PDF Oxu

Müsahibə

  • 12

Naxçıvan daim inkişaf edən bölgəyə çevrilib

Naxçıvan daim inkişaf edən bölgəyə çevrilib

Eldar İbrahimov: "Heç bir iqtisadi böhran Naxçıvan MR-də sosial-iqtisadi inkişafa mane ola bilməz"
Son illər Azərbaycanın bütün bölgələri ilə yanaşı Naxçıvan MR-də regionun inkişafı istiqamətində çox mühüm tədbirlər görülüb. Muxtar respublika rəhbərliyi tərəfindən aqrar, elm-təhsil, mədəniyyət, səhiyyə, sənaye sahələrinin inkişafı məqsədilə bir sıra dövlət proqramları hazırlanıb, həyata keçirilib. MR-in paytaxtı Naxçıvan şəhəri ilə yanaşı, rayon mərkəzlərində, hətta ən ucqar dağ kəndlərində belə sürətli sosial-iqtisadi inkişafı görmək mümkündür.
Muxtar respublikada aparılan uğurli iqtisadi islahatlarla bağlı həmsöhbətimiz Milli Məclisin deputatı Eldar İbrahimovdur.

- Eldar müəllim, Regionların Sosial İqtisadi İnkişafı Dövlət Proqramının 1-ci mərhələsi bütün bölgələrdə, o cümlədən, Naxçıvan Muxtar Respublikasında uğurla başa çatıb. 2009-2013-cü illəri əhatə edəcək 2-ci Dövlət Proqramının icrası istiqamətində Naxçıvan MR-də nə kimi işlər görülür ?

- Regionların Sosial İqtisadi İnkişafı 2004-2008-ci illər Dövlət Proqramında nəzərdə tutulan bütün tədbirlər MR-də uğurla həyata keçirilib. Naxçıvanda bu istiqamətdə yüksək səviyyədə işlər görülüb. MR-də tikinti-quruculuq, aqrar, təhsil, mədəniyyət, səhiyyə, ümumiyyətlə, bütün sahələrdə olan poblemlər Azərbaycanın digər rayonlarından fərqli olaraq ən yüksək dərəcədə öz həllini tapıb. 2009-2013-cü illəri əhatə edəcək yeni Dövlət Proqramında da nəzərdə tutulan tədbirlər MR-də, sözsüz ki, yüksək səviyyədə həyata keçiriləcək. Ona görə ki, Naxçıvanda yüksək dövlət intizamı, idarəetmə var, MR Ali Məclisi bu tədbirlərin həyata keçirilməsinə birbaşa özü nəzarət edir.

- Dünyada hökm sürən maliyyə böhranı ilə əlaqədar olaraq Naxçıvan MR-də növbəti Dövlət Proqramının müəyyən sahələrinin təxirəsalınma ehtimalı gözlənilirmi ?

-Azərbaycan dünya dövlətləri sırasında yeganə dövlətdir ki, qlobal maliyyə böhranı şəraitində bu ilin yekununa görə 4,4 faiz ümumdaxili məhsul istehsalında artım qeydə alınıb. İlin sonuna qədər isə bu rəqəmin 10 faiz həddə olacağı gözlənilir. Təbii ki, bütün bunlar, hamısını Naxçıvana da şamil etmək olar. Heç bir iqtisadi böhran MR-də sosial-iqtisadi inkişafa mane ola bilməz. Naxçıvan günü-gündən inkişaf edir. Burada kənd təsərrüfatında, sənaye, təhsil, mədəniyyət, bir sözlə, bütün sahələrdə nailiyyət var, uğur var. İqtisadi böhran Azərbaycandan da yan keçdiyi kimi Naxçıvana da heç bir təsir göstərməyib.

- Əhalinin işlə təminatı ilə bağlı statistik göstəricilər haqqında nə deyə bilərsiniz ?

- MR-də iş yerləri var. Sadəcə olaraq, əhalidə belə bir psixologiya formalaşıb. Əvvəllər, daha dəqiq desək, SSRİ dövründə insanların bəziləri idarə və təşkilatlarda, bəziləri isə kolxoz və sovxozlarda çalışırdılar. Hazırda həmin kolxoz və sovxozlar ləvğ olunub. Onların yerində xüsusi mülkiyyətçilər, fermerlər fəaliyyət göstərirlər. Fermer və yaxud da mülkiyyətçi təklif edir ki, onun təsərrüfatında çalışsın, bunun müqabilində, təbii ki, əməkhaqqı alacaq. İnsanlar isə asan qazanc dalınca ya qonşu Türkiyəyə üz tutur, ya da İranla ticarət etməyə üstünlük verirlər. Ümumilikdə isə, götürəndə MR-də iş yerləri var, sadəcə olaraq, burada çalışan insanlara ehtiyac var.

- Eldar müəllim, bəzi müxalifət qəzetləri, partiya rəhbərləri, onların təsiri altında olan jurnalistlər qeyri-etik, reallıqdan çox-çox uzaq fikirlər səsləndirirlər, məqalələr dərc edirlər. Həmin məqalələrdə qeyd olunur ki, MR-də heç bir iqtisadi uğur yoxdur. Bu haqda nə deyə bilərsiniz ?

-Həmin qəzetlərin yalnız bir fikri var. Təkcə Naxçıvan MR-də yox, bütün Azərbaycanda qarşıdurma yaratmaqdır. Bütün bunlar Naxçıvanda gedən sürətli inkişafı, həyata keçirilən uğurlu islahatları gözü götürməyən insanların işidir. Bu deyilənlərin, yazılanların hamısı əsassızdır, yalandır, həqiqətdən uzaq fikirlərdir. Mən deyərdim ki, kimlərinsə fantaziyasıdır. Çünki Naxçıvanda olan dövlət intizamı, yüksək idarəçilik, sosial-iqtisadi inkişaf ölkənin heç bir bölgəsində yoxdur.

-Müxalifət partiyaları, xüsusilə də, radikal pariyalar, eləcə də, xaricdən maliyyələşən bəzi qeyri-hökumət təşkilatları iddia edir ki, Naxçıvanda insan hüquq və azadlıqları kobudcasına pozulur. Naxçıvandan seçilən bir millət vəkili olaraq siz bu kimi faktlarla rastlaşmısınız ?

-Həmin qurumlar, təşkilatlar, ya da insanlar ona görə bu cür böhtan xarakterli fikirlər səsləndirirlər ki, onlar MR-də öz qanunsuz hərəkətlərini həyata keçirə bilmirlər. Çünki onların fəaliyyəti həm qanunsuzdur, həm də xalqa ziyandan başqa heç nə vermir. MR-ə rəhbərliyi də bu cür qurumların Naxçıvanda fəaliyyətinə imkan yaratmır.

-Bələdiyyə seçkilərinə hazırlıqla bağlı Naxçıvanda nə kimi işlər görülür ?

-MR-də bələdiyyə seçkilərinə hazırlıq Azərbaycanın digər bölgələrilə müqayisədə daha tez başlanılıb. Bələdiyyələrin birləşdirilməsi ilə bağlı birinci qanun Naxçıvanda olub. Bu vaxtında və düzgün atılan bir addım oldu.

-Eldar müəllim, ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişinin 40 illiyi tamam olur. Bu, Naxçıvanda necə, hansı səviyyədə qeyd olunacaq ?

-Mən deyərdim ki, dahi öndərin fəaliyyətinin bir çox önəmli, çətin, ağır dövrləri Naxçıvanla bağlıdır. Ümummili liderin 1990-cı ildə Naxçıvana qayıdışı, o dövrdə ağır, blokada şəraitində yaşayan MR-in çətin vəziyyətdən çıxarması, buradan xalqın təkidi və tələbi ilə yenidən Azərbaycan rəhbərliyinə qayıdışı özü bir şanlı tarixdir. Naxçıvanlılar tariximizin səhifələrinə qızıl hərflərlə həkk edilmiş həmin günlərin birbaşa iştrakçıları olublar. O dövrdə Azərbaycandakı ictimai-siyasi durum çox mürəkkəb idi. Ölkədə xaos, anarxiya hökm sürürdü. Həmin dövrdə Azərbaycana rəhbərlik edən səriştəsiz insanların bacarıqsız, yarıtmaz fəaliyyətinin nəticələri ölkəni uçuruma sürükləyirdi. Azərbaycan öz müstəqilliyini itirmək təhlükəsi qarşısında qalmışdı. Naxçıvan özünün ağır günlərini yaşayırdı. Ermənilər bu qarışıqlıqdan istifadə edərək ard-arda torpaqlarımızı işğal edirdilər. 1990-cı ildə dahi insan Heydər Əliyevin Naxçıvana gəlişi, demək olar ki, bu regionun sakinlərini bir çox bəlalardan xilas etdi. Ermənilərin aramsız hücumlarının qarşısı alındı, dağılmaqda olan iqtisadiyyat bərpa olunmağa başlandı. MR-də bir çox sahələrdə qisa müddətdə uğurlar əldə olundu. Bütün bunların hamısı ulu öndərin uzaqgörən, müdrik siyasətinin nəticəsi idi. Bunun üçün hər bir naxçıvanlı dahi şəxsiyyət Heydər Əliyevə minnətdardır, Onun ruhu qarşısında baş əyir.

-Dünyada Azərbaycan dövlətinin mövqeyinin möhkəmlənməsində, xalqın sosial-rifah halının yaxşılaşdırılmasında bu 40 illik fəaliyyətin yeri və rolunu necə qiymətləndirirsiniz ?

-Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycan Mərkəzi Komitəsinin birinci katibi, sonralar Azərbaycanın müstəqilliyi dövründə 1993-2003-cü illərdə ölkəyə rəhbərliyi dövründəki ictimai-siyasi fəaliyyəti haqqında ən yüksək sözləri söyləsək, təbii ki, bu dövrləri tam əhatə edə bilmərik. Ulu öndərin məhz bu dövrlərdə bütün sahələrdə həyata keçirdiyi tədbirlərinin, dövlət proqramlarının, əsasını qoyduğu uğurlu siyasətin nəticəsidir ki, bu gün müstəqil Azərbaycan yaşayır, sürətlə inkişaf edir. Heydər Əliyevin əsasını qoyduğu siyasət, strategiya ulu öndərin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev tərəfindən bu gün yüksək səviyyədə həyata keçirilir. Artıq hər kəs etiraf edir ki, Azərbaycan dünyada böyük sürətlə inkişaf edən lider dövlətdir. Regionların Sosial İqtisadi İnkişafı Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda şəhərlə kənd arasında olan fərq tədricən aradan qalxır. Bölgələrdə yeni-yeni müəssisələr, fabriklər açılır. Tikinti-quruculuq işləri sürətlə aparılır. Bütün bunlar da yeni iş yerlərinin açılmasına şərait yaradır. İnsanların sosial-rifahı yaxşılaşır. Dövlət Proqramının növbəti mərhələsi də bu inkişafa yeni təkan verəcək, ölkəmiz daha da gözəlləşəcək, çiçəklənəcək. Bütün bunlar da Heydər Əliyev siyasətinin Azərbaycanda ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.

Digər xəbərlər