PDF Oxu

Müsahibə

  • 9

“Zəminə Dünyamalıyeva heç kimə lazım deyil”

“Zəminə Dünyamalıyeva heç kimə lazım deyil”

Müsahibimiz "ACP"-nin sədr müavini Nizami Məmmədovdur

- Nizami bəy, "ACP" funksioneri Zəminə Dünyamalıyeva belə fikir səsləndirib ki, partiya fəaliyyətini dayandırmalıdır. Doğrudanmı buna ehtiyac var?

- Çox təəssüf edirəm ki, Zəminə xanım bu cür absurd fikirlərlə mətbuatda çıxış edir. Bu absurd fikirlər tək Zəminə xanıma aid olan fikirlərdir. Nə bizim sıravi üzvlər, nə də funksionerlər arasında belə bir problem yoxdur ki, partiya fəaliyyətini dayandırmalıdır. Digər müxalif partiyaları kimi bizim partiyamızın fəaliyyəti də çox gözə görünmür. Bu da, əsasən, seçkilərə getməməklə əlaqədardır. Bilirsiniz ki, əsasən, partiyalar seçkiöncəsi fəallaşırlar. Buna görə də, hazırkı vaxtda partiyanın siyasi fəaliyyəti gözə dəymir. Sözün düzü, Zəminə xanımı başa düşə bilmirəm ki, bu cür fikirlər onun başına hardan gəlir? Onu da qeyd edim ki, Zəminə xanım partiyanın funksioneri deyil. Partiya funksionerlərinə sədr və müavinlər daxildir. Zəminə xanım, hələlik, partiya liderinin müşaviridir. Necə müşavirdir, onu deyə bilmərəm. Ancaq onu deyə bilərəm ki, çox təəssüflər olsun ki, Rəsul Quliyevin onun kimi müşaviri var.

- Sizin fikirlərinizdən belə başa düşmək olur ki, R.Quliyev kadr seçimində müəyyən yanlışlığa yol verib?

- Hər bir insan səhv edə bilər. Zəminə xanıma gəldikdə isə, o, partiyanın həyatında elə də mühüm rol oynamır. Bizim partiyanın nizamnaməsinə görə, partiya liderinin müşaviri yoxdur. Bu, formal xarakter daşıyır.

- Elə isə, nəyə görə onu kollegial orqanların toplantılarına dəvət edirsiniz?

- Bilirsiniz ki, müşavirlik başqa şeydir. O, həm də idarə heyətinin üzvüdür. İdarə heyətini də R.Quliyev özü formalaşdırıb. İdarə heyətinə həm partiya üzvləri, həm də üzvləri olmayan insanlar daxil ola bilər. Düzdür, həmin xanım idarə heyətinin toplantılarında əvvələr iştirak edirdi. Son vaxtlar isə, Z.Dünyamalıyeva iclaslarda iştirak etmir. O, partiyanın həyatında heç bir fəaliyyət göstərmir. Yenə deyirəm ki, çox təəssüflər olsun ki, mətbuatda bu cür absurd fikirlər səsləndirir. Bunun da haradan qaynaqlandığını başa düşə bilmirəm.

- Hər halda düşünmək olar ki, Z.Dünyamalıyeva partiya üçün ciddi problemə çevirilib?

- Düşünmürəm ki, həmin xanım "ACP" üçün ciddi problemə çevirilib. "ACP" ilə bağlı Zəminə xanımın əlində elə bir ciddi faktlar yoxdur. Mətbuta çıxıb hansısa bir dedi-qodu yaratmaq, kimisə tənqid və ya təhqir etmək o demək deyil ki, "ACP" üçün Zəminə xanım problemdir? Sadəcə, müxalifət partiyaları ölkədə normal fəaliyyət göstərmir. Mətbuat vasitəsi ilə çalışırlar ki, belə bir problem ortalığa atsınlar.
- Belə ehtimal etmək olarmı ki, Zəminə xanımın fəaliyyətini hansısa radikal müxalifət partiyası koordinasiya edib "ACP"-ni dağıtmaq və ya daxildə gərginlik yaratmağa səylər göstərirlər?
- Düşünmürəm ki, ölkədə radikal müxalifət var. Ümumiyyətlə, Azərbaycan müxalif siyasi partiyaların fəaliyyəti, demək olar ki, çox aşağı səviyyədədir. Bu da müxalifətin uğur əldə edə bilməməsi ilə bağlıdır. Mənə elə gəlir ki, Zəminə xanım heç kimə lazım deyil.

- "ACP"-nin nə ADP, nə də AXCP (i) ilə münasibəti heç də ürəkaçan deyil...

- Xeyr, bizim partiyalarla normal münasibətimiz var.
- Elədirsə, bəs Sərdar Cəlaloğlu nəyə görə bildirib ki, "ACP"-də fəaliyyət göstərən keçmiş ADP-çilər öz doğma pariyalarına qayıdacaqlar...

- Ümumiyyətlə, gündəmdə elə bir şey yoxdur. İnsanlar müxtəlif fikirlər səsləndirə bilərlər. Amma sizi əmin edə bilərəm ki, 10 il də keçsə, bu məsələ olmayacaq. Bir də ki, normal adamlar bir siyasi partiyadan digərinə keçməyi normal qarşılamalıdır.

- Hazırkı mərhələdə müxalifətin perspektivliyini nədə görürsünüz?

- Siyasi partiyalar gündəmdə görsənmir. Ölkədə bəzi müxalif partiyaları dolandıran böyük dövlətlərdir. Böyük dövlətlərin də marağındadır ki, Azərbaycanda müxalif partiyaları zəif olsun.

- Yəni, Rusiyanın və ya ABŞ-ın Azərbaycan müxalifətinə ehtiyacı var?

- Siyasət bir oyundur. Hər hansı bir böyük dövlətin Azərbaycana marağı var. Bu maraqları təmin etmək üçün hansısa siyasi partiyadan istifadə edə bilərlər.

Digər xəbərlər