Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında (2004-2008-ci illər)", "Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı"nda və regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş digər sənədlərdə nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyub,qeyri-neft sektorunun davamlı inkişafına, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan verib, sahibkarlıq mühitinin daha da yaxşılaşmasında, iqtisadiyyata investisiya qoyuluşlarının artmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində və yoxsulluğun azalmasında mühüm rol oynamışdır.
Ötən beş il ərzində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 27,5 mindən çox yeni müəssisə yaradılmış, 547,5 min daimi yeni iş yeri açılmış, yoxsulluğun səviyyəsi 13,2 faizədək azalmışdır. Bu müddətdə ümumi daxili məhsulun real həcmi 2,6 dəfə, qeyri-neft sektorunda məhsul istehsalı 1,8 dəfə artmış, iqtisadiyyatın bütün sahələrində dinamik artım müşahidə edilmiş, o cümlədən, sənaye istehsalı 2,5 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 25,2 faiz, əhalinin gəlirləri 4 dəfə artmışdır.
Azərbaycan Respublikası regionlarının mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, bu işdə sahibkarlara dəstək olmaq, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaqla yoxsulluq probleminin həllinə nail olmaq və ölkəni iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirmək məqsədilə yeni Dövlət Proqramını icrasına başlanılıb.
Müsahibimiz iqtisadçı-alim Saleh Məmmədovdur
- Saleh müəllim, Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramının 1-ci mərhələsi atıq başa çatıb. Artıq 2-ci mərhələsinin icrasına başlanılıb. 1-ci mərhələni necə dəyərləndirirsiniz? 2-ci mərhələdə gözləntilər nələrdən ibarət ola bilər ?
- Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı Azərbaycanın iqtisadiyyatı üçün vacib bir sənəd idi. Birincisi, ona görə ki, başqa ölkələrdən fərqli olaraq Azərbaycanda məhsuldar qüvvələrin yerləşdirilməsində ciddi natarazlıq var idi. Əsas iqtisadi inkişaf Abşeron iqtisadi regionunda yəni əsas etibarilə Bakıda cəmləşdirilmişdi. Regionların iqtisadi inkişaf potensialından tam səmərəli istifadə etməyə imkan vermirdi. Bakıda isə bütün məhsuldar qüvvələrin, əsas istehsal sahələrinin, böyük müəssisələrin yerləşdirilməsi Bakının vəziyyətini gərginləşdirirdi. Buna görə də, Azərbaycanın digər regionlarında inkişaf proqamlarının tərtib olunması, yerinə yetirilməsi vacib bir məsələ kimi qarşıya qoyulmuşdu. Digər zəruriliyi onunla əlaqədardır ki, Azərbaycanın bütün regionlarında çox böyük əmək, material ehtiyatları var. Bütün bunlar regionlarda olsa da, istehsal müəssisələrinin, demək olar ki, böyük hissəsi Bakıda yerləşirdi. Ona görə də, bu resurslardan, ehtiyatlardan səmərəli istifadə üçün belə bir proqramın qəbul edilməsi çox vacib idi. Təbii ki, vaxtında qəbul olundu. Birinci proqram yüksək müvəffəqiyyətlə yerinə yetirildi. Regionların inkişafı üzrə qarşıya qoyulan məqsəd artıqlaması ilə yerinə yetirildi. Bunun da səbəbi maliyyə mənbəyi, ölkənin iqtisadi inkişafının yüksək olmasıdır. Bu, o demək deyil ki, proqram yerinə yetirildi və problemlər tamamilə aradan qaldırıldı. Bundan sonra da inkişafı sürətləndirmək üçün məhsuldar qüvvələrin düzgün yerləşdirilməsi, regionların inkişafının təmin olunması üçün yeni proqram qəbul olundu. Yeni Proqramda da regionların inkişafı, maddi və əmək resurslarından səmərəli istifadə olunması üçün tədbirlər nəzərdə tutulub. Proqramın həyata keçirilməsini sürətləndirmək üçün müəyyən işlərin də görülməsi vacibdir. Məsələn, ötən əsrin 60-cı illərində İngiltərədə regionların inkişafı üzrə qanun qəbul olunmuşdu. Dövlət kapital qoyuluşlarının bir hissəsini hətta özü büdcədən ödəyirdi. Belə ki, iqtisadi inkişaf baxımından geridə qalmış dağlıq rayonlarda iş qurmaq, kapital qoymaq istəyən sahibkara qoyduğu kapitalın 50 faizi dövlət büdcəsindən ödənirdi. Bu yolla da böyük inkişafa nail olundu,böyük iqtisadi irəliləyişlər əldə edildi. Bu gün Böyük Britaniyada regionların inkişafında heç bir problem yoxdur. Bundan əlavə, İngiltərədə böyük şəhərlərdə kapital qoyuluşlarına əlavə vergi tətbiq olunmağa başlanıldı. Olduqca inkişaf etmiş böyük bir şəhərdə, misal üçün Bakıda tikinti sektorunda əlavə vergilər tətbiq etmək lazımdır ki, həmin sahibkarlar gedib başqa bölgələrdə, rayonlarda bu işlə məşğul olsunlar.
- Birinci Dövlət Proqramında konkret iş yerlərinin açılması nəzərdə tutulmuşdur. İkinci Dövlət Proqramında nə qədər iş yerlərinin açılması gözlənilir?
- Yeni iş yerlərinin açılması əvvəlki Dövlət Proqramında nəzərdə tutulduğundan bu dəfə daha sürətlə aparılması gözlənilir. Ona görə ki, elm-texnika inkişaf edir və inkişaf etdikcə bir sıra müəssisələrdə işçi qüvvəsinə tələbat azalır. Bu gün isə Azərbaycanda elmi-texnikanın inkişafına çox ciddi diqqət yetirilir. İstifadəyə verilən yeni müəssisələrdə xaricdən gətirilmiş müasir tələblərə cavab verən avadanlıqlar quraşdırılır. Bütün bunlarda da əsas məqsəd yeni avadanlıqlarla az işçi qüvvəsi ilə həm keyfiyyətli, eyni zamanda, çox məhsul istehsal etməkdir. Buna görə də, işdən azad olunan insanların yenidən işlə təmin olunması üçün mütləq yeni istehsal müəssisələrinin yaradılması, yeni iş yerlərinin açılması çox vacibdir. Azərbaycan əmək ehtiyatlarının artımının yüksək olduğu ölkələr sırasındadır. Əhalinin və əmək ehtiyatlarının artımı yüksək sürətlə gedir. Bu əmək ehtiyatlarını işlə təmin etmək üçün yeni iş yerlərinin açılması zəruridir.
- Dünyada hökm sürən maliyyə böhranı səbəbindən Dövlət Proqramının bəzi sahələrinin icrasının təxirə salınması nə dərəcədə mümkündür?
- Azərbaycanda başqa ölkələrdən fərqli olaraq, böhrana qarşı ciddi və ağıllı tədbirlər görüldü. Demək olar ki, iqtisadi böhran Azərbaycanda çox zəif, cüzi hiss olundu. Böhran, demək olar ki, arxada qalıb. Böhranın aradan qaldırılmasında əsas səbəb Azərbaycan hökumətinin uzaqgörən və məqsədli iqtisadi siyasət yürütməsi oldu. Hökumət panikaya qapılmadı. Çünki bazar iqtisadiyyatı şəraitində, iqtisadiyyatın idarə edilməsində maliyyə panikası deyilən elm var. Bu elm çox ciddi öyrənilir və çox ciddi təsiri var. Böhran zamanı hər hansı rəsmi şəxs böhranın gərginliyindən, ölkənin bərbad vəziyyətə düşəcəyindən danışırsa, bu da xalqda panika, narahatlıq yaradır. Bir çox ölkələrdə buna yol verildi. İnsanlar banklardan pullarını götürdülər. Əllərində olan pulu kapital kimi istehsala yatırmaqdan çəkindilər. Öz əmanətlərini başqa xarici ölkələrin banklarına qoymağa başladılar. Bütün bunlar böhranı daha da gərginləşdirdi. Azərbaycanda isə başlanğıcdan insanlar əmin oldu ki, böhran ölkədə ağır fəsadlar yaratmayacaq, təsiri çox cüzi hiss ediləcək. Azərbaycanın büdcəsi nəinki bu böhranın, bu kimi bir neçə böhranın aradan qaldırılması üçün dayanıqlıdır. Bir faktı qeyd etmək yerinə düşər ki, 1987-ci ildə Amerikada ciddi bir maliyyə böhranı başlandı və bütün dünyanı bürüdü. Bunun qarşısını almaq mümkün olmadı. Bu hadisəni 87-ci ilin qara oktyabrı da adlandırırlar. Bunun da əsas səbəbi maliyyə bazarlarında çaxnaşma başlayanda, ABŞ rəhbərliyi buna qarşı tədbir görə bilmədi. Özləri də etiraf etdilər ki, böhranın qarşısını ala bilmirlər. Və böhran daha da dərinləşdi. Eyni proses psixoloji olaraq 1997-ci ilin oktyabrında başladı. Ancaq o dövrdə ABŞ rəhbərliyi, prezident Klinton bir çıxışı ilə nəinki Amerikanı bütün dünya ictimaiyyətini sakitləşdirə bildi, böhran geniş vüsət ala bilmədi. Azərbaycanda da rəhbərliyin gördüyü tədbirlər ölkədə böhranın təsirlərini, demək olar ki, heçə endirdi. Azərbaycanda olan valyuta ehtiyatları bu gün imkan verir ki, nəinki Azərbaycanda hətta bir neçə ölkədə böhranın qarşısı alınsın. Məsələn, GUAM ölkələri içərisində tək Azərbaycanda toplanan maliyyə ehtiyatları imkan verir ki, bütün GUAM ölkələrində böhranın qarşısı alınsın.
- Saleh müəllim, hökumətin maliyyə-pul krediti siyasətini necə qiymətləndirirsiniz?
- Maliyyə-pul krediti siyasəti Azərbaycanda çox dəqiqliklə həyata keçirilir. Böhran, demək olar ki, başa çatıb və hər şey inkişafa doğru gedir. Zənn edirəm ki, bu istiqamətdə yeni bir siyasət yeridiləcək. Ölkədə hər hansı proyektlərin, layihələrin həyata keçirilməsi üçün Azərbaycanın maddi imkanları mövcuddur. Yəni pulları banklarda saxlamaqdansa, yeni layihələrin həyata keçirilməsi üçün istifadə etmək daha səmərəlidir. Bütün bunlarda işçi potensialından, əmək ehtiyatlarından səmərəli istifadə olunmasına, həm də ölkənin daxilində olan maddi ehtiyatlardan istifadə olunmasına şərait yaradacaq.
- Manatın məzənnəsi dollara nisbətən dayanaqlıdır. Bu stabilliyin pozulması təhlükəsi ola bilərmi?
- Azərbaycanda bunun olma təhlükəsi yoxdur. Yanacaq, energetika istehsalı olan bir ölkədir Azərbaycan. Düzgün maliyyə-pul krediti siyasəti yeridildiyi halda, heç bir təhlükə qətiyyən ola bilməz.
- Ölkədə bəzi ərzaq, tikinti, sənaye mallarında qiymətlərdə ucuzlaşma müşahidə edilir. Bu, dünyada hökm sürən maliyyə böhranı ilə əlaqədardır, yoxsa başqa səbəbləri var?
- Keçən əsrin 90-cı illərində SSRİ dağıldıqdan sonra Azərbaycana ciddi bir böhran yaşandı. O böhran inflyasiya böranı idi, qiymətin artımı böhranı idi. Çalışırdıq məhdudlaşdırıcı tədbirlər görək ki, qiymətlər qalxmasın, dövriyyəyə az pul buraxılsın. Bu gün isə tələb böhranıdır. Həm psixoloji, həm də iqtisadi səbəblərdən tələb böhranıdır. Bu böhran zamanı qiymətlər aşağı düşür. Dünyanın hər yerində bu proses baş verdi. Bizdə də, nisbətən oldu. Bu gün də çalışılır ki, dünyada qiymətlərin sürətlə aşağı düşməsinin qarşısı alınsın. Qiymətlərin aşağı düşməsi o deməkdir ki, canlanma olmayacaq, istehsala tələbat azalacaq. Azərbaycanda isə qiymətlərin aşağı düşməsi o qədər hiss olunmadı. Əvvəllər Bakı dünyanın ucuz şəhərlərindən sayılırdısa, bu gün paytaxt şəhərimiz ən bahalı şəhərlər arasındadır. Keçmiş SSRİ-də ən bahalı şəhər Bakı şəhəridir. Bu da iqtisadi inkişafın göstəricisidir. Hardasa qiymətlər aşağı düşürsə, demək, orada tənəzzül var.
- Bu il ümudaxili məhsulda artım 4,4 faiz təşkil edib. Ötən illə müqayisədə bu göstərici azdır. Bunun səbəbini nəylə izah edə bilərsiniz?
- Dünya böhranının ən çox əhatə etdiyi ölkələr yanacaq və energetika ixracı ilə məşğul olan dövlətlərdir. Ona görə ki, bu ölkələrdə iqtisadiyyatın böyük hissəsi neft və digər enerji mənbələrindən asılıdır. Azərbaycanda isə kifayət qədər maliyyə ehtiyatı toplanılmışdı. Bununla da, böhranın qarşısı alındı. ÜDM artımının azalması isə ümumi böhranla əlaqədardır. Təsəvvür edin ki, Azərbaycan neftinin qiyməti 3 dəfə aşağı düşüb. Sözsüz ki, bu istehsala təsir göstərməyə bilməz. Dünyanın 75 faiz ölkəsində bu sahədə ciddi azalma müşahidə olundu. MDB dəvlətlərinin hamısında istehsalda azalmalar oldu. Cəmi 25 faiz ölkədə artım əldə olundu, onların içərisində Azərbaycan da var.Azərbaycanda isə bu, maliyyə böhranı dövründə yaxşı göstəricidir.