Artıq Milli Məclisin yaz sessiyası başa çatmaq üzrədir. Yaz sessiyasından sonra çağırılmış növbədənkənar sessiyanın son iclası iyunun 30-da keçiriləcək. Parlamentin komitələri bu mövsüm üçün işlərini başa vurmaq üzrədir. Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli ilə söhbətimizi də bu mövzu üzərində qurduq. Komitə sədri yaz sessiyası çərçivəsində həyata keçirdikləri işlərdən və gələcək planlardan danışdı.
- Mənim fikrimcə, Milli Məclisin işinə bir neçə aspektdən yanaşılmalıdır. Birinci məqam qanun yaradıcılığıdır. İkincisi, beynəlxalq əməkdaşlıq məsələləri, beynəlxalq konvensiyalara qoşulmaqdır. Qanun yaradıcılığı prosesinin özü də bir neçə yerə bölünür. Bilirsiniz, qanunlara əlavə və dəyişikliklərin edilməsinin özü böyük bir institutdur. ABŞ, Böyük Britaniya kimi ölkələrin parlamentləri, əsasən, öz ölkələrinin qanunlarını təkmilləşdirməklə məşğuldurlar. Qanunlar reallıqlara, reallaqlar isə qanunlara uyğunlaşdırılır. Artıq Azərbaycan parlamentində də əsas istiqamət məhz qanunlara əlavə və dəyişikliklərin edilməsidir. Biz yavaş-yavaş yeni qanunlar hazırlamaqdan mövcud qanunların təkmilləşdirilməsi mərhələsinə qədəm qoymağa başlamışıq.
Yaz sessiyası çərçivəsində bizim komitə də işini, əsasən, bu yöndə qurub. Məsələn, biz Əmək Məcəlləsinə genişhəcmli dəyişikliklər etdik. Təsəvvür edin ki, 10 il ərzində bu məcəlləyə cəmi 51 dəyişiklik edilmişdisə, biz bir dəfəyə 54 dəyişiklik etdik. Bu dəyişiklikləri komitəmizin apardığı 4 illik monitorinqin yekununda reallaşdırdıq. Yəni, hər şeyi ətraflı şəkildə öyrənmişdik. Etdiyimiz dəyişikliklərin hamısı da vətəndaşların mənafelərinə xidmət edirdi. Dəyişikliklər əmək münasibətlərində reallıqların nəzərə alınmasını, işçi-işəgötürən münasibətlərinin tənzimlənməsini və digər məsələləri əhatə edir.
Bizim komitə yaz sessiyası çərçivəsində beynəlxalq əməkdaşlıq sahəsində də xeyli işlər görüb. Biz hazırda bir sıra qanunların yenidən işlənməsini götür-qoy edirik. Bizim parlamentə təqdim etdiyimiz, amma işləmək üçün geri qaytarılan "Reproduktiv sağlamlıq haqqında" qanun müzakirələrə hazırlanır. Bilirsiniz ki, bu qanunla bağlı müəyyən fikir ayrılıqları var idi. Komitəmizin üzvləri deputatların irad və təkliflərini nəzərə alaraq, qanun layihəsi ilə bağlı bir sıra beynəlxalq qurumlarla müzakirələr aparıblar. Millət vəkilləri bu məsələ ilə bağlı təcrübəni öyrənmək üçün bir sıra beynəlxalq tədbirlərdə iştirak ediblər. Mənim fikrimcə, bu qanun tamamilə mentalitetimizə cavab verir. Düzdür, müzakirələr zamanı bəzi populist çıxışlar oldu və biz qanunu yenidən işləməyə razılıq verdik. Fikrimcə, zaman özü bütün mübahisələri həll edəcək.
Ümumiyyətlə, parlamentin yaz sessiyasını məhsuldar hesab etmək olar. Sessiyanın kulminasiya nöqtəsi, məncə, nəhayət ki, "Təhsil haqqında" qanunun qəbul edilməsi oldu. Məncə, müzakirələr uzansa da, biz təkmil bir qanun qəbul edə bildik. Elə qanunlar var ki, onların üzərində neçə illər iş aparmalı olursan. Məsələn, biz mərasimlərlə bağlı qanun layihəsinin üzərində 12 ildir işləyirik.
- "Təhsil haqqında" qanun layihəsinin ikinci oxunuşa təqdim olunan variantında icbari təhsilin 9 il olması nəzərdə tutulurdu. Amma son variantda bu maddə qanundan çıxarıldı. İcbari təhsilin müddətini müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirəcək. Siz bu barədə nə düşünürsünüz?
- Fikrimcə, əvvəlcədən müəyyənləşdirilən 9 illik icbari təhsil daha düzgün idi. Seçilmiş müddət Azərbaycan reallaqlarına da uyğun idi. Yəni, oxumayan uşağı 11 il məktəbə gəlib-getməyə məcbur etmək doğru yol deyil. 9 ildən sonra uşaqlar yollarını özləri seçməli idilər. Amma sonradan nə fikirləşdilərsə, bu məsələni qanundan çıxardılar.
- Komitə Ailə Məcəlləsinə dəyişikliklər hazırlayırdı. Bu dəyişikliklərin taleyi necə oldu?
- Bəli, biz Əmək Məcəlləsi ilə paralel olaraq Ailə Məcəlləsinin də monitorinqini aparmışıq. Monitorinqin nəticələrinə əsasən, məcəlləyə əlavə və dəyişikliklərlə bağlı layihə hazırlamışıq. Hesab edirəm ki, bu dəyişiklikləri mütləq etməliyik. Məcəllədə 3 normanı mütləq dəyişməliyik. Birinci norma nigah üçün yaş həddinin qaldırılması olmalıdır. İkincisi, cütlüklər arasında nigah müqaviləsinin bağlanması məcburiləşdirilməlidir. Üçüncüsü, nigaha girənlərdən mütləq sağlamlıq haqqında arayış tələb olunmalıdır. Biz bu üç normanı məcəlləyə daxil etmək istəyirik.
- Komitəniz uzun müddətdir "Mərasimlər haqqında" qanunu da müzakirəyə təqdim edə bilmir.
- Bilirsiniz ki, biz mərasimlərlə bağlı qanunu qəbul edə bilməmişik. Amma faktdır ki, yas, toy mərasimləri ilə bağlı narazılıqlar davam edir. Etiraf edim ki, biz bu mərasimləri tənzimləməyin vahid yolunu müəyyənləşdirə bilmirik. Bəzi ölkələrdə mərasimlərlə bağlı yeməklərin çeşidi, kartejdəki maşınların sayına qədər hər şey normallaşdırılır. Amma bu, Azərbaycan reallıqlarına cavab vermir və gülüncdür. Mənim fikrimcə, bu gün şadlıq evlərinin, restoranların bir dövlət qurumu tərəfindən idarə olunmasına ehtiyac var. Bu gün bu sahədə absurd bir vəziyyət yaranıb. Əslində, şadlıq evləri institutu dünyanın heç bir ölkəsində yoxdur. Dünyada ancaq restoran məfhumu var. Şadlıq evləri institutu dünyada olmadığından, onların fəaliyyətinin tənzimlənməsi ilə bağlı normativ hüquqi aktlar da yoxdur. Bu gün şadlıq evlərinin verdikləri yeməklərin keyfiyyətinə heç kim nəzarət edə bilmir. Amma bütün mehmanxanaların fəaliyyət göstərməsi üçün Mədəniyyət və Turizm Nazirliyinin lisenziyası lazımdır. Mehmanxanaların göstərdiyi xidmətə, verdiyi yeməklərə görə nazirlik məsuliyyət daşıyır. Məncə, şadlıq evlərinin fəaliyyətinin tənzimlənməsi də Mədəniyyət və Turizm Nazirliyinə həvalə edilməlidir. Şadlıq evlərinin fəaliyyəti üçün mütləq lisenziya tələb olunmalıdır. Nazirlik lisenziyanı verməlidir, biz də ondan iş tələb etməliyik. Belə olarsa, problemlərin həlli üçün müraciət etməyə vahid bir instansiya da olar. Bundan əlavə, qoy Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları şadlıq evlərindəki akustikanı, aparaturası öyrənsinlər. Eyni zamanda, hüzr mərasimlərinin tənzimlənməsinə də ehtiyac var.
- Komitə gənc ailələrin sosial müdafiəsi ilə bağlı qanunvericilik aktının hazırlanması təşəbbüsü ilə də çıxış etmişdi.
- Bu, bizim növbəti sessiya üçün düşündüyümüz qanunvericilik aktlarındandır. Biz sosial durumu ağır olan gənc ailələrin müdafiəsi ilə bağlı qanun hazırlamaq istəyirik. Məncə, sosial durumu yaxşı olan ailələrin müafiəsinə ehtiyac yoxdur. Çatdıra bilsək, bu qanun layihəsini payız sessiyasında təqdim etmək istəyirik.
- Komitə tərəfindən hazırlanan, amma qəbulu düyünə düşən "Məişət zorakılığı haqqında" qanunun taleyi necə oldu? Bu qanun gündəmdən çıxarıldımı?
- Bəzi qanunlar var ki, onların qəbulu üçün bizim şüurlarımızda dəyişiklik olmalıdır. Adını çəkdiyiniz qanun bu qəbildəndir. Bəziləri deyirlər ki, necə yəni arvada söz demək, uşağa sillə vurmaq olmaz. Məncə, bu təfəkkürün dəyişməsi üçün zamana ehtiyac var. Biz parlamentdə "Məişət zorakılığı haqqında" qanunu müzakirə edəndə populizm elementləri ilə rastlaşdıq. Bəziləri milli mentalitet adı altında lazım olmayan məsələləri gündəmə gətirdilər. Amma zaman gələcək, biz bu qanunu qəbul edəcəyik. Hətta bu gün bizim gülüş obyekti etdiyimiz, haqlarında zarafatla danışdığımız qeyri-cinsi orientasiyaya malik insanlar- "mavilər"lə də bağlı qanun olmalıdır. Bu, bir reallıqdır ki, həyatda belə şəxslər var. Biz onlardan qaça bilmərik. Özümüzü aldatmağın mənası yoxdur. Artıq bütün bunların hamısı zamanın tələbidir. Vaxt gələcək bunların hamısı bizim qanunvericilikdə öz əksini tapacaq.
- Sizcə, bu məsələnin müzakirəyə çıxarılması ciddi etirazlara səbəb olmayacaq ki?
- Hazırda bu qanunu qəbul etmək mümkün deyil. Mən özüm də bunun tərəfdarı deyiləm. Amma zaman olacaq ki, biz bunu edəcəyik. Necə ki, ötən əsrin əvvəllərində qadın-kişi bərabərliyindən danışmaq mümkün deyildi. 60-70-ci illərdə belə Azərbaycanda qızları işləməyə qoymurdular. Amma bu gün bu həyatımızın normasına çevrilib. Kənd rayonlarında belə qadın gözəllik salonları var.