Qarşıdan bələdiyyə seçkiləri gəlir. Siyasi partiyaların bu seçkilərə hazırlığı, Naxçıvan MR Konstitusiyasına dəyişikliklər, həmçinin, Seçki Məcəlləsində dəyişikliyin edilməsinə ehtiyac olması haqda təkliflərlə bağlı Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun fikirlərini öyrəndik.
- Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisində MR Konstitusiyasına dəyişikliklər edilib. Bu dəyişikliklərə münasibətniz necədir?
- Bildiyiniz kimi, martın 18-də keçirilən referendumla Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər edildi. Ana Yasamıza əsasən, muxtar qurumların qanunları da respublika qanunlarına uyğunlaşdırılmalıdır. Hesab edirəm ki, bu qanuni bir prosedur idi. Naxçıvan Naxçıvan MR Konstitusiyanın 10 maddəsinə 20 əlavə və dəyişiklik edilib.
Birinci qrup dəyişikliklər Naxçıvan MR-in ali vəzifəli şəxsi ilə bağlıdır. İkinci qrupa Naxçıvan MR Ali Məclisinin fəaliyyəti, iş qaydaları, qanunvericilik təşəbbüsü hüququ ilə bağlı dəyişikliklər daxildir. Üçüncü qrupa məhkəmə hakimiyyəti fəaliyyətinin təkmilləşməsinə xidmət edən dəyişikliklər daxildir. Dördüncü, texniki xarakterli dəyişikliklərdir ki, onlar da Konstitusiyada işlənən müddəaların, ayrı-ayrı ifadələrin dəqiqləşdirilməsinə yönəldilib. Təbii ki, burada əsas məqsəd Konstitusiyanın mətnini daha da təkmilləşdirməkdir.
Konstitusiya dəyişikliklərinə əsasən, MR-in bir sıra qanunlarına da dəyişiklik edilməsi zərurət idi. Bu səbəbdən də, Naxçıvan MR Ali Məclisi "Naxçıvan MR-in Vəkillər Kollegiyası haqqında" Naxçıvan MR Qanununa dəyişiklik edilməsi barədə qərar qəbul edib.
Ümumiyyətlə, hesab edirəm ki, Konstitusiya və qanunlara edilən əlavə və dəyişikliklər ölkə qanunvericilik bazasının daha da təkmilləşdirilməsi, vətəndaşların hüquq və azadlıqlarının qorunması və ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalara uyğunlaşmaq baxımından çox təqdirəlayiqdir.
Bu proses ölkədə vətəndaş cəmiyyətinin möhkəmlənməsinə, dövlət-vətəndaş münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsinə və demokratik inkişafa təkan verəcək. Həm ölkə, həm də Naxçıvan MR Konstitusiyasına edilən əlavə və dəyişikliklər zamanın tələbi idi.
- Milli Məclisin yaz sessiyasında "Siyasi partiyalar haqqında" qanuna əlavə və dəyişikliklərin ediləcəyi gözlənilirdi. Lakin yaz sessiyasında həmin Qanun qəbul edilmədi. Bu Qanunun qəbulunun gecikməsini nə ilə izah etmək olar?
- Burada əsas detallardan biri də gələcəkdə siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi məsələsidir. Siyasi partiyalar haqında qanun 1992-ci ildə qəbul edilib, müəyyən mərhələləri nizamlayır. Amma bundan sonra Azərbaycanın Konstitusiyası, Seçki Məcəlləsi qəbul edilib, Azərbaycan beynəlxalq konvensiyalara qoşulub. "Siyasi partiyalar haqında" qanun bu məsələlərin hamısına uyğunlaşdırılmalıdır. Lakin bizim hazırkı Qanunda bütün məsələlər öz əksini tapmır.
Bu baxımdan da qanuna dəyişiklik edilməsinə ciddi ehtiyac var. Ortaya yeni bir qanun çıxmalı, orada daha bir neçə məsələ də öz əksini tapmalıdır. Bu, ilk növbədə, siyasi partiyaların qeydiyyatı məsələsidir. Bundan başqa, onların fəaliyyəti, maliyyələşməsi, partiyaların beynəlxalq təşkilatlarda təmsilçilik məsələləri təsbit olunmılıdır. Bu yeniliklərin həyata keçirilməsi üçün yeni bir qanun qəbul olunmalıdır. Bununla bağlı YAP-ın hazırladığı qanun layihəsi parlamentə təqdim edilib.
- Çıxışlarınızda qeyd etmisiniz ki, Seçki Məcəlləsində müəyyən dəyişiklər edilməsinə ehtiyac var və bəzi təkliflər irəli sürmüsünüz. Bunların mahiyyəti nədən ibarətdir?
- Seçki Məcəlləsi daim inkişafda olan Qanundur. Hər seçkidən sonra həm nəzəri, həm də praktiki baxımdan qanunda müəyyən boşluqların olduğu üzə çıxır. Bu boşluqlar bir sıra hallarda MSK-nın təlimatları ilə doldurulur.
Bildiyiniz kimi, prezident, parlament və bələdiyyə seçkilərinin hərəsinin öz özəlliyi var. Qarşıdan bələdiyyə seçkiləri gəlir, bununla əlaqədar qanunvericilikdə müəyyən məsələlər öz həllini tapmalıdır. Bu baxımdan mən qanuna dəyişikliklərin edilməsi təşəbbüsü ilə parlamentdə çıxış etdim.
Öncə təklif edərdim ki, bələdiyyələrdə üzvlərin sayı azaldılsın. Seçki Məcəlləsinə əsasən, yerli bələdiyyələrdə əhalinin sayına uyğun olaraq 3 nəfərdən 19 nəfərədək üzv ola bilər. 19 bələdiyyə üzvü isə, həddindən artıq çoxdur. Bu da, öz növbəsində, həm işin operativ həyata keçirilməsinə əngəl yaradır, həm də digər məsələlərdə problem yaranır.
Hesab edirəm ki, bələdiyyə üzvlərinin sayı ilə bağlı ən yuxarı hədd 7 və yaxud 9, aşağı hədd isə 1 nəfər müəyyənləşsə daha yaxşı olar. Məsələn, elə kəndlər var ki, çox kiçikdir, orada 3 nəfərin bələdiyyə üzvü seçilməsinə nə ehtiyac var? Bir nəfər seçilə bilər və o da bütün məsələlərlə məşğul olar. Belə bir praktika Avropa ölkələrində və Türkiyədə də var.
Deyim ki, Türkiyədə muxtarlar seçilir və bu insanlar kiçik kəndləri idarə edirlər. Digər bir təklifim isə, prosedura qaydaları, vəkillərin təyin olunması ilə bağlıdır. Hazırkı Qanunda partiyanın seçkilərdə iştirakı ilə bağlı müəyyən boşluqlar var. Düşünürəm ki, parlamentin payız sessiyasında bu boşluqların aradan qaldırılmasına imkan yaranacaq.
- Ölkəmizdə xeyli sayda şəhər bələdiyyələri də fəaliyyət göstərir. Bu bələdiyyələrin işi qanedicidirmi, onların işinin təkmilləşdirilməsi üçün hansısa təklifləriniz varmı?
- Bəli. Bakını çıxmaq şərti ilə digər şəhərlərlə şəhər bələdiyyələri var. Bakı şəhərində əlavə olaraq Böyük Şəhər Bələdiyyəsinin yaradıla bilər. Bu məsələdə bəzən İstanbul Şəhər Bələdiyyəsini misal gətirirlər. Lakin qeyd etməliyəm ki, bizdə struktur etibarı ilə idarəetmə sistemi tamam başqa formadadır.
Belə edəsi olsaq, o zaman dövlət idarəetməsində də dəyişiklik olmalıdır. Bu zaman, rayonlar ləğv olunmalı, Bakı meriyası yaradılmalı, bundan sonra Böyük Şəhər Bələdiyyəsi fəaliyyət göstərməlidir. Ancaq bizim struktur fərqli olduğundan hazırkı struktur daha yaxşıdır. Yalnız, bələdiyyə üzvlərinin sayını azaltmaq lazımdır.
- Seçkilərə təxminən 4 ay vaxt qalsa da, siyasi partiyalarda ciddi hazırlıq müşahidə olunmur. YAP-ın bələdiyyə seçkiləri ilə bağlı hazırlığı və fəaliyət planları necədir?
- Biz bələdiyyə seçkiləri ilə bağlı artıq rayon təşkilatlarında seçki qərargahları yaratmışıq, proqrama uyğun fəaliyyət göstəririk. Xüsusi təlimlər və seminarlar keçirilir. Sentyabr ayına qədər məqsədlər var və bunlar həyata keçiriləcək. Sentyabrın sonunda namizədlərin irəli sürülməsi mərhələsi başlayacaq.
Fikrimcə, bələdiyyə seçkiləri prezident və parlament seçkilərindən daha çətin prosesdir. Ən azı ona görə ki, bələdiyyə seçkilərində namizədlər daha çoxluq təşkil edir. Lakin bu seçkilərdə fərdi qaydada iştirak asandır, 15-100 seçicinin imzası toplanılır və namizədlik irəli sürülür. Düzdür, siyasi partiya kimi bütün ölkəni əhatə edəcək qədər namizəd irəli sürmək çətindir.
Qeyd edim ki, ötən bələdiyyə seçkilərində biz 20 mindən artıq namizəd irəli sürdük. Bütün bu prosesin sənədləşməsi, uğurla aparılması olduqca çətin bir işdir. Lakin YAP-ın bunun üçün bütün potensialı var və biz bu seçkilərdə də mütəşəkkil qaydada iştirak edəcəyik. Biz bütün bələdiyyələrə namizəd irəli sürəcəyik. İndi bələdiyyələr birləşib, yerlərin sayı azalıb və biz mövcud olan bütün yerlərə namizəd müəyyənləşdirmişik. Şübhə yoxdur ki, partiyamız yenə də qalib gələcək.
- Bələdiyyə seçkilərində müxalifət düşərgəsindəın hansı partiyaları rəqib olaraq görürsünüz?
- Müxalifətin indiki durumu hamıya bəllidir və hesab edirəm ki, müxalifət rəhbərləri bir kənd bələdiyyəsinə öz namizədliklərini irəli sürsələr, nə isə əldə edə bilərlər. Qalan hallarda onları bu bələdiyyə seçkilərində heç bir perspektiv gözləmir.
Bunlar xalqın maraqlarını təmsil etmirlər. Müxalifət iqtidarın görmədiyi tərəfləri görməli və alternativ təkliflər irəli sürməlidir. Azərbaycan müxalifəti bu işlə ümumiyyətlə məşğul olmur, əksinə, lazımsız işlərlə məşğul olur.
1990-cı ildən kim partiyaya rəhbərlik edirsə, bu gün də həmin adamlar partiya başındadır. Onların heç biri heç qardaşına da güzəştə getmək fikrində deyillər. Onlar partiya sədrliyinə bir iş yeri kimi baxırlar. Bu üsulla siyasi partiya idarə oluna bilməz, partiyada daim islahatlar getməlidir.
Onlarda obyektivlik olmadığına görə cəmiyyət onları qəbul etmir. Vətəndaşlar tərəfindən dəstəklənməyən partiyanın hansı perspektivi ola bilər?