“Azərbaycan apardığı siyasətlə demokratiya prinsiplərinə sadiq olduğunu sübut edib”
Müsahibimiz YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadədir
- Son vaxtlar xarici ölkələrin dövlət başçıları Azərbaycana səfər edib. Eyni zamanda, ATƏT sədri də Bakıda səfərdə olub. Bu səfərlərin Azərbaycanın dünyada rolunun və yerinin qiymətləndirilməsi baxımdan nə dərəcədə önəmlidir?
- Çox diqqətçəkən məsələdir ki, Azərbaycana vaxtaşırı müxtəlif ölkələrin rəsmiləri, beynəlxalq təşkilatların səlahiyyətli nümayəndələri səfər edirlər. Səfər, sadəcə, tanışlıq və yaxud da əlaqə qurmaq məqsədilə deyil, bütövlükdə mövcud münasibətləri daha da dərinləşdirmək, Azərbaycanın region və ya dünyada gedən proseslərlə bağlı mövqeyini öyrənmək məqsədilə edilir. Bütün bunların hamısı Azərbaycanın artan nüfuzuna dəlalət edir. Azərbaycan əhali və ərazicə kiçik ölkədir. Bu kimi ölkələr dünyada onlarladır. Ancaq bununla belə, Azərbaycanın qazandığı nüfuz və tutduğu mövqe onun üçün çox əhəmiyyətlidir. Bir qayda olaraq, yay ayları əhali və o cümlədən, dövlət başçıları üçün istirahət vaxtı hesab edilir. Ancaq göründüyü kimi, yayın başlamasına baxmayaraq, cəmisi bir ay ərzində ölkəyə 10-dan çox vacib səfərlər edilib. İyulun əvvəli isə, 3 dövlət başsının və bir beynəlxalq təşkilat sədrinin Azərbaycana səfəri baş tutdu. Ölkəmiz bu gün apardığı siyasətlə özünün demokratiya prinsiplərinə sadiq olduğunu, bazar iqtisadiyyatını inkişaf etdirdiyini, ümumilikdə, götürəndə sivil bir ölkə modeli olduğunu artıq sübut edə bilib. Bu gün Azərbaycanın regionda liderliyindən danışmaq artıq adi hala çevrilib. Söhbət Azərbaycanın həm də ətrafı üçün diqqəti cəlb edən ölkəyə çevirilməsindən gedir. Buna ancaq sevinmək olar. Bu nailiyyətlərin qazanılmasında isə, ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasət, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasi kurs başlıca rol oynamışdır. Hesab edirəm ki, Azərbaycanın inkişaf dinamikası bundan sonra da davam edəcək.
- Bu səfərlərin Dağlıq Qarabağ münaqişəsinin həllinə nə kimi xeyri ola bilər?
- Müəyyən təsirləri olacaq. Demək olmaz ki, məhz bu səfərlər Dağlıq Qarabağ problemini həll edəcək. Bu problemin həllində Azərbaycanın tutduğu mövqe, daxili resursların bir yerə cəlb olunması və qazandığı nailiyyətlər kömək edəcək. Ancaq bu kimi səfərlər də, şübhəsiz ki, Azərbaycanın mövqeyini başa düşməyə, daha çox dəstək qazanmağına səbəb olacaq. Heç də təsadüfi deyil ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən dövlətlərin və beynəlxalq təşkilatların sayı durmadan artır.
- Rusiya Xarici İşlər Nazirliyi belə bir bəyanat səsləndirib ki, Dağlıq Qarabağla bağlı bütün məsələlər öz həllini tapıb. Yəni, bir-iki texniki məsələ qalıb. Rusiya bu bəyanatı səsləndirməklə nəyə işarə vurub?
- Təki onların dediyi kimi olsun. Təki biz Minsk Qrupunun həmsədri olan ölkələrin bugünkü danşıqlarda məhz konkret nəticə gördüyünün şahidi olaq. Ancaq danşıqlar davam edir. Bu danışıqlarda Azərbaycan problemin ədalətli həllini, yəni, işğal olunmuş torpaqlardan Ermənistan qoşunlarının çıxarılmasını gözləyir. Məsələnin həlli barəsində yekun sözü isə dövlət başçısı İlham Əliyev deyəcək.
- Növbəti həftə Azərbaycan və Ermənistan prezidentləri arasında görüş keçiriləcək. Bu görüşdə hansısa konkret razılaşmanın əldə olunacağı proqnozlaşdırılırmı? Bu görüşdə gözləntilər nədən ibarət ola bilər?
- Danışıqlarda ən böyük gözlənti müəyyən irəliləyişin əldə edilməsi və müəyyən qədər həll edilmiş problemlərin sayının çoxalmasıdır. Qısa müddət ərzində dövlət başçılarının sayca 3-cü görüşünün keçirilməsi diqqətiçəkən məsələdir. Hiss edilir ki, problemə artıq ciddi yanaşılmağa başlanılıb. Dağlıq Qarabağ probleminin həllində Azərbaycan konstruktiv mövqe tutub. Torpaqları işğal edən ölkə ilə danışıqlara gedir. Bu gün söz Ermənistanındır. İşğalçı ölkə öz mövqeyini ortaya qoymalı və real iş görməlidir. Hər halda danşıqların olması, onu deməyə əsas verir ki, həmsədrlər və beynəlxalq ictimayyət Ermənistandan işğala son qoyulmasını tələb edirlər. Bu gün Ermənistanın həmin şərti həyata keçirməkdən başqa çıxış yolu yoxdur. Hər halda hər danışıqdan, hər görüşdən müəyyən nəticə gözləyirik.
- Dediniz ki, Ermənistanın mövqeyini açıqlanmasını gözləyirik. Amma adıçəkilən ölkənin özünün müstəqil mövqeyi yoxdur. Onun mövqeyini bir növ Rusiya ifadə edir. Sizcə, bu məsələlərdə Rusiyanın mövqeyi nədən ibarət olacaq?
- Rusiyanın mövqeyi Azərbaycanın ərazi bütövlüyünün dəstəkləməsidir. Düzdür, təəssüf ki, bizim ondan gözlədiyimiz daha yüksək mövqedir. Yəni, Ermənistanın işğal etdiyi torpaqlardan qoşunlarını çıxarması tələbinə əməl etdiyini görmürük. Rusiya bunu etsə, Azərbaycan ictimaiyyətinin gözündə daha da yüksələcək. Ancaq bununla belə bu gün hüquqi tərəf Ermənistandır, Azərbaycan torpaqlarında öz qoşunlarını yerləşdirib. Bizim də Ermənistan tərəfdən tələb etməyə tam haqqımız var.
- Söylədiniz ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Amma Rusiya heç vaxt Ermənistanı işğalçı dövlət olduğunu bəyan etməyib...
- Çox təəssüf ki, sizin dediyiniz həqiqətdir. Şimal qonşumuz bu mövqeyini heç vaxt açıqlamayıb.
- Amma bu diplomatik məsələlərdə çox təəssüf doğrurur...
- Hər halda bu gün Rusiyanın ərazi bütövlüyümüzü dəstəklənməsinin özü də təqdirəlayiqdir. Bu gün Rusiyanın Azərbaycana tərəf-müqabili kimi əhəmiyyət verməsi, ölkəmizlə əlaqələri genişləndirmək istəməsinin özü də çox vacib məsələdir.