“İndiki məqamda Diffomasiya haqqında qanunun qəbulunu erkən sayıram”
Mətbuat Şurasının "reket" jurnalistikaya qarşı mübarizə komissiyası bu cür mətbu orqanlara qarşı ardıcıl iş aparmaqdadır. Artıq 80 nəşrin adı "qara siyahı"ya salınıb və Mətbuat Şurası tərəfindən bu qəzetlərlə bağlı ictimaiyyət məlumatlandırılıb. Hazırda növbəti siyahının hazırlanıb-hazırlanmadığını öyrənmək üçün suallarmızı komissiyanın sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadəyə ünvanladıq.
- Vüqar müəllim, "reket" qəzetlərin yeni siyahısını hazırlamaq üçün nə kimi araşdırmalar aparılır?
- Bu mövsümi iş deyil ki, hər hansı ay, fəsillə məhdudlaşsın, yaxud kampaniya şəklində aparılsın. Mətbuat Şurasına şikayətlər il boyu daxil olur. Bu müraciətlərin bir qismi bilavasitə "reket" jurnalistikaya qarşı mübarizə komissiyasının səlahiyyətləri daxilindədir. İşimiz, qayğılarımız kifayət qədərdir. Əsasən Şuranın Katibliyi ilə birgə araşdırmalar aparırıq. Zəruri hallarda məsələlər Şikayətlər üzrə Komissiyanın müzakirəsinə təqdim edilir. Mediada peşə davranışı ilə bir araya sığmayan hərəkətlər barədə şikayətlər kifayət qədərdir. Bakı şəhəri ilə yanaşı regionlardan da müraciətlər alırıq. "Reket" nəşrlər əsasən büdcə təşkilatlarından, təhsil ocaqlarından, səhiyyə müəssisələrindən "faydalanmağa" üstünlük verirlər. Elə sahibkarkıq obyektərini də rahat buraxmırlar. Araşdırmalardan sonra komissiya müvafiq sənədləri və yekun rəyini MŞ İdarə Heyətinə təqdim edir. Son siyahıdakı 80 "reket" nəşrin adı ictimaiyyətə tanışdır. Yaxın vaxtlarda bu siyahıya yeni adlar əlavə olunacaq. Komissiya bununla əlaqədar 20-dən çox qəzetlə bağlı müraciəti nəzərdən keçirir. Təbiidir ki, yekun söz, qərar İdarə Heyətinə məxsusdur. Hələlik adları açıqlamırıq.
- Diffommasiya haqqında qanunun müzakirəsi, onun qəbulu ilə bağlı məsələyə sizin münasibətiniz necədir?
- Mən həm qəzet redaktoru, həm də vətəndaş kimi indiki məqamda birmənalı şəkildə həmin qanunun qəbulunun erkən olduğunu düşünürəm. Təbii ki, Avropaya inteqrasiya yolu tutan ölkədə nə vaxtsa onun qəbulu mümkündür. Amma zənnimcə, mediamız və jurnalistlərimiz buna hazır olmalıdır. Biz ilk növbədə vətəndaşıq və insanlarımızın təhqir olunmasının, şəxsi həyata müdaxilə hallarının qarşısını almağa çalışmalıyıq. Təəssüf ki, Azərbaycan mətbuatında insanlara böhtan atmaq, təhqir etmək, onların şərəf və ləyaqətini alçatmaq kimi hallar kifayət qədərdir. Biz vətəndaş cəmiyyəti quruculuğu prosesini dərinləşdiririk. Bu prosesdə insan şərəf və ləyaqətinə hörmət başlıca amil kimi fəaliyyətimizin əsasını təşkil etməlidir.
- Jurnalistikaya qeyri peşələrdən gələnlər üçün treninqlərin keçirilməsi fikrinə münasibətiniz necədir?
- Təkcə qeyri peşələrdən gələnlərdə deyil, jurnalistika fakültəsini bitirənlər arasında da peşəkarlıq və müasir standartlarla ayaqlaşma baxımından problemlər var. Ona görə də treninqlərin, müxtəlif ixtisasartırma kurslarının təşkili zəruridir.