Qubadlının itirilməsindən 16 il keçdi. Azərbaycan cənub-şərqində, Ermənistanla sərhəddə, uca dağlar qoynunda yerləşən Qubadlı 1993-cü ilin avqustunda mühasirə vəziyyətində köməksiz buraxılaraq Ermənistan ordusuna təslim edildi. Bu dövr ərzində işğalın əsil səbəbləri barədə müxtəlif fikirlər səslənsə də, bu günə qədər ictimaiyyətə bu hadisələrdə kimlərin günahkar olduğu qaranlıq qalır. Həmin dövrdə Milli Məclisin deputatı olan Cümşüd Nuriyevin sözlərinə görə, Qubadlı da digər işğal olunmuş rayonlar kimi hakimiyyətdaxili çəkişmələrin qurbanı olub.
- Cümşüd bəy, Qubadlının işğal olunması hansı səbəblərdən baş verdi və həmin günədək ölkədə siyasi-hərbi durum necə idi?
- Həmin dövrdə Rusiya Ayaz Mütəllibovun hakimiyyətə gəlməsinə çalışsa da, ABŞ və Türkiyə buna qarşı çıxırdı. Türkiyədə bəzi qüvvələr vardı ki, onlar Xalq Cəbhəsinin iqtidarda olmasını istəyirdilər. Bu qüvvələrin arxasında isə masonların maraqları dayanırdı. Bütün bunların fonunda müəyyən kanallarla ermənilər, o cümlədən, PKK ilə görüşlər keçirildi. ASALA ilə PKK-nın mövqeləri üst-üstə düşdüyünə görə, ümumi razılaşma əldə olundu.
Kürdlərə Azərbaycan ərazisində "Kürdüstan" dövlətinin yaradılacağı barədə söz verildi. 6 rayonun kürdlərə verilməsi planı var idi. Ümumilikdə, əldə olunan razılaşma ondan ibarət idi ki, Dağlıq Qarabağ ayrıca bir dövlət elan olunur, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Füzuli və Cəbrayıl rayonlarının əsasında isə, "Qızıl Kürdüstan" dövləti yaradılırdı. Bütün bunlar Amerika Birləşmiş Ştatları və Türkiyənin müəyyən dairələrinin marağında olan məsələ idi. Rusiya bu planlardan məlumatlı olduğuna görə, ermənilərin adı ilə həmin ərazilərimizi işğal etdi.
Ümumiyyətlə, həmin dövrdə böyük güclər ABŞ, Rusiya, Türkiyə və İranın Azərbaycanda öz maraqları var idi. Bundan başqa neft layihələrində öz maraqlarını təmin etmək üçün transmilli şirkətlərin və həmin dövlətlərin himayəsində olan terrorçu təşkilatların da hadisələrə təsiri böyük idi.
- Ermənistanla Qarabağ arasında strateji əhəmiyyət daşıyan Qubadlının işğalında əsas rolu kim oynadı?
- Qubadlını ermənilərin əli ilə rus ordusu işğal etdi. Çünki nə PKK-nın, nə də ASALA-nın elə də böyük imkanları yox idi ki, adıçəkilən rayonları işğal etsinlər. Onlar da bilirdilər ki, Qubadlı Ermənistanla Qarabağ arasında əsas strateji ərazilərdən biridir. Qarabağı Ermənistana tam birləşdirmək üçün, ilk növbədə, Laçın, Kəlbəcər və Qubadlını işğal etmək lazım gəlirdi. Qubadlı da bu planın bir həlqəsi idi. Rayon ermənilərə, demək olar ki, döyüşsüz təslim edildi.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, həmin bölgədə ermənilərlə ən bərk vuruşan məhz Qubadlı camaatı olub. Qarabağın bütün bölgələrində qubadlılar vuruşub. Birmənalı şəkildə bu rayonlar Rusiya və ABŞ-ın maraq dairəsində olan Azərbaycanın məsələsinin həll edilməsinin qurbanı oldu. Birləşmiş Millətlər Təşkilatı səviyyəsində söz verilmişdi ki, tezliklə problem həll olunacaq. Bununla bağlı qərar qəbul edilsə də, heç bir məsələ həll olunmadı. Bu da Azərbaycana qarşı ikili standartların tətbiq edilməsini göstərir.
Azərbaycan ərazisində 5-6 etnik dövlətin yaradılması planları var idi. Şimalda ləzgi, şimal-qərbdə avar, cənubda talış, cənub-qərbdə kürd dövlətləri və s. Azərbaycan yalnız Bakı və Şirvan quberniyasından ibarət olaraq qalmalı idi. Bu, bir faktdır. Bir sözlə, Şuşa, Laçın, Ağdam, Qubadlı və eləcə də digər rayonlar siyasətlə yanaşı, bəzilərinin hakimiyyət hərisliyinin qurbanı oldu. Bütün bunların arxasında isə, təbii ki, erməni məkri və rus barmağı dururdu.
Qubadlının işğal olumasını ermənilər həddən artıq çox istəyirdilər, çünki Qubadlı Qarabağla Ermənistan arasında əsas ərazilərdən biri idi. Azərbaycanın bütün bölgələrindən ora könüllü döyüşçülər gəlirdi. Eyni zamanda, orada kifayət qədər ərazini yaxşı tanıyanlar var idi və onlar döyüşçülərimizə kömək edirdilər. Ermənilərə həmin cəbhədə xaricdən çox güclü yardım olunurdu.
Laçın, Şuşa və Kəlbəcər təhvil veriləndən sonra digər rayonların işğalı növbəti bir məsələ idi. Bu məsələlərdə məsuliyyəti öz üzərilərindən atmaq üçün bəziləri Heydər Əliyevi günahlandırırdılar, amma Heydər Əliyev hakimiyyətə gələndə rayonların getməsi məsələsi artıq gündəmdə idi. Bunu heç cür saxlamaq mümkün deyildi. Heydər Əliyev o az vaxtda bircə onu eləyə bildi ki, ordu daxilində qarşıdurmanı aradan qaldırdı.
Eyni zamanda, Azərbaycanın cənubunda da separatizm başlamışdı və Əlikramın batalyonlarının da oradan çəkilməsi, ordu daxilində yaranan qarşıdurmalar təkcə Qubadlının yox, ondan sonra da işğal olunan bütün rayonların itirilməsinin əsas səbəbidir. Heydər Əliyevin hakimiyyətə gəldiyi cəmi iki ay idi və bu müddətdə də ancaq ölkədə ümumi məsələləri nəzarətə götürmək mümkün olmuşdu. Ölkədə tamam özbaşınalıq idi.
- İşğaldan sonra Ağdamın geri qaytarılması üçün mərkəzi hakimiyyət hansı tədbirlər görmüşdü və ümumiyyətlə, mərkəzə tabeçiliyi olan kifayət qədər qüvvələr var idimi ki, onlarla bu əməliyyatı keçirmək mümkün olsun?
- Silahlı Qüvvələrin və hərbi texnikanın yenidən cəbhə bölgəsində cəmləşməməsinin səbəbi ondan ibarətdir ki, Xalq Cəbhəsinin tərkibində olan özünümüdafiə batalyonlarının bir hissəsi bəzi informasiyalar aldı və bu məlumatlardan məlum oldu ki, onların içərisində siyasi maraqlara xidmət edən müəyyən adamlar var. Buna görə də onlar prosesdən kənarlaşdılar.
Yəni, vətən üçün canını qoyan insanların hamısı bu və ya digər şəkildə kənarlaşdırıldı. Əgər o zaman yalnız bir məqsədə, işğal olunmuş torpaqların azad edilməsinə xidmət edilsəydi, tezliklə Qarabağı ermənilərdən geri almaq olardı. Lakin şəxsi ambisiyaların və siyasi maraqların önə çəkilməsi, daxili ziddiyyətlərin artması buna imkan vermədi.
Digər tərəfdən həmin dövrdə Rusiya artıq Ermənistanı tam silahlandırmışdı və Azərbaycan daxilində qarşıdurmanın güclənməsi üçün bütün imkanlardan istifadə edirdi. Onu da nəzərə almaq lazımdır ki, həmin vaxt Azərbaycanda Rusiyanın maraqlarına xidmət edən kifayət qədər fəal qüvvələr mövcud idi. Məhz həmin qüvvələr Rusiyanın Azərbaycanda müəyyən planlarının həyata keçməsinə yardımçı oldular.
Müdafiə naziri Məmmədrəfi Məmmədov təzə gəlmişdi və Azərbaycandakı, həm də ordudakı situasiyanı bilmirdi. Ona görə də, bütün məsələləri Heydər Əliyev özü şəxsən öyrənirdi. Silahlı Qüvvələri vahid mərkəzə tabe etmək və bəzi batalyonların özbaşınalıqların qarşısını almaq üçün Heydər Əliyev onların buraxılmasına əmr verdi. Yəni, bütün bunları görəndən sonra Heydər Əliyev dəhşətə gəlmişdi ki, mənim millətimin arasında bu qədər vəzifəpərəst satqınlar var.
O vaxt bu məsələləri danışmaq olmurdu, çünkü dövlət sirri ilə bağlı idi, amma artıq bunun üstündən kifayət qədər zaman keçib, bəzi şeyləri açıqlamaq olar. Bundan sonra ordu Heydər Əliyevin tam nəzarətinə keçdi ki və artıq 1994-cü ilin əvvəllərində Horadizə qədər ərazi geri alındı. Beyləqan əməliiyatı, Göy-Göl əməliyyatı keçirildi. Bu əməliyyatları həyata keçirəndə Heydər Əliyev gördü ki, müharibəni davam etdirmək üçün ordunun peşəkar hazırlığı və iqtisadi imkanlar da yoxdur.
Və belə qərara gəldi ki, Azərbaycan iqtisadi cəhətdən güclənməlidir. Elə məhz həmin ilin mayında atəşkəs elan olundu, sentyabrında da "Əsrin Müqaviləsi" bağlandı. Yəni ölkə iqtisadiyyatı bərbad vəziyyətdə idi, ölkənin cənubunda və şimalında separatçılar baş qaldırmaq istəyirdi.
Cənubda "Talış-Muğan" Respublikası, şimalda da Ləzgistan məsələsinə həm xaricdən, həm də daxildən dəstək verənlər var idi. Heydər Əliyev görürdü ki, ləzgilərin də, talışların da içində kifayət qədər erməni kəşfiyyatı tərəfindən ələ alınmış adamlar var. Belə bir vəziyyətdə atəşkəsdən başqa yol yox idi.
- Cümşüd bəy, sizcə, Qubadlının işğalında hansı amil daha böyük rol oynadı: xəyanət, yoxsa hərbi-iqtisadi gücsüzlük?
- Daha çox xəyanətin. Hərbi güc var idi. Orda vuruşmağa kifayət qədər güc var idi. Konkret desək, bu, Rusiya hərbi kəşfiyyatının azərbaycanlıların əli etdiyi ən böyük xəyanət idi və Moskva ermənilərə güclü dəstək verməklə bizi cəzalandırdı. Bilirsiniz, Rusiya hərbi kəşfiyyatı kifayət qədər hazırlıq görəndən sonra bu işləri həyata keçirdi. Baxın, rus ordusu Azərbaycandan çıxarıldıqdan sonra ərazilərimizin dalbadal işğalı prosesi baş verdi.
Ona qədər, demək olar ki, ərazi itkisinə yol verməmişdik. Yəni, son nəticədə rus ordusunun Azərbaycandan çıxarılması- baxmayaraq ki, bunu bəziləri böyük qəhrəmanlıq kimi qiymətləndirir- böyük faciələrə yol açdı. Moskva bunu həzm edə bilmədi və Azərbaycanı cəzalandırdı. Rusiya öz ordusunun Azərbaycandan çıxarılmasını bizə bağışlamadı...