Məlum olduğu kimi, son dövrlər Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə tənzimlənməsi prosesində yenidən bir aktivlik, fəallıq hiss olunmaqdadır. Belə ki, bu günlərdə regiona növbəti səfərləri çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri növbəti dəfə bəyanat verərək, yaxın zamanlarda Dağlıq Qarabağ probleminin həllinə yönəldilmiş ilkin sülh razılaşmasının əldə edilməsinin mümkünlüyünə işarə vurublar. Eyni zamanda, ötən həftənin sonlarında ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən olan ABŞ-ın Dövlət Departamenti 6 bənddən ibarət olan Madrid prinsiplərini açıqladı.
Bundan başqa, ötən həftə Azərbaycan və Ermənistan prezidentləri Rusiya paytaxtında yenidən bir araya gəliblər. Bununla yanaşı, bir müddət öncə, ATƏT Parlament Assambleyasının növbəti illik yay - Vilnüs sessiyasında sözügedən qurumun prezidentinin səlahiyyətli nümayəndəsi Qoran Lenmarkerin təşəbbüsü ilə bir araya gələn Cənubi Qafqaz parlamentarilərinin görüşündə həmin şəxs yenidən "qızıl imkan" məsələsini gündəmə gətirib, həmçinin, "Siz - Azərbaycan, Ermənistan və həmçinin, Gürcüstan nəzərdə tutulur - Avropanın ayrılmaz bir hissəsisiniz və yaxşı başa düşürük ki, hər biriniz Avropa Birliyinə üzv olmaq istəyirsiniz. Bircə onu deyə bilərəm ki, ərazilərinizdəki konfliktləri həll etdikdən sonra Avropa Birliyinə üzv ola bilərsiniz. Eyni zamanda, biz sizə heç nə vəd etmirik, amma bununla belə, sizin üzünüzə qapılarımızı da bağlamırıq", - deyə bəyan edib.
Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova məsələyə aydınlıq gətirərək bildirdi ki, ATƏT artıq haradasa özünü sübut etməlidir ki, hansısa bir konfliktli məsələni həll edib, başa çatdırıb:
- Rəbiyyət xanım, bilmək istərdik ki, bütün bunların fonunda Qarabağ probleminin həllini necə görürsünüz?
- Əvvəla, birmənalı olaraq, demək istəyirəm ki, Qarabağ məsələsində Azərbaycanın, Azərbaycan dövlətinin, cəmiyyətinin, dövlət rəhbərliyinin, şəxsən ölkə başçısının mövqeyi, həmişə olduğu kimi, dəyişməz və aydındır. Qarabağ məsələsi Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunmalıdır. Şəxsən ölkə Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi, bir qarış da olsun torpaq güzəştə gedilməməlidir və gedilməyəcək. Eyni zamanda, hansı prinsip olur-olsun, hansı prinsip ortaya atılır-atılsın, burada - Qarabağ məsələsində Azərbaycanın maraq və mənafeləri nəzərə alınmalı, təmin olunmalıdır. Bununla yanaşı, xatırlatdığınız məqama - ATƏT PA-nın Vilnüs sessiyası çərçivəsində Qoran Lenmarkerin təşəbbüsü ilə reallaşdırılan görüşə və görüş zamanı həmin şəxs tərəfindən dilə gətirilən məlum fikirlərə gəlincə, istər o zaman belə bir mövqeni ifadə etdim, istərsə də indi həmin mövqenin üzərində qalaraq bir daha bəyan etmək istəyirəm ki, görəsən, "qızıl imkan", "qızıl pəncərə" dedikdə, ümumiyyətlə, nələr nəzərdə tutulur? Görəsən, bunun hansı tərəfi "qızıldır" ki, biz də bəribaşdan bilək, görək, nəyə, hansı addıma gedəcəyik, hansı addıma getməyəcəyik? Bununla belə, ATƏT rəsmiləri səviyyəsində açıq-aşkar şəkildə bizlərə heç nə vəd edilmədiyi bildirilirsə, deməli, belə çıxır ki, onlar bizi heç zaman Avropa Birliyinə qəbul etmək niyyətində deyillər. Bir tərəfdən, deyirlər ki, biz böyük bir evin - Avropanın - Avratlantik məkanın sakinləriyik, amma digər tərəfdən, bu evin sakinlərinə eyni münasibət sərgilənmir və yaxud məlum mövqe ortaya qoyulur. Heç cür başa düşmək olmur, bir evin içərisində əmin-amanlığı, rahatlığı, təhlükəsizliyi təmin etmək üçün konkret bir iş görülmədiyi, addım atılmadığı halda, "bu evin qapıları sizin üzünüzə bağlı deyil" deyilir. Elə istər ATƏT tərəfindən, istərsə digər Avropa qurumları tərəfindən indiyənə qədər heç bir iş görülməməsi səbəbindədir ki, Ermənistan-Azərbaycan münaqişəsi hələ də həll olunmamış qalır. Bundan başqa, tez-tez vurğulanır ki, ona görə ATƏT-ə üzv qəbul olunmuşuq ki, böyük bir təhlükəsizlik məkanı yaransın və yaradılsın. Amma burada bir məqam unudulur ki, biz digər təşkilatlar - o cümlədən, ATƏT qarşısında öhdəliklər götürdüyümüz kimi, onlar da bizim qarşımızda öhdəliklər götürüblər.
- Demək istəyirsiniz ki, qarşılıqlı öhdəliklər götürülmədən, konkret nəyəsə nail olmaq mümkün deyil?
- Tamamilə doğrudur, bizim onlar qarşısında öhdəliklərimiz olduğu kimi, onların da bizim qarşımızda öhdəlikləri var və bu, heç zaman yaddan çıxarılmamalıdır. Əgər bir məkanın üzvüyüksə, o zaman konkret desinlər, görək, burada ATƏT-in, onun Parlament Assambleyasının rolu nədən ibarətdir? Bu gün ATƏT-ə yeni-yeni üzv ölkələr qəbul olunur, belə demək mümkünsə, onun sərhədləri genişlənməyə doğru gedir. Hətta bu gün ATƏT-də Əfqanıstandan belə nümayəndələr təmsil olunurlar, ora gəlib-gedirlər. Demək istəyirəm ki, belə olan halda, uzun müddətdən bəri davam edən bir konflikti, konkret olaraq, Qarabağ münaqişəsini həll etmədən növbəti konfliktli ölkəni, yaxud ölkələri bura - bu məkana qəbul etmək, görəsən, nəyə lazımdır? ATƏT artıq haradasa özünü sübut etməlidir ki, hansısa bir konflikti, konfliktli məsələni həll edib, başa çatdırıb. Ancaq özünüz də gördüyünüz kimi, bu yöndə hansısa bir nümunə yoxdur. Yenə də qeyd edirəm, ATƏT hansısa bir konflikti həll etmədən digər konfliktli dövlətləri, bölgələri özünə cəlb etməklə, əksinə, bundan qazanmır, itirir. Daha doğrusu, ona olan inamı, ümidi azaldır, itirir. Eyni zamanda, onu da bildirmək istəyirəm ki, yuxarıda qeyd etdiyim kimi, Azərbaycan Qarabağ məsələsində ərazi bütövlüyünün təmin olunması prinsipindən bir addım olsun belə geri çəkilməyəcək. Əslində, bizim bu məsələdə ən böyük güzəştimiz o olub ki, uzun müddət istər ATƏT-ə, istərsə də digər qurumlara inanmışıq, bu münaqişənin həllində onların hansısa addım atacağını səbrlə gözləmişik. Lakin təəssüflər olsun, bizim həmin qurumlara olan inamımız, ümidimiz hələ ki, özünü doğrultmayıb. Artıq, necə deyərlər, konkret fəaliyyət, konkret addım atmaq zamanıdır. Nəhayət, istər ATƏT, istər Minsk Qrupu, istərsə də digər qurumlar, vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həll olunması ilə bağlı öz birmənalı kəskin mövqelərini ortaya qoymalı, təcavüzkarı yerində oturtmalıdırlar. Qalan məsələlər, o cümlədən, Avropa Birliyi məsələsi artıq bundan sonra gəlir.
- Rəbiyyət xanım, bildiyimizə görə, Azərbaycan da daxil olmaqla Mərkəzi Asiya ölkələrinin Parlament Assambleyasının, yaxud Mərkəzi Asiya ölkələri parlamentarilərinin Forumunun yaradılması məsələsi gündəmə gəlib. Sizcə, bu, nə dərəcədə doğrudur?
- Doğrudur, bu məsələ də gündəlikdədir. Düzdür, onun yaxın zamanlarda yaradılması, bu yöndə sözdən konkret işə, fəaliyyətə keçilməsi real görünmür, amma perspektivdə bu ideyanın daha geniş çərçivədə müzakirə edilməsi və reallaşdırılması gözləniləndir. Özü də çox maraqlıdır ki, bu məsələ məhz Mərkəzi Asiya ölkələri - konkret şəkildə qeyd etsək, Qazaxıstan, Tacikistan, Əfqanıstan, o cümlədən, Azərbaycan tərəfindən deyil, bu bölgədən, bu məkandan məsafəcə xeyli uzaqda yerləşən Kanada tərəfindən, kanadalı parlamentari tərəfindən ortaya atılıb. Onu da nəzərinizə çatdırım ki, bu məsələ elə yuxarıda haqqında danışdığımız ATƏT PA-nın sonuncu Vilnüs sessiyası zamanı Qazaxıstan, Tacikistan, Əfqanıstan, Azərbaycan və Kanada təmsilçilərinin birgə görüşündə dilə gətirilib. Həmin görüşdə qonaq qismində iştirak edən bir şəxs kimi, əməkdaşlığın inkişaf etdirilməsi baxımından belə bir qurumun və yaxud forumun yaranmasını məqsədəuyğun saydığımı söylədim. Çox yaxın zamanlarda olmasa da, gələcəkdə belə bir qurumun, yaxud forumun yaradılması mümkündür və realdır. Bu istiqamətdə istər görüşlər keçiriləcək. Bir daha qeyd edirəm, belə bir əməkdaşlıq formatına, əməkdaşlıq forumuna zəruri ehtiyac var. Bu cür təşklatların yaradılmasının digər qurumların, o cümlədən, ATƏT-in, onun Parlament Assambleyasının işinə, fəaliyyətinə heç bir mənfi təsiri yoxdur və ola da bilməz. Odur ki, ATƏT məkanı çərçivəsində Mərkəzi Asiya ölkələrinin Parlament Assambleyasının, yaxud Mərkəzi Asiya ölkələri parlamentarilərinin forumunun yaradılmasının da bu məkanın, bu qurumun perspektivinə heç bir mənfi təsiri olmaz.