Vahid Əhmədovun "Səs" qəzetinə müsahibəsi
- Vahid müəllim, "Regionların sosial-iqtisadi inkişafı (2009-2013-cü illər) Dövlət Proqramının artıq icrasına başlanılıb. Dövlət Proqramı çərçivəsində hansı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur?
- "Regionların sosial-iqtisadi inkişafı (2004-2008-cü illər) Dövlət Proqramının icrası ölkəmizin regionlarının inkişafı üçün mühüm əhəmiyyət kəsb edib. Regionlarda infrastruktur layihələrinin həyata keçirilməsində çox böyük rolu olub. Əsasən də, sahibkarlığın inkişaf üçün regionlarda elektrik enerjisinin, su, qaz və yollarla bağlı problemlərin müəyyən hissəsi artıq həll olunub. Dövlət Proqramının ikinci hissəsi 2009-2013-cü illəri əhatə edir. Dünyada qlobal maliyyə böhranının getməsinə və onun Azərbaycana müəyyən qədər təsir etməsinə baxmayaraq, bu proqramda maliyyə məsələsinin həllinə diqqət yetirmək lazımdır. Çalışmaq lazımdır ki, maliyyə məsələsi ilə bağlı ciddi problem yaranmasın. Çünki Dövlət Proqramının həyata keçirilməsi əlavə iş yerlərinin yaranmasına, infrastruktur layihələrinin artırılmasına təsir göstərəcək. Dövlət Proqramının da əsas məqsədi ondan ibarətdir ki, insanlar artıq regionlarda özlərini rahat hiss edə bilsinlər və şəhərə axın etməsinlər. Təbii ki, regionlarda yeni iş yerlərinin açılması da nəzərdə tutulan əsas işlərdəndir.
- Siz Quba rayonundan millət vəkili seçilmisiniz, 2009-2013-cü illər ərzində qəbul olunan yeni Dövlət Proqramı çərçivəsində Qubada hansı layihələrin reallaşdırılması planlaşdırılır?
- Ötən Dövlət Proqramı çərçivəsində Quba rayonunda bir sıra ciddi işlər görülüb, problemlərin bir hissəsi öz müsbət həllini tapıb. Quba rayonunda infrastruktur layihələri həyata keçirilib, dünya standartlarına uyğun yeni yollar çəkilib. Qubanın ucqar kəndlərində mövcud olan problemlərin müəyyən hissəsi öz həllini tapsa da, bunlar hələ də qalmaqdadır. Qubanın daxilində su problemi var. Bununla əlaqədar olaraq, artıq "Azərsu" ilə müəyyən danışıqlar aparılıb. Bu və digər problemlər də tez bir zamanda öz həllini tapacaq. İşıqla bağlı isə Quba rayonunda heç bir problem yoxdur. Eyni zamanda, yeni iş yerlərinin açılmasına da çox böyük diqqət yetirilir. Bu istiqamətdə ciddi addımlar atılır. Hazırda Qubada soyuducu anbar tikilir. Həmin soyuducu anbarın istifadəyə verilməsi əhalinin öz məhsullarını həmin anbarlara təhvil verməsi üçün müəyyən şərait yaradacaqdır. Ümumiyyətlə, "Regionların sosial-iqtisadi inkişafı (2009-2013-cü illər) Dövlət Proqramının icrası zamanı soyuducu anbarların tikilməsi kənd təsərrüfatının inkişafına birbaşa təsir edəcək. Belə ki, əhalidən meyvələrin yığılması, onların anbarlara yığılaraq, qış vaxtında onlardan istifadə edilməsi, bazarda qiymətlərə təsiri və s. hökumətin əlində saxladığı rıçaqdır.
Qeyd edim ki, Quba rayonunda problemlər qalmaqda davam etsə də, qəbul olunan yeni Dövlət Proqramı çərçivəsində problemlərin çox hissəsi həll olunacaq.
- Şimal bölgəsində, həm də yeni Qış Olimpiya Kompleksinin inşası nəzərdə tutulur. Layihə nə zaman başa çatacaq?
- Bütün daxili və beynəlxalq yarışların keçirilməsi məqsədilə tikilən bu olimpiya kompleksi respublikada inşa olunan ən iri idman mərkəzlərindəndir. Qış Olimpiya Kompleksi Quba və Qusar rayonlarının arasında yerləşən Şahdağın ətəyində tikilir. Bu layihənin reallaşdırılması da həm Azərbaycan, həm də region üçün böyük əhəmiyyət kəsb edir. Bu, yeni iş yerlərinin açılmasında, eləcə də, beynəlxalq turnirlərin ölkəmizdə keçirilməsində böyük rol oynayacaq. Çünki Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən 6 zona seçilib və hazırda bu zonalarda olimpiya komplekslərinin tikintisi davam edir.
- Birinci Dövlət Proqramında 2004-2008-ci illər ərzində, konkret olaraq, 600 min yeni iş yerinin açılması qeyd olunmuşdur. Yeni Dövlət Proqramında nə qədər iş yerinin açılması qeyd olunur?
- Nəzərə almaq lazımdır ki, dünyada hökm sürən maliyyə böhranı müəyyən iş yerlərinin bağlanmasına gətirib çıxartdı. Regionlarda yeni iş yerlərinin açılmasını, o cümlədən, insanların oraya axışmasını, sərbəst yaşamasını təmin etmək Dövlət Proqramının onurğa sütununu təşkil edir. Məsələn, regionlarda bankların filiallarının açılması da diqqət yetirilən əsas məsələlərdəndir. Bu yaxınlarda, ödəmələrin poçt vasitəsilə həyata keçirilməsinə icazə verildi. Çalışırıq ki, regionlarda həyat canlansın, inkişaf, tərəqqi hiss olunsun.
- Dünyada baş verən maliyyə böhranı ilə əlaqədar regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan Dövlət Proqramının müəyyən hissəsinin təxirə salınması mümkündür?
- Bu, mümkündür. Çünki maliyyə böhranı çox dərindir. Ötən ilin avqust-sentyabr ayında başlanan böhran hələ davam edir. Prezident İlham Əliyev və Azərbaycan hökuməti böhranın qarşısının alınması üçün Mərkəzi Banka çox ciddi tapşırıqlar verib. Milli Bankın faiz göstəriciləri 15-dən 2 faizə endirildi. Manatın məzənnəsinin qorunub saxlanılması və s. atılan ciddi addımlardandır. Ancaq qeyd etmək lazımdır ki, böhranın Azərbaycana da təsiri var. Neftin qiymətinin 147 ABŞ dollarından 70 dollara enməsi qeyd olunan təsirlərdəndir. Ona görə müəyyən layihələrin həyata keçirilməsində təbii olaraq ləngimələr olacaq. Prezident cənab İlham Əliyev yeni Dövlət Proqramında bütün dövlət orqanlarına tapşırıq verib ki, beynəlxalq maliyyə qurumları ilə əlaqə yaratsınlar, həmin proqramın həyata keçirilməsi üçün müəyyən müqavilələrin bağlanmasına nail olsunlar.
- Dağlıq Qarabağ münaqişəsinin həll olunacağı təqdirdə, regionların sosial-iqtisadi inkişafını təmin edən yeni Dövlət Proqramından müəyyən vəsaitlər ayrılacaqmı?
- Bu məsələnin üzərində ciddi iş gedir. Bununla əlaqədar Dövlətin və Prezidentin Neft Ehtiyat Fondu var. Bu məsələ ayrıca proqram şəklində hazırlanmalı və həyata keçirilməlidir. Çünki burada böyük işlərin reallaşmasından söhbət gedir. İşğal olunmuş ərazilər yerlə yeksan edilib, ermənilər vəhşilik törədiblər. Deməli, bütün yaşayış evləri, kommunikasiya xətləri yandırılıb, dövlətimizə böyük ziyan vurulub. Azərbaycana dəyən ziyan 100 milyonlarla ölçülür. Bu məsələnin yeganə çıxış yolu Dağlıq Qarabağla bağlı əlavə proqramın hazırlanması və həmin proqramın "Regionların sosial-iqtisadi inkişafı (2009-2013-cü illər) Dövlət Proqramı kontekstində həyata keçirilməsidir.
- Bu proqramla əlaqədar bir qrup millət vəkilinin təkliflə çıxış etməsi mümkündür?
- Təbii ki, bu, mümkündür. Bu proqramı hazırlamaq o qədər çətin iş deyil. Əsas Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasıdır. Bu gün maliyyə vəsaiti də Azərbaycan üçün problem deyil. Bunu beynəlxalq maliyyə qurumları və digər xarici donorlar vasitəsilə, eləcə də, Azərbaycanın daxili ehtiyatları hesabına həll etmək mümkündür.