PDF Oxu

Müsahibə

  • 9

Mübariz Qurbanlı: “Rəcəb Tayyip Ərdoğanın Azərbaycan səfəri yerində və zamanında edilmiş bir səfərdir”

Mübariz Qurbanlı: “Rəcəb Tayyip Ərdoğanın Azərbaycan səfəri yerində və zamanında edilmiş bir səfərdir”

- Mübariz müəllim, Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı. Bu səfəri necə dəyərləndirirsiniz?

- Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfəri və prezident İlham Əliyevlə apardığı danışıqlar, əldə olunan nəticələr hər iki ölkə mətbuatının diqqət mərkəzindədir. Bu səfər ətrafında müxtəlif şərhlər verilir. Qeyd etmək istəyirəm ki, həm Baş nazir Rəcəb Tayyip Ərdoğanın, həm də Prezident İlham Əliyevin çıxışlarında iki ölkə arasındakı münasibətlərdə bu və ya digər formada yaranmış problemlər vardısa, onların tam aradan qaldırıldığı göründü. Məlumdur ki, bu ilin fevral ayından Türkiyənin Ermənistanla sərhədləri açacağı barədə söhbətlər gedirdi. Bu haqda Ermənistan və Türkiyə mətbuatında silsilə yazılar yazılırdı. Azərbaycan tərəfi Türkiyə ilə strateji tərəfdaşlıq və əməkdaşlıq üzrə imzalanmış öhdəlikləri nəzərə alaraq Ermənistan-Türkiyə sərhədlərinin indiki məqamda açılmasının yolverilməz olduğunu açıq şəkildə bəyan etdi. Bunun fonunda Türkiyənin rəsmi dairələri sərhədlərin açılıb açmayacağı barədə konkret fikir söyləmirdilər ki, bu da ölkəmizdə ciddi narahatçılığa səbəb olmuşdu. Belə bir situasiyada Azərbaycan Prezidenti və Türkiyə Baş nazirinin görüşü zərurəti yaranmışdı. R.T.Ərdoğanın Azərbaycana səfəri yerində və zamanında edilmiş bir səfərdir. Bu səfər Azərbaycan və Türkiyə arasında yaranmış məsələlərin hərtərəfli müzakirəsinə şərait yaratdı və ən kiçik nüanslara belə aydınlıq gətirildi. Məlum oldu ki, Türkiyə tərəfi Ermənistanla sərhədlərin açılması məsələsində işğal olunmuş Dağlıq Qarabağ torpaqlarının işğaldan azad edilməsini gündəmdə saxlayır. Beləliklə, Azərbaycanla Türkiyə arasında yarana biləcək soyuqluğa səbəb olan məsələyə tamamilə nöqtə qoyuldu.
Ərdoğanın Azərbaycan səfəri zamanı digər məsələlərdə müzakirə edildi. Bu məsələlərdən biri də Azərbaycan qazının Türkiyə ərazisindən keçməklə dünya bazarlarına çıxarılması, Azərbaycan qazının Türkiyəyə satış qiymətlərinin müzakirəsi idi. Hesab edirəm ki, Azərbaycanla Türkiyə arasında ikitərəfli əlaqələrin daimiliyi vacibdir. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti Türkiyə ilə heç bir ziddiyətli məqamların qalmasına imkan vermədi.

- Ərdoğanın səfərindən dərhal sonra açıqlama verən Ermənistan prezidenti Serj Sarkisyan bildirib ki, Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlara müdaxilə etməsi danışıqlar prosesinə pis təsir edəcək. Buna münasibətiniz necədir?

- Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllinə qarışmağa siyasi-mənəvi haqqı var. Türkiyə ATƏT-in Minsk Qrupu ölkələri siyahısına daxil olan ölkədir, Qafqaz ölkəsidir, Türkiyə ilə Azərbaycan müttəfiqdir. Türkiyənin bu prosesdə iştirakı zəruridir. Bizim üçün Sarkisyanın nə deməsi əsas deyil, bizim üçün əsas olan odur ki, Türkiyə Ermənistanla münasibətlərində üç mövzunu daima gündəmdə saxlasın. Bunlardan birincisi, qondarma "erməni soyqırımı", ikincisi, Ermənistanın Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməsi, üçüncüsü isə Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinə son qoymasıdır. Bu üç prinsip daima Türkiyənin xarici siyasətində əsas yeri tutmalıdır. S.Sarkisyanın söylədiyi fikirlərin heç bir əsası yoxdur.

- Mübariz müəllim, qarşıdan bələdiyyə seçkiləri yaxınlaşır. Seçki prosesi yaxınlaşdıqca daha çox gündəmə gələn iqtidar-müxalifət dialoqudur. Sizcə hansı dialoqdan söhbət gedir?

- Azərbaycan cəmiyyətində dialoq çoxdan var və bununla bağlı heç bir problem yoxdur. YAP da daxil olmaqla partiyaların çoxsaylı tədbirləri keçirilir. Bu tədbirlərə iqtidar nümayəndələri də, müxalifət nümayəndələri də qatılır. Qarşılıqlı müzakirələr aparırıq. Məncə bu elə dialoqdur.

Digər xəbərlər