PDF Oxu

Müsahibə

  • 4

Prezident İlham Əliyevin də bəyan etdiyi kimi...

Prezident İlham Əliyevin də bəyan etdiyi kimi...

- Qabil bəy, Qağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Madrid prinsiplərinin yeni versiyası hazırlanır. Yeni sənəddə Azərbaycanın ərazi bütövlüyü məsələsi nəzərə alınacaqmı?

- Mən buna yalnız ümid edə bilərəm. Amma bunun belə olacağına tam əminliklə cavab verə bilmərəm. Çünki ATƏT-in Minsk Qrupu həmsədrlərinin düşüncə tərzini, təmsil etdikləri dövlətlərin problemə yanaşma tərzini bilirəm. Eyni zamanda, 8 inkişaf etmiş dövlətin son sammitində də onların Azərbaycana və Ermənistana müraciətlərində fərqli yanaşmanın izlərini görə bilmədim. Xüsusilə, Azərbaycanın Madrid prinsipləri ilə bağlı qaldırdığı məsələləri orada görmədim. Bu səbəbdən də, ehtiyatlı olmaqda fayda var. Bununla yanaşı, pessimist düşüncədə də deyiləm. Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, Azərbaycan onun üçün məqbul olmayan sülh şərtlərini qəbul etməyəcək.

- ABŞ Konqresində "907-ci düzəliş"in ləğvi ilə bağlı fikirlər səsləndirilib. Yaxın gələcəkdə bu sənədin ləğvi gözləniləndirmi?

- Sənədin ləğvi realdır. Çünki bu, çox mənasız və kulminasiya xarakteri daşıyan bir sənəddir. Vaxtilə bir neçə ermənipərəst konqersmenin təkidi ilə qəbul edilən bu düzəliş öz əhəmiyyətini çoxdan itirib. Hətta Corc Buşun hakimiyyəti dönəmində həmin sənədin fəaliyyətini dayandırıblar. Söhbət onun tamamilə ləğvindən gedirsə, bu istiqamətdə mübarizə aparan konqresmenlərin sayı 110-u keçib. Güman edirəm ki, Amerika Azərbaycanı özünə strateji tərəfdaşı hesab etdiyinə, Azərbaycanın geosiyasi üstünlüklərindən aktiv yararlandığına və Azərbaycanın bölgədə açar ölkə rolunu oynadığına görə, bu düzəlişi mütləq ləğv etməlidir. Bu, ilk növbədə, ABŞ-ın özünün strateji maraqları üçün zəruridir.

- Mərkəzi Asiya Ölkələrinin Parlament Assambleyasının yaradılması məsələsi gündəmdədir. Bu ideyanın reallaşacağı gözlənilirmi?

- Bu ideya Rusiya tərəfindən irəli sürülüb. Amma bundan öncə Türkdilli Respublikaların Parlament Assambleyasının yaradılması məsələsi irəli sürülüb və bəyənilib. Artıq onun yaradılması istiqamətində təşkilati addımlar da atılır. Bu ideyanın pozulması məqsədilə də Rusiya tərəfindən Mərkəzi Asiya Ölkələrinin Parlament Assambleyasının yaradılması məsələsi ortaya atılıb. Zənnimcə, bu, Orta Asiya ölkələrinin maraqlarına cavab verə biləcək bir model deyil. Amma Türkdilli Respublikaların Parlament Assambleyasının yaradılması həm Şərq-Qərb dəhlizinin həyata keçirilməsi, enerji problemlərinin həll edilməsi, həm də mühüm iqtisadi və mədəni layihələrin reallaşdırılması, ortaq türkdilli respublikaların ortaq bazarının yaradılması baxımından böyük əhəmiyyətə malikdir. Ona görə bu alternativ layihənin xeyirxah məqsədlərlə irəliyə sürüldüyü qənaətində deyiləm.

- Qabil bəy, Ermənistan prezidenti Serj Sarkisyanın Türkiyə səfərindən imtina edərək sərhədlərin açılması şərtini irəli sürməsi, diplomatik danışıqlardan kənar olmaqla şantaj xarakteri daşıyırmı?

- Bu, bir daha onu göstərir ki, ermənilərlə və Ermənistanla diplomatiya dilində danışmaq, onlarla konstruktiv məcrada münasibət qurmaq o qədər də asan iş deyil. Məsələn, Türkiyə prezidenti Abdullah Gülün Ermənistana səfəri və orada keçirilən futbol matçını izləməsi erməniləri şirnikləndirdi. Bu da, öz növbəsində, ermənilərin Türkiyə tərəfinə daha sərt tələblər irəli sürməsinə şərait yaratdı. İndi Ermənistan açıq sürətdə Türkiyəni şantaj edir, onunla qeyri-etik və qeyri-diplomatik dildə danışır, özü Türkiyədən qeyd-şərt olmadan sərhədlərin açılmasını tələb etdiyi halda, özü ikili münasibətlərin yaxşılaşması üçün qabaqcadan şərtlər irəli sürür və s. Dünyada böyük nüfuzu olan 15 inkişaf etmiş ölkədən biri olan Türkiyə ilə qeyri-etik bir formada danışılması ikili münasibətlərə müsbət təsir göstərməyəcək. Bu, onu bir daha göstərdi ki, Abdullah Gülün Ermənistana xeyirxah missiya kimi təqdim etdiyi səfəri yerinə düşən səfər deyildi. Üstəlik, Ermənistanla yaxınlaşmaq və onlarla münasibətləri qaydaya salmaq ideyasını həyata keçirmək heç də asan məsələ deyil. Çünki erməniyə barmağını uzadırsansa, əvəzində, qolunu qoparıb aparmaq istəyir.

Digər xəbərlər