PDF Oxu

Müsahibə

  • 13

“Mən həmişə stabil mövqedə olan adamam”

“Mən həmişə stabil mövqedə olan adamam”
Müsahibimiz keçmiş müdafiə naziri Rəhim Qazıyevdir
- Rəhim bəy, son vaxtlar mətbuatda sizinlə bərabər Arif Paşayevin, Əlikram Hümbətovun və Faiq Mirzəyevin 1994-cü ildə qaçışı barədə ziddiyyətli məlumatlar dərc olunur. Bütün bunlara aydınlıq gətirin görək, o dövrdə bu qaçış hansı zərurətdən yarandı və qaçmaq planı kimlər tərəfindən hazırlanmışdı?
- Kim nə deyir desin, mən həyatım boyu nəyinsə xatirinə olan həqiqətləri təhrif etməmişəm. Qaçış bizi məhv etməkdən ötrü təşkil ounmuşdu.
- Sizi məhv etməkdən ötrü hazırlanan plana siz niyə şüurlu şəkildə getdiniz?
- Söhbətin əsas mahiyyəti ondan ibarət idi ki, o dövrdə artıq onların dediyi ssenari ilə getmirdik. Ondan sonra əmr gəldi ki, onlar fiziki cəhətdən məhv olunmalıdır. Qaçışa təyin olunan vaxtdan qabaq çıxdıq və başqa istiqamətə getdik. Faiq Mirzəyev bu məsələdə, sadəcə olaraq, qurbanlıq idi. Qismət belə oldu. İkinci dəfə həbs olunub gələndən sonra həmin qaçış məsələsini çox sürətlə xətm etdilər. Hələ də həmin xətm qərarında mənim qolum yoxdur.
- Həmin ssenarinin Rusiyada hazırlandığı bildirilir? Yəni, dolayı yolla bu fikir əsas verirmi ki, həmin insanlar Rusiyanın sifarişini yerinə yetiriblər?
- Burada Rusiyanın zərrə qədər işi yoxdur.
- Siz dediniz ki, qaçış təşkil olunmuşdu. Bəs həmin təşkilatçılar kim idi? Bəlkə bir ad çəkək?
- O dövrün MTN naziri Nəriman İmranov.
- Sizin məhv edilməniz hansı problemi həll edəcəkdi?
- Faiq bizimlə gedəsi idi. Deməli, Faiq təşkil edib, qaçanda da güllələnibdi. Öləndən sonra ölü danışar? Qaçış gecə saat 3-4-də təşkil olunmuşdu. Bu da  atəşkəsin elan olunmasının 4-cü ayına təsadüf edirdi. Həmin vaxt Nəriman İmranovun öz kabinetində nə işi var idi?
- Hollandiyada yaşayan Əlikram Hümbətov sizi hakimiyyətə yarınmaqda günahlandırır. Ə.Hümbətovun bu cür  davranışlarını necə xaraktekrizə edərdiniz?
- Əlikramdan belə səviyyəsiz, məsuliyyətsiz müsahibə gözləmirdim. Çox təəssüf edirəm. Əgər hər hansı faktı varsa, desin. Əgər mən konstruktiv fikir söyləyirəmsə, əcəb edirəm. Ayaz Mütəllibovun dövründən bu günə qədər söylədiyim fikirlərim hakimiyyəti ələ keçirmək məqsədi güdməyib. Fikirlərim yalnız hakimiyyətədə olan qüvvələrlə birləşib Qarabağ məsələsini həll etməkdən ötrü olub. Əgər mən bu respublikanın vətəndaşıyamsa, prezidentin fərmanları, qanunları ilə yaşamalıyam. Mən həmişə stabil mövqedə olan adamam.
- Dediniz ki, Ə.Hümbətovun belə bir açıqlama ilə çıxış edəcəyini gözləmirdim. Azərbaycanı qondarma Talış-Muğan Respublikası ilə parçalamağa cəhd edən şəxsdən nə gözləyə bilərdiniz?
- Bilirsiniz, mənim bu hadisələrə öz xüsusi fikrim, baxışım var. Əlikramın bədbəxtçiliyi ondadır ki, həmin ideyanı irəli sürənləri məhkəmədə gizlətdi, həqiqəti açmadı. Həmin dövrdə 1990-1991-ci illərdə Ə.Hümbətovun etdiyi əməllər Azərbaycanda silah-sursatın alınmasında, daşınmasında kifayət qədər rolu olub. Amma onun qondarma "Talış-Muğan Respublikası"nın yaratmaq ideyasını heç vaxt dəstəkləməmişəm. Yəqin bilirsiniz, demişdim ki, qondarma "Talış-Muğan Respublikası"nın adını çəksəniz, sizi  başınızdan  güllələyəcəyəm. Bu sözləri  demişəm və arxasında da dururam. Amma mən də ondan gözləyirdim ki, insan həyatda səhv edə bilər. Bunu insanlar qarşısında etiraf etmək  insan böyüklüyü idi. 2003-cü il iyulun 15-də məhkəmə prosesi gedirdi, radioda onun müsahibəsinə qulaq asdım. Əlikram deyirdi ki, " talış olduğuma görə mənə təzyiqlər olub". Mən ondan sonra məktub yazıb göndərdim ki, Əlikram səndən belə siyasətbazlığı gözləmirdim. Azərbaycanda kiminsə talış, avar, tat, ləzgi olduğuna görə heç kim təqib olunmur. Bu, absurddur. O, həmin hadisənin səbəbkarlarını demədi.
- O, öz müsahibəsində iddia edir ki, qondarma "Talış-Muğan Respublikası"nın yaradılması ideyasını o vaxtkı baş nazir Surət Hüseynovla müzakirə etmisiniz. Belə fakt mövcuddur?
- Bundan xəbərim yoxdur. Əgər mənim iştirakımla elə şey ortaya çıxarsa, başımı qatar reysinin üstünə qoyaram.
- Sizin məlumatınız var ki, Ə.Hümbətov Rəsul Quliyevlə, S.Hüseynovla bu mövzuda müzakirələr aparıb?
- Yox. Həmin dövrdə Lənkərana getmişdim. Ə.Hümbətova dedim ki, sənin başın xarabdır, sən neynirsən? Dedi ki, bunlar boş şeydir.
- Ə.Hümbətov Rusiya əlaqələrini təkzib edir. Bildirir ki, qondarma "Talış-Muğan Respublikası"nın yaradılması, digər separatçı meyilli hər hansı bir dövlətlə əlaqələri mövcud deyil.  Sizdə onun səmimiyyətinə inam varmı?
- Separatçı ideyaların arxasında hər hansı bir dövlətin durması şübhəsizdir. Hətta bu gün Türkiyədə PKK-nın arxasında hər hansı dövlət durmasa, o, hərəkət edə bilər? Ancaq qondarma "Talış-Muğan Respublikası"nın gözə görünməyən "lideri" kimdir, bax, bunu bilmirəm. Ə.Hümmətov gözə görünənəndir.
- Ə.Hümbətova demişdiniz ki, qondarma "Talış-Muğan Respublikası" qabardılsa, başına güllə çəkərəm. Bunu reallığa çevirmək üçün sizdə daha hansı milli ruh lazım idi?
-  Onunla görüşməmişəm. Görüşsəydim, fikrimi bildiyiniz formada həyata keçirəcəkdim. O, məndən qabaq həbs olundu. Yenə deyirəm ki, qondarma "Talış-Muğan Respublikası" ilə bağlı onun mənimlə heç bir müzakirəsi olmayıb.

Digər xəbərlər