- Vüsal müəllim, dünyada hökm sürən maliyyə böhranının Azərbaycana təsirini yaxın gələcək üçün necə proqnozlaşdırırsınız?
- Qlobal iqtisadi böhranın Azərbaycana təsirinin ən pik vaxtı bu ilin yanvar ayından aprel ayınadək davam edib. Aprel-may ayından başlayaraq iqtisadiyyatda müəyyən meyilləri var. Əgər yanvar ayında ümumi daxili məhsulun azalması müşahidə olunurdusa, ondan sonrakı aylarda aşağı templə də olsa, ÜDM-in artımı müşahidə olunur. Mart ayında bankların aktivlərinin ən aşağı həddi 8 milyard 815 milyon manata qədər endiyinin şahidi olmuşduqsa, hazırda bu aktivlər 9 milyard 191 milyon manata qədər artıb. Əhalinin əmanətləri ən aşağı həddə qədər, yəni aprel ayının 1-də 1 milyard 772 milyon manata qədər enmişdir. Hazırda bu rəqəm 1 milyard 912 milyon manatdır. Aprel ayının əvvəlində Azərbaycanda kredit qoyuluşları 6 milyard 37 milyon manata qədər enmişdirsə, indi bu göstərici 6 milyard 287 milyon manat təşkil edir. Artıq demək olar ki, ölkənin fəaliyyətinin qan-damar sistemini təşkil edən maliyyə-bank sektoru böhranın təsirindən xilas olmaq üzrədir. Bununla yanaşı, bank sektoru üçün risqlərin tam aradan qalxmamasına baxmayaraq, bu sektorda müəyyən inkişaf templəri də nəzərə çarpır. Yaxın vaxtlarda bank sektorunun daha da canlanmasının şahidi olacağıq. Çünki bu sektorda ipoteka kreditləşməsinin başlaması, Mərkəzi Bankın uçot dərəcələrini aşağı salması, bankların xaricdən böyük miqdarda kredit transları cəlb etməsi və s. çox müsbət aura yaratdı. Bunlar onu deməyə əsas verir ki, bank sektorunda daha da canlanma baş verəcək. Bank sektorundakı müsbət dəyişikliklər və sabitliyin yaranması digər sektorlarda da müəyyən sabitləşmənin şahidi oluruq.
- Bəzi iqtisadçıların fikrincə, qlobal maliyyə böhranı nəticəsində Azərbaycana 3-4 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Bu fikirlər həqiqəti nə dərəcədə əks etdirir?
- Əlbəttə ki, maliyyə böhranının hər bir ölkəyə öz təsiri olub. Dünya iqtisadiyyatına dəyən ziyan isə trilyonlarla dollar məbləğində ölçülür. Azərbaycana bir neçə istiqamətdə müəyyən dərəcədə ziyan dəyib. Xüsusilə, neftin qiymətinin aşağı düşməsi nəticəsində ümumi zərər burada qeyd oluna bilər. Məsələn, 1 barrel neftin qiymətinin aşağı düşməsi Azərbaycanın ümumi illik gəlirini təxminən 200-250 milyon dollar azaldır. Dövlət büdcəsində neftin qiymətinin 70 dollardan götürüldüyünü və qiymətlərin 40-70 dollar intervalda hərəkət etdiyini nəzərə alsaq, bunun Azərbaycana ziyanı gətirdiyini söyləmək olar. Amma qeyd etmək lazımdır ki, neftin qiymətinin aşağı düşməsinə Azərbaycan hökuməti tərəfindən adekvat cavab verildi. Dərhal neftin hasilatı azaldıldı. Bu il 65 milyon ton neft hasil etmək barədə düşünürdük, ilin sonuna qədər isə bu hasilatın 45 milyon tona qədər azaldılacağı gözlənilir. Yəni, bu bizim üçün itki deyil və həmin neft quyularda saxlanılır.
Digər tərəfdən, Böyük İpək Yolu çərçivəsində Azərbaycan üzərindən böyük nəqliyyat daşımaları həyata keçirilir. Bu nəqliyyat daşımalarında müəyyən qədər ləngimələr hiss olundu və bu da Azərbaycandan asılı olmayan səbəblərdəndir. Buna görə də nəqliyyat infrastrukturunda, hava, avtomobil, dəmiryol, dəniz daşımalarında Azərbaycanın gəlirlərinə öz mənfi təsirini göstərdi. Valyuta rezervləri ilə bağlı isə onu deyə bilərəm ki, Neft Fondunun yenidən qiymətləndirməsi nəticəsində bəlli oldu ki, 650 milyon dollar vəsait itirib. Bu da Neft Fondundakı vəsaitin ümumi məbləğinin cəmi 6-7 faizini təşkil edirdi. Bu tendensiyanı digər xarici ölkələrlə müqayisə etmək istərdim. Məsələn, Norveçin müvafiq səlahiyyətləri yerinə yetirən Pensiya Fondu qlobal iqtisadi böhran şəraitində 93 milyard dollar vəsait itirdi. Bu kifayət qədər yüksək göstəricidir. Düşünmürəm ki, Azərbaycanın Neft Fondunun bu qədər itkiləri oldu. Azərbaycanın turizm sahəsində müəyyən itkisi oldu. Bilirsiniz ki, dünyada, o cümlədən, Azərbaycana turist axını zəiflədi. Müsbət hal isə ondan ibarətdir ki, daxili turizm inkişaf etdi, yəni ölkə vətəndaşları xaricə deyil, məhz Azərbaycanda dincəlməyə üstünlük verdilər. Bu da itkinin qarşısının müəyyən dərəcə alınması demək idi. Digər bir qazancımız ondan ibarət oldu ki, Azərbaycan illik 700-800 milyard dollarlıq məhsul idxal edir. Dünya bazarında qiymətlərin aşağı düşməsi nəticəsində idxal etdiyimiz məhsul və xidmətlərə görə, təxminən 1 milyard dollar məbləğində məhsula qənaət etmiş olduq. Bir məqamı xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanın yerləşdiyi məkanda və müqayisə oluna biləcəyi ölkələrin hamısında çox ciddi və fəlakətli iqtisadi böhran qeydə alındı. İstər Qazaxıstanda və Rusiyada, istərsə də ki, Ukraynada, Gürcüstanda və Ermənistanda böhranın təsiri yüksək səviyyədə qeydə alındı. Ermənistan iqtisadiyyatı demək olar ki, xarici yardımlardan və dəstəklərdən asılı vəziyyətə gəlib çatıb. Belə olan təqdirdə, tam əminliklə demək olar ki, böhranın Azərbaycana təsiri minimum dərəcədədir və ölkəmiz bundan daha çox sığortalanıb.