1875-ci ilin 22 iyulunda Azərbaycanda ilk mətbuat orqanı "Əkinçi" qəzeti fəaliyyətə başladı. Həsən bəy Zərdabinin böyük zəhməti və gərgin səyləri milli mətbuatın əsasının qoyulmasına gətirib çıxardı. Bəs bu gün 134 illik tarixi olan Azərbaycan mətbuatının vəziyyətini mətbuat mütəxəssisləri necə qiymətləndirir? Mətbuatımızın bugünkü durumu ilə bağlı bu və ya digər suallara Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, tanınmış media-ekspert Zeynal Məmmədli ilə söhbətdə aydınlıq gətirməyə çalışdıq.
- Zeynal müəllim, son vaxtlar mətbuatın durumu ilə bağlı müzakirələr aparılır və bu sahədə yaranmış ziddiyyətli problemlər diqqət mərkəzindədir. Mili mətbuatın bugünkü durumu bir peşəkar media mütəxəssisi olaraq, sizi qane edirmi?
- Burada iki vacib məsələ var. Medianın və cəmiyyətin bir-birinə qarşılıqlı təsiri faktorundan söhbət gedir. Media cəmiyyətin tərkib hissəsidir və buna görə də, medianın durumu cəmiyyətdən asılıdır. Yəni, cəmiyyətdə baş verən ən xırda bir tendensiya, sözsüz ki, mediaya da öz təsirini göstərir. Amma gəlin görək mediada baş verən hadisələr cəmiyyəti düşündürürmü və ona təsir edirmi? Bu məsələnin ikinci tərəfi sual altındadır.
Son vaxtlar mətbuatla bağlı ölkədə müşahidə olunan proseslər bir daha göstərdi ki, cəmiyyət öz həyatında medianın rolunu və təsirini sanki hiss etmir. İndi artıq mətbuatın durumu ilə bağlı müzakirələr yalnız mediada çalışanların daxili işi kimi qalır. Bu, onu göstərir ki, Azərbaycan mediası cəmiyyətin ondan gözlədiklərini hələ etməyib. Etsəydi, dəstəklənə bilərdi və cəmiyyətin önündə gedərdi, amma bu, tam tərsinədir. Belə davam etsə, Azərbaycanda media cəmiyyətin nəinki önündə, heç arxasında da gedə bilməyəcək.
- Tez-tez belə fikirlər səslənir ki, mətbuatın əksər hissəsi siyasiləşib, müstəqil mətbuat, demək olar ki yoxdur, təhqir, böhtan və şantaj baş alıb gedir və s. Sizcə, bu durum nədən qaynaqlanır?
- Müstəqil mətbuatın olmamasının əsas səbəblərindən biri də qəzetlərin maliyyə azadlığının olmamasıdır. Baxın, Azərbaycanda media bazarının vəziyyəti ilə bağlı hamımızın inanacağı akademik sorğular hələ keçirilməyib. Amma qeyri-hökumət təşkilatlarının keçirdiyi bəzi sorğulara baxsaq, görərik ki, Azərbaycan oxucusunun dairəsi ildən-ilə daralmaqdadır.
- Son vaxtlar bu istiqamətdə səslənən fikirlərdə və irəli sürülən təkliflərdə qeyd olunur ki, mətbuatı siyasi təsir və tabeçilikdən çıxarmaq, onların maliyyə müstəqilliyini yaratmaq lazımdır ki, mətbuat bitərəf və obyektiv prinsiplərlə fəaliyyət göstərsin. Siz necə düşünürsünüz?
- Cəmiyyətin özündə bütövlükdə vəziyyət dəyişməsə, bütün bunlar boş xəyal olaraq qalacaq. Əgər partiyalara elektron mediada və rəsmi dövlət qəzetlərində söz demək imkanı yaradılsa, təbii ki, bunlar özlərinin qəzetlərini buraxmaqda maraqlı olmayacaqlar. Azərbaycanda bu sahədə vəziyyət öyünüləsi olmadığından hər kəs ağlına və ağzına gələni yazır.
Bu tendensiya da artıq mətbuat azadlığının başa düşülmə tərzinə çevrilib. Adamların köşklərdən həvəslə qəzetləri almasını da görmürük. Əgər biz istəyiriksə qəzetləri müstəqil edək- müstəqil olmaq sözünün arxasında "mən necə istəsəm, elə də yazaram" prinsipi dayanmır- onda onların maliyyə qaynağı şəffaf olmalıdır. Biz deyə bilərikmi ki, filan qəzetin maliyyə qaynağı şəffafdır? Buna cəmiyyətdə ən azı şübhələr var...
- Zeynal müəllim, Mətbuat Şurasının üzvü kimi şuranın və digər jurnalist təşkilatlarının fəaliyyətini necə qiymətləndirirsiniz? Bunların mətbuatın inkişafında və problemlərinin həllində rolu nə dərəcədə ola bilər?
- Bu məsələdə iki tərəf var. Bir bötüvlükdə cəmiyyət var, bir də jurnalistlər və onların təşkilatları. Cəmiyyət nə qədər fəal olsa, biz bu qurumların fəaliyyətinə daha dolğun və obyektiv qiymət verə bilərik. Biz totalitar bir sistemdən çıxmışıq. Yəni, "evdə yeməmişik, qonşuda görməmişik" ki, bu ictimai təşkilatlar necə olmalıdır. Bu baxımdan müəyyən qədər təcrübəsizlik var.
Arzu edərdik ki, həmin qurumlar öz fəaliyyətlərini gücləndirsinlər. Özüm də daxil olmaqla Mətbuat Şurası üzvləri cəmiyyətin strateji hədəflərini görmək və ölkəmizin dünyaya inteqrasiyasına kömək etmək baxımından öz düşüncələrini ortaya qoymalıdır. Bu məsələlər geniş auditoriyalarda müzakirə olunmalıdır, fikirlər ortaya qoyulmalıdır və çıxış yolları birgə axtarılmalıdır.
-Azərbaycan mediasında ən kəskin problemlərdən biri kimi "reket mətbuat" adı verilən bölümün fəaliyyət sferasının genişlənməsi göstərilir. Ekspertlər bunun müxtəlif səbəblərini göstərirlər- bəziləri bunu ölkəmizdə KİV-in qeydiyyatının son dərəcə asan olması ilə, digərləri isə, bəzi işbazların asan yolla çoxlu pul qazanmaq istəyi ilə bağlayırlar. Siz necə düşünürsünüz?
- Mən düşünürəm ki, bu tendensiyanı təkcə KİV-in qeydiyyatının asan olması ilə bağlamaq doğru olmazdı. Ümumiyyətlə, dünyada "reket mətbuat" anlayışı yoxdur. Əminəm ki, bu söz yalnız Azərbaycanda işlənir. Bu da sovet yaşayış tərzinin məhsuludur. Digər postsovet ölkələrində buna yaxın sözlər işlənib, ancaq "reket mətbuatı", "reket jurnalistikası" şəklində yalnız Azərbaycanda işlənir. Bu, əsasən, ona görə baş verir ki, ölkədə media bazarı tam inkişaf etməyib.
Azərbaycanda reklam bazarı medianı cəzalandıra bilsəydi, yəni, mətbuat oxucunun qəzet-jurnalları alıb-almamağı, oxuyub-oxumamağın sayına görə reklamverənin verdiyi pulların kəsilməsi ilə cəzalansaydı, o zaman bütün bunlar baş verməzdi və o cür qeyri-peşəkar mətbuat ortalıqda ola bilməzdi.
Gəlin baxaq, "reket" jurnalistlər məgər yalnız ayda-ildə bir dəfə çıxan o qəzetlərdə var? Xeyr, belə söhbət yoxdur. Çox tanınmış qəzetlərdə də var! Özü də orada söhbət 5-10 dollardan gedirsə, burada 5-10 min dollardan gedir! "Reket" qəzetlərin adlarına baxaq- nə qədər gurultulu adları var- "parlament", "dövlət", "hüquq", "prezident" və s.
Dövlət qurumlarının adlarını götürüb qanunsuzluq edir, rüşvət alır, nə bilim, daha nələr edirlər. Bu "reket mətbuat" adlandırılan, uydurma bir mətbuat gerçəkliyi, medianın üz qarası olan dırnaqarası mətbuat pis məqsədlər üçün bir mexanizmdir. İkinci bir tərəfdən bazar işləsə, bu problem birdəfəlik aradan qalxar.
- Bəzi məlumatlara görə, ölkə üzrə 50 mindən artıq jurnalist vəsiqəsi paylanıb və bu rəqəmin daha çox ola biləcəyi haqda söhbətlər var. Getdikcə də bu prosesin miqyası və sürəti artır. Bunun qarşısını necə almaq olar?
- Bunun artmasının qarşısını almaq üçün görülməli olan tədbirlərdən biri də Mətbuat Şurasının vahid vəsiqə formasının tətbiq edilməsi ola bilər. Şuradan verilmiş vəsiqələr təsdiq edir ki, bu, müəyyən tərbiyə öhdəliyi olan media qurumudur. Onlarda belə vəsiqələr varmı? Təbii ki, yoxdur. Televiziyalarda o tipli qəzetlər rüsvay edilsə, görün necə olacaq?! Bunlar adətən bölgələrə gedir axı. O bölgədəkinin xəbəri olacaq ki, hansı qəzet nədir.
Araşdırılmalıdır ki, o qəzetlərin maliyyəsi haradandır? Çünki o qəzetlər satılmır ki, deyəsən, satışdan qazanırlar. Reklam verən də yoxdu onlara. Bəs nəyin hesabına çıxırlar? O qədər nəşriyyat məsrəflərini, işçilərin əməkhaqqını, ofis və avadanlıq xərclərini necə əldə edirlər? Bunu aydınlaşdırmaq və sübut etmək çətin deyil.
- Ölkəmizdə özünü müstəqil hesab edən, amma müxalifət qurumlarına bağlı qəzetlər də az deyil və bu qəzetlərin səhifələrindən daim cəmiyyətə mənfi enerji yüklənilir. Belə KİV-lər, obrazlı desək, qaranı da qara görürlər, ağı da. Bunların da ən əsas nöqsanı sırf siyasi səbəblərdən obyektiv ola bilməməkdir. Sizcə, bu vəziyyəti normallaşdırmaq üçün nə tələb olunur?
- Bu da reklam bazarının zəif olmasından doğan problemdir. Əgər biz qəzetçiliklə məşğul olub bazardan öz güzaranımızı təmin edə bilsək, yaşamaq üçün pul qazana bilsək, onda hansısa partiyanın maraqlarına yox, bütövlükdə, cəmiyyətə çalışmağı üstün tutacağıq. Müxalfət qəzetlərinin çap etdiyi materiallar çox zaman nəticə etibarilə birtərəfli olur.
Mən dəfələrlə demişəm- özünüz də izləyirsiniz mətbuatı, monitorinqlərdə də görürsünüz nəticələri- partiya mətbuatında birtərəfli məlumatlar, plüralizmə sayğısızlıq nə dərəcədə geniş yayılıb. Həmin mətbuatı buna məcbur olur, yoxsa, qəsdən belə edir? Yəni, onların hökumətin məlumat qaynaqlarından, eləcə də, digər hakimiyyət qollarından- parlamentdən, məhkəmələrdən informasiya almaq problemi varmı? Onlara məlumatı verirlərmi? Bunu aydınlaşdırmaq lazımdır.
- Media sahəsində başqa bir tip qrup da var- söhbət peşəkarlığa, müstəqilliyə və obyektivliyə can atan qəzetlərdən gedir. Onları necə görürsünüz, bu qəzetləti peşəkar və cəmiyyətin maraqlarına işləyən media qurumları hesab etmək olarmı?
- İstərdim ki, bu sözlərimi olduğu kimi verəsiniz- Azərbaycanda çox yanlış olaraq qəzetləri qruplara bölüblər və ad qoyublar. Bu iqtidar qəzetidir, bu müxalifət qəzetidir, bu nə bilim nədir. Bunlar şərti adlardır. Baxın, iqtidar və müxalifət mətbuatı nə deməkdir- biri ağdır, o biri qaradır. Amma əslində, göy qurşağı olmalıdır. Əslində, müstəqil mətbuat deyəndə, yeganə danılmaz kriteriya bilirsiz nədir- bu şəffaf maliyyə qaynağıdır.
- Yəni, qəzet yalnız oxucu auditoriyasına, bazara hesablanmışdırsa, peşəkar və müstəqil ola bilər?
- Bəli, tamamilə doğrudur. Müstəqil qəzetin, ilk növbədə, maliyyə müstəqilliyi olmalıdır. Bu zaman ona kənar təsirlər olmur və kimdənsə asılılıq yaranmır. O zaman da həmin media qurumu azad sayıla bilər və cəmiyyətdə nüfuzu ola bilər.
- Bir media eksperti olaraq print medianın gələcəyini necə görürsünüz? O baxımdan ki, getdikcə çap məhsulları elektron mediaya, internetə uduzur, qəzet-jurnalların satışı aşağı düşür, reklam bazarı zəifləyir. İnformasiyanın operativliyi cəhətdən rəqabətə davam gətirə bilməməsini də əlavə etmək olar..
- Yox, mən belə deməzdim. Bizim mətbuat bilməlidir ki, onların internet saytları mütləq olmalıdır. Bu yolla onlar saatbasaat dəyşmək imkanı əldə edərlər və operativlikdə, hətta televiziyanı və radionu qabaqlaya bilərlər.
- Amma iş orasındadır ki, qəzetlərin satışdan əldə etdikləri gəlir azalır...
- Bunlar normal qəzet buraxsalar, maliyyəni gələcək üçün hesablasalar, o zaman internet oxucularının hesabına da reklam ala bilərlər. Media təşkilatlarının fəaliyyəti artmalıdır. Qəzetçilər, nəhayət, başa düşməlidirlər ki, onlar reklam bazarı ilə bağlı ümumi mövqeyə gəlməlidirlər.
- Zeynal müəllim, bəziləri iddia edir ki, media artıq cəmiyyətdə nüfuzunu və "dördüncü hakimiyyət" statusunu itirməkdədir...
- Belə deməzdim. Media ümumi prinsiplərdən və ümumi maraqlardan başqa, bir araya gəlməyə məhkumdur. Bu, sonuncu çıxış yoludur. İstər iqtidar qəzeti olsun, istər müxalifət qəzeti, istər də neytral qəzetlər. Cəmiyyətdə birinin nüfuzu düşəndə, mexaniki olaraq, o birilərə də inam azalır. Bunu bilsinlər!
- 134 il öncədən başlayan, fərqli quruluşlardan və fərqli sistemlərdən keçib bu günə gələn Azərbaycan mətbuatının tarixi xronologiyasına nəzər salanda, hansı qənaətə gəlmək olar: mətbuat inkişaf cəhətdən irəli gedir, yoxsa geri?
- Bu dövrlərdə ziqzaqlar olub. Gah irəli getmişik, gah da geri. Mən mətbuatın və jurnalistlərin bugünkü vəziyyətinə baxıram və Zərdabiyə rəhmət oxuyuram. "Əkinçi"nin strateji hədəfləri maarifçilik, demokratik düşüncə və sivil cəmiyyət üzərində qurulmuşdu. Mən "Əkinçi" qəzetini bugünədək çıxan qəzetlər arasında ən peşəkar qəzet hesab edirəm. Əgər bir media mütəxəssisinin gözündə bizim mətbuat tariximizin ən peşəkar qəzeti "Əkinçi"dirsə, deməli, mətbuatımız geriləyib.
- Zeynal müəllim, Azərbaycanın ən peşəkar media mütəxəssislərinin biri kimi peşə bayramı münasibətilə milli mediamıza və jurnalistlərə nə arzu edərdiniz?
- Bu gün harda çalışmasından asılı olmayaraq, jurnalistlər böyük mənəvi və zehni enerji sərf edirlər. Cəmiyyətin mənəvi-psixoloji durumunda onların rolu böyükdür. Jurnalistlərimizi təbrik edirəm və onlara məsləhət görürəm ki, peşəkarlıqlarını durmadan artırsınlar. Mən arzu edirəm ki, jurnalistlər cəmiyyətə göstərsinlər və sübut etsinlər ki, biz sizə lazımıq.