PDF Oxu

Müsahibə

  • 13

Xəzəryanı dövlətlər içərisində Azərbaycan yeganə ölkədir ki, Xəzər dənizində ekoloji tarazlığın qorunub saxlanılmasında böyük layihələrlə çıxış edir

Xəzəryanı dövlətlər içərisində Azərbaycan yeganə ölkədir ki, Xəzər dənizində ekoloji tarazlığın qorunub saxlanılmasında böyük layihələrlə çıxış edir
- Hüseyn müəllim, bu yaxınlarda uzaq bir səfərdən qayıtdınız. Sizin başçılıq etdiyiniz Azərbaycan - Afrika ekspediyası dünyanın ən yüksək zirvələrindən biri olan Kilimancaro dağının Uhuru zirvəsinə qədər gedib çıxdı. Səfər təəssüratlarınız necədir?
- Azərbaycan-Afrika ekspedisiyası Tanzaniyanın Aruşa şəhərindən Kilimancaro dağının Uhuru zirvəsinə doğru "Azərbaycan - yeni zirvələrə doğru İlhamla irəli" şüarı altında Bakıdan yola düşmüşdü. Kilimancaro Afrikanın ən hündür dağ massividir və Tanzaniyanın şimal-şərqində yerləşir. 5895 metrlik Uhuru zirvəsi isə Kilimancaro dağındakı Kibo vulkanının ən hündür nöqtəsidir. Bu da dünyanın yeddi qitəsinin ən yüksək zirvələrindən biri hesab edilir. Ekspedisiya Azərbaycan üçün xüsusi əhəmiyyətə malikdir. Bu yürüş elmi, siyasi, idman və rəmzi xarakter daşıyıb və qarşımıza qoyduğumuz bütün məqsədlərə çatdıq. Yürüş zamanı bizdən arxada və yaxud yanaşı gedən ingilis, alman ekstremalları çox təəccüblə baxırdılar. Azərbaycanla bağlı məlumatı olan və olmayanlar da çox təəccüb edirdi. Onlar hesab edirdilər ki, belə ölkələrdə ekstremal səyahətlərə, yürüşlərə önəm verilmir. Almanların, amerikanların "Yaşasın Azərbaycan" deyə bizim ekspedisiya qrupunu salamlamaları bir azərbaycanlı olaraq bizdə böyük qürur hissi yaradırdı. Ekspedisiyanın xüsusi əhəmiyyəti məhz bu şəkildə formalaşan fikirlərin tamamilə dəyişilməsində özünü göstərir. Yürüşün elmi əhəmiyyətinə gəlincə, Azərbaycan-Afrika ekspedisiya qrupunun üzvləri səfər zamanı əvvəlcədən nəzərdə tutulan elmi tədqiqat işlərini də uğurla həyata keçiriblər. Ekspedisiya üzvləri yolboyu Kilimancaro dağındakı unikal Kibo vulkanının üzə çıxardığı yeraltı süxurları, bu ərazidə mövcud olan müxtəlif qiymətli bioloji nümunələri öyrənib, meteoroloji və geoloji müşahidələr aparıblar. Eyni zamanda, ekspedisiya üzvləri qət etdikləri marşrut boyu hər iqlim qurşağında qarşılaşdıqları biomüxtəlifliyi yaxından tədqiq edib, həmçinin, quşlar, məməli heyvanlar və entomofaunaya aid unikal foto-video materiallar toplamağa müvəffəq olublar. Zəngin geoloji məlumatlar toplanılıb. Toplanan məlumatlar əsasında bioloji müxtəlifliyin və unikal vulkanın geologiyası ilə bağlı materiallar hazırlanır. Yəqin ki, 3 ayadək nəticələri ortaya çıxaracağıq.
- Amma bu səfərinə münasibət heç də birmənalı olmadı. Hətta Kilimancaro dağına çıxdığınıza görə tənqid də edildiniz...
- Səfərimizə bu cür yanaşmanın səbəbi məsələnin mahiyyətinin dərk edilməməsi ilə bağlıdır. Mən məzuniyyət dövründə bu səfəri etmişəm. Amma əlbəttə ki, məzuniyyətimi hansısa istirahət məkanlarında da keçirə bilərdim. Yuxarıda qeyd etdiyim kimi, ekspedisiya siyasi, elmi, rəmzi xarakter daşıyıb. Bu səfərlərlə Azərbaycanı dünyaya tanıtmaqla bərabər elm sahəsinə də müəyyən töhfələr verilir. Bir faktı qeyd edim, Norveç 1908-ci ildə müstəqillik qazananda bu dövləti heç kəs tanımırdı. Amma bundan 3 il sonra norveçli Amudsen Cənub Qütbünə qədəm qoyan ilk insan olanda vəziyyət tamamilə dəyişdi. Bu gün Norveçin hansı səviyyədə tanınması hər birimizə bəllidir. Dünyanın kəşf olunmasında norveçlilərin adının xüsusi çəkilməsi bu ölkənin tanınması üçün kifayətdir. Biz də istərdik ki, Azərbaycan haqqında da dünyada daim fikir yüksək olsun.
Bundan başqa deyərdim ki, qoy Antarktikaya, Kilimancaroya çətin yürüşlər etmiş insanlar bu barədə fikir yürütsünlər, Bakıda oturub Məkkə ziyarətindən yazmasınlar. Bu ən azı belə adamların özlərinin "Bonapartizm" xəstəliyinə tutulmalarından xəbər verir.
- Gələcəkdə də belə ekspedisiyaların təşkil olunması nəzərdə tutulurmu?
- Bəli, bu səfərlər davam edəcək. Azərbaycan xalqı böyük xalqdır və bir sıra dəyərləri, adət-ənələri ilə dünyada tanınır. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz sürətlə dünyaya inteqrasiya edir. Dövlət başçısının yürütdüyü balanslı xarici siyasət bir sıra ölkələri bizimlə hesablaşmağa məcbur edir. Azərbaycan xalqı öz Liderinin arxasınca gedir və Ona inanır. Bu xalq öz imzasını hər yerə qoymaq iqtidarındadır. Fikrimcə, təşkil olunmuş bu tipli ekspediyalar da məhz bu məqsədlərə xidmət edir. Ona görə də, planlarımızda müxtəlif ekspedisiyalar var.
- Hüseyn müəllim, ətraf mühitin qorunması, bütövlükdə, ekoloji məsələlər dünyanı narahat edən qlobal problemlərdəndir. Azərbaycan dövləti də bu məsələyə həssaslıqla yanaşır. Bilmək istərdik ki, son illərdə respublikamızda ekoloji durumun yaxşılaşdırılması ilə bağlı hansı proqramlar həyata keçirilir?
- Unikal təbii şəraitə, zəngin təbii sərvətlərə və inkişaf etmiş sənaye sahələrinə malik olan Azərbaycanda Ulu Öndərimiz Heydər Əliyevin fəaliyyəti dövründə ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi, eləcə də təbii sərvətlərdən səmərəli istifadə məsələləri həmişə xüsusi diqqət mərkəzində olmuşdur. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən də bu gün ölkəmizin ekoloji durumunun sağlamlaşdırılmasına xüsusi diqqət göstərilir. Ölkə rəhbərinin bilavasitə Sədrliyi ilə ekoloji problemlərin müzakirəsinə həsr olunmuş müşavirələrin keçirilməsi, ətraf mühitlə bağlı qəbul olunmuş dövlət proqramlarının icrasına diqqətin artırılması, mövcud ekoloji problemlərin daha səmərəli həll edilməsi məqsədilə müvafiq sərəncamların verilməsi bu sahənin ölkəmizdə prioritet məsələlər sırasına qaldırılmasına parlaq nümunədir.
Ekoloji problemlərin aradan qaldırılması istiqamətində çoxsaylı proqramlar mövcuddur və icra olunmaqdadır. Ekoloji vəziyyətin sağlamlaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində son bir neçə ildə ölkə rəhbərliyinin prinsipial mövqeyi nəticəsində xeyli işlər görülmüş, uzun illər ərzində yaranmış və müstəqil Azərbaycana miras qalmış ekoloji problemlər təhlil edilərək, onların kompleks həllinə yönəldilən 5 Milli və Dövlət Proqramı təsdiq edilmiş, ekologiya və ətraf mühitin mühafizəsi sahəsində hüquqi baza təkmilləşdirilmişdir. Ötən müddət ərzində ölkə Prezidentin sərəncamları ilə təsdiq olunmuş "Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair", "Azərbaycan Respublikası meşələrinin bərpa edilməsi və artırılmasına dair" Milli Proqramlar, "Yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair" və "Azərbaycan Respublikasında Hidrometeorologiyanın inkişafına dair" Dövlət Proqramları həyata keçirilmişdir.
"Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı" da problemlərin həllinə yönəldilən mühüm və çox qiymətli sənəddir. Kompleks Tədbirlər Planının icrasını təmin etmək məqsədilə ölkənin gərgin ekoloji vəziyyətdə olan bölgələrinin, əsasən də, Bakı şəhəri və Abşeron yarımadasının ətraf mühitinin sağlamlaşdırılması istiqamətində mühüm işlər həyata keçirilir.
Kompleks Tədbirlər Planından irəli gələn ətraf mühitin qorunması və mövcud vəziyyətin bərpasına yönəldilmiş Bakı buxtasının, Bibi Heybət zonasının, Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ətrafının, Abşeron yarımadasındakı göllərin, neftlə çirklənmiş torpaqların, lay suları altında qalmış sahələrin və digər istehsal tullantıları ilə çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, bərk məişət tullantılarının idarə olunması sxeminə uyğun Bakı və Sumqayıt şəhərlərində formalaşan tullantıların idarə olunmasının təkmilləşdirilməsi və s. tədbirlərin həyata keçirilməsi üçün maliyyə vəsaitinin ayrılması bu problemlərin vaxtında həll edilməsini reallaşdırmışdır.
- Paytaxtda və respublikamızın bölgələrində yaşıllaşdırma işləri geniş vüsət almaqdadır. Nazirlik yeni yaşıllıq sahələrinin yaradılması üçün hansı layihələri planlaşdırır?
- Respublikanın paytaxtında və bölgələrində yaşıllaşdırma işlərinin geniş vüsət alması, magistral yolların mühafizə zolaqlarının yaşıllaşdırılması, onların külək və su eroziyasından mühafizəsi məqsədilə Bakı-Ələt-Hacıqabul istiqamətində magistral şose yolu ətrafında 172 min, Zığ-Aeroport yolu boyu ərazidə 230 min müxtəlif növ ağac və kol cinsləri əkilmişdir.
Belə ki, Zığ-Aeroport yolu boyu 196 hektar ərazidə yaşıllıqsalma işləri başa çatdırılmışdır. Ağacların suvarılması üçün suvarma şəbəkəsi qurulmuşdur.
Eyni zamanda meşə sahələri də genişləndirilir. Ölkəmizdə odun yanacağına tələbat böyük olsa da, Azərbaycanın meşə əraziləri artmaqdadır. Son 8-9 ildə meşə sahələrində 60 -70 min hektar artım müşahidə olunub.
Bir dəfə jurnalistlər mənə sual verdilər ki, aeroport yolunda əkilən ağaclar quruyur. Ağac quruya bilər, onların 100 faiz bitməsinə heç kim təminat verə bilməz. Çünki hər şey təbiətdən asılıdır. Amma hazırkı vəziyyətdə bu cür torpaqda alınan nəticə də pis deyil. Təsəvvür edin, torpaq neftlə çirklənib, başqa yerdən torpaq daşınır, landşat yenilənir, sonra ağaclar əkilir. Qurumuş ağacların dibindən pöhrələri çıxır. Aeroport yolunda bitmə 83 faizə bərabərdir. Bu, əla göstəricidir. Lakin biz müəyyən tədbirlər nəticəsində bu göstəricinin 90-95 faizə çatdırmağa çalışırıq.
Bir məsələni də qeyd etmək lazımdır ki, 1990-cı illərin əvvəlinə qədər leksionumuzda "ekoloji siyasət" sözü mövcud deyildi. Bu mövzu cəmiyyət üçün maraq kəsb etmirdi. Yadımdadır ki, küçələrimizdə odun satan maşınlar dolaşırdı. Amma indi belə deyil, meşələrə olunan təcavüzün qarşısı alınır.
- Ölkə Prezidentinin Abşeron yarımadasında 3 milyona qədər ağac əkilməsi haqqında tapşırığı hansı səviyyədə icra olunur?
- Tapşırığın icrası ilə bağlı lazımi tədbirlər həyata keçirilir. Tədbirlər nəticəsində Abşeronda yaşıllıqlar ikiqat artırılacaq. Bunun üçün yerlər müəyyənləşdirilib, öyrənilib, o yerlərdə su mənbələri ortaya çıxarılıb. Artıq layihələr də hazırlanıb. Daha çox elmi əsaslara söykənən layihələndirmə işləri aparılır, bu istiqamətdə 5-6 layihə hazırlanıb, 20-dək layihənin isə üzərində iş gedir.
Düşünürük ki, builki əkin mövsümündə hava limanının ətrafında, keçmiş bazarların yerində böyük yaşıllıq massivləri salınsın. Aeroport yolunun yaxınlığındakı böyük gölməçələrin yerində geniş yaşıllıq sahələri salmağı qərara almışıq. Ümumilikdə, həmin ərazidə 2 min hektara qədər yaşıllıq sahəsinin salınması nəzərdə tutulur.
- Bəs dövlət başçısının göstərişindən sonra Bakı şəhərində ağacların kəsilməsi halları nə qədər azalıb?
- Bəli, dəyişiklik böyükdür. Hazırda belə faktların sayı xeyli azalıb. Bu istiqamətdə cəmiyyət də diqqətli olmalıdır. Bu, bir həqiqətdir ki, ölkəmizdə ictimai nəzarət də böyükdür, hər bir kəsilən ağac üçün etiraz səsi qaldırılır. Amma əkilən ağacların sayı kəsilən ağacların sayından qat-qar çoxdur. Ağacların kəsilməsinə görə böyük cərimələr nəzərdə tutulub. Məsələn, son 2-3 ayda təkcə Bakıda ağac kəsilməsi ilə bağlı 60 min manatadək cərimə tətbiq olunub.
- Ölkə başçısı bir sıra dövlət strukturlarına, o cümlədən, ETSN-ə Xəzər dənizinin sahil zolağında təmizlik işlərinin aparılması, ekoloji vəziyyətin yaxışılaşıdırılması ilə bağlı müvafiq tapşırıqlar verib. Bununla bağlı vəziyyət necədir?
- Xəzər dənizinin çirklənmədən qorunması istiqamətində də mühüm işlər görülür. Xəzəryanı dövlətlər içərisində Azərbaycan yeganə ölkədir ki, Xəzər dənizində ekoloji tarazlığın qorunub saxlanılmasında böyük layihələrlə çıxış edir. Ölkə Prezidentinin müvafiq sərəncamlarından irəli gələn məsələlərin həlli istiqamətində gündə 6140 kubmetr sutəmizləmə gücünə malik, beynəlxalq standartlara cavab verən modul tipli çirkab sutəmizləyici qurğuların qurulması nəticəsində Abşeron yarımadasının Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Nardaran və Novxanı-Sumqayıt sahilboyu ərazilərində 17 stansiya istismara verilərək "Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi" yaradılmışdır. Prezidentin "Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında" 20.06.2007-ci il tarixli sərəncamından irəli gələn məsələlərin həlli istiqamətində də mühüm işlər görülməkdədir.
Xəzər sularının ekoloji mühafizəsi məsələsi də gücləndirilib. Maraqlıdır ki, bəzi böyük ölkələr Xəzər dənizindən siyasi məqsədlər üçün istifadə edirlər, amma ekoloji cəhətdən heç bir qayğı göstərmirlər. Dənizin çirklənməsi Volqa çayının dənizə qovuşan yerində 80 faiz, Ural çayının dənizə qovuşan yerində 7-8 faizdir. Bu gün Xəzərin Qazaxıstan akvatoriyasında elə neft sahələri var ki, çirkab konservasiya olunmayan quyulardan birbaşa dənizə axır. İranda dənizin sahillərində isə, 14 milyon insan yaşayır və nəzərə almaq lazımdır ki, heç bir ölkədə dəniz sahilində bu qədər əhali yaşamır. Amma bu ərazilərin heç bir təmizləyici qurğu mövcud deyil.
Kür və Araz çaylarına gəldikdə isə bu çaylar Gürcüstan və Ermənistan ərazisində çirklənir. Baxmayaraq ki, bu çayların suyu bir neçə dəryaçada durulur, təmizlənir və nəticədə dənizə töklür, biz bu məsələnin də qarşısının alınması üçün tədbirlər həyata keçiririk.
- Əhalinin ekoloji cəhətdən təmiz içməli su ilə təmin olunması məsələsi də aktual mövzulardandır. Bu istiqamətdə görülən işlər hansı səviyyədədir?
- Ölkə başçısının "Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında" 20.06.2007-ci il tarixli Sərəncamından irəli gələn məsələlərin həlli istiqamətində də əhəmiyyətli işlər görülüb. Ötən müddət ərzində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 12 rayonun 122 kəndində modul tipli sutəmizləyici qurğular quraşdırılmış, 224 min insan Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin olunmuşdur. Bu istiqamətdə fəaliyyət davam etdirilməkdədir. Çox kiçik xərclə-10,8 milyon manata bu qədər böyük işlər görülüb. Bildiyiniz kimi, bu məsələ üçün 15 milyon manat vəsait ayrılmışdı, onun 4,2 milyonu vergi şəklində dövlətə qaytarılıb, qalan 10,2 milyon manat vəsait xərcləməklə 224 min insan təmiz içməli su ilə təmin olunub.
Təsəvvür edin ki, heç bir içməli suyu olmayan böyük bir şəhər bu müddətdə içməli su ilə təmin olunub və hazırda həmin qurğuların effektli istismarı üçün tədbirlər görülür. Həmin qurğular bir gün işləməyəndə, əhalidən saysız-hesabsız teleqramlar gəlir. Bu layihə xüsusən Kür-Araz ovalığı ərazisində yaşayan insanların sağlamlığı üçün atılan mühüm bir addımdır.
- Ətraf mühtin mühafizəsi məsələsində təbliğat, maarifləndirmə də başlıca rol oynayır. Rəhbərlik etdiyiniz nazirlik təbliğat işlərini necə qurub. Bu yöndə nəticələri qaneedici saymaq olarmı?
- Bu gün fəxrlə deyə bilərik ki, ölkəmizdə təbiəti mühafizə sahəsində çox böyük işlər görülüb. Bununla belə hələ görüləsi işlərimiz də var. İctimaiyyət arasında düzgün təbliğat işlərini qurmaq nazirliyimizin başlıca fəaliyyət istiqamətlərindən biridir. Fikrimcə, insanlarımızın problemlərə yanaşması, düşüncəsi dəyişməlidir. Məsələn, nazirliyə işə qəbul üçün müraciət edənlər ilə söhbət, bəziləri təbiəti sevməyi onun qoynunda istirahət etməklə, hətta təbiəti istismar etməklə eyniləşdirirlər. Amma bu, təbiəti sevmək deyil. Yaxın bir adamın xəstələnən zaman necə ki, tez həkimə müraciət edirsən, dərman alırsan, təbiəti də qorumaq üçün canfəşanlıq etmək lazımdır.
Ümumiyyətlə, bu, bir faktdır ki, insanların münasibətinin, yanaşmasının dəyişməsi ekoloji problemlərin 60-70 faizinin aradan qaldırılması ilə müşayiət olunur. Məsələn, maldarlıqla məşğul olan insanlar fikirləşsələr ki, biz öz heyvanlarımızı təbiətə ziyan vermədən yetişdirək, onları fermalarda çoxaldıb yemləyək, onda təbiətə ziyan verilməsinin qarşısı alınar, meşələrimizin yaşıllıq örtüyü xilas olar. Bu yaxınlarda bir qəzetdə kənd müəllimi yazmışdı ki, artıq meşə talasının məhvi gəlib onların yaşadığı kəndə çatıb. Bunu kim edir? Təsəvvür edin ki, bu problemlə bağlı yazan kəndin ən nüfuzlu nümayəndələrindən biri müəllimdir. Maraqlıdır ki, həmin müəllim o meşə qırımı prosesində iştirak edirmi? Eləmirsə, niyə onun nümunəsi başqalarına təsir eləmir? Əgər kəndin əhalisi bunun əleyhinə olsa, kim orada meşəni qıra bilər? O ağacları qırıb satanların müştərisi həmin kəndin əhalisi deyilmi? Bir dəfə kənd yerində olanda, meşədə balta səsi eşitdim. İki kilometrədək yolu gedərək həmin səsin mənbəyinə çatdım. Gördüm, bir nəfər balta ilə nəhəng, sağlam bir ağacı kəsir. Məlum oldu ki, o, kəndin müəllimidir. Demək istəyirəm ki, dövlət nə qədər güclü siyasət aparsa da, çox vəsait ayırsa da, hər insanın yanına bir qarovulçu qoymaq imkanına malik deyil. İnsanın təbiətə olan münasibəti, anaya olan münasibəti kimi olmalıdır.
- Azərbaycan ərazilərinin 20 faizini işğal etmiş Ermənistanın "yaşıl soyqırım" siyasəti və ən nadir təbiət abidələrini darmadağın etməsi, eyni zamanda, Araz çayının çirkləndirilməsi barədə ölkəmiz tərəfindən beynəlxalq təşkilatlara mütəmadi olaraq konkret faktlar təqdim edilib. Həmin qurumların erməni vəhşiliyinə münasibəti necədir?
- Məsələ ilə bağlı beynəlxalq təşkilatlara dəfələrlə müraciətlər etmişik. Ermənistan Azərbaycana qarşı təcavüz edib və ekoloji təcavüz də bu müharibənin tərkib hissəsidir. İşğalçılar əgər güllə atmasalar belə, çayları, gölləri çirkləndirir, meşələri qırırlar. Onlar bizimlə müharibə aparır və nəzərə alınmalıdır ki, çox məkrli düşməndirlər. Ermənilər hər sahədə-informasiya sahəsində də, ekololoji sahədə də Azərbaycanla müharibə aparırlar. Beynəlxalq təşkilatlara şikayət etsək də, qarşı tərəf daha çox susmağa üstünlük verir.
Çox təəssüf ki, bu məsələyə Avropa dövlətlərində ikili standartlarla yanaşırlar. Müəyyən səbəblərdən bir çox ölkələr, beynəlxalq təşkilatlar ermənipərəst mövqe tutublar. Orta əsrlərdəki Şərq-Qərb qarşıdurmalarının doktrinaları formal olaraq bəzi yerlərdə qüvvədə deyil. Amma faktiki onların şüurunda yanaşmalar məsələnin üzərində qurulub. Bu baxımdan bəzi dövlətlər Ermənistandan vasitə kimi istifadə edirlər. Problemi biz beynəlxalq təşkilatların böyük tədbirlərində və ikitərəfli görüşlərdə də qaldırırıq. Bizim vəzifəmizdir ki, bu yöndə işlərimizi ardıcıl olaraq davam etdirək. Çalışırıq ki, bu faktları daha geniş formada dünyada yayaq və Ermənistanın təcavüzünün təkcə Azərbaycan üçün deyil, regionumuz üçün böyük təhlükələr yaratdığını beynəlxalq aləmə çatdıraq.

Digər xəbərlər