PDF Oxu

Müsahibə

  • 14

Ermənistanın Azərbaycana təcavüzünün nəticələri aradan qaldırılmasa, regionda sülh və sabitlikdən danışmaq çox çətindir

Ermənistanın Azərbaycana təcavüzünün nəticələri aradan qaldırılmasa, regionda sülh və sabitlikdən danışmaq çox çətindir
Ölkə politoloqları son zamanlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində yaranmış olan fəallığı çox müsbət dəyərləndirirlər. Onların qənaətincə, artıq beynəlxalq hüquq Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını, regionda sülhün və təhlükəsizliyin təminatı baxımından, mühüm prinsip kimi qəbul edir. Bizimlə həmsöhbət olan siyasi icmalçılar da bu qənaətdədir.
Eldar Namazov: "Dağlıq Qarabağ məsələsi ətrafında həlledici görüş, Praqadan sonra keçiriləcək Sankt-Peterburq görüşü olacaqdır"
Azərbaycan Naminə İctimai Forumun sədri Eldar Namazov Dağlıq Qarabağ məsələsi ətrafında gedən danışıqlarda indi müəyyən imkanlar yarandığını vurğulayıb.
- Eldar müəllim, Ermənistan və Azərbaycan prezidentlərinin Praqa görüşlərindən sonra hansısa bir razılığın əldə olunması gözlənilir. Bunu necə dəyərləndirmək olar?
- Praqadan iki mühüm hadisəni gözləmək olar. Birincisi, Avropa Birliyi tərəfindən irəli sürülmüş "Şərq Partnyorluq Proqramı"nın rəsmi formada elan olunmasıdır. Qeyd edim ki, bu da Azərbaycan üçün çox önəmli bir hadisədir. Azərbaycanın bu proqramda iştirakı xalqımızın və dövlətimizin maraqlarına tam cavab verir. İkincisi, mühüm bir məsələ həmin sammit zamanı Ermənistan və Azərbaycan prezidentlərinin Dağlıq Qarabağ məsələsi ətrafında müzakirələr aparmalarıdır. Vurğulamaq lazımdır ki, son aylarda həm ATƏT-in Minsk Qrupunun həmsədrləri, həm də Ermənistan-Azərbaycan rəsmilərinin bəyanatlarına nəzər yetirsək, bu bəyanatlardan müəyyən aktivlik və ümidverici bir mesajları müşahidə etmək olar. Münaqişənin həlli istiqamətində, ilk dəfə olaraq, belə optimist mesajların həm Azərbaycan, həm də, Ermənistan tərəfindən səslənməsi və xüsusilə, münaqişənin sülh yolu ilə həllinə vasitəçilik edən Minsk Qrupunun fəaliyyəti nəzərə çarpandır. Onu da qeyd edim ki, ilk dəfə olaraq, artıq üç həmsədr ölkə prezidentləri də birbaşa prosesdə iştirak edirlər. ABŞ prezidenti Barak Obama da bu məsələ ilə bağlı öz konkret mövqeyini artıq ortaya qoyub. O cümlədən, ABŞ-ın dövlət katibi H.Klinton, bilavasitə bu işlə məşğuldur. Eyni zamanda, Rusiya prezidenti Dmitri Medvedev də Praqa görüşündən sonra bu ilin iyun ayında Sankt-Peterburq şəhərində keçiriləcək iqtisadi forum zamanı Azərbaycan-Ermənistan danışıqlarını təşkil etməyə hazırlaşır. Gözlənilir ki, burada da Dağlıq Qarabağ məsələsi ilə bağlı çox ciddi müzakirələr olacaq.
Nəhayət, Fransa prezidenti Nikolya Sarkozi də bu yaxınlarda həm Ermənistana, həm də, Azərbaycana səfər etməyi planlaşdırır. Bununla yanaşı, Avropa Birliyinin də müəyyən bir razılaşması var ki, AB Dağlıq Qarabağ probleminin həllində öz töhfəsini verəcək. Bu mənada AB-nin səlahiyyətli nümayəndəsinin Minsk Qrupunda müşahidəçi statusunda iştirakı da hazırda müzakirə predmetidir.
Bütün bu xəbərlər və amillər onu göstərir ki, Dağlıq Qarabağ məsələsi ətrafında gedən danışıqlarda indi müəyyən bir imkanlar yaranıb. Hələlik, demək olmaz ki, hansısa bir böyük irəliləyiş əldə olunub və yaxın zamanlarda hansısa sazişi imzalamaq olar. Ancaq yeni-yeni imkanların yaranması və böyük bir fəallıq müşahidə olunmaqdadır. Güman edirəm ki, həlledici görüş, yəqin ki, Praqadan sonra keçiriləcək Sankt-Peterburq görüşü olacaqdır.
Musa Qasımlı: "Dağlıq Qarabağ məsələsini böyük dövlətlərin iştirakı olmadan həll etmək çətin olacaq"
Tarix elmələri doktoru, professor Musa Qasımlı da Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin ABŞ dövlət katibinin vasitəçiliyi ilə görüşünü müsbət dəyərləndirib.
- Musa müəllim, ABŞ-da Ermənistan-Azərbaycan xarici işlər nazirlərinin görüşünün nəticələri və görüşün təşkilatçısı olan ABŞ-ın bu məsələyə vermiş olduğu önəmi necə dəyərlənirmək olar?
- Xarici işlər nazirlərinin ABŞ-a dəvət edilməsi, dövlət katibi Hillari Klintonla görüşməsi ABŞ-ın münaqişənin həllinə diqqət artırmasının bir göstəricisidir. Hesab edirəm ki, ABŞ-da da başa düşürlər ki, Ermənistanın Azərbaycana təcavüzünün nəticələri aradan qaldırılmasa, Azərbaycan torpaqları azad edilməsə, regionda sülh və sabitlikdən, əməkdaşlıqdan danışmaq çox çətin olar. Ona görə də, ABŞ-ın belə bir təşəbbüsdə olmasını yalnız təqdir etmək lazımdır.
- Sizcə, ABŞ-ın Dağlıq Qarabağ məsələsində rolunun artırılmasını Rusiyanın regiondakı fəallığına qarşı yönələn bir addım kimi dəyərləndirmək olar?
- Regionda böyük dövlətlər arasında mübarizənin getdiyi şəksizdir. Belə olan halda isə, Dağlıq Qarabağ məsələsini də böyük dövlətlərin iştirakı olmadan həll etmək çətin olacaqdır. Bu cür görüşləri isə ABŞ - Rusiya qarşıdurması kimi qələmə vermək, bəlkə də, doğru olmazdı. Amma bununla belə regionda böyük güclər arasında mübarizə gedir.

Digər xəbərlər