərlə ən xoşməramlı istəyini belə gerçəkləşdirmək bəraət ala bilməz. Taliblərin içərisində olanlar, Üsəma bin Laden başda olmaqla, bunu islam cihadı, islam düşmənlərinə qarşı mübarizə, keçmiş səlib yürüşünü davam edənlərə qarşı addımlar, dünyada islam əsaslı dünya dövlətlərinin quruculuğu və s kimi adlarla elan edirdilər. Bununla bağlı çoxlu qurumlar yaradıblar, əslində isə, onlar isalama qarşı daha böyük təhlükəlini törədirlər. Çünki islamı bu cür mahiyyətlə eyniləşdirmək, onun fəlsəfəsinə, fundamental prinsiplərinə ziddir. Cihadı Peyğəmbər Əleyhisalam bu cür vasitələrlə həyata keçirməyi buyurmayıbdır. O cümlədən, nifrəti həyata keçirərkən, bu cür kamikadzelər hazırlamaq, fanatlar yetişdirmək və bu cür ölüm fədailəri vasitəsi ilə mübarizə aparmağı alqışlamaq olmaz.
- Taliblərin bütövlükdə atmış olduğu addımlar Qərb dövlətlərini çəkindirdimi?
- Əksinə, Qərb daha geniş əraziləri ələ keçirmək üçün mübarizəyə başladı. Yəni, beləliklə də, taliblər öz məqsədlərinə çatmadılar. Eyni zamanda, bir sıra müsəlman ölkələrini böyük zərbələr altında qoymuş oldular. Bu gün də ayrı-ayrı ölkələr bunun acısını yaşamaqdadırlar.
- Terror pislənildiyi kimi, terrora qarşı mübarizə adı altında ölkələrin ərazilərini işğal etmək də pislənilməlidir. Bu mənada, Qərbin Əfqanıstanda və İraqda keçirdiyi əməliyyatları necə qiymətləndirmək olar?
- Məsələ ondadır ki, biz də terror vasitəsi ilə Azərbaycan torpaqlarının işğal faktını pisləyirik, lənətləyirik. İraq və Əfqanıstan məsələsinə yanaşmada isə, xeyli fərqli mövqelər ortaya çıxır. Bir tərəfdən, şübhəsiz ki, İraqda Səddam Hüseyn diktator idi və öz xalqı üçün ancaq bəlalar gətirmişdi. Həmçinin, qeyd etdiyimiz kimi, Əfqanıstanın real durumu da bu cür idi. Bu, başqa məsələdir ki, həmin diktatorlar "Taliban" rejiminin fəaliyyətinə ilk dönəmdə son qoyulduqdan sonra, orada pro-Amerikan, pro-Qərb rejimlərini formalaşdırmaq istənilə bilər. Lakin ilk dönəmlərdə, həyata keçirilən addımları da pisləmək mövqeyində olanların dşüncələri ilə razılaşmaq olmaz. Açıq şəkildə isə, İraq üzərinə hərəkatın məqbulluğu mümkün idi. Belə olan təqdirdə də, Azərbaycanın orada sülhməramlı kontingentinin iştirakı əsaslandırıldı. Əfqanıstanda da, həmçinin, analoji addımlar atılaraq Azərbaycan taqımı sülhməramlı missiyanı yerinə yetirir. Ona görə də, məsələyə yanaşmada, bəzən islam həmrəyliyi məsələsini xeyli bəsitləşdirmək və bununla İraqın, Əfqanıstanın halına yanırmış kimi bir mövqe tutmaq, hətta burada Fələstinlə eyniləşdirmə aparmaq da olardı. Guya islam ölkələri üzərinə yürüş edilir və s. Amma bir məsələni də unutmaq olmaz ki, terror pisdirsə, bu, bütün hallarda, bütün qüvvələrin timsalında həyata keçiriləndə, pisdir. Terrora münasibət müxtəlif standartlarla müşayiət oluna bilməz. Üsamə bin Laden pisdirsə, Daşnaküstunun terroru, "Qılçaqı" da və digər terror qrupları da, "Erməni Milli Hərəkatı", "Erməni Azadlıq Hərəkatı", "Erməni Azadlıq Ordusu" kimi onlarla terror təşkilatlar da pisdir. Yəni, bir terrorçu "yaxşı" olub, digəri pis ola bilməz. Ona görə, terrora qarşı ümumilli dünya mübarizəsi həqiqi məqsədinə çatmayıb və həqiqi nəticələr əldə eləməyibdir. Bunun üçün də, bildiririk ki, Azərbaycanın bu antiterror koalisiyasında yer alması həm də, o, demək idi ki, bizim bölgələrimizdə də terror təhlükələrinə qarşı fəal şəkildə mübarizə aparılmalıdır.
- ABŞ zərbə aldığı taliblərə qarşı əks-zərbə endirdi. Bu mənada, Azərbaycan da terrordan əziyyət çəkən dövlət olaraq, antiterror koalisiyasında iştirak edən dövlətlərin köməyi ilə terrorçuların zərərsizləşdirilməsi prosesini həyata keçirə bilərmi?
- Məsələnin də əsil mahiyyəti ondadır ki, Azərbaycan ərazisinin işğalının reallıqda davam etməsini iki dövlət arasındakı müharibə kimi təsvir edənlər unudurlar ki, burada terror əməllərinin şəbəkəsi kifayət dərəcədə genişdir. Biz beynəlxalq sənədlərə bunu daxil etdirmişik ki, 32 terror aktı və iki min insanın qətlə yetirilməsi müharibə dövrünün nəticələridir. Yəni, dünyada terrora qarşı mübarizə var və biz də bundan bəhrələnərək, məsələni sadəcə öz maraqlarımız çərçivəsində gerçəkləşdirmək hüququndayıq. İkinci bir tərəfdən də, necə ola bilər ki, məsələn, Suriyanın, keçmişdə İraqın və Şimali Koreyanın, o cümlədən, İranın adı dəfələrlə terroru maliyyələşdirən ölkələr sırasında çəkilir, amma Azərbaycan onlarla erməni terror təşkilatının Ermənistan tərəfindən maliyyələşdirilməsini sənədlərlə ortalığa qoyduğu halda, buna münasibət bildirilmir. Yəni, antiterror əməliyyatı ermənilərin başlıca amalıdır deyə, buna qərar vermirlər. Bu, başadüşülən deyil. Bir çoxları beynəlxalq hüquqi sənədlərdə terrorun dəqiq təsviri verilmədiyini əsas gətirərək, Azərbaycanın sözünü təsdiq etmir. Belə olan təqdirdə, biz də, "Taliban"ı və başqalarını həmin ada layiq görməyə bilərik. Halbuki "Taliban"ın terror təşkilatı olduğu bəllidir. Yəni dərələrə çəkilən, dünya sivilizasiyasından uzaq olan, dünyaya yalnız silahın gözü ilə baxan, məktəb tanımayan, heç öz dilinin özünü minimal səviyyədə bilməyən qüvvələrin fəaliyyəti, heç şübhəsiz ki, terrordur. Məgər Daşnaküstunun, Haydadın, Qılçağın və başqalarının həyata keçirdikləri "Taliban"ınkından nə ilə fərqlənir ki? Sadəcə olaraq, bunlar ABŞ-ı hədəf seçməyiblər, Azərbaycanı hədəf seçiblər. Fərq varmı? Biz Rusiyanı, Rusiyanın timsalında yaradılmış antiterror mərkəzini qeyri-obyektivlikdə qınayırıq ki, bu mərkəz səmərəli işləmir. Yeri gəlmişkən, qeyd edim ki, 2003-cü ildə həmin mərkəz yaradılıb, onun geniş ofisi formalaşıb, Azərbaycan da həmin mərkəzdə təmsil olunmaqdadır. Hətta bir neçə sənəd də ratifikasiya olunubdur. Orada istənilən terror mənbələrinə qarşı mübarizə özünü ehtiva edir. Rusiya buna qarşı ən minimal səviyyəli addımlar da atmır. Amma Rusiyanın qərargah rəisi Alek Daliyevski bildirir ki, Rusiya maraqlarına təhlükə yaradan hər hansı mənbə olursa-olsun, hansı ölkənin ərazisində olub-olmamasından asılı olmayaraq, biz ona qarşı hərbi əməliyyatlar keçirəcəyik. Buradan belə aydın olur ki, demək, özünə qarşı təhlükə-təhlükədir. Amma Azərbaycanla digər ölkələr ki, antiterror şəbəkəsinin üzvüdürlər, bunlara qarşı təhlükə, Rusiya tərəfindən təhlükə sayılmır. ABŞ-ın, Qərbin və Rusiyanın bu məsələdə tutduğu mövqe tamamilə eynidir. Demək ki, terrora münasibətdə beynəlxalq güclərin, regional güclərin xüsusi yanaşmaları var. Məhz bu da, terroru şəbəkələndirir, terrora stimul verir və ona qarşı mübarizəni çətinləşdirir, gələcəkdə daha gözlənilməz cinahlardan zərbələr endirməsinə imkanlar açır.
- Zahid müəllim, Azərbaycan antiterror əməliyyatlarına başlasa, hansı dövlətlər ölkəmizə konkret olaraq hərbi və ya siyasi dəstək verə bilər?
- Antiterror əməliyyatlarının həyata keçirilməsi üçün Azərbaycan bütün mənalarda siyasi, informativ müstəvidə Ermənistanın terrorçu bir dövlət olduğunu və terroru maliyyələşdirən dövlət olduğunu subuta yetirməlidir. Bu cür siyasi qərarlar alınmadan atılmış addımlar ayrı-ayrı maraqlı beynəlxalq dairələrin əleyhimizə yönəlməsinə səbəb olacaqdır. Eyni zamanda, Ermənistanın Dağlıq Qarabağ üzərində uzun müddətdən bəri planlaşdırdıqları ssenariləri həyata keçirməyə və vandal hərəkətlərini, işğal reallığını siyasi müstəviyə daşımalarına imkan açacaqdır. Çünki Türkiyə bu gün həqiqətdə PKK-ya qarşı real hərbi əməliyyatlar həyata keçirir. Bir tərəfdən buna Türkiyənin böyük hərbi gücü imkan verir, digər tərəfdən isə, PKK-nın məhz terror təşkilatı kimi tanıtdırması buna imkan verib. Əks halda, hələ ilk dönəmlərdə strateji müttəfiq ola-ola ABŞ-ın özü belə bu məsələdə tərəddüdlü mövqeyi sezilirdi. Sonrakı mərhələlərdə müəyyən beynəlxalq prinsiplərdə anlaşma əldə olunduğundan bu sahədə problem olmadı və elektron qurğuların verilməsində, müxtəlif informasiyaların ötütürlüməsində və.s problemlər yaşanmadı. Ona görə də, hesab edirəm ki, hansı ölkələrin bizə müttəfiq olub, hansılarının düşmən münasibət göstərməsini sıralamadan, biz bütün gücümüzlə Ermənistanın həqiqi siyasətinin real mahiyyətini, iç üzünü dünyaya göstərməliyik. Bunu bütün vasitələrlə həyata keçirməliyik.

Digər xəbərlər