PDF Oxu

Müsahibə

  • 14

BUZLAR ərimək bilmir

BUZLAR ərimək bilmir

Bildiyimiz kimi, bir sıra müxalifət partiyalarında olduğu kimi, Müsavat partiyası daxilində də müəyyən qruplaşmalar mövcuddur. Vaxtilə Müsavat daxilində Ali Məclis sədrliyi uğurunda aparılan mübarizədə bir-birinə qarşı Sülhəddin Əkbər-Vurğun Əyyub və Arif Hacıyev-Rauf Arifoğlu qruplaşmaları formalaşıb. O zamandan bəri bir-birinə kəskin antipatiya bəsələyən bu iki qruplaşma silahdaş olmalarına və uzun müddət bir yerdə çalışmalarına baxmayaraq, istənilən məsələdə fərqli mövqelərdən çıxış edirlər. Hətta Ali Məclis sədrliyinə yiyələnən S.Əkbərin niyyətinə çatması, qarşı tərəfin uduzması kimi qiymətləndirilir. Bu da, təbii olaraq, Arif Hacıyev-Rauf Arifoğlu cütlüyünü daha çox qıcılandırır. Bu baxımdan, V.Əyyubla R.Arifoğlu və qruplaşmaların digər şəxsləri arasındakı münasibətlər, hələ də davam etməkdədir. Maraqlıdır ki, Müsavat partiyası daxilində bu şəxsləri barışdıracaq bir adam yoxdur, yaxud da başqan İsa Qəmbərov nə üçün bu qruplaşmaların bir-birinə yaxınlaşmasına səy göstərmir? "Səs" qəzetinə müsahibə verən Müsavat funksioneri Vurğun Əyyubun sözlərinə görə, o, R.Arifoğlu ilə münasibət qurmaqda maraqlı deyil. Eyni zamanda, bu münasibətlərə ehtiyacı olmadığı üçün onların barışması üçün partiya daxilində hər hansı şəxsin vasitəçilik etməsinə ehtiyac yoxdur.

- "Yeni Müsavat" qəzeti artıq Müsavat qərargahından köçüb. Demək olar ki, Vurğun bəyin partiyadakı rəqiblərindən biri sıradan çıxıb?

- Mənim həmin qəzetlə nə rəqibçiliyim ola bilər?

- Konkret olaraq qəzetin baş redaktoru Rauf Arifoğlu ilə ...

- Mən partiya daxilində heç kimlə rəqabət aparmıram. Bu baxımdan, hansı qəzetin harada çıxdığı da məni maraqlandırmır.

- Baş verənlərdən sonra hansısa məsələlərin müzakirəsi üçün Rauf Arifoğlu ilə üz-üzə gəlmisiniz?

- Xeyr. Bizim aramızda heç bir münasibət yoxdur.

- Ola bilər ki, bu münasibətlərin bərpası üçün kimsə vasitəçilik etsin?

- Mənim bu münasibətlərə ehtiyacım yoxdur.

- Partiyalardaxili funksionerlərlə yanaşı, müxalifətdə təmsil olunan ayrı-ayrı siyasi partiyalar arasında da konfliktlər yaşanır. Bunun səbəbini nə ilə izah edərdiniz?

- Bu proseslərə tamamilə sadə və təbii baxıram. Müstəqil insanların müstəqil fikirləri olur. O yerdə ki, fikir müxtəlifliyi var, orada bu cür münasibətlərin olması təbiidir. Amma bu fikir müxtəlifliyinə baxmayaraq, insanlar hansısa məsələdə vahid mövqeyə gələ bilirsə, deməli, bunu normal qarşılamaq lazımdır.

- ALP-nin sədr əvəzi Əvəz Temirxan ADP sədri Sərdar Cəlaloğlunu siyasi riyakar adlandırır və onu hakimiyyətin əlaltısı kimi qiymətləndirir. Bunu müstəqil fikir adlandırmaq olar?

- Bu fikir ayrı-ayrı məqamlara verilən qiymətlərdir. Bu da insanların hadisələri və prosesləri bütövlükdə qiymətləndirmək bacarığının aşağı olması ilə izah olunmalıdır. Bunlar ötəri şeylərdir. Əsas şərt xalqın, millətin taleyi ilə bağlı olan məsələlərdə vahid mövqedə olmaqdır.

- Vurğun bəy, müxalifət partiyalarının yenidən bir araya gələrək yeni siyasi blok yaratması mümkündürmü?

- Belə bir təşkilat var. Yenidən blok və ya təşkilat yaratmağa nə ehtiyac var. Əgər proseslərin gedişi tələb edərsə, daha geniş blokun yaradılması da mümkündür.

- Bəs yeni yaradılan "Qarabağ və Respublika Uğrunda Hərəkat"ın perspektivini necə görürsünüz?

- Hərəkatın perspektivini onların fəaliyyəti ilə qiymətləndirmək mümkündür.

- "Demokratiya Uğrunda İttifaq"ın sədri Mirmahmud Mirəlioğlu bir zamanlar Qarabağ forumunun keçirilməsi təklifi ilə çıxış etsə də, siz tərəfdən heç bir dəstək verilmədi. Bu, Qarabağ məsələsinə biganəlik idi, yoxsa Mirmahmud bəyə olan münasibətin göstəricisi idi?

- Bu, nə Qarabağa, nə də Mirmahmud bəyə olan münasibətin göstəricisi deyil. Bunu etinasızlıq kimi qiymətləndirmək düzgün deyil. Sadəcə, bu konfransın keçirilməsi ilə bağlı ortada olan mövqelər, təkliflər müzakirə olundu və müəyyən məsələlər bizi qane etmədi. Ona görə siyasi qüvvə olaraq konfransı tərk etdik və onların işinə uğurlar dilədik.

- Hətta bəzi deyilənlərə görə, Müsavatı konfransa qatılmaqdan çəkindirən əsas səbəb, AXCP (i) ilə "KXCP" arasında olan məlum konfliktdir?

- Müsavat partiyası öz mövqeyini hansısa qüvvələrin konfliktinə görə müəyyənləşdirmir. Partiyanın baş verən proseslərə öz baxışı var. Müsavat nəyi daha düzgün hesab edirsə, o baxış əsasında da hərəkət edir. "KXCP" ilə Müsavat arasında tamamilə normal münasibətlər var. Bir çox məsələlərdə birgə əməkdaşlıq edirik.

- Qarşıdan bələdiyyə seçkiləri gəlir. Müsavat partiyası bu seçkilərdə hansı formada iştirak etməyi düşünür - fərdi, yoxsa blok şəklində?

- Bunların hər ikisi mümkün variantlardır. Hər ikisinin özünə görə üstünlükləri və zəif cəhətləri var. Bu barədə partiya daxilində araşdırmalar və müzakirələr davam edir. Qərar partiyanın rəsmi orqanları tərəfindən veriləcək.

- Əgər Müsavat seçkilərə blok şəklində qatılmağı qərara alarsa, bu "Azadlıq" bloku olacaq, yoxsa yenisinin yaradılması gözlənilir?

- Hesab edirəm ki, referendumda iştirak etdiyimiz kimi, bu seçkilərdə də bir neçə qurumun qeydiyyatdan keçməsi daha əlverişli olardı. Həm də bələdiyyə seçkiləri digər seçkilərdən fərqli qaydada keçirilir. Bu fərqlər də ayrı-ayrı qurumların seçkilərdə qeydiyyatdan keçməsini çətinləşdirir. Lakin bələdiyyə seçkilərinə yalnız bir qurumla qatılmağı düşünmürük.

- Müsavat beynəlxalq qurumlardan birinin üzvüdür. Bunu nəzərə alaraq, onun hansısa xarici təşkilatın və ya dövlətin köməkliyi ilə bələdiyyə seçkilərinə qatılacağını söyləmək olar?

- Müsavat partiyası hər zaman beynəlxalq təcrübəni öyrənir. Amma bu işdə kiminsə dəstəyinə ehtiyac görmür. Biz təcrübələri öyrənib, öz gücümüz və potensialımız səviyyəsində seçkilərdə iştirak edirik.

- Yeri gəlmişkən, Milli Məclisdə "Siyasi Partiyalar haqqında" qanunun müzakirəsi gözlənilir. Sizcə, bu qanuna əlavə və dəyişikliklərin edilməsi siyasi partiyaların inkişafına necə təsir göstərəcək?

- Qanunun müzakirəyə çıxarılması zamanı bunu söyləmək olar. Partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi məsələsi qaydasına qoyulmalıdır.

- Siz qanuna hansı dəyişikliklərin edilməsi təklifi ilə çıxış edərdiniz? Sizcə, Milli Məclisdə təmsil olunan partiyaların, yoxsa ümumi qeydiyyatdan keçənlərin dövlət tərəfindən maliyyələşdirilməsi daha məqbul olardı?

- Təbii ki, burada bir prinsipi əsas götürmək olmaz. Prinsiplərdən biri seçkilərdə iştirak məsələsi olmalıdır. Yəni, seçkilərdə əldə olunan nəticələr əsas götürülə bilər. Partiyaların yerli təşkilatlarının gücü də bir prinsip olaraq götürülə bilər. Yalnız bircə prinsiplə hərəkət etmək düzgün nəticələrə gətirib çıxara bilməz.

Digər xəbərlər