- Əli bəy, AMİP-in qurultayının keçirə bilməməsinin səbəbi nə ilə bağlıdır?
- Qurultayın keçirilməməsinə yeganə səbəb yer problemidir. Bir neçə yerə müraciət etmişik. Düşünürəm ki, bu ilin sonuna qədər qurultayın keçirilməsinə nail ola biləcəyik.
- Bəzi iddialara görə, qurultayın keçirilməməsinin başlıca səbəbi partiya daxilində ciddi narazılıq və qarşıdurmaların olması ilə bağlıdır...
- Subyektiv mülahizələrdir, həqiqəti əks etdirmir. Bu gün partiyadaxilində ziddiyyətlər yoxdur. Ola bilsin ki, bunları kimsə arzulasın. Amma bu, arzu olaraq qalacaqdır.
- Hazırkı mərhələdə müxalifət düşərgəsində blok və qurumların yaradılması prosesi gedir. Çox maraqlıdır, bu proseslərdə AMİP görünmür. Buna səbəb nədir?
- Ümumiyyətlə, blokların, birliklərin yaranmasına çox ehtiyatla yanaşırıq. Atdığımız addımı "yüz ölçüb, bir biçib" sonra qərar veririk. İstəmirik ki, illüziyalarla, yalançı bloklaşmalarla, səmimi olmayan ittifaqlarla həm cəmiyyəti, həm də özümüzü aldadaq. Ona görə də tələsmirik.
- Belə çıxır ki, sizin Müsavat və ya AXCP (i)-lə hədəfləriniz üst-üstə düşmür?
- Mövqe və yanaşmalarımızda kifayət qədər fərqlər var. Adını çəkdiyiniz bəzi siyasi qüvvələr, xüsusən də, AXCP (i) bu gün, ümumiyyətlə, siyasətlə deyil, qaragüruhçuluqla məşğuldur. Onlar hər şeyə qara yaxırlar, inkar edirlər. İnkarçılıq siyasətdə düzgün mövqe deyil. Məhz bu baxımdan da, siyasi proseslərə, cəmiyyətdəki proseslərə, həm iqtidar-müxalifət münasibətlərinə baxış adını çəkdiyimiz qurumlarda fərqlər olduğuna görə, mövqelərimizdə də fərqlər var. Ona görə də, bizim bir yerdə olmağımız üçün mövqe fərqlərində əvəz yaradılmalıdır ki, sonra bəzi məsələlərdə birgə addımlayaq.
- Bəziləri iddia edir ki, AMİP və AXCP (i) arasında müəyyən ziddiyyətlərin mövcudluğu hər iki partiyanın eyni blokda birləşməsinə müəyyən problemlər yaradır. Sizcə, bu fikirlər əsaslıdır?
- Bizim heç bir siyasi qüvvə ilə anlaşa, çözə bilmədiyimiz problemimiz yoxdur. Sadəcə, olaraq biz cəmiyyətə üstünlük veririk. Üzdə bir, arxada başqa cür hərəkət etməmişik. Bundan sonra da belə hərəkət etmək fikrimiz yoxdur. Ona görə addığımız imzalara hörmətlə yanaşmışıq. Hər hansı bir yerdə təmsil olunarkən bu məsələlərdə ciddi olmuşuq. Siyasi təşkilatlar var ki, gündə bir yalan danışır, elə adını çəkdiyimiz AXCP (i) bu gün verdiyi sözü sabah inkar edir, danır. Atdığı imzanın mürəkkəbi qurumamış öz imzasından imtina edir. Belə siyasi qüvvələr ilə bir yerdə olmaq, əldə edə biləcəklərimizə maneçilik törədir, gölkə salır. Ona görə də bu məsələdə bir qədər fərqli düşünürük. Aparıcı, ölkənin və cəmiyyətin həyatında müəyyən rol oynayan, ona təsir göstərə bilən siyasi qüvvələrlə əməkdaşlıq etmək daha səmərəli olardı. Amma bu gün AXCP (i) haqqında bunları demək mümkün deyil. Onların nə fəaliyyəti, nə gördüyü işlər, nə hədəfləri, nə də potensialı barədə bu gün konkret heç nə demək mümkün deyil. Çünki bu anlaşılmayan siyasətdir. Bu gün AXCP (i)-də Əli Kərimov və Həsən Kərimovdan başqa kim var?
- Bəs, Fuad Muxtarov, Gözəl Bayramova, partiyanın idarə heyəti onlar kimdir?
- Onlar formal olaraq adları olan insanlardır. Bildiyimə görə, həmin insanlar partiya ilə o qədər əlaqə saxlamırlar.
- Sizin üçün bu faktlar hardandır? Bəlkə konkretliyə varaq?
- Hər halda bizim də müəyyən informasiya və kanallarımız var. Əldə etmişik ki, AXCP (i) sözün əsil mənasında qürub çağını yaşayır.
- Deyilənə görə, AXCP (i) 400 milyon dollarlıq qərərgah almağa hazırlaşır. Hətta sədr müavini Nurəddin Məmmədlinin iddiasına görə, ianə şəklində bu qərargahı alırlar...
- Bu, AXCP (i)-nin növbəti blefidir. Əminliklə deyirəm ki, heç onlar 40 dollarlıq "arenda" ilə ofis tutmaq iqtidarında deyillər.
- Axı, bir qədər əvvəl onların xarici fondlarla əlaqəsinin olması barədə məlumatlar var idi...
- Bilirsiniz, xarici qüvvələr də pulu, maliyyəni elə-belə boş yerə ayırmırlar. Əli Kərimov xarici "sponsorlar"ının ümidlərini doğrultmadı. Düşünürəm ki, bundan sonra da onlar artıq siyasi partiyalara təmənnasız nə isə vermək marağında deyillər. Ona görə də "sponsorlar"dan əlləri qırılıb. Ola bilər müəyyən mənada, hökumətin, dövlətin əleyhinə nə isə bir istifadə üçün alət kimi "kullansınlar". Amma bunun da qiyməti həmin məbləğ etmir.
- Siz dediniz ki, Ə.Kərimov xarici "sponsurların" etimadını doğrultmadı. Söhbət hansı öhdəlikdən gedir?
- Hər halda bildiyim odur ki, Ə.Kərimovun istər yaşam tərzi, istər xərclədiyi pullar onu deməyə əsas verir ki, fərqlər kifayət qədərdir.
- Haradan bilirsiniz ki, əvvələr çox, indi isə az pul xərcləyir...
- Əvvələr kifəyət qədər cangüdənləri var idi. İndi utanmasa maşını da özü sürər ki, artıq xərci çıxmasın.
- Siz kifayət qədər ciddi ittihamlar səsləndirirsiniz. Ə.Kərimovun sizi məhkəməyə verəcəyindən çəkinmirsiniz?
- Azərbaycanda məhkəmələr mövcuddur. Hər kəsin də öz hüqunu məhkəmələr vasitəsilə qorumaq və yaxud müraciət etmək hüququ var. Həmin hüququndan istifadə edirsə, buyursun.
- AXCP (i) yekdillərinin bildirdiyinə görə, Etibar Məmmədov tükənib. Ona görə də mətbuat qarşısına çıxmağa utanır...
- Hər kəs fikir söyləyə bilər, nə isə deyə bilər. insanların fikirlərinə hörmətlə yanaşmağın tərəfdarıyam. Amma həqiqəti təhrif etmək heç kəsə başucalığı gətirmir. Ona görə də, bu cür qeyri-ciddi məsələrə şərh vermək fikrim yoxdur. Hər şey göz önündədir. Ortaya belə bir sual çıxır: orada olub neyləyiblər? Bu gün Azərbaycanın siyasi səhnəsində insanların gözünü yoran, mətbuata açıqlama verən partiya sədrləri hansı dəyişikliyə nail olub, hansı irəliləyişi əldə ediblər?
- Onlar bu fikri ona görə deyiblər ki, Etibar bəy pərdə arxasında qalıb?
- E.Məmmədov açıq şəkildə bildirib ki, o, partiyanın sədrlik postundan gedir. Bu gün də partiyanın siyasi fəaliyyətinə qarışmır. Yəni, başqaları kimi üzdə bir şey, kənarda başqa şey etmir. Ə.Kərimov açıq şəkildə fikirlərini desin və dediyinə uyğun olaraq fəaliyyətin davam etdirsin. Bax, bunu görmürük.
- Fövqəladə hal baş verərsə, E.Məmmədovun partiya sədrliyinə gəlməsi müzakirə predimeti ola bilərmi?
- Etibar bəy irəliyə atdığı adımını ikinci dəfə arxaya addım atmır.
- Əli bəy, AMİP-in bələdiyyə seçkilərində tutacağı mövqe nədən ibarət olacaq?
- Seçkilərdə iştirak etmək niyyətimiz var. Partiyanın builki iş planında da bununla bağlı müddəalar nəzərdə tutulub. Tək və yaxud blokla iştirakımız müzakirə predmetidir.
- Belə bir fikir yaranıb ki, AMİP isveçli qüvvələrin sifarişi ilə bələdiyyə seçkilərində iştirak edəcək. Bu, nə dərəcədə düzdür?
- Partiyamız Beynəlxalq Demokrat İttifaqının üzvüdür. Bu əməkdaşlıq çərçivəsində bizim İsveçin hakim "Moderat" partiyası ilə əməkdaşlıq əlaqələrimiz var.
- AMİP-in İsveçdən maliyyə yardımı alınması nə dərəcədə mümkündür?
- Yenə deyirəm fəaliyyətimiz açıqdır. Şəffaflığın da tərəfdarıyıq. Partiya olaraq nə xaricdən, nə də bir kimsədən maliyyə dəstəyi almamışıq.
- Partiyanın mərkəzi aparatında çalışanların maaşları hansı maliyyə qaynaqları vasitəsilə həyata keçirilir?
- Pariyanın mərkəzi aparatında əməkhaqqı ilə çalışanların sayı bir o qədər çox deyil. "Siyasi partiyalar haqqında qanun"un yaratdığı imkanlar çərçivəsində partiyanın üzvləri imkanları daxilində partiyanın maliyyəsinə müəyyən qədər köməklik göstərməyə çalışırlar.