PDF Oxu

Müsahibə

  • 11

Azərbaycan dövləti inkişaf etdikcə Heydər Əliyev irsi daim öyrəniləcək, siyasi və hüquqi fəaliyyətimizdə bir örnək olacaq

Azərbaycan dövləti inkişaf etdikcə Heydər Əliyev irsi daim öyrəniləcək, siyasi və hüquqi fəaliyyətimizdə bir örnək olacaq

- Ziyafət müəllim, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ərəfəsindəyik. İlk olaraq, dövlətimiz və xalqımız üçün misilsiz xidmətlər göstərmiş ulu öndərimiz haqqında sizin də düşüncələrinizi öyrənmək istərdik...

 

- Ulu öndər Heydər Əliyev dahi şəxsiyyətdir. Onun haqqında danışanda, ilk növbədə, qeyd etmək lazımdır ki, Heydər Əliyev Azərbaycan dövlətinin yaradıcısı, qurucusu, banisidir. Biz Azərbaycanın bugünkü nailiyyətləri üçün ulu öndər Heydər Əliyevə borcluyuq. Bu gün ölkəmizin müşahidə olunan hərtərəfli inkişafının təməlini ulu öndər Heydər Əliyev qoyub. Tarixə qısaca ekskurs edək və Heydər Əliyevin ölkəmizdə ikinci dəfə hakimiyyətə gəldiyi dövrə baxaq. O dövrdə ölkəmizdə hakimiyyət sükanının arxasında əyləşən siyasətçilərin səriştəsizliyi ucbatından Azərbaycanda xaos yaranmışdı, ölkə vətəndaş müharibəsi girdabında idi və dövlət müstəqilliyi faktiki olaraq təhlükə altında idi. Belə bir vəziyyətdə hakimiyyətə gəlmək, ölkəni xaos vəziyyətdən çıxarmaq, vətəndaş müharibəsi təhlükəsindən qurtarmaq, dövləti sabit inkişaf yoluna çıxarmaq hər adamın bacaracağı bir iş deyildi. Bunun üçün Heydər Əliyev zəkasına sahib olmaq lazım idi. Heydər Əliyev o qədər böyük şəxsiyyət idi ki, Onun fəaliyyətini bir müsahibədə, məqalədə təhlil etmək mümkün deyil.

Azərbaycan inkişaf etdikcə və uğurları artıqca Heydər Əliyevin böyüklüyü daha da qabarıq görünür. Bu dövlətin baza prinsiplərini Heydər Əliyev necə müəyyən edibsə, Azərbaycan dövləti buna da uyğun olaraq inkişaf edir. Heydər Əliyev şəxsiyyətinin, Onun fəaliyyətinin az bir hissəsini öyrənmişik. Zaman keçdikcə, biz Heydər Əliyevin nə qədər böyük şəxsiyyət olduğunu daha geniş anlamağa başlayırıq. 1990-cı illərin əvvəllərində Heydər Əliyev bu dövləti yaradanda, prinsipləri müəyyənləşdirəndə, ola bilsin ki, biz bunun mahiyyətini o qədər də dərk etmirdik. Amma biz indi bu prinsiplərin nə verəcəyini daha dəqiq görə bilirik. Biz Heydər Əliyev irsini, dövlətçilik fəlsəfəsini elmi əsaslarla öyrənməkdə davam etməliyik. Azərbaycan dövləti inkişaf etdikcə Heydər Əliyev irsi daim öyrəniləcək, siyasi və hüquqi fəaliyyətimizdə bir örnək olacaq.

 

- Ulu öndər Heydər Əliyev hakimiyyətinin ilk günlərində Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi geniş vüsət aldı. Yeni qanunlar qəbul olunmağa başladı, insan hüquqlarının qorunmasının gücləndirilməsi istiqamətində onlarla qərarlar qəbul edildi. Bir hüquqşünas kimi, Azərbaycanda hüquqi sənədlərin, aktların qəbul olunduğu qurum olan Milli Məclisin birinci vitse-spikeri kimi, bu prosesi necə qiymətləndirirsiniz?

 

- Bu gün biz "Heydər Əliyev Azərbaycan dövlətinin qurucusudur" deyəndə, eyni zamanda, onu nəzərdə tuturuq ki, Heydər Əliyev Azərbaycanda hüquqi dövlətin qurucusudur. Bu, çox ciddi məsələdir. Ümumiyyətlə, hüquqi, konstitusion dövlət hər xalqa nəsib olmayan anlayışdır. Bizim xoşbəxtliyimiz ondadır ki, ümummilli lider Heydər Əliyev, eyni zamanda, dövlətimizin hüquqi əsaslarını qurub. Hər bir hüquqi dövlətin özünəməxsus əlamətləri var. Konstitusion dövlət nədir? Yəni, bu dövlətdə, ilk növbədə, qanunun aliliyi, hakimiyyətin bölünməsi, vətəndaşların sosial müdafiəsi, siyasi plüralizm və s. prinsiplər əsas götürülür, dövlət bu prinsiplər üzrə idarə olunur. Azərbaycan həm də sosial dövlətdir. Bilirsiniz ki, referendum nəticəsində Konstitusiyaya sosial yönümlü iqtisadiyyat müddəası əlavə olunub. Bu müddəa Azərbaycanda sosial dövlət qurulmasını özündə ehtiva edir. Bütün bunlar, onu deməyə əsas verir ki, hüquqi dövlətin qurulması Azərbaycanda hər bir vətəndaşın, həmçinin, qeyri-vətəndaşın hüquq və azadlıqlarının layiqli səviyyədə dövlət tərəfindən qorunmasına xidmət edir. Hüquqi dövlət deyəndə bunu başa düşürük. Bunun əsaslarını isə ulu öndər Heydər Əliyev müəyyənləşdirib. Xalqın iradəsi ilə qurulan hər bir dövlətin, o cümlədən, Azərbaycan dövlətinin başlıca məqsədi və fəaliyyət istiqamətləri xalqın milli maraqlarını qorumaq, vətəndaşların hüquq və azadlıqlarını təmin etməkdən ibarətdir.

 

- Ziyafət müəllim, Konstitusiya islahatlarına toxundunuz. Yeri gəlmişkən, 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının da müəllifi, məhz ümumilli liderimiz Heydər Əliyevdir...

 

- Mən 1995-ci ildə Konstitusiyanın hazırlanması üzrə Heydər Əliyevin sədrlik etdiyi komissiyanın üzvü olmuşam. O zaman hər həftə komissiya toplanırdı, Heydər Əliyev öz tövsiyyələrini verirdi. Ulu öndər həmişə deyirdi ki, Azərbaycan Konstitusiyası elə bir hüquqi sənəd olmalıdır ki, cəmiyyətdə mövcud olan bütün zümrələrin mənafeyi nəzərə alınsın. Bu gün Azərbaycan Konstitusiyası dünyanın bir çox qabaqcıl ölkələrinə örnək ola biləcək sənəddir. Bunu tam məsuliyyətimlə deyirəm. O qədər işlək mexanizmlər var ki, doğrudan da, örnək ola bilər. Konstitusiya qəbul olunandan sonra 1996-cı ildə Azərbaycan Prezidenti yanında hüquqi islahatlar komissiyası yaradıldı və bu komissiya Konstitusiyadan irəli gələn qanunların işlənib hazırlanması üçün işlər gördü. Çoxlu sayda qanunlar, məcəllələr qəbul etdik. Bütün bu qanunların mayasında bir məqam dayanır ki, o da, Ana Yasanın 12-ci maddəsində təsbit olunub. Orada qeyd olunur ki, Azərbaycan dövlətinin ali məqsədi hər bir Azərbaycan vətəndaşının layiqli həyat səviyyəsini təmin etməkdir, hüquq və azadlıqlarını qorumaqdır. Hesab edirəm ki, qanunlar hüquqi dövlət quruculuğu prosesində aparıcı rol oynayır və bundan sonra da belə olacaq.

- Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi və atdığı addımlar, bütün digər sahələrdə olduğu kimi, ölkəmizin xarici siyasətindəki durğunluğu da aradan qaldırdı. Azərbaycan passiv, müdafiə olunan tərəf olmaqdan çıxdı və ölkəmizin milli maraqlarını özündə ehtiva edən hücumçu diplomatiyaya start verildi.

- Azərbaycanın xarici siyasətinin prinsipləri də Konstitusiyamızın 10-cu maddəsində təsbit olunub. Heydər Əliyevin müəllifi olduğu Azərbaycanın xarici siyasət startegiyasının əsas prinsiplərindən biri ondan ibarətdir ki, Azərbaycan qonşuları ilə dinc, yanaşı yaşamağa üstünlük verən ölkədir. Azərbaycan dövləti başqa ölkələrin daxili işlərinə qarışmamaq siyasəti həyata keçirir və bütün mübahisəli məsələlərin sülh yolu ilə həllinin tərəfdarıdır. Təəssüf ki, Ermənistan işğalçı siyasəti bugünə qədər davam edir. BMT-nin məsələ ilə bağlı qəbul etdiyi sənədlərə baxmayaraq, hələ ki, ortada yekun nəticə yoxdur. Bütün beynəlxalq sənədlər Azərbaycanın ərazi bütövlüyünü müdafiə edir. Onu da qeyd etmək yerinə düşər ki, NATO-nun Buxarest və Riqa sammitlərində bir daha bəyan olunub ki, qurum Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu məsələdə beynəlxalq sənədlərin qəbul olunması Azərbaycanın haqq işinin müdafiə olunduğu göstərir. Digər tərəfdən isə bu, ulu öndər Heydər Əliyevin titanik fəaliyyətinin nəticəsidir.

Erməni diasporunun, lobbisinin təzyiqlərinə rəğmən beynəlxalq qurumlarda bu sənədlərin qəbul olunması Heydər Əliyevin böyük zəkasının, gərgin əməyinin nəticəsi kimi dəyərləndirilməlidir. Bu gün dünyada Azərbaycanla hesablaşırlar. Regionda Azərbaycanın iştirakı olmadan heç bir layihə həyata keçirilə bilməz. Bu gün Azərbaycanın təşəbbüsü ilə reallaşan layihələr dünya üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycan Avropa üçün alternativ enerji mənbələrindən biridir. Avratlantik məkanda Azərbaycanın önəmini çox yaxşı başa düşürlər. Bu isə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu xarici siyasət strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin məntiqi nəticəsidir.

 

- Heydər Əliyevin ən böyük xidmətlərindən biri də, Azərbaycan dövlətçiliyi üçün çox böyük əhəmiyyət daşıyan, bu gün Azərbaycanın siyasi palitrasının lokomotivi, regionun ən böyük partiyası olan Yeni Azərbaycan Partiyasını yaratmasıdır. Siz də bu partiyanın Siyasi Şurasının üzvüsünüz. Təmsil etdiyiniz partiyanın Azərbaycanın son 15 ildəki inkişafındakı və bu ölkəmizdə baş verən proseslərdə üzərinə götürdüyü missiyanı necə dəyərləndirirsiniz?

 

- İqtidar partiyası kimi YAP bu gün ölkəmizin siyasi kursunun prioritet istiqamətlərinin müəyyən olunmasında əhəmiyyətli rol oynayır. Tarixdə yaranan bütün digər güclü və nüfuzlu siyasi partiyalar kimi, YAP-ın da təşkilati və siyasi-ideoloji fəaliyyətinin əsas istiqamətləri onun Proqram və Nizamnaməsində əks olunub. Yarandığı vaxtdan keçən müddət ərzində YAP həmişə meyar və keyfiyyət baxımından sürətlə inkişaf edib, ideya və təşkilati baxımdan daha da möhkəmlənib. YAP-ın milli dövlətçilik konsepsiyasının əsasında azərbaycançılıq ideologiyası və məfkurəsi dayanır. Milli ideologiyamızda milli dövlətçilik və milli-mənəvi dəyərlər əsas yer tutur. Bu gün mənim üçün ikiqat şərəfdir ki, ulu öndər Heydər Əliyevin yaratdığı partiyanın üzvüyəm. Partiyamız keşməkeşli yol keçib. Müxalifətdə də olmuşuq. YAP-ın mühüm xüsusiyyəti ondan ibarətdir ki, müxalifətdə olanda da həmişə dövlətçilik mövqeyindən çıxış edib. Bu da Heydər Əliyevdən, Onun siyasi dünyagörüşündən irəli gəlir. Bu partiya üçün yalnız bu amallar üstündür: dövlətçilik, xalqın mənafeyi, milli maraqlarımız daim, nəyin bahasına olursa-olsun, qorunmalıdır.

Digər xəbərlər