Son dövrlər ölkəmizdə mətbuatın inkişafına diqqət və qayğı artmaqdadır. Qəzetlərin maddi-texniki bazasının gücləndirilməsinə, onların inkişafına münbit şərait yaradılıb. Bu sahədə çalışan, zəhmət çəkən insanların xidmətləri qiymətləndirilir, fəaliyyətlərində fərqlənən jurnalistlərə, qələm sahiblərinə dövlət tərəfindən fəxri adlar, mükafatlar verilir. Qarşıdan isə Azərbaycan Milli Mətbuatının yaradılmasının 134-cü ildönümü gəlir. Məhz bu ərəfədə də Azərbaycanda Mətbuatın İnkişafına Yardım Fondunun yaradılması bir tərəfdən dövlətin ölkəmizdə mətbuatın inkişafına göstərdiyi qayğının, ayırdığı diqqətin növbəti təzahürüdürsə, digər tərəfdən də, mətbuat sahəsində çalışan insanlara bir töhfədir.
Azərbaycanda Mətbuatın İnkişafına Yardım Fondunun yaradılması mətbuatın inkişafında nə kimi rolu olacaq ? Ölkəmizdə mətbuatın fəaliyyəti necədir ? Bütün bunlarla bağlı suallara Mətbuat Şurasının sədri Əflatun Amaşov ətraflı cavab verir.
- Azərbaycan dövləti mətbuatımızın inkişafı üçün mühüm bir sənəd qəbul edib. Yeni imkanlar yaradıb ki, mətbuat inkişaf etsin. Çünki Azərbaycanda müstəqil mətbuat vacibdir. Həmin fond ölkədə müstəqil mətbuatın iqtisadi bazasının formalaşmasına, jurnalistlərin peşəkarlığının armasına xidmət etməlidir. Mətbuat-hakimiyyət, mətbuat-ictimaiyyət münasibətlərinin sivil formada inkişafına xidmət etməlidir. Bu, birmənalı qaydada Azərbaycan dövlətinin mətbuata münasibətinin göstəricisidir. Bu vaxta qədər mətbuata müxtəlif dövrlərdə, müxtəlif yardımlar olunurdu. Ancaq Azərbaycan dövləti mətbuatın inkişafına konseptual yanaşır, mətbuatın iqtisadi bazasının möhkəmlənməsinə, həm də jurnalistlərin peşəkarlığının artmasına, jurnalistikanın digər sahələrlə təmasların qurulmasına konseptual baxış sistemi yaradıb. Bununla da Azərbaycan mətbuatının inkişafında yeni bir mərhələnin başlanğıcını qoyur. Bunadan da əsas məqsəd odur ki, mətbuatın iqtisadi bazası möhkəm olsun, mətbuat iqtisadi cəhətdən müstəqil olsun. Əgər belə olarsa, mətbuat sözün əsil mənasında, dördüncü hakimiyyət kimi formalaşıb, vətəndaşların məmurlar üzərində nəzarət funksiyasını yerinə yetirmiş olur.
- Konkret olaraq, mətbuatın ildönümü ilə bağlı qəzetlərə, ayrı-ayrı jurnalistlərə mükafatların verilməsi nəzərdə tutulubmu və yaxud bununla bağlı hər hansı bir iş görülürmü ?
- Hazırda bu məsələ müzakirə olunur. Mətbuat Şurası Milli Mətbuat Günü ilə bağlı tədbirini Mətbuatın İnkişafına Yardım Fondu ilə birlikdə keçirəcək. Həmin tədbir fond tərəfindən maliyyələşdiriləcək. Tədbirin formatı isə müzakirə edilir. Yaxın günlərdə bununla bağlı ölkə ictimaiyyətinə, jurnalistlərə məlumat veriləcəkdir.
- Dövlət tərəfindən hər hansı bir mükafatların verilməsi gözlənilirmi ?
- Birmənalı qaydada deyə bilərəm ki, fəxri adların, mükafatların, təqaüdlərin verilməsi mümkün olmayacaq. Mətbuatın 130 illiyi münasibətilə 150-dən artıq jurnalist mükafatlara, fəxri adlara layiq görüldü. Bu il isə bu cür tədbirlər nəzərdə tutulmayıb.
- Əflatun müəllim, Mətbuatın İnkişafına Yardım Fondundan danışdınız. Maraqlı məqam odur ki, Mətbuat Şurası yaradılarkən müxtəlif mövqelərdə dayanan, müxtəlif fikirlər səsləndirən, ittiham xarakterli yazılar yazan qəzetlər, indi də yeni yaradılan fonda qarşı sərt ittihamlar səsləndirirlər. Bunlar təəssüf doğurmur ki ?
- Fondun yaradılmasının məqsədi, məramı aydındır. Dövlətimiz ölkədə müstəqil mətbuatın inkişafında maraqlıdır. Fond öz işinə yeni başlayıb. Elanlar verilib, layihələr qəbul olunur. Fondla bağlı mənfi fikirdə olan insanlara deyərdim ki, bir az səbirli olsunlar. Fondun heç olmasa 6 aylıq iş prosesini, fəaliyyətini izləsinlər, ondan sonra öz müsbət və yaxud mənfi fikirlərini, iradlarını söyləyə bilərlər.
- Mətbuatda yayılan məlumatlara istinadən demək olar ki, Mətbuat Şurası olaraq "reket jurnalistika" ilə məşğul olan qəzetlərə heç bir yardım edilməyəcək. Bütün bunlar mətbuatdakı mənfi halların qarşısını ala biləcəkmi ?
- Təəssüf ki, ölkəmizdə "reket jurnalistika" ilə məşğul olan qəzetlər var. Onlar nəzərə çarpacaq dərəcədədir. Lakin onları jurnalist adlandırmaq olmaz. Onlar mətbuatın qarayarasıdır, ləkəsidir. Başqa sahələrdə uğur qazana bilməyən insanlar özlərinin mənafeyinə xidmət edən qəzetlər açırlar, insanları şantaj edirlər. Bunula da həm jurnalistika qaydalarının prinsiplərini pozurlar, həm də qanunun müəyyən tələblərini pozurlar. Mətbuat Şurası öz fəaliyyəti ilə bağlı, mətbuat-vətəndaş problemini araşdırmaqla bağlı iş aparır, bu istiqamətdə mənfi hallara qarşı mübarizə aparır. Bunula bağlı şura tərəfindən komissiya yaradılıb. Bununla da bu sahənin daxildən təmizlənməsini qarşımıza məqsəd qoymuşuq. Bu vaxta qədər 75 qəzet şuranın qara siyahısına "reket qəzet" kimi salınıb. Mən düşünürəm ki, müəyyən mənada Mətbuat Şurasına həm hüquq-mühafizə orqanları, həm bu sahədə çalışan insanlardan, eyni zamanda, cəmiyyətdən köməkliklər edilsə, biz bu problemləri tez bir müddətdə aradan qaldıra bilərik.
- Əflatun müəllim, ayda bir dəfə çıxan qəzetlərin kimləri isə şantaj etmək, onlardan pul almaq üçün atdıqları addımları reketçilik adlandırırlar. Amma çox maraqlı məqamdır ki, "Azadlıq" qəzeti Mirzə Sakit timsalında sizə qarşı olan mənfi mövqeyi, "Yeni Müsavat" qəzetinin hakimiyyət orqanlarına qarşı tutduğu təxribat xarakterli mövqeyi hədə-qorxu, qarayara kimi dəyərləndirilmir. Bunu necə izah etmək olar?
- Mətbuat Şurası müxtəlif qəzetlərlə bağlı, o cümlədən, adıçəkilən qəzetlərlə bağlı qərarlar çıxarıb və o qəzetləri də ictimaiyyətə açıqlayıb. Bizim istəyimiz odur ki, jurnalistlər peşə-davranış qaydalarına əməl etsinlər. İnsanların şərəf və ləyaqətlərini alçaltmasınlar. Əgər bu hallar olacaqsa, Mətbuat Şurası onlara qarşı lazımi tədbirlər görəcək, daha da amansız olacaq.
- Əflatun müəllim, "reket jurnalistikası" ilə bağlı kriteriyaları bəlkə bir daha müəyyənləşdirəsiniz ?
- "Reket jurnalistikası"nın mahiyyəti ondan ibarətdir ki, ayrı-ayrı insanlar özləri üçün qəzet çıxarır, şəxsi mənafeləri naminə ayrı-ayrı məmurları təhqir, şantaj edirlər. Bu yolla onlardan pul alır və yaxud da digər vəsaitlər əldə edirlər. Məhz Mətbuat Şurası bu sayaq qəzetlərə qarşı mübarizə aparır. Həmin qəzetlər "reket" qəzetlər adlandırılır. Onların fəaliyyətində jurnalistika ilə bağlılıq yoxdur. Qəzetlər ayrı-ayrı şəxslər haqqında yoxlanmamış məlumatlar, informasiyalar verirsə, bütün bunlar araşdırılır və əgər yazılanlar öz təsdiqini tapmırsa, yəni doğru deyilsə, həmin qəzet haqqında ictimaiyyətə açıqlamalar verilir. Bütün bunlar da həmin qəzetlər haqqında, imicləri barədə ictimaiyyət arasında müəyyən fikirlər formalaşdırır. Onda hər kəs bilir ki, hansı qəzetləri oxumaq lazımdır və hansı qəzetlər peşə-davranış qaydalarına daha üstünlük verir.
- "Yeni Müsavat", "Azadlıq" qəzetlərinin elə bir səhifəsi yoxdur ki, orada məmurlar ittiham olunmasın. Onlar niyə "qara siyahıya" salınmır və yaxud "reket" adlandırılmır?
- Adını çəkdiyiniz qəzetlərlə bağı bizə şikayət daxil olub. Ancaq o şikayətlər peşə-davranış qaydaları ilə bağlı olub. İndi isə biz başqa bir monitorinq keçiririk. Həmin monitorinqdə Mətbuat Şurası məmurlarla bağlı qəzetləri araşdırır. Hansı məmurlar haqqında hansı qəzetlər nə yazır, nələri yazır. Həmin faktlar araşdırılır. Biz bütün bunlar haqqında sentyabr ayında ictimaiyyətə açıqlamalar verəcəyik. Aydın olacaq ki, yazılanlar nə dərəcədə doğrudur, qəzetlər nə dərəcədə haqlıdırlar və yaxud da əksinə.
- Əflatun müəllim, bu yaxınlarda Türkiyədə keçirilən Mətbuat Assosiasiyaları Təşkilatının yığıncağı keçirilib. Siz də burada iştrak etmisiniz. Bu toplantının məqsədi, məramı nədir ?
- Mətbuat Assosiasiyaları Təşkilatının üzvləri ildə bir dəfə toplaşır, hər ölkə öz Mətbuat Şurası haqqında illik toplantıda hesabat verir. Mən də illik hesabatla Azərbaycanda mətbuatın vəziyyəti ilə bağlı toplantıda çıxış etdim. Kifayət qədər ətraflı məlumat verdim. Mətbuata dövlət dəstəyi, fondun yaradılması haqqında geniş informasiya verdim. Həmin məsələlər də tədbir iştrakçıları tərəfindən çox müsbət qarşılandı.
- Xaricdən Azərbaycan mətbuatı necə görünür ?
- Müstəqil Azərbaycan mətbuatı hələ gəncdir. İqtisadi baxımdan o qədər də güclü deyil. Dövlətimizin də gördüyü bütün bu tədbirlər, Mətbuat Şurasının da gördüyü işlər Azərbaycan mətbuatının inkişaf etməsinə, formalaşmasına, maddi bazasının möhkəmlənməsinə, bu sahədə çalışan insanların həyat şəraitinin yüksək olmasına yönəlib.