PDF Oxu

Müsahibə

  • 10

Prezidentlərin görüşündən nəticə gözləmək olar

Prezidentlərin görüşündən nəticə gözləmək olar

Son aylar yenidən Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə tənzimlənməsi istiqamətində bir fəallaşma, intensivləşmə hiss olunmaqdadır. Xüsusilə də, Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi ortaya çıxandan sonra Qarabağ məsələsinin həlli daha aktual şəkildə gündəmə gəlməkdədir. Elə son bir həftə ərzində Azərbaycan və Ermənistan prezidntlərinin ayrı-ayrılıqda Rusiya Federasiyasına səfər etmələri, Rusiyanın dövlət başçısı Dmitri Medvedevlə görüşlər keçirmələri buna bariz nümunədir və s. Bu və digər məsələlərə Prezident Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı Şöbəsinin müdiri Elnur Aslanov geniş aydınlıq gətirdi:
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi daha geniş spektrdə yanaşma tələb edir, çünki regionda sülh və təhlükəsizliyin təmin edilməsinə xüsusi töhfə verməklə yanaşı, o, regionun gələcək perspektivlərinin təyin edilməsində mühüm əhəmiyyət kəsb edir. Ona görə ki, bir tərəfdən maddi və mənəvi resurslarına uyğun olaraq, regionda xüsusi məsuliyyət daşıyan Azərbaycan, həm coğrafi mövqeyinə, həm də iqtisadi potensialından irəli gələn layihələr sayəsində regionun təhlükəsizlik müstəvisində mühüm təsir vasitələrinə malik olan aktora çevrilmişdir. Digər tərəfdən, bu gün müşahidə edilən beynəlxalq sistemin əsas aktorlarının ümumi problemlərin həlli istiqamətində birgə addımlarını şərtləndirən yeni qlobal diplomatik baxışların formalaşması və buna imkan verən güclər tarazlığının təmin olunması, yəni, hər bir aktorun öz resurs və mövqeyinə uyğun məsuliyyətini təyin etməsi danışıqlar prosesinə yeni təkan vermiş, Cənubi Qafqaz regionunu yenidən geosiyasi müstəvidə önə çəkmişdir. Belə bir şəraitdə ABŞ və Rusiya tərəfindən diplomatik addımların güclənməsi gözləniləndir. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli regiona marağı olan dövlətlər üçün zəruri və əhəmiyyətli məsələdir.
Bunu xüsusi olaraq vurğulamaq istərdim ki, ölkə Prezidentinin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan münaqişəni beynəlxalq hüququn prinsip və normalarına, xüsusilə, ərazi bütövlüyünü əhatə edən sülh prinsipləri əsasında həll edilməsinin tərəfdarıdır. Bu isə həm dünya birliyi, həm də Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir: əvvəla, beynəlxalq münasibətləri tənzimləyən hüquqi prinsiplərə riayət edilməsi sülh və təhlükəsizliyin təmin edilməsinə və hüququn gücünün artmasına şərait yaradır. Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində ən böyük güzəşti məhz regiona muxtariyyətin verilməsidir. Bu isə, öz növbəsində, hüququn aliliyinin təmin edilməsi ilə yanaşı, siyasi müstəvidə regionun gələcək inkişafına müsbət təsir edəcəkdir. Nəhayət, tarixə nəzər salsaq, bir daha şahid olarıq ki, Dağlıq Qarabağ hər zaman Azərbaycanın tərkibində olub, bu isə bizim tarixi legitimliyimizin tanınmasıdır. Buna görə də, biz həmsədr dövlətləri münaqişənin sülh yolu ilə həllində daha fəal olmağa çağırırıq. Bu fəallıq ədalət prinsipinin bərqərar olmasına, siyasi, hüquqi və tarixi aspektlərinin nəzərə alınması kontekstində özünü büruzə verməlidir. Biz həmsədr dövlətləri beynəlxalq aləmdə tutduğu mövqelərinə uyğun olaraq öz məsuliyyətlərini düzgün qiymətləndirməyə və tarix qarşısında daha ədalətli olmağa çağırırıq. 
- Elnur müəllim, istər ATƏT-in Minsk Qrupunun həmsədrlərinin, istər digər beynəlxalq təşkilatların və dünyada söz sahibi olan superdövlətlərin rəsmilərinin bəyanatlarında 2009-cu ilin Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi prosesində həlledici dönüş ili olacağı ilə bağlı fikirlər bildirilir. Lakin bu bəyanatlara Azərbaycan cəmiyyətində heç də birmənalı yanaşma yoxdur. Bu barədə nə deyərdiniz.
- Bildiyiniz kimi, münaqişənin sülh yolu ilə həll edilməsi üçün danışıqlar prosesi davam edir. Bu proses siyasi çərçivədə aparılsa da gələcəkdə münaqişənin həlli üçün siyasi və hüquqi mexanizmlərin işlənib hazırlanmasını, hüquqi prinsiplərin tətbiq edilməsini nəzərdə tutur. Azərbaycanın fəal xarici siyasəti bu prinsiplərin beynəlxalq səviyyədə, siyasi və hüquqi cəhətdən məcburedici xarakter daşıyan beynəlxalq təşkilatların rəsmi sənədlərində öz əksini tapmasına nail olub. Heç bir beynəlxalq normativ sənəd, heç bir qurum Azərbaycanın ərazi bütövlüyünü şübhə altına ala bilməz. Eyni zamanda Azərbaycan bütün real və potensial resurslarını səfərbər edərək, Ermənistanı ərazi bütövlüyü prinsipinə riayət edən sülh variantını qəbul etməyə və əldə ediləcək siyasi dividendlərdən yararlanmağa vadar edir. Çünki regional tarazlığın və nizamın formalaşması, əlbəttə, diplomatik danışıqlara təsir edir, onun sonunu istiqamətləndirir. Bu da, Azərbaycana həm multilateral, həm də bilateral səviyyələrdə əsas diqqəti Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüququn prinsip və normaları əsasında həllinə yönəltməyə imkan verir. Azərbaycan iqtidarı heç bir zaman imkan verməyəcək ki, beynəlxalq hüququn prinsip və normalarına zidd, Azərbaycanın milli maraqlarına uyğun olmayan addımlar atılsın.  

- Ümumiyyətlə,  bu ilin sonlarına kimi, Qarabağ münaqişəsinin danışıqlar yolu ilə tənzimlənməsi istiqamətində konkret addımların atılması və yaxud tez-tez dilə gətirilən çərçivə sazişinin imzalanması mümkündürmü?

- Qeyd etdiyim kimi, danışıqlar davam edir, onun hansı istiqamətə inkişaf etdiyini zaman göstərəcək.

- Elnur müəllim, son günlər Türkiyə ilə Ermənistan arasında barışıq planını nəzərdə tutan "yol xəritəsi" məsələsi ətrafında müzakirələr genişlənməkdədir. Bu məsələ ilə bağlı nə deyərdiniz?

- Türkiyə suveren dövlətdir və xarici siyasət sahəsində atdığı hər bir addım onun daxili işidir. Lakin bu məsələyə kompleks yanaşma, regional müstəvidə münasibətləri vahid və hər bir aspekti nəzərə alan cəmdə nəzərədən keçirmək daha məqsədə uyğundur. Əlbəttə, bütün böhranlar əsasən danışıqlar yolu ilə həll edilir. Bu nöqteyi-nəzərdən, Türkiyə və Ermənistan arasında başlayan futbol diplomatiyasının davamı olan "yol xəritəsi"nin elan edilməsi, əslində, danışıqların ümumi formatını təyin edir və yeni mərhələdə məsələlərin mahiyyəti araşdırılır. Ən əhəmiyyətli məqam isə, elə tarazlıq nöqtəsinin tapılmasıdır ki, o, hər iki tərəfin maraqlarını təmin etməklə yanaşı regionda baş verəcək proseslərin inkişafını, həll edilməmiş münaqişələri nəzərə alsın. Buna görə də, danışıqlar prosesinin indiki mərhələdə, yəni Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsindən öncə başlaması, iqtisadi təhdidlərin səmərəliliyini zəiflədə bilər. Bu məsələnin Dağlıq Qarabağ münaqişəsi kontekstində araşdırılması və onun həllindən sonra gündəmə gəlməsi, əlbəttə, arzu ediləndir, çünki bu diplomatiyaya əlavə təsir imkanları verir. Ermənistanın isə, hələlik, öz niyyətlərindən əl çəkməməsi regionda sülh prosesini çətinləşdirir. Məhz "yol xəritəsi" haqda bəyanatdan dərhal ertəsi gün Ermənistanda türk bayraqlarının yandırılması, hələ qarşıda uzun bir yolun olmasını bildirir.

- Məlum olduğu kimi, bir müddət öncə, mətbuatda hakim partiya ilə müxalifət partiyaları arasında ilkin olaraq partiyalararası dialoqun keçiriləcəyi barədə də məlumatlar səslənirdi. O da məlumdur ki, bələdiyyə və parlament seçkiləri gəlir. Bu ərəfədə iqtidar-müxalifət dialoqunun reallaşması ehtimal olunandırmı?

- Dialoq eyni müstəvidə bərabər güclərə malik olan tərəflər arasında aparılır. Bu gün Azərbaycan cəmiyyətində dialoq aparmaq üçün güclü siyasi opponent yoxdur. Onlar sosial bazalarını itiriblər və cəmiyyəti öz arxalarında mobilizasiya edə bilmirlər. Bu da, ilk öncə, onların cəmiyyətə real siyasi bir layihə təklif edə bilməmələrindən, vətəndaşların onlara olan inamının sarsılmasından irəli gəlir. Keçirilən seçkilərdə müxalifət partiyalarının göstərdikləri zəif nəticələr, onların siyasi platformalarının tükənməsini büruzə verməklə yanaşı, yeni istinad dəyərlərinin təyin edilməsini, müasir dövrün tələblərinə uyğunlaşmağı, sağlam konstruktiv mövqedə mübarizə aparmağı tələb edir. Əlbəttə, belə bir kontekstdə dialoq məsələsi gündəmə gələ bilər.

Digər xəbərlər