“Müsavat partiyasının səmimiliyinə inanmıram”
Əhməd Oruc: "Onların fəaliyyətini asılı olduqları Qərb ölkələri, eləcə də, Azərbaycanda fəaliyyət göstərən fondlar müəyyənləşdirir"
- Hazırkı mərhələdə qeyri-rəsmi də olsa bələdiyyə seçkilərinə start verilib. Amma nədənsə "DUİ"-nin adı bu məsələlərdə çəkilmir. Bu problemi nə ilə əlaqələndirmək olar?
- "DUİ"-yə daxil olan partiyalar blok səviyyəsində seçkilərə qatılacaq. İndiki mərəhələdə namizədlərin müəyyənləşməsi prosesi gedir. Bələdiyyə strukturları yenidən formalaşıb, bir sıra bələdiyyələr birləşdirilib. Yeni strukturlara uyğun namizədlərimizi müəyyənləşdirməklə məşğuluq, seçkilərə hazırlaşırıq.
- İsa Qəmbərov, Əli Kərimov belə bir bəyanatla çıxış ediblər ki, müxalifət vahid mövqedən çıxış edərək blok şəklində seçkilərə qatılsınlar. Bu blokun yaradılması və müəyyən qədər sərin münasibətlərə malik olan partiya sədrlərinin həmin blokda təmsil olunması nə dərəcədə inandırıcıdır?
- Müxalifət partiyaları arasında ciddi fərqlər var. Onların vahid namizədlə çıxış etməsi mümkünsüzdür. Bu, heç lazım da deyil. Bunların platformaları, fəaliyyət prinsipləri, ariyentasiyaları tamamilə fərqlidir. Ona görə də, müxalifətin milli demokratik səpgili vahid siyahı ilə çıxış etməsi ortalığa atılsa daha məntiqli olar. Ancaq bu istiqamətdə əksər partiyalar var ki, Azərbaycanda onlardan başqa müxalifət olmadığı qənaətindədir və görüntü yaratmağla məşğuldurlar. Onlar da müxalifətin birliyinin yaranmasında maraqlı deyillər. Avropanın, Qərbin qrant verən təşkilatlarını Azərbaycanda ayırdığı bu və ya digər maliyyələri ələ keçirmək üçün özlərindən başqa ölkədə heç bir siyasi qüvvənin olmamasını görüntüsünü yaratmaqla məşğuldurlar. İndi elə bir vəziyyət yaranıb ki, onların özləri görünütü yarada bilmir. O baxımdan, demək olar ki, artıq onlara qrant ayırmırlar. Ona görə də, daha geniş camiyəni bir araya gətirməklə, onların adından nə isə almağa, qoparmağa meyilli bir xətt yürüdürlər.
- Sizin Ə.Kərimovla, eləcə də İ.Qəmbərovla müəyyən üst-üstə düşməyən mövqeləriniz var. Bu da, nəticə etibarilə, qarşılıqlı ittihamların yaranmasına gətirib çıxardıb. Sərinlik qalmaqdadır?
- Mənim nə adını çəkdiyiniz bəylərlə, nə digər müxalifət partiya rəhbərləri ilə şəxsi müstəvidə heç bir ədavətim yoxdur. Sadəcə olaraq, Azərbaycanın milli maraqları var. Biz sırf bu milli marağa uyğun müstəvidən çıxış edirik. Onların fəaliyyətlərini isə asılı olduğu Qərb ölkələrinin səfirlikləri, eləcə də, Azərbaycanda fəaliyyət göstərən fondlar müəyyənləşdirir. Tutaq ki, müəyyən məqamda biz məsələyə münasibət bildirərkən, onlar hansısa ölkənin vəkili kimi çıxış edirlər. Onda biz milli maraqlardan çıxış edirik, onlara səhv yolda olduqlarını göstəririk.
- Müsavat funksioneri Arif Hacıyev belə bir fikir səsələndirir ki, keçmiş rəqiblərlə yenidən bir araya gəlmək siyasi stiuasiyaya uyğun atılan addım kimi dəyərləndirmək lazımdır. Bu məsələyə sizin münasibətiniz necədir?
- Münasibət bildirərkən bu və ya digər məsələyə biz fərqli mövqedəyiksə, bu gün fikirlərimiz fərqlənirsə, bu, bizim sabah eyni mövqedən çıxış edərkən, bir araya gəlib müttəfiqlik etməyimizə problem yaratmamalıdır. Şəxsi müstəvidə insanlar arasında normalardan kənar ifadələr işlənməyibsə, yersiz ittihamlar səslənməyibsə, siyasətin istənilən çətinliyində fikir müxtəlifliyi normal şeydir. Ancaq ölkədə bir sıra partiyalar var ki, onlar illərlə yalançı müxalifət daxilində çaxnaşma yaradır, öz mətbu orqanlarında imkanları daxilində, hətta digər partiyaları olduğundan zəif göstəriblər. Bu fəaliyyətləri məqbul hesab etmirəm. Bütün bunlara baxmayaraq, Azərbaycanın, demokratik düşərgənin maraqları tələb edirsə, müxalifət partiyaları ilə müəyyən məsələrdə bir araya gəlməyə hazırıq.
- Dediniz ki, A.Hacıyevin mövqeyinə adi və təbii yanaşmaq lazımdır. Onda nəyə görə İslam partiyasına sərt mövqe bildirirsiniz?
- İslam partiyasına vahid platformadan bələdiyyə seçkilərinə getməyin mümkünsüzlüyünü bildiririk. Tutaq ki, sabah ermənilərə qarşı müharibədə İslam partiyasının normal təşəbbüsü olacaqsa, məsələn, partiyalar qan versin, ianə toplasın bu məsələdə deyə bilmərik ki, sən səhvsən. Bu gün onun siyasi kursunu səhv hesab edirik. Eləcə də, bir sıra xarici müxalifət hesab olunan partiyaların Qərbin Azərbaycandakı vəkilləri kimi çıxış etməsini yararsız hesab edirəm.
- Elə isə, Əhməd bəy, nə üçün ADP sədri Sərdar Cəlaloğlu hakimiyyətə əməkdaşlıq təklif edən zaman, sizlə bir sırada olan partiya sədrləri ona qarşı sərt davranış nümayiş etdirdilər?
- Hakimiyyətə əməkdaşlıq təklif etməyin özündə pis bir şey yoxdur. İqtidaryönlü partiyalar var ki, səmimi şəkildə iqtidarın tərəfindədir. Cəmiyyətdə onlara qarşı mövqe var. Amma müxalifət platformasında oturub gündə bir fikrə düşən partiya sədrləri var. Onlar bir gün bildirir ki, hakimiyyətə qarşı bütün vasitələrlə mübarizə aparmaq lazımdır və şəhərin mərkəzində icazəsiz aksiyalar keçirmək lazımdır. Səhərsi gün deyir yox, aksiyalar keçirmək olmaz, iqtidarla əməkdaşlıq etmək lazımdır. Bu cür siyasi məntiqə uyğun olmayan partiyanın rəhbərliyinin dəqiq maddi təminatı maraqları qismində olan çıxışlara görə, ADP-nin ünvanına ittihamlar səslənir. Yəni, sistemsizliyə, düşüncəsizliyə qarşı bizdən həmin partiyalara qarşı bir təpgi var ki, prinsipial olun.
- Müsavat başqanı İ.Qəmbərov Xalq Cəbhəsinin yenidən bərpa edilməsi ideyası ilə çıxış edir. Bu ideyanın reallaşması nə dərəcədə mümkündür?
- Bilirsiniz, burada prinsipal məsələ ondan ibarətdir ki, ayrı-ayrı siyasi "lider"lər bu və ya digər ideyanı ona səsələndirirlər ki, o, baş tutmasın. Baş tutmamasında onu günahkar hesab etməsinlər. Onlar populyar ideyalarla siyasi gündəmdə totalitiv imic qazanmağa çalışırlar. İndi də fikir verin ki, Müsavat başqanı bu ideyanı səsələndirəndən sonra Azərbaycandakı milli demokratik düşərgənin əksər partiyaları məsələyə birbaşa münasibət bildirib. Ondan sonrakı dövrdə İ.Qəmbərovdan heç bir təşəbbüs, addım irəli gəlmədi. Ona görə də, ölkədəki siyasi qüvvələrin mövcud şəraitin bu şəkildə yenidən cəbhələşməsi ideyasını müsbət qarşılayıram. Ancaq Müsavat partiyasının həmin ideyanın baş tutması uğrunda səmimi şəkildə fəaliyyət göstərdiyinə inanmıram.
- Sizin məntiqinizdən belə başa düşmək olarmı ki, İ.Qəmbərov növbəti dəfə siyasi manipulyasiya etməyə cəhd göstərir?
- Hər halda bu cəmiyyətin yaddaşında pozitiv enerji verən ideyadır, addır. Həmin adlardan yalnız siyasi gündəmdə qalmaq, siyasi mövqeyin qoruyub saxlamaq üçün istifadə edilməsini, indiki halda da bu ideyanın reallaşmasını doğru hesab etmirəm.
- Siz Müsavatla bağlı sərt mövqe ortalığa qoymağınızdan qorxmursunuz. Partiyaya yaxın qəzetlər sizə qarşı təbliğat kampaniyasına start verərlər?
- Bizə qarşı kampaniya aparmaq üçün müəyyən arqumentlər, fikirlər olmalıdır. Onlar bizimlə hansısa təbliğat aparsalar, təbii ki, bizim də fikirlərimizə cəmiyyətin, mətbuatın ehtiyacı yaranacaq. Onda biz fikirlərimizi, sözlərimizi təqdim edəcəyik. Onlara yaxın mətbu orqanları həmişə cəmiyyətdə əleyhimizə rəy formalaşdırmaqla məşğul olublar. Bizim partiya ilə bağlı ara müxalifət qəzetlərində bir dənə də olsun müsbət fikrə rast gəlməmişik. Həmin partiyaların funksionerləri hər yerdə olduğumuzdan da kiçik göstərməklə özlərində onlardan başqa ölkədə müxalifət funksiyasını daşıyacaq qüvvə olmadığının görüntüsünü yaratmağa çalışırlar. Bu, bizim üçün qorxulu deyil. Onların illərlə etdiyi və sonda heç bir nəticəyə gələ bilmədikləri, özlərinin gücdən düşüb zəiflədikləri bir məqam bizim üçün təhlükəli deyil.