Rusiya -Türkiyə yaxınlaşmasında...
- Aydın müəllim, Rusiyanın baş naziri Vladimir Putinin Türkiyəyə səfəri zamanı qaz və enerji sahələrində bir sıra müqavilələr, eləcə də, atom enerjisi ilə bağlı saziş imzalandı. Bu müqavilələrin imzalanması regionun iqtisadi inkişafına və Azərbaycanın bölgədə nüfuzunun daha da möhkəmlənməsinə hansı imkanları verə bilər?
- Rusiya ilə Türkiyə arasında münasibətlərin istiləşməsi region və dünya ölkələrinə bir töhfədir. Bu iki ölkə arasında münasibətlər hər zaman gərgin olub və bu da sirr deyil ki, Rusiya Türkiyəyə hər zaman özünün rəqibi kimi baxıb. Eyni zamanda, Azərbaycanla da Türkiyə ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, "Bir millət, iki dövlətik". Bu baxımdan, Rusiya-Türkiyə münasibətlərinin qurulmasında da Azərbaycan faktoru həmişə nəzərə alınmalıdır. Bu yaxınlaşmada Azərbaycan bir körpüdür, vasitəçidir və ən etibarlı tərəfdaşdır. Çünki bizi Türkiyə ilə etnik, dini, qardaşlıq və s. tellər bağlayır. Rusiya ilə də münasibətlərimiz normaldır. Ona görə Rusiya ilə Türkiyə arasında bağlanan iqtisadi müqavilələrin və imzalanan sazişlərin də Azərbaycana böyük səmərəsi var. Hər iki dövlətin Azərbaycana ehtiyacı var. Qeyd edim ki, bu müqavilələrdən Azərbaycanın da qazancı olacaq.
- Yəni, bu müqavilələrin, Azərbaycan da daxil olmaqla, üçtərəfli olmasını proqnozlaşdırmaq olarmı?
- Əlbəttə. Çünki burada Azərbaycanın həm iqtisadi, həm siyasi, həm də mənəvi dəstəyinə ehtiyac duyulacaq. Həmin müqavilələrin imzalanmasında ölkəmizin rolu kifayət qədərdir. Digər tərəfdən, Türkiyənin iqtisadi baxımından güclənməsi Azərbaycan üçün əhəmiyyətlidir. Burada Ermənistan faktorunu da nəzərə almaq lazımdır. Ermənistan Türkiyə ilə Rusiya arasında yaxınlaşmanın olmasında maraqlı olmayıb və hətta onlar arasında münaqişənin yaranmasına çalışıb. Bunun tam tərsinin olması ermənilərə ən ağır zərbədir.
- Dünyada hökm sürən maliyyə böhranının Azərbaycana təsirinin az olduğu bildirilir. Siz bu böhranın sonrakı mərhələdə ölkəmizə təsirini necə proqnozlaşdırırsınız?
- Bildiyimiz kimi, artıq maliyyə böhranı özünün ən pik nöqtəsinə çatıb. Bundan sonrakı mərhələdə dünya ölkələrində onun nizamlanması prosesi gedəcək və yumşalmağa başlanacaq. Digər tərəfdən, dünyanın inkişaf etmiş ölkələrində bu böhranın təsiri özünü yüksək səviyyədə büruzə versə də, Azərbaycana bunun təsiri çox cüzi oldu. Əgər maliyyə böhranının tüğyan etdiyi ölkələrdə böhranın qarşısının alınması istiqamətində müsbət irəliləyişlər baş verirsə, sözsüz ki, Azərbaycanda mövcud vəziyyətin dəyişəcəyi qeyri-mümkündür. Bütün hadisələr onu göstərir ki, Azərbaycanda iqtisadi islahatlar çox düzgün şəkildə həyata keçirilir və ölkənin potensial resursları bu islahatlara uyğun hərəkətə gətirilir. Bu isə Prezident İlham Əliyevin iqtisadiyyatı dərin bilməsi, onu təhlil etməsi, eləcə də Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasını məqsədəuyğun şəkildə qurmasının nəticəsidir.
- Bəzi iqtisadçıların iddialarına görə, maliyyə böhranının Azərbaycana təsiri 3-4 milyard ABŞ dolları məbləğindədir. Sizcə, bu rəqəm reallığı əks etidirirmi?
- Bu rəqəmlərin hansı meyarlarla ölçüldüyünü bilmirəm. Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetində 2009-cu ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirədə də rəsmi şəkildə elan olundu ki, qeyd olunan müddət ərzində Azərbaycanda ümumi daxili məhsulun artımı 3, 6 faiz təşkil edib. Ümumilikdə, bütün makroiqtisadi göstəricilərdə, yəni ÜDM-də, dövlət büdcəsinin gəlir hissəsində, o cümlədən, investisiya qoyuluşunda, əhalinin pul gəlirlərində artım varsa, belə olan halda, hansı itkidən danışa bilərik? Bəzən iqtisadçı ekspertlər bir məsələni digəri ilə qarışdırır. Məsələn, bu gün dünya bazarında neftin qiyməti təqribən 70 dollardır. Bu qiymət təkcə Azərbaycan nefti üçün deyil, neft ixrac edən ölkələrin hər birinə aiddir. Neftin bu qiymətə satıldığı halda, hər şeyi bazar tənzimləyir və buna uyğun olaraq da neft gəlirləri əldə olunur. Neftin satış qiymətinin enib və ya düşməsi də, təbii ki, ondan gələn gəlirlərə təsir edir. Qeyd edim ki, dövlət başçısı İlham Əliyevin apardığı uğurlu islahatlar, gördüyü işlər bir daha sübut etdi ki, Azərbaycan iqtisadiyyatı və onun dövlət büdcəsi neftdən asılı vəziyyətdə deyil. Bu amil neftin qiymətinin aşağı düşdüyü, eyni zamanda, dövlət büdcəsinin gəlir hissəsi 70 dollardan hesablandığı halda da sübut olundu. Belə bir vəziyyətdə dövlət büdcəsinin gəlir hissəsində heç bir geriləmə baş vermədi və proqnozlaşdırıldığı miqdarda da gəlir əldə olundu.
- İpoteka kreditlərinin verilməsindən sonra daşınmaz əmlak bazarında qiymətlərin artımı gözlənilirdi. Amma gözlənilənlər reallığa çevrilmədi. Bunu nə ilə əlaqələndirmək olar?
- Etiraf edək ki, mənzil bazarında süni qiymət artımı mövcud idi. Bu gün isə həmin bazarda qiymət artımının olmaması tələb və təklif arasındakı mütənasiblikdən irəli gəlir. Bu da qiymətlərin reallığında öz əksini tapır.
- Manatın məzənnəsinin dollara nisbətən ucuzlaşması məsələsi gözlənilirmi?
- Son beş ildir ki, manatın məzənnəsinin dollara nisbətən stabil qalması və möhkəmlənməsi müşahidə olunur. Manatın məzənnəsinin dollara nisbətən düşəcəyi isə gözlənilmir. Çünki ölkəmizdə aparılan maliyyə-bank sektorundakı siyasət məqsədəuyğun şəkildə həyata keçirilir. Bununla yanaşı, manatın arxasında kifayət qədər əmtəə olduğu üçün həmin prosesin baş verəcəyi proqnozlaşdırılmır. İnflyasiyanın birrəqəmli olmasına gəldikdə isə, bu, iqtisadiyyatın qanunudur. Hətta iqtisadçıların da bildirdiyi kimi, bu, iqtisadiyyatda rəqabəti və inkişafı sürətləndirən amillərdən biridir.