- Pənah Hüseynov müxalifətin dağınıq vəziyyətdən qurtulması üçün vahid blok yaradıb birləşmələri fikrini irəli sürüb. Bu fikrə münasibətiniz necədi?
- Mən çoxdan demişəm ki, onların birliyi mümkün deyil. Çünki onların istədikləri şöhrət, nüfuz, puldur. Bu istəklə iş görən insanlar isə birləşə bilməzlər. Bu insanların siyasətdə qalması düzgün deyil. Onların hər biri ayrılıqda özlərini lider hesab edir və fikirləri bir-birlərinə ziddir. Mənim heç ağlıma da gəlmir ki, nə vaxtsa onlarla birləşə bilim və həmçinin, onların birləşməyini təsəvvür belə edə bilmirəm.
- Siz nəyə əsaslanıb adını çəkdiyiniz partiyaların birləşə bilməyəcəyini söyləyirsiniz?
- Mən bu fikrə əsaslanıram ki, hər zaman onlar öz mənafelərini düşünüb hərəkət edən insanlar olublar. Belə insanları bir fikir, bir ideya üzərində birləşməsi, hansısa blok yaradıb birlikdə fəaliyyət göstərməsi mümükün deyil. Həm də AMİP-lə Müsavatın arasında münaqişə o qədər dərindir ki, onların birləşməsi mümkün deyil. Əli Kərimovda heç bir partiya ilə bir blokda fəaliyyət göstərmək istəməz. Bilirsiniz bizim müxalifətdə siyasi mədəniyyət yoxdur. Qeyd edim ki, adlarını çəkdiyimiz, aralarında münaqişə olan partiyaları çıxmaq şərtilə digər partiyalar fəaliyyət göstərsə, bu, Azərbaycanın siyasi mühiti üçün əlverişli olar.
Vaxtilə biz çalışmışdıq ki, hansısa blok yaradıb birləşək, lakin alınmadı. Bütün bunlardan sonra biz əmin olduq ki, müxalifət arasında siyasi birlik mədəniyyəti yoxdur. Ona görə də qərarımızı verdik ki, daha heç vaxt partiyalarla bir blokda olmayacağıq.
- Araz bəy, blokların yaradılması prosesinin başa çatmamasında səbəbini müxalifət partiyalarının rəhbərlərindəmi axtarmaq lazımdır?
- Yenə qeyd edirəm ki, müxalifət partiya rəhbərlərinin öz şəxsi maraqları, onlar üçün çox böyük əhəmiyyət kəsb etdiyi üçün, onlar bir-birlərinə xırda məsələlərdə də güzəştə gedə bimirlər.
- Bildiyiniz kimi, Müsavat başqanı İsa Qəmbərov Xalq Cəbhəsinin bərpası ideyası ilə çıxış edib. Bu ideyaya münasibətiniz necədir?
- İsa Qəmbərova məsləhət görərdim ki, qədim Çin fəlsəfəsini öyrənsin. Orada deyilir ki, bir çaya iki dəfə girmək mümkün deyil.
- Yəni, siz düşünürsünüz ki, İ.Qəmbərov bu ideyanı gündəmdə qalmaq üçün, öz mənafei xatirinə irəli sürür?
- Müsavat partiyasının nizamnaməsinə əsasən, İ.Qəmbərov daha başqan seçilə bilməz. Amma yeni bir təşkilat yaransa orada rəhbərlik uğrunda mübarizə apara bilər.
- Araz bəy, bir məsələ gündəmə çıxarılıb ki, "Azadlıq" blokunda təmsil olunan partiyalar və eləcə də, Müsavat partiyası tərəfindən söylənilir ki, guya kimsə onlara məktub yazaraq bildirib ki, onları güllələyəcək. Onlarda bu işlə diqqəti özlərinə, öz mətbuatlarına yönəltmək istəyirlər.Buna münasibətiniz necədir?
- Əvvəla, bildirim ki, öldürmək istəyən gələr öldürər, məktub yazmaz. Mən düşünürəm ki, bu gün Azərbaycanda heç kəsə mane olmayan və xeyirdə gətirməyən müxalifətçilərə heç kim güllə atmaz. Güllə heyfdi. Onlar piarla məşğul olurlar.