Azərbaycanın bugünkü uğurlarının kökündə qurtuluş məfkurəsi dayanır
- Əli müəllim, bu günlər xalqımız 15 İyun Milli Qurtuluş bayramının təntəsini yaşayır. Öncə istərdik ki, Azərbaycanın milli dövlətçilik tarixinin dönüş anı sayılan 1993-cü ili bu günün rakursundan dəyərləndirəsiniz.
- SSRİ-nin süqut etməsi nəticəsində müttəfiq respublikalar kimi, Azərbaycan da özünün dövlət müstəqilliyinə yenidən qovuşdu və beləliklə, Azərbaycan xalqı müstəqilliyini bərpa etmək imkanı qazandı. Amma 1990-cı illərin məlum hadisələri nəticəsində Azərbaycan müstəqil dövlətçilik ənənəsinin bərpa edilməsi və möhkəmləndirilməsi istiqamətində addımlar atılması mümkün olmadı. Və bu vəzifəni Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz üzərinə götürdü. 1993-cü ildə Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıtması ilə Azərbaycanın müstəqil dövlətçilik tarixinin yeni mərhələsinin başlanmasını birmənalı şəkildə qeyd edə bilərik. Qurtuluş məfkurəsi və qurtuluş fəlsəfəsi də, əslində, mahiyyət etibarilə Azərbaycanın milli dövlətçilik praktikasının yeni mərhələdə ideoloji əsası kimi özünü büruzə verir.
Milli qurtuluş Azərbaycanı yeni mərhələdə milli dövlət quruculuğunun ideya əsası kimi çıxış edir. Dövlətçilik ənənələrinin formalaşdırılması və milli dövlətçiliyin əsaslarının yaradılaraq möhkəmləndirilməsi ilkin olaraq qurtuluş məfkurəsinə istinad edirdi. Hesab edirəm ki, Azərbaycanın milli dövlətçlik ənənələrinin bərpa edilməsi və milli dövlətçilik quruculuğu istiqamətində atılan addamların qurtuluş məfkurəsinə istinad etməsi heç də təsadüfi deyil. Bu, Azərbaycanda 1990-cı illərin əvvəllərində yaranmış tarixi şəraitdə milli dövlət quruculuğunun üzləşdiyi spesifik xüsusiyyətlərlə və tarixi şərtlərlə bilavasitə əlaqədar idi. Milli qurtuluş məfkurəsinin mahiyyəti də, ilk növbədə, Azərbaycanın milli və dövlət müstəqilliyinin başının üstünü almış təhlükədən xilas etmək, Azərbaycanda milli dövlət quruculuğu istiqamətində səmərəli və sistemli şəkildə addımlar atmaq, lahiyələr həyata keçirmək, bu yöndə müvafiq siyasət reallaşdırmaq, Azərbaycanın iqtisadiyyatını və həyatın digər sahələrini möhkəmləndirmək zəminində dövlətçilik ənənələrinin formalaşdırıb inkişaf etdirməkdən ibarət idi ki, bütün bunların hamısı milli dövlət quruculuğu prosesinin milli qurtuluş fəlsəfəsinə əsaslanmasını sübuta yetirir.
Heç də təsadüfi deyil ki, ulu öndər Heydər Əliyevin yenidən Azərbaycana siyasi hakimiyyətə dəvət edilməsi, məhz bu məntiqə və gözləntilərə istinad edirdi. İnsanlar Heydər Əliyevi hakimiyyətə dəvət edərkən, ilk növbədə, Azərbaycanın xilasını nəzərdə tuturdular. Çünki bu vəzifələrin yerinə yetirilməsindən kənarda Azərbaycanda müstəqillik və dövlətçilik ideyasının həyata keçirilməsi, sadəcə, mümkün deyildi. Yəni, bu ideyaların həyata keçirilməsindən öncə Azərbaycanı məhv olmadan xilas etmək kimi həmin dövr üçün həddindən artıq həm aktual, həm də çətin vəzifələri yerinə yetirmək gərək idi. Ona görə də, insanlar ulu öndər Heydər Əliyevin Azərbaycana hakimiyyətə gəlməsini həm arzulayarkən, həm də bu çağırışları ümummilli liderə ünvanlayarkən, ilk növbədə, Azərbaycanın xilasını nəzərdə tuturdular. Qurtuluş məfkurəsinin Azərbaycanın dövlətçilik həyatında, milli məfkurəsində oynadığı rol Azərbaycanın dövlətçilik təcrübəsinin bərpa edilməsi, dövlət quruculuğu istiqamətində səmərəli addımların atılması ilə əlaqədar idi.
Təbii ki, Heydər Əliyev müdrik insan kimi həm Azərbaycanda siyasi hakimiyyətə dəvət olunmasının məntiqini bunda görürdü, həm də tarixi şəraitin Onun üzrinə qoyduğu vəzifənin mahiyyətinin də məhz qurtuluş məfkurəsinə söykəndiyini birmənalı şəkildə dərk edirdi. Buna görə də, Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra təxirəsalnımaz tədbirlər kimi atdığı addımlar da, Azərbaycanın başının üstünü almış təhlükələrin dəf edilməsi və onu bu təhlükələrdən xilas etməkdən ibarət idi. 1990-cı illərin əvvəlindəki siyasi hadisələrin içərisində güman edirəm ki, qurtuluş məfkurəsinin qələbə qazanması müasir tariximizin başlıca hadisələri sırasına daxildir və bunun mahiyyəti də bütövlükdə Azərbaycanın inkişafının etibarlı təməlinin yaranması ilə bilavasitə əlaqədardır.
- 1993-cü il hadisələrinə nəzər yetirdikdə çox maraqlı bir faktı qeyd etməmək olmur. Ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasından Bakıya gələndə Onun əlində heç bir inzibati təsir vasitəsi, silahlı birləşmələr, bir sözlə, təzyiq imkanı yox idi. Amma buna baxmayaraq, Heydər Əliyev Azərbaycanı parçalamağa, dövləti süquta uğratmağa çalışan qanunsuz silahlı birləşmələri zərərsizləşdirə bildi. Sizcə, Heydər Əliyevin gücü, qüdrəti nədə idi?
- Yəqin ki, bu məsələ indiyə qədər olduğu kimi, bundan sonra da geniş araşdırma mövzusu olacaq. İndinin özündə bu suala cavab vermək həm çətindir, həm də böyük məsuliyyət tələb edir. Amma mən bir düşüncəmi qeyd etmək istəyirəm: Heydər Əliyev Azərbaycanın başının üstünü almış təhlükələri silahlı qüvvələri, hakimiyyət rıçaqları tam olmadığı halda, məhz ona görə ala bildi ki, bunun bir səbəbi yalnız Heydər Əliyevə məxsus insani keyfiyyətlərlə bağlı idi. Buraya Onun zəngin dövlətçilik təcrübəsi, siyasi müdrikliyi və qətiyyəti, təbii ki, insanların Heydər Əliyevə inamı daxildir. Bu, həmin çətin və məsuliyyətli vəzifələrin öhdəsindən gəlməyi mümkün edən səbəblər sisteminin bir tərəfini təşkil edir. Mənim düşüncəmə görə, ikinci səbəblər sistemi insanların ölkədə sabitliyin və əmin-amanlığın təmin olunmasına, Azərbaycanın parçalanmaqdan xilas olmasına çox böyük ehtiyacının və arzusunun olması ilə əlaqədardır. İnsanlar arzulayırdalar ki, ölkəni parçalanmadan xilas edəcək güc - təbii ki, bu gücü Heydər Əliyevin timsalında görürdülər - hakimiyyətə gəlsin və real proseslərə rəhbərlik etsin, Azərbaycan parçalanmaqdan xilas olsun. Bütün xalq bunu istəyirdi və bu istəyin gücü də Heydər Əliyevin hakimiyyətə gəlməsini təmin edən başlıca amil idi. İnsanlar o qədər Azərbaycanın xilas olmasını arzulayırdılar ki, bu arzunun reallaşmasını təmin edə biləcək istənilən güc insanlar tərəfindən birmənalı şəkildə müdafiə olunmalı idi və çox məmnunedici cəhət ondan ibarətdir ki, bütün xalq da bu güc qismində yalnız Heydər Əliyevi görürdü.
Beləliklə, bir tərəfdən Heydər Əliyevə xas olan şəxsi keyfiyyətlər, digər tərəfdən xalqın Azərbaycanı parçalanmaqdan xilas olmasını arzulaması və bu arzunun həyata keçirilməsinə yönəlmiş hərəkətləri birmənalı şəkildə dəstəkləmək iqtidarında olması, çox məsuliyyətli və çətin tarixi vəzifənin öhdəsindən gəlməyə imkan verdi. Hər halda, mənim bu məsələyə yanaşmam belədir və təbii ki, burada ulu öndər Heydər Əliyevin böyük tarixi şəxsiyyət olması həlledici rol oynayıb.
- Ümummilli lider Heydər Əliyev Azərbaycanın inkişaf strategiyasının müəllifidir. Bu gün ölkəmiz sosial-iqtisadi cəhətdən də özünün yüksəliş dövrünü yaşayır. Bu yüksəlişin, inkişafın baş verməsində qurtuluş amilinin rolunu necə qiymətləndirirsiniz?
- Ümumiyyətlə, hər bir ölkənin həyatında müxtəlif dövrləri əhatə edən konkret strategiyalar mövcud olur və təbii ki, bu ümumi niyyətlərə istinad edən siyasət, müxtəlif dövrlərdə ayrı-ayrı konkret vəzifələrin həyata keçirilməsini özündə ehtiva edir. Təbii, 1990-cı illərin əvvəlində Azərbaycan müstəqilliyə qovuşanda qarşıda duran əsas vəzifə respublikanın dövlətçilik ənənələrini bərpa etmək olub. Təəssüflər olsun ki, Azərbaycan müstəqilliyinə qovuşduğu ilk mərhələdə müəyyən vəzifələri o vaxtkı hakimiyyət reallaşdırmaq resuslarına və potensialına malik olmadığından, onun həyata keçirilməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin taleyinə qismət oldu. Müstəqilliyin ilkin mərhələlərində qurtuluş məfkurəsi, əslində, milli stategiya rolunda çıxış edirdi və bundan kənarda o zaman Azərbaycanın problemlərinin - Ermənistanın işğalının dayandırılması, iqtisadi tənəzzülün qarşısının alınması və digər vəzifələrin yerinə yetirilməsi mümkün ola bilməzdi. Ona görə də, qurtuluş Azərbaycanı bu günə gətirmiş strategiyanın həyata keçirilməsinin təməli rolunda çıxış edir. Bu vəzifəni həyata keçirmədən Azərbaycanı bugünkü Azərbaycana çevirmək mümkün deyildi. "Heydər Əliyev strategiyası qurtuluş məfkurəsi üzərində qurulub" fikrini ona görə söyləmək mümkündür ki, məhz qurtuluş strategiyasını həyata keçirərək Azərbaycanı real təhükələrdən xilas edərək, bundan sonra qarşıda duran digər vəzifələri ardıcıl surətdə reallaşdırmaq zəminində Azərbaycanda iqtisadi islahatlar həyata keçirilə bildi, neft strategiyasını reallaşdırmaq mümkün oldu.
Azərbaycanda siyasi həyatın demokratikləşməsi istiqamətində addımlar atıldı, insan hüquq və azadlıqlarının qorunması mexanizmi yaradıldı, Azərbaycan öz iqtisadiyyatını möhkəmləndirərək sürətli inkişaf mərhələsinə qədəm qoydu və bugünkü iqtisadi potensialına görə regionda lider dövlətə çevrilmiş Azərbaycan yaradıldı. Qurtuluş məfkurəsi bütün bunların hamısının kökündə dayanan ilkin səbəb rolunda çıxış edən amil kimi dəyərləndirilməlidir.
- Qeyd etdiyiniz kimi, 1990-cı illərin əvvəlində Azərbaycanın məhv olmaq təhlükəsilə üzləşməsinin səbəblərindən biri kimi, o vaxtkı hakimiyyətin səriştəsiz olması idi. Amma maraqlıdır ki, həmin hakimiyyətdə təmsil olunmuş insanlar yenə də hakimiyyətə gəlmək iddiasındadırlar. Sizcə, onların buna nə dərəcədə mənəvi haqları çatır?
- Ümumiyyətlə, konkret şəxsin və ya siyasi qruplaşmanın qanuni əsaslarla demokratik üsullarla hakimiyyətə gəlmək istəyinin əleyhinə çıxmaq düzgün deyil. Amma eyni zamanda, hakimiyyət iddiası istər şəxsin, istərsə də siyasi qruplaşmanın ciddi məsuliyyəti ilə taraz olmalıdır. Hakimiyyət iddiasında bulunan insanların ciddi məsuliyyəti olmadığı hadla faciələr başlaya bilər. Azərbaycanın 1990-cı illərin əvvəlində faciələrinin başlamasının kökündə dayanan səbəblərdən biri, o zaman hakimiyyətdə bu məsuliyyəti dərk etməyən insanların olmasından ibarətdir. Xüsusilə, başının üzərini real təhlükələrin aldığı bir ölkədə, ciddi islahatların keçirilməsinə ehtiyac duyulduğu bir zamanda, dövlətçilik təcrübəsi, siyasi təcrübəsi, siyasi iradəsi və bütün bunlarla yanaşı, eyni zamanda, yetərli digər siyasi keyfiyyətləri olmayan insanların və onların birləşdiyi qrupların hakimiyyətə gəlməsi təhlükələrin meydana gəlməsini qaçılmaz edirdi. Və Azərbayan bunu özünün tarixində yaşadı. 1990-cı illərin əvvəlində Azərbaycanda bayaq dediyimiz çox önəmli və böyük təcrübə, məsuliyyət tələb edən vəzifələrin reallaşması üçün Azərbaycan hakimiyyətinə məhz bu vəzifələrin həyata keçirilməsinin mümkün edə biləcək keyfiyyətlərə malik olan insanlar yox, tamamilə səriştəsiz, naşı, təcrübəsi olmayan və eyni zamanda, milli maraqları özülərinin maraqları kimi qəbul etməyə adət etmiş insanlar hakimiyyət başında oldular və Azərbaycan böyük sarsıntılar keçirmiş oldu. Amma sevindirici haldır ki, Azərbaycan xalqı tezliklə yaşadığı məhrumiyyətlərin və üzləşə biləcəyi faciələrin səbəblərini dərk də bildi ki, o zaman üçün böyük səhvə artıq yol verilib və ölkənin fəalkətdən xilas etməyin yeganə yolu bu səhvi düzəltməkdir. Ölkənin müdrik bir insana ehtiyacı olduğu bir zamanda, xalqın və dövlətin taleyini naşı insanlara tapşırmaq, təbii ki, buraxılmış səhv idi. Xalq bu səhvi düzəltdi.
- Ümummilli liderimiz Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gələrkən, cəmisi bir neçə ay idi ki, Yeni Azərbaycan Partiyası təsis olunmuşdu. Politologiya tarixində ən çox nadir rast gəlinmiş bir hadisədir ki, bir partiya yarandılandan cəmi altı ay sonra hakimiyyətə gəlsin. Bunun kökündə nə dayanırdı? Yeni Azərbaycan Partiyasının bu uğurunu nə ilə izah etmək olar?
- Güman edirəm ki, bu amilin kökündə Heydər Əliyevə inam dayanırdı. Əslində, YAP-ın yaranması da insanların Heydər Əliyevə inamı ilə və Ona bağladığı ümidlərlə bilavasitə əlaqədardır. Xalq Heydər Əliyevin hakimiyyətə gəlməsini arzulayırdı və qeyd etdiyim kimi, insanlar ölkənin gələcək taleyini də Heydər Əliyevin hakimiyyətə gəlməsilə bağlayırdılar. Eyni zamanda, insanlar Heydər Əliyevin hakimiyyətə gəlməsinin yolları və üsulları haqqında da düşünürdülər. Dediyim kimi, bir tərəfdən ölkənin başında təsadüfi adamlar dayanmışdı. Bu tarixi səhv idi və aradan qaldırılmalıydı. Digər tərəfdən, ölkə yeni bir siyasi situasiya şəraitində yaşayırdı. O zaman demokratiya haqqında çox danışılırdı və bu, dəbdə olan anlayış idi.
YAP-ın yaranması da insanların Heydər Əliyevin hakimiyyətə gəlməsi yolları ilə əlaqədar düşüncələrinin nəticəsi olaraq ortaya çıxdı. Ona görə də, YAP yaranandan altı ay sonra hakimiyyət partiyasına çevrildi. Əslində, Heydər Əliyevin hakimiyyətə gəlməsi nəticəsində Onun rəhbərliyi etdiyi YAP hakmiyyət partiyasına çevrildi. Və bu partiyanın hakmiyyətə gəlməsinin qısa zamanı əhatə etməsi ilə əlaqədar unikallığı da, ilk növbədə, bu amillə əlaqədardır. Amma daha çox məmnunluq yaradan cəhət ondan ibarətdir ki, Heydər Əliyev və Onun yaratdığı partiya xalqın onlara bəslədiyi bütün ümidləri doğrulda bildi. Həm ölkədə sabitlik və əmin-amanlılıq təmin edildi, real təhlükələr aradan qaldırıldı, dövlətçiliyin məhv edilməsi təhlükəsi sovuşdu. Həm də, ulu öndər Heydər Əliyevə bəslənən xilaskarlıq missiyasının yerinə yetirilməsindən sonrakı mərhələnin ortaya atdığı vəzifə -Azərbaycanın iqtisadi cəhətdən inkişaf etməsinin təmələnin yaradılması kimi vacib bir məsələ də özünün həllini tapdı. Beləliklə də, qurtuluş məfkurəsinin həyata keçirilməsi nəticəsində Azərbaycanın tarixinə xilaskar lider kimi daxil olan Heydər Əliyev sonrakı mərhələdə, həm də iqtisadi inkişafı uğurla reallaşdıran qurucu lider statusu qazandı. Və Azərbaycan tarixinin sonrakı mərhələlərinin məhz quruculuq, inkişaf mərhələsi kimi ölkənin və insanların həyatına daxil olmasının əsasını təmin etmiş oldu.
- Yeni Azərbaycan Partiyası yarandığı gündən keçirilən bütün seçkilərdə qələbə qazanıb. Müasir seçki texnologiyalarından səmərəli istifadə edən partiyamız, son bir ildə prezident seçkisində uğur qazandı, eyni zamanda, referendumda da partiyanın irəli sürdüyü təkliflər xalqımız tərəfindən bəyənildi. Seçkidən-seçkiyə daha da təkmilləşən, hər zaman xalqın arasında olan Yeni Azərbaycan Partiyası qarşıdan gələn bələdiyyə seçkilərinə necə hazırlaşır?
- Partiyanın qəbələrinin kökündə, ümumi şəkildə ifadə etməyə çalışsaq, xalqın ona inamı dayanır. Həmçinin, bu, partiyanın həyata keçirdiyi siyasətə və onun istinad etdiyi ideoloji dəyərlərə insanların etimadı ilə bağlıdır. Bütün seçkilərdə YAP-ın qazandığı qələbələr yalnız xalqın inamı və etimadı əsasında mümkün olub. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, bugünkü iqtidarın gücü xalqın ona inamındadır. Bu inam nə qədər mövcuddursa-inanıram ki, xalqın partiyaya və cənab İlham Əliyevə dərin inamı uzun illər olacaq - o qədər YAP sınaqlardan uğurla çıxacaq, ölkədə keçirilən seçkilərdə qalib gələcəkdir. Biz, 2008-ci ildə və 2008-2009-cu illərin qovuşağında iki böyük siyasi hadisənin qalibi kimi özümüzü təqdim edə bilərik: bu, 2008-ci il prezident sekilərində cənab İlham Əliyevin qələbəsi və həmin ilin sonunda start verilmiş referendumla əlaqədar gündəmə gələn məsələlərə insanların birmənalı şəkildə dəstək verməsi ilə bağlıdır. Bunun hər ikisi xalqın Prezident İlham Əliyevə və Onun rəhbərlik etdiyi partiyaya inamı ilə əlaqədardır. Güman edirəm ki, 2009-cu ilin dekabr ayında keçiriləcək bələdiyyə seçkilərində də xalqın inamı YAP-ın irəli sürdüyü namizədlərin qələbəsinin təmin edə biləcək.
Bəs bu inam niyə artıq 17 ildir ki, YAP-ın qələbələrini şərtləndirir? Çünki YAP xalqın bəslədiyi ümidləri doğrultmağa çalışıb və buna nail ola bilib. Çünki bu partiyaya rəhbərlik edən insanların prezidentliyi dövründə Azərbaycan fəlakətlərdən və məhv olmaqdan qurtularaq bu gün iqtisadi cəhətdən dünyanın ən dinamik ölkəsinə çevrilibdir. Qısa müddət ərzində Azərbaycan bütün göstəricilərə görə simasını əhəmiyyətli dərəcədə dəyişə bilibdir. Azərbaycan müasirləşibdir, moderinləşibdir və insanların rifahı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Azərbaycanda həyat kökündən dəyişib. Bütövlükdə, Azərbaycan dəyişib. Azərbaycan 1990-cı illərin Azərbaycanından bütün parametrlərinə görə əhəmiyyətli dərəcədə dəyişib, yeniləşib. Bütün bunların hamısı Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiyanın həyata keçirdiyi siyasətin uğurlarıdır. Ona görə də, bu partiya uğurlar qazana bilir və buna istinad edərək xalqının inamının bu gün də partiyamızın yanında olduğunu birmənalı şəkildə etiraf edərək inamla bildirmək istəyirəm ki, 2009-cu ilin bələdiyyə seçkilərində də YAP qalib gələ biləcəkdir.