Azərbaycanda sosial inkişaf davamlı xarakter alıb
- Hadi müəllim, artıq parlamentarilərin yay tətili başa çatmaqdadır. Öncə bilmək istərdik ki, bu dövrü necə keçirdiniz?
- Ümumiyyətlə, Azərbaycanda qanunvericilik sahəsində çox əhəmiyyətli işlər görülüb və bütün istiqamətlərdə mükəmməl hüquqi baza yaradılıb. Təbii ki, gərgin iş rejimindən sonra parlamentarilərin də tətilə çıxması qanunauyğun haldır. Bütün dünya parlamentlərinin yay tətili olur və yay tətili dövründə parlamentlər bir az istirahət edirlər və eyni zamanda, seçicilərlə də görüşürlər. Bu baxımdan mən də bu ənənələrə sadiq qalmışam. Çox kiçik müddətdə - ailəmlə birgə 2 həftəlik istirahətdə olmuşam və bundan sonra isə seçicilərimin, cəmiyyətin içərisindəyəm.
- Qarşıda sizi yəqin ki, gərgin iş rejimi gözləyir...
- Bəli, yaxın vaxtlarda siyasi fəallaşma dövrü başlayacaq. Bilirsiniz ki, dekabr ayında ölkəmizdə bələdiyyə seçkiləri keçiriləcək. Siyasi mübarizənin kulminasiyası seçkilər zamanı olur. Yəni siyasi partiyalar digər ictimai qurumlardan onunla fərqlənirlər ki, hakimiyyət uğrunda mübarizə aparırlar. Hakimiyyətin də bir qolu özünüidarə sistemidir və özünüidarə sisteminə seçkilər də ciddi mübarizə şəraitində keçəcək. Onu da qeyd etmək lazımdır ki, həmişə bələdiyyə seçkilərində fəallıq digər seçkilərlə müqayisədə zəif olur. Bu, cəmiyyətin yerli özünüidarə sisteminə verdiyi qiymətdən asılıdır. Əlbəttə, bu sistem Azərbaycanda yeni yaradılıb, cəmiyyət onu tam qəbul edə bilmir, bələdiyyələrin özündə də təcrübəsizlik var. Bələdiyyələr, hələlik, cəmiyyətdə bizim düşündüyümüz və demokratik cəmiyyətin vacib atributu olan özünüidarə sisteminin tələblərinə lazım olan səviyyədə cavab vermir. Bu da bələdiyyə seçkilərinə marağın qismən zəif olması ilə şərtlənir. Dünyada libertarizm adlanan siyasi texnologiya var. Bu, cəmiyyətin elə cəmiyyət tərəfindən idarə olunması deməkdir. Demokratik cəmiyyətlərdə bələdiyyələr icra orqanlarından daha çox funksiya yerinə yetirirlər. Amma ölkəmizdə hazırda adi kəndlərin icra nümayəndələri də əmrlə təsdiq olunan şəxslərdir. Azərbaycanda icra hakimiyyətlərinin səlahiyyətləri bələdiyyələrlə müqayisədə daha çoxdur. Bu da keçid dövrü üçün qanunauyğun haldır. Gələcəkdə isə tədricən bələdiyyələrin səlahiyyətləri artırılacaq.
- Siz siyasi fəallaşmadan danışdınız. Bütövlükdə, Azərbaycanda İlham Əliyev dövlət quruculuğunun hansı özəllikləri var ki, bu siyasi fəallaşmaya təkan verir? Hansı özəlliklər cəmiyyətin inkişafında başlıca rol oynayır?
- Əlbəttə, ilk növbədə, onu deməliyik ki, Azərbaycanda siyasi varislik prinsipi saxlanılıb. Heydər Əliyev dühasının qurduğu Azərbaycan bu bazanın üzərində inkişaf edir. Özəlliklərdən çox danışmaq olar. Amma bu özəlliklərin bünövrəsində Heydər Əliyev siyasəti dayanır. Bu baş xəttin əsasında da yeni istiqamətlər, texnologiyalar özünü göstərməyə başlayıb. Bunun səbəblərindən biri odur ki, zamanın özü bəzi məsələləri diqtə edir. İkinci əsas məqam bundan ibarətdir ki, Azərbaycan hakimiyyəti möhkəmdir, güclüdür. Azərbaycan müstəqillik yolunda inamla irəliləyir, dünyada özünəməxsus yer tutub. Bütün bunlar dövlət quruculuğunda yeni addımların atılmasını özündə ehtiva edir.
Bu baxımdan, Prezident İlham Əliyevin dövlət quruculuğunun bir neçə özəlliklərini vurğulamaq istəyirəm. Hazırda iki istiqamət, bütövlükdə, Azərbaycanda geniş vüsət alıb. Birincisi, cəmiyyətin demokratikləşməsi prosesi, ikincisi, iqtisadiyyatın liberallaşması prosesidir. Hər iki məsələdə dərinləşmə gedib, təməl prinsipləri üzərində addımlar atılıb. Bu iki istiqamət İlham Əliyev dövlət quruculuğunun baş xətləridir. Özəlliyin birincisi nədir? İdarəetmədə məmur-vətəndaş ünsiyyətinin azalması istiqamətində daim işlər gedib. Məsələn, Azərbaycanda hər rayonda vergi müfəttişliyi var idi. Son beş ildə isə bu qurumlar regionlar üzrə fəaliyyət göstərməkdədir. Belə təcrübə digər sahələrdə də var. Yəni məmur-vətəndaş ünsiyyəti azalıb. Məmur azalıb, amma idarəetmə təkmilləşib, onun səmərəsi artıb. Bu baxımdan, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı da həmin bu xəttin əsasını təşkil edir. Bir sözlə, İlham Əliyev dövlət qurucluğunun yeni addımlarından biri regional idarəetməyə keçməkdir. Hesab edirəm ki, bu proses gələcəkdə daha da təkmilləşəcək və özünü digər sahələrdə də göstərəcək. Bu gün regionlarda müxtəlif sahələri əhatə edən yeni infrastrukturlar yaradılır. Hazırda da insanların axını Bakı şəhərində deyil, regionlaradır. Bu da Bakını böyük miqrasiyadan qoruya bilər. Ümumiyyətlə, bu barədə çox danışmaq olar. Hesab edirəm ki, gələcəkdə alimlərimiz sosial idarəetmənin İlham Əliyev prinsiplərini hələ öyrənəcəklər.
İlham Əliyev dövlət quruculuğunda bir texnologiya da sosial maraqların aqreqasiyası prinsipidir. Bu, o deməkdir ki, bir sosial problem aradan qaldırılır və problem həll ediləndə onunla yanaşı 20-30 problem də öz həllini tapır. Bunlardan biri yeni iş yerlərinin yaradılmasıdır. Bu proses bank-kredit sisteminin formalaşmasında, yeni yolların çəkilməsi də, rayonlarda infrastrukturların yaradılmasında özünü göstərir. Regionların inkişafı ilə bağlı yeni proqram isə kəndlərin də inkişafını nəzərdə tutur. Yenə də bunların öndə olanı səbəb və nəticə məsələsidir. Görülən işlərin hamısı səbəbin aradan qaldırılmasına yönəlib. Məsələn, böyrək xəstəliklərinin aradan qaldırılması üçün rayonlarda hemodializ texnologiyası tətbiq olunur. Bunun üçün dövlət tərəfindən böyük vəsait xərclənib. İndi xəstəxanalarda belə avadanlıqlar var ki, böyrəklərdə daşı, qanı təmizləyir. Amma bu xəstəliklərin səbəbi öyrənildi və məlum oldu ki, əsas problem sudan yaranır. Ona görə də, bütün bölgələrdə müasir tələblərə cavab verən sutəmizləyici qurğular tətbiq olunur. Beləliklə, biz nəticə ilə mübarizə aparmaqdan çox, səbəbin aradan qaldırılması istiqamətini götürməliyik. İlham Əliyev dövlət quruculuğunun özəlliklərindən biri budur ki, problemlərin səbəbi aradan qaldırılsın.
Əsas məqamlardan biri də sosial müdafə sisteminin gücdəndirilməsidir. Bilirsiniz ki, bu sahə ilə bağlı mühüm dövlət proqramları qəbul olunub və uğurla icra edilməkdədir. Yəni proqramlaşma görülən işlərin sistemli şəkildə həyata keçirilməsində və səmərəli olmasında başlıca rol oynayır. Özəlliyin biri də odur ki, bütün işlər dünya standartlarına uyğun aparılır. Məktəblərin, səhiyyə ocaqlarının, yolların tikintisi və s. yüksək səviyyədə həyata keçirilir.
- Hadi müəllim, siz qeyd etdiniz ki, ölkəmizdə demokratik inkişaf prosesi sürətli xarakter alıb. Amma Azərbaycanda xeyli sayda partiya fəaliyyət göstərsə də, onların əksəriyyəti inkişaf edə bilmir. Siyasi elmlər doktoru kimi bu məsələni nə ilə izah edərdiniz?
- Çoxpartiyalılıq demokratik cəmiyyətlərin çox vacib elementlərindən biridir. 1992-ci ildə hakimiyyətə gələn "bəylər" elə bilirdilər ki, bir gecənin içərisində demokrat olmaq mümkündür. Bu, çox yanlış düşüncə tərzi idi. Azərbaycanda demokratik cəmiyyət quruculuğunun bünövrəsini Ulu Öndər Heydər Əliyev qoyub. Ulu Öndər Heydər Əliyev ölkəmizdə demokratik cəmiyyəti addım-addım yaratdı. Ümummilli Liderimizin düşündüyü demokratik cəmiyyət bu gün formalaşıb inkişaf edir. Hazırda Azərbaycanda 51 siyasi partiya qeydiyyatdan keçərək fəaliyyət göstərir, hakimiyyət uğrunda mübarizə aparır.
Əksliklərin mübarizəsinin vəhdəti inkişafla nəticələnir. Məsələn, ABŞ-da, İngiltərədə, Almaniya kimi dövlətlərdə bir neçə aparıcı partiya var. Bu dövlətlərdə hansı partiya hakimiyyətə gələndə, ona müxalif olan partiya isə özünün kölgə hökumətini qurur. Kölgə hökumət hakimiyyətin fəaliyyətini diqqətdə saxlayır, tənqidi məqamları üzə çıxarır və bununla bağlı cəmiyyəti də məlumatlandırır. Belə olanda, hakimiyyət çalışır ki, nöqsanlara yol verməsin. Nəticədə isə xalq qazanır. Siyasi partiyaların fəaliyyətinin nəticəsi konsensus olmalıdır. Bu olmasa, inkişaf da olmayacaq.
Dediyim kimi Azərbaycanda 51 siyasi partiya fəaliyyət göstərir. Bu gün ölkəmizdə Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi cəmiyyətdə özünü təsdiq edib. YAP fəaliyyətini sistemli şəkildə həyata keçirir, dünyada tətbiq olunan müasir siyasi texnologiyalardan səmərəli istifadə edir. Bütün bunların nəticəsində də partiyamız xalqın inamını qazanıb. Digər partiyalar isə xalqın ürəyindən keçəni deyə bilmirlər. Bunun səbəbi isə siyasi texnologiyalardan düzgün istifadə olunmamasıdır. Dünyada belədir ki, hər hansı partiya seçkidə qələbə qazana bilmirsə, kənara çəkilir. Azərbaycanda isə köhnə partiyalar və onların rəhbərləri hələ də fəaliyyətdədir. Onlar həmişə eyni sözləri deyirlər. Təbii ki, belə vəziyyət cəmiyyətdə qəbul olunmur. Buna görə də, yeni siyasi qüvvələr köhnələri əvəz etməlidir. Onu da vurğulamaq istəyirəm ki, Azərbaycanda müxalifət partiyaları sağlam tənqidə üstünlük vermirlər. Bu səbəbdən də, nöqsanları özümüz üzə çıxarıb, özümüz də aradan qaldırırıq. YAP-da daxili demokratiya inkişaf edir və bunun nəticəsində də partiyamızın gücü daha da artır. YAP-ın təkcə ölkəmizin yox, regionun aparıcı siyasi qüvvəsidir. Hazırda partiyamız bütün dünyada tanınır və beynəlxalq əlaqələri də genişlənir. İnanıram ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası gələcəkdə də böyük uğurlara imza atacaq.
- Yaxın vaxtlarda Milli Məclisin payız sessiyası öz işinə başlayacaq. Rəhbərlik etdiyiniz Sosial siyasət komitəsi hansı qanun layihələrini müzakirəyə təqdim edəcək?
- Ümumiyyətlə, payız sessiyasını, əsasən, büdcə sessiyası adlandırırlar. Çünki bu sessiyada növbəti ilin büdcəsi müzakirə edilir. Amma buna baxmayaraq, sessiyada bir sıra qanun layihələri müzakirəyə təqdim olunacaq. Bütövlükdə, qanun yaradıcılığının yeni dövrü başlanıb. Hazırda qanunlara daha çox əlavə və dəyişikliklər edilir, bununla belə bəzi qanunlar yenidən işləniləcək. Komitəmiz "Sosial xidmət haqqında", "İstehsalatda xəsarət almış insanların sosial müdafiəsi haqqında" qanun layihələri hazırlamaq niyyətindədir. Reproduktiv sağlamlıq haqqında qanun layihəsinə çox ciddi və əlavə dəyişikliklər olacaq.
Eyni zamanda, Ailə Məcəlləsində bir sıra dəyişiklərin edilməsi nəzərdə tutulur. Məsələn, qızların nigah yaş həddi 18 yaşa qaldırılacaq. Ötən il 96 min nigahın 5 mini 18 yaşa qədər olub. Bu, bizi narahat edir. İnsanlar yetkin olmayan yaşda nigah quranda onun fəsadları çox olur.
10 il əvvəl qəbul olunmuş Əmək Məcəlləsində bu müddətdə 51 dəyişiklik edilmişdisə, biz bir dəfəyə, yəni ötən yaz sessiyasında sənədə 53 dəyişiklik etmişik. Bütün bunlar işçilərin hüquqlarını qoruyan dəyişikliklərdir. Bəzilərində isə işə götürənin də mənafeyi qorunur.
"Mərasimlər haqqında" qanun layihəsi də gündəmdədir. Bu məsələ ətrafında uzun müddətdir gərgin müzakirələr gedir. Amma cəmiyyətdə bu məsələyə münasibət birmənalı deyil. Bir qrup insan isə toy və yas mərasimlərinin qanunla tənzimlənməsinin əleyhinə çıxırlar. Buna görə də, komitə qərara gəlib ki, "Mərasimlər haqqında" qanun müzakirəyə təqdim olunmamışdan öncə, "Lisenziyalar haqqında" qanuna dəyişikliklər edilsin. Yəni Mədəniyyət və Turizm Nazirliyinə toy mərasimlərinin keçirildiyi şadlıq evlərini lisenziyalaşdırmaq hüququ verilsin. Biz şadlıq evlərində keçirilən toy mərasimlərindəki israfçılığın, ifratın qarşısını almağın yolunu ancaq bunda görürük. Otellərə lisenziya verilirsə, nə üçün şadlıq evləri üçün bu qayda tətbiq olunmamalıdır?
Sosial siyasət komitəsi "QİÇS haqqında" qüvvədə olan qanunun yenidən işlənməsini də planlaşdırır. Hazırda qüvvədə olan qanun müasir dövrün reallıqlarına və tələblərinə tam cavab vermir. Buna görə də, komitə artıq yeni qanun layihəsinin hazırlanması ilə bağlı ilkin müzakirələr keçirib.
- Bəs dünya iqtisadi böhranının Azərbaycanda sosial layihələrin icrasına hər hansı təsiri olubmu?
- 2008-ci ilin büdcəsi sıçrayışlı inkişaf, sosialyönümlü və investisiya tutumlu büdcə adlanırdı. Builki büdcənin isə adı təmkinli, böhrana davamlı və sosialyönümlü büdcədir. Hazırda dövlət büdcəsinin 30-32 faizi sosial xərclərə yönəlib. Qeyd etməliyəm ki, dünya böhranına baxmayaraq, il ərzində sosial xərclərdə heç bir azalma baş verməyib.